Azərbaycan dövləti azad, demokratik

jurnalistikanın inkişafını hərtərəfli himayə edir

 

22 İyul Milli Mətbuat Günüdür

 

 Xalqımız milli-mədəni inkişaf tariximizin ən önəmli səhifələrindən olan ilk anadilli qəzetimiz “Əkinçi”nin ilk nömrəsinin işıq üzü gördüyü 1875-ci ilin 22 iyul gününü həmişə sonsuz qürurbu öyünclü başlanğıcı millətə bəxş etmiş böyük maarifçi-demokrat, ictimai xadim Həsən bəy Zərdabinin xatirəsinə dərin ehtiram duyğuları ilə qeyd etmişdir. İlk milli qəzetin banisinin açdığı yolla gedən sonrakı nəsil yazarlar istisnasız olaraq Həsən bəyi amal və əməl qəhrəmanı, mənəvi ata sayaraq onun layiqli davamçıları olmağa çalışmış, milli iradə ilə 22 iyulu ölkə mətbuatının yaranması günü kimi mədəni tariximizə daxil etmişlər.

 

 Dövlət müstəqilliyimizin bərpasından sonra isə  digər ictimai-siyasi başlanğıclar kimi, milli mətbuatımızın yarandığı günün ildönümləri və yubileyləri də rəsmən əlamətdar tarixi gün olaraq  ümumxalq təntənələri ilə qeyd edilir. Artıq 24 ildir ki, 22  iyulda xalqımız qələm və söz adamları ilə birlikdə milli jurnalistikamızın şanlı tarixinə iri planda nəzər salır, ölkəmizdə azad, demokratik medianın uğurlarını dəyərləndirir, kütləvi informasiya vasitələrinin yeni tarixi şəraitdə missiyasına bir daha diqqət yetirir.

Milli mətbuatımızın tarixi ilə bağlı ən önəmli cəhət ondan ibarətdir ki, bu sivil fəaliyyət sahəsini, xoşbəxtlikdən, hakim rus müstəmləkəçiliyi siyasətinin tələbatı baxımdan yaratmaq cəhdləri uğursuz olmuş, ilk və sonrakı anadilli dövri nəşrlərimiz milli oyanış və məfkurəvi toparlanma ehtiyacından qaynaqlanaraq ərsəyə gəlmişdir. “Zəmanə ilə sazişi gerçəkləşdirmək yolunda milli məktəb, teatr və mətbuat üçbucağının zəruriliyini ortaya qoyan Həsən bəy Zərdabi xalqın oxuyub-anlaya biləcəyi qəzetin yaradılmasına daha böyük ümid bəsləyərək bu sahədə misilsiz bir fədakarlıq göstərmiş, “Əkinçi”qəzetini tarixi qaranlığa işıq salan mayaka çevirə bilmişdi.

Həsən bəy  Heç olmaz ki, doğru söz yerdə qalsın” inamı ilə  zamanın “Hər bir vilayətin qəzeti gərək onun aynası olsun”,  “Qələm əhlinin müqəddəs vəzifəsi həqiqəti yazmaq olmalıdır” çağırışlarını Azərbaycanın milli-məfkurəvi, ictimai-siyasi fəaliyyət sahəsinə gətirmişdi. Haqlı olaraq deyildiyi kimi, ötən 139 ildə “Əkinçi”nin səpdiyi toxumlardanZiya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” dövri nəşrləri cücərmişdi, rusdilli “Kaspi”qəzetində milli düşüncə pöhrələmişdi, milli problemlər zəmisini şumlayan “Şərqi-Rus” göyərmişdi.

 XX əsrin əvvəllərində azadlıq havası əsdirən I Rus inqilabı Həsən bəy  Zərdabinin yetirmələri və davamçıları olan Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, ÜzeyirCeyhun Hacıbəylilər, Haşım bəy Vəzirov kimi qələm adamlarının, məfkurə və əməl sahiblərinin gözlərini və qulaqlarını söz deyib-eşitmək aləminə bir az da geniş açmışdı.

İlk gündəlik milli qəzet “Həyat”, ilk məfkurə jurnalı “Füyuzat”, ilk satira jurnalı və xalq tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”, ilk qadın jurnalı “İşıq” mətbuatı xalqımızın ictimai-siyasi həyatı ilə möhkəm və birdəfəlik bağlamışdı. Bir-birinin ardınca işıq üzü görən “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz”, “Səda”, “Məktəb”, “Rəhbər” kimi dövri nəşrlər, adlarından da göründüyü kimi, milli haqlarına doğru addım-addım irəliləyən xalqımızın görən gözü, danışan dili, həqiqəti anladan məfkurə məktəbi olmuşdu.

1917-ci ilin fevralında II Rus inqilabının dağıtdığı imperiyanın ucqarında Azərbaycan dövlətçiliyini bərpa etməkdə həlledici rol oynamış nəslin formalaşmasında, toparlanmasında, istiqlal məfkurəsinin gerçəkləşdirilməsində milli mətbuatımız misilsiz rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyətini yaradan xadimlərin əksəriyyəti milli mətbu fəaliyyətdə yetkinləşmiş, məramlarını dövrün kütləvi nəşrlərində tirajlamışdılar. Bu prosesin yekununda 1918-ci ilin sentyabrında milli mətbuatımızın daha bir ilkibirinci dövlət qəzeti “Azərbaycan” eyniadlı dövlətin atributlarından biri, sözfikir azadlığının ilk nümunəsi, timsalı kimi işıq üzü görmüşdü. AXC hökumətinin təsdiq etdiyi mətbuat nizamnaməsi Şərqdə ilk dəfə söz azadlığını bəyan və təmin edən rəsmi sənəd olmuşdu.

