Prezident İlham ƏLİYEV:

Ərazi bütövlüyü beynəlxalq

hüququn əsas norma və prinsipidir

 

Dağlıq Qarabağ münaqişəsi ancaq bu

prinsip çərçivəsində öz həllini tapa bilər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  cari ilin yarım ili ərzində görülmüş işlər,  qazanılmış uğurlar və qarşıda duran vəzifələrin həlli istiqamətində geniş müzakirələr aparılmışdır. Bu məsələlərlə əlaqədar məlumat verən dövlətimizin başçısı nitqində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də yer ayırmışdır. Xüsusi  olaraq qeyd etmişdir ki, ərazi bütövlüyü  beynəlxalq hüququn əsas normaprinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin nizamlanması  dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı həlli vacib məsələlərdəndir. İstər  ölkə daxilində keçirilən yığıncaqlarda, istərsə də beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev münaqişənin yaranma səbəblərinə, həmçinin nizamlanması yollarına xüsusi önəm verir, nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri qətnamələri bir daha diqqətə çatdırır. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlər də  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərini bəyan ediblər. Təəssüf ki, həmin qətnamələr bu günə qədər icra olunmamış qalır. Dünya birliyinin bu ədalətsizliyə hələ də göz yumması ikili standartların nəticəsidir. Ermənistanın törətdiyi terror aktlarına  və işğalçılıq siyasətinə bu günə qədər beynəlxalq hüquqi qiymət verilməməsi bu ölkəni daha da azğınlaşdırıb. Beynəlxalq birliyin ikili standartlarının nəticəsidir ki, hazırda Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqla dinc əhalini qətlə yetirir, terror aktlarını davam etdirirlər. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda da bu günə qədər hər hansı bir irəliləyişin  əldə edilməməsinin səbəbi  Ermənistanın  münaqişənin həllində maraqlı olmamasıdır. Azərbaycanın isə münaqişənin nizamlanmasında  qəti mövqeyi yalnız beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Artıq dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin bu mövqeyinə tərəfdar çıxdıqlarını açıq şəkildə bəyan edirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikili mövqe nümayiş etdirən  bir sıra beynəlxalq təşkilatlar suveren dövlətin müstəqil xarici siyasət yürütmək kimi ayrılmaz hüquqi həmləyə məruz qaldıqda, suverenliyə, ərazi bütövlüyünə və suveren dövlətin müstəqilliyinə qarşı təcavüz törədildikdə beynəlxalq birlik neytral qalmağı özünə rəva görməməlidir. Artıq dünya birliyinə də bəllidir ki,  suveren dövlətlərdə beynəlxalq hüquq və azadlıq hüququnun norma və prinsiplərinə əməl olunmasını təmin etmək üçün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin dəstəklənməsi Azərbaycanın başlıca vəzifəsi olubbu gün də qalmaqdadır. Bununla əlaqədar, Qoşulmama Hərəkatına üzv ölkələrin  BMT-nin dörd qətnaməsində təsbit edildiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığına və suverenliyinə yekdil dəstəyi  ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, Ermənistanın isə xarici siyasətinin fiaskoya uğramasıdır. 

Qoşulmama Hərəkatına üzv ölkələrin bu dəstəyi beynəlxalq birliyin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın hərbi təcavüzünün nəticələri ilə razılaşmadığını sübut edir.  Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir, Azərbaycan bu hərəkata 2011-ci ildə üzv qəbul olunub. Yaradılmasından 50 il sonra Qoşulmama Hərəkatı bu gün sülhün  dəstəklənməsində və bir çox məsələlərin həllində, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişaf məsələlərinə qədər mühüm rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Qoşulmama Hərəkatına üzv ölkələrin respublikamızı dəstəkləməsi xarici siyasətimizin uğurları kimi qiymətləndirilməlidir. Xatırladaq ki,  Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında qəbul olunan yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanıb. Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıblar.

Sənəddə bildirilir ki, münaqişə güc tətbiq etməmək və beynəlxalq hüququn əsas prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bu sənəddə növbəti dəfə tanınır və ölkəmizin beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdiyi qeyd olunur. Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhlükə törətməkdə davam etməsindən təəssüflərini ifadə ediblər.

