Masallıda uğurların miqyası artır

 

Ölkəmizin sürətlə inkişaf edib gözəlləşən rayonlarından biri də Masallıdır. Yarımilliyin yekunlarına həsr olunan yığıncaqda bu barədə ətraflı danışılmış və qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

 

İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun hesabat məruzəsi maraqla dinlənilmişdir. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında ölkə başçısı ölkəmizin uğurlarının ətraflı şərhini vermiş, qarşıdakı mühüm hədəfləri göstərmişdir.

Respublikada gedən quruculuq proseslərində Masallının da öz yeri var. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Şəhərin H.Aslanov, Azərbaycan küçələrində və Talışxanov prospektində geniş abadlıq və quruculuq işləri aparılır. Kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri tamamlanmışdır. Bundan əlavə Səməd Vurğun, Qarabağ və Azərbaycan küçələrinə yeni asfalt örtüyü döşənmiş, səkilərin yenidən qurulması başa çatdırılmış və işıqlanma sisitemi yenilənmişdir.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət məktəbinin, Bayraq meydanının tikintisi davam etdirilir. Masallı şəhər 1 saylı, Kolatan kənd tam orta məktəblərinin əsaslı təmiri, Mahmudavar kənd əsas məktəbinin tikintisi aparılır, Bədəlan kənd tam orta məktəbinin isə əsaslı təmiri başa çatdırılmışdır. Masallı şəhərində 2 uşaq bağçası üçün yeni binanın tikintisinə başlanmışdır ki, onlardan biri sosial təşəbbüslə həyata keçirilir. Bədəlan kəndində uşaq bağçası üçün uyğunlaşdırılmış binada əsaslı yenidənqurma işləri başa çatdırılmışdır, Kolatan kəndində 60 yerlik uşaq bağçasının təmir işləri aparılır.  Viləş çayının sahilində bənd bərkitmə işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması sona yetmişdir, yaxın vaxtlarda bu istiqamətdə işə başlanılacaq. Sonrakı mərhələdə isə Viləş çayının hər iki sahilini əhatə edən park bulvar kompleksinin tikintisinə başlanılacaqdır.

İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni yerlərinin açılmasını təmin etmişdir. Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz artmışdır. Birinci yarımildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən adamlarına  47 layihə üzrə 12 milyon 156 min manat kredit verilməsi  sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə  və 241 yeni yerinin açılmasına səbəb olmuşdur.      Masallı respublikanın mühüm kənd təsərrüfatı rayonudur. Yarımildə rayonda   47289,1 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 173 manatdır. İribuynuzlu mal-qara 73770 başa, xırdabuynuzlular isə 84251 başa çatmışdır. Süd istehsalı 26766,5 ton, ət istehsalı 2793,3 ton, yumurta istehsalı 34820 min ədəd olmuşdur. 

Rayonda 13025 hektar taxıl, o cümlədən 8166 hektar buğda, 3188 hektar arpa və 1671 hektar dənlik vələmir əkini aparılmışdır. Bundan əlavə, xeyli kartof, bostan məhsulu və    tərəvəz əkilmişdir.

Əlaqədar təşkilatlarla “Yaşıl marketin salınması ilə bağlı ilkin razılıq əldə olunmuşdur.   İlin birinci yarısında Əhalinin Sosial Müdafiəsi Mərkəzi  1090 ailəyə ÜDSY   təyinatı aparılmışdır. Yardım təyinatı aparılmış ailələrə 4011,4 min manat vəsait ödənilmişdir.

Sosial infrastruktur şəbəkəsinin inkişaf tempi yüksəlməkdə, miqyası genişlənməkdədir.  Dövlət Proqramı əsasında rayon mərkəzinin və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi layihəsi ilə əlaqədar hazırda Qədirli və Xallıcallı kəndlərində   işlərə başlanılmışdır.

Məruzəçi sonra dedi ki, artıq 2 ildən çoxdur ki, cənab Prezidentin xeyir-duası ilə Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanmışdır. Lakin bu prosesdə gecikmələrin olması təəssüf doğurur. Ümid edirik ki,  layihə vaxtında və  keyfiyyətlə tamamlanacaq. Müvafiq qurumlara verilən tapşırığa əsasən, Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərə   içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 19 kilometrə qədər magistral xətt çəkilmişdir. İlin sonuna qədər layihə çərçivəsində bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.

R.Hüseynov daha sonra dedi: -Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri geniş vüsət almışdır. Bu çərçivədə rayonda  37 yeni məktəb binası tikilmişya əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin əsaslı təmiri və bir məktəbin tikintisi davam etdirilir. Masallıda Dövlət Regional Kollecinin açılması ilə bağlı məsələ qaldırılmış və bununla bağlı sərəncam verilmişdir. İlkin mərhələdə 5 ixtisas üzrə fəaliyyət göstərəcək kollecin formalaşdırılması üçün  hazırlıq işləri sürətlə aparılır. Bu kollecdə müxtəlif  ixtisaslı kadrların, o cümlədən turizm və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır.

Rayonda 940 uşağın tərbiyə aldığı 16 uşaq bağçası fəaliyyət göstərir. Bu tərbiyə ocaqlarının istər maddi-texniki bazası, istər ərzaq təminatı, istərsə də burada çalışan tərbiyəçilərin təhsil səviyyəsi günün tələblərinə cavab vermir. Son illərdə uşaq bağçalarının üçü əsaslı təmir olunmuşdur. Hazırda Masallı şəhərində 2 uşaq bağçasının tikintisiKolatan kəndində isə  uşaq başçasının əsaslı təmiri davam etdirilir. Eyni zamanda Bədəlan kəndində bağça-məktəb kompleksinin yaradılması üçün işlər aparılır.

Əhalinin sağlamlığı  daim diqqət mərkəzindədir. Xəstəliklərin profilaktikası sisteminin inkişafı gündəmdədir,  bu sahəyə yönəldilən investisiyalar ilbəil artır. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün də tədbirlər görülür. Hesabat dövründə Güllütəpə, Şərəfə, Türkoba və Xırmandalı kənd həkim məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. İyun ayında Masallıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş III Masallı Beynəlxalq Folklor Festivalı möhtəşəmliyi ilə yaddaqalan olmuşdur. Rayonda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri var. Cari ilin 6 ayı ərzində bu turist obyektlərində 7850 nəfər   istirahət etmişdir ki, onlardan 410-u xarici turist olmuşdur.

Görülən işlərlə bərabər, Masallı şəhərində abadlıq işlərinin və su-kanalizasiya sisteminin qurulmasının yüksək səviyyədə həyata keçiriməsi, həmçinin rayon ərazisində qazlaşdırmanın və elektrik xətt təsərrüfatının yenilənməsinin başa çatdırılması həllini gözləyən  problemlərdəndir. 

Masallı şəhərində “Sənaye məhəlləsi”nin və “Yaşıl marketin və sənaye məhəlləsinin salınması ilə bağlı layihələrin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaq.

Hesabat yığıncağı göstərdi ki, Masallıda yüksək işgüzar ruh hökm sürür. Rayonun rəhbərliyi mövcud potensialı düzgün istiqamətləndirməklə qazanılan uğurları daha da artırmaq əzmindədir. Başlıca hədəf ili yeni nailiyyətlərlə sona çatdırmaqdan ibarətdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 22 iyul.- S.6.