AXC-nin süqutu ilə söz azadlığını itirən, demokratik nəşrlərinin fəaliyyəti 71 il dayandırılan Azərbaycan jurnalistikası kommunist ideoloji əlahiddəliyi şəraitində belə elmi-mədəni yüksəlişə, sosial-iqtisadi quruculuğa, milli düşüncənin inkişafına xidməti ilə xalqa gərəkli olmuşdu. Bu dövrün milli varlığa bağlılığını qoruyub saxlayan, peşəkarlığını yüksəldən, maddi-texniki bazasını təkmilləşdirən, radio və televiziyanın yaranması ilə daha böyük auditoriya əldə edən Azərbaycan jurnalistikası sovet epoxasının süqutu ərəfəsində artıq öz demokratik ənənələrinə, milli platformasına qayıda bilmişdi.

Milli jurnalistikamızın 139 illik mövcudluğunun çar Rusiyası dövründəki 42, AXC zamanındakı 3 və kommunist epoxasındakı 71 illik tarixinin işıqlı- öyünclü, tutqun-ağrılı səhifələrinə ötəri nəzər salandan sonra dövlət müstəqilliyimizin ötən 23 ilində ölkəmizdə azad, demokratik jurnalistikanın formalaşması ilə bağlı prosesin fəal iştirakçısı olmuş media qurumunun rəhbərinə üz tutduq, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla müsahib olduq. Onun qazanılmış uğurlar və qarşıda duran işlər barədə mülahizələrini oxuculara çatdırırıq:

– Azərbaycanın dövlət müstəqilliyi bütün maddi sərvətlərimiz kimi, milli-mənəvi dəyərlərimizi, məfkurə irsimizi də xalqımıza qaytardı. Milli jurnalistikamızın ideoloji buxovları qıraraq öz demokratik ənənələrini bərpa etməsi sovet dövrünün son illərində gerçəkliyə çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin ilk illərində bir sıra obyektivsubyektiv səbəblərdən çətinliklərlə üzləşdi. Bir tərəfdən, üsyançı nağıl qəhrəmanlarına bənzər idealist demokratlar əvvəlki dövrün jurnalistikasını süpürüb atmaq istəyirdilərsə, digər tərəfdən, xalqa verilmiş söz azadlığından məhəlli məqsədlərlə istifadə etməyə çalışanların, təcrübəsiz həvəskarların açdıqları yüzlərlə dövri nəşr cəmiyyətdə informasiya bolluğu yaratmaq, doğru-düzgün ictimai rəy formalaşdırmaq əvəzinə, fikir qarşıdurmasına, məlumat dolaşıqlığına aparır, dağıdıcı prosesləri körükləyirdi. Cəmiyyətdə hökm sürən siyasiiqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırırdı.

Belə bir dövrdə — 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.

Sahənin maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial  problemlərini aradan qaldırmaq üçün real təminatlar da işə salındı. Həmişə KİV-in himayədarı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürüldü, müvafiq tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliyyətinə əlverişli şərait yaradıldı. Qəzetlərin borclarının dondurulması və silinməsi onların dirçəlməsinə kömək etdi.

Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə yaranmış MŞ keçmiş sovet məkanı üçün model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən KİV kollektivləri ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostuelan etdilər.

Zəmanəmizdə medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə son illərdə KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Onun xoş məramı ilə gerçəkləşdirilən KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin uğurlu fəaliyyəti dünyada böyük maraq doğurur. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi də özlərinin dostu elan etmişlər.

Artıq Azərbaycan jurnalistikası, bütövlükdə, demoktatik əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən formalaşmış, cəmiyyətdə mövqeyininüfuzunu möhkəmləndirmiş azad medianın ən mühüm nailiyyətlərindən biri odur ki,  ölkədə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir.

Azərbaycanın hərtərəfli yüksəlişi prosesinə KİV-in köməyi getdikcə artmaqdadır. Bütün bunlar dünyanın demokratik dairələrində yüksək dəyərləndirilir.

AMŞ sədri Əflatun Amaşov sonda bilrirdi:

– Ölkənin jurnalist qurumları və kollektivləri problemlərin həllində təşəbbüskarlığı artırmağa, dövlət qurumları ilə fəal əməkdaşlığa böyük önəm verirlər. Bu xətt çağdaş jurnalistikamızın növbəti uğurlarına möhkəm  təminat yaradır.

Sonda  Milli Jurnalistika və Mətbuat Günü münasibətilə ölkənin bütün jurnalistlərini təbrik edir, həmkarlarımızı azad sözün xalqımıza faydasını artırmağa çağırır, onlara bu yolda yeni uğurlar arzulayıram.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 22 iyul.- S.5.