Ümumilikdə qeyd etmək lazımdır ki, Azərbaycan  dövləti xarici siyasət sahəsində öz mövqelərini möhkəmləndirdikcə, təkcə regionda deyil, beynəlxalq aləmdə də böyük nüfuz qazanmışdır. Son illər  ərzində bir-birinin ardınca əldə edilən diplomatik uğurlar və bölgədə gedən siyasi proseslər ölkəmizin dünya birliyindəki əlaqələrini daha da gücləndirib. Dövlət başçımızın məntiqli xarici siyasəti nəticəsində hazırda nüfuzlu beynəlxalq təşkilatlar da mövqelərimizi dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin təkliflərinə tərəfdar çıxdıqlarını bildirirlər. Dövlət başçımız mötəbər yığıncaqlarda, xarici ölkələrə səfərləri zamanı dəfələrlə bəyan edib ki, Azərbaycan tərəfi münaqişənin həllində sülh variantına, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir. Digər beynəlxalq təşkilatlar, habelə inkişaf etmiş dövlətlər də qəbul etdikləri qərarlarla möhtərəm Prezidentimizin mövqeyini dəstəkləyiblər.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ümummilli lider Heydər Əliyevin yeritdiyi xarici siyasətin prioriteti idi. Bu istiqamətdə görülən işlərə bir daha nəzər yetirdikdə ölkəmizin daim sülh tərəfdarı, Ermənistanın isə qəsbkar, işğalçı olması aydın şəkildə özünü büruzə verir. Beynəlxalq səviyyəli tədbirlərdə ulu öndərin qətiyyətli mövqeyi qarşısında Ermənistan və bu işğalçı dövləti müdafiə etməyə cəhd göstərənlər həmişə aciz qalıblar. 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısını xatırlayaq. Ümummilli lider Heydər Əliyevin qətiyyəti və möhkəm iradəsi nəticəsində ermənilərin azərbaycanlılara qarşı apardıqları siyasət darmadağın edildi. Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək müqəddəratını müəyyən edən vacib sənəd qəbul edildi. Tarixi əhəmiyyət kəsb edən həmin sənədin prinsiplərinə görə, Lissabon sammitinin iştirakçısı olan dövlətlər Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağı Azərbaycandan zor gücünə ayırmaq niyyətinin üstündən xətt çəkdilər və bəyan etdilər ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək idarəetmə statusunun verilməsi ilə həll olunmalıdır. Bundan sonra beynəlxalq təşkilatların və nüfuzlu dünya dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində fəallığı daha da artdı.

Ermənistan tərəfi bunu çoxdan dərk edib. Ona görə də bir sıra  dövlətlərlə münasibətləri bərpa etmək üçün yollar axtarır. Ermənistan prezidenti Serj Sarkisyanın yaxın vaxtlarda Latın Amerikasına səfərini xatırlatmaq istərdik.  Ermənistanın böyük ümidlər bəslədiyi bu səfər rüsvayçılıqla nəticələnib. Ermənistan prezidentinə hörmətsizlik, daha doğrusu, layiq olduğu hörmət elə Argentinaya ayaq basdığı ilk anlardan özünü büruzə verib. Protokol qaydaları ilə qarşılanmayan Ermənistan prezidentionun nümayəndə heyəti Buenos-Ayres hava limanında ciddi  yoxlanılıb. Argentina mətbuatı yazır ki, Sarkisyanın yerləşdirilməsi ilə bağlı da problem yaranıb və o, bir saatdan artıq mehmanxananın foyesində gözləməli olub.

Səfər etdiyi ölkənin dövlət və hökumət nümayəndələri ilə görüşəcəyini zənn edən Sarkisyan bu minvalla bir neçə saat da hotel otağında gözləməli olub. Ancaq nə nəzərdə tutulan görüşlər baş tutub, nə də Sarkisyanı qarşılayıblar. Görünür, artıq dünya birliyi tərəfindən  işğalçı dövlətin başçısının dövlət səviyyəsində qəbul edilmədiyini hələ də dərk etməyən Ermənistan prezidenti yüksək səviyyəli görüşlərin baş tutacağını gözləyirmiş.

Ən gülüş doğuran məqam isə Argentina Prezidentinin erməni həmkarına münasibətilə bağlıdır. Sarkisyana  xanım Prezident Kristina Kirşnerin xəstələndiyi və onu qəbul edə bilməyəcəyi xəbəri verilib. Əslində isə, həmin vaxt Argentina prezidenti futbol üzrə dünya çempionatının yarımfinal oyununu izləyirmiş.

Bütün bunlar göstərir ki, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, ikitərəfli əlaqələr və hücum diplomatiyası erməni diasporunun güclü olduğu Latın Amerikası ölkələrində də öz effektini göstərir, onun fəaliyyətini heçə  endirir. Meksika parlamentinin Xocalı soyqırımını tanıması ilə başlayan Azərbaycanın məqsədyönlü xarici siyasətinin bəhrələri digər Latın Amerikası ölkələrində də özünü göstərir. Bu isə məhz Azərbaycan Prezidentinin erməni lobbisinin güclü olduğu ölkələrdə aktiv mübarizəyə qoşulmaq taktikasının bəhrələridir.

Azərbaycan Prezidenti  İlham Əliyev həm Bakıda keirilən ATƏT Parlament Assambleyasının sessiyasında, həm Avropa Şurası Parlament Assambleyasında, həm də diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində  söylədiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanın yeritdiyi müstəqil siyasət dünya birliyi tərfindən yüksək qiymətləndirilir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq  nüfuzu getdikcə artır, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə çoxalır.

Bu, bir faktdır ki, tarixihüquqi nöqteyi-nəzərdən  Dağlıq Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur.

  “ATƏT-in faktaraşdırıcı missiyalarının orada keçirilən missiyaları göstərib ki, bizim torpaqlarda - Dağlıq Qarabağda olan bütün tarixi, mədəni abidələr dağıdılıb ”, – deyən Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduğunu bəyan etmişdir: “Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən qəbul olunub. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Dağlıq Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul olunmayıb. Biz bu sahədə böyük diplomatik səylər görürük. Biz iqtisadiyyatımızı gücləndiririk. Əminəm ki, bütün bu amillər bizə öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcək. Münaqişə yalnız beynəlxalq hüququn normaprinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. O aktda qeyd olunub ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.”

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 22 iyul.- S.3.