Ağdam: qələbə sorağı ilə yaşayan torpaq

 

Ağdamın işğalından 21 il ötür

 

Üç min ilin yadigarı olan, “Soltanbud təpəsi” adı ilə tanınan böyük kurqan Qarabağda dörd rayonun – Ağdamın, Ağcabədinin, Bərdənin və Tərtərin qovşağında yerləşir. Əvvəllər Ağdama gələnlər bu yerdən xeyli aralı ötüb-keçərdilər. Rayonun böyük hissəsi və əsas girişi işğal altına düşəndən sonra təpə və ətrafı yeni giriş qapısı kimi formalaşdırılmışdır. Burada yaradılmış şəhidlər kompleksi, yamacda düzəldilmiş Azərbaycan xəritəsi və zirvədə ucalan Dövlət Bayrağı əzəməti ilə hər kəsdə qürur, yüksək milli duyğular oyadır. Üçrəngli bayrağımız 10-15 kilometrlikdən keçən cəbhə xəttində də aydın görünür, Milli Ordu bölmələrini Qələbəyə səsləyir, düşmənə isə məğlubiyyət mesajı çatdırır.

 

İşğal dövründə rayon mərkəzinə çevrilmiş 4-5 kilometrlikdəki Quzanlı qəsəbəsi son illərdə sürətlə böyüyüb bu yerə doğru irəliləyir. Bu yolda salınan uzun xiyaban bu günlər səyyar qərargahı xatırladır. Rayonun rəhbər heyəti və fəalları ilə də yolüstü elə burada görüşməli olduq.

İstər-istəməz 21 il əvvəl Ağdamın bu yerdən ovuç içi görünən, o vaxt cəhənnəmə çevrilmiş mənzərəsini yada saldıq. O günlərdə erməni quldurları dağların qövsvari əhatələdiyi düzənliyi nəhəng bir tonqal kimi alovlandırmışdılar. Böyük bir ərazinin üstünü tutmuş tüstü duman kimi günəşin qabağını kəsmiş, 30-40 kilometrlik ərazinin gündüzünü geçəyə döndərmişdi. Ağdam dünyanın gözü qarşısında beləcə günlərlə yanıb külə dönmüş, 170 min insan çöllərə səpələnmiş, öz yurdunda didərginə çevrilmişdi. Hakimiyyət davası, başıpozuqluq növbəti bir rayonun asanlıqla düşmən tapdağına düşməsinə gətirib çıxarmış, qonşu bölgələrin də yolları bağlanmışdı...

İndi isə o yerlərdə səma açıq, yer nəhəng bir tikinti meydanıdır. O vaxt belə bir günün gələcəyinə inanmaq mümkün deyildi. Nəhayət, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər düşmənin qabağına möhkəm sədd çəkmiş, rayon əhalisinin bir hissəsi geri dönüb sönmüş çırağını yandıra bilmişdi. Rayonun yerdə qalan ərazisində tədricən həyatın ahəngi bərpa olunmuşdu. Ötən illərdə sayı artaraq 190 min nəfərə çatmış əhalinin 90 min nəfəri hazırda rayon ərazisində məskunlaşıb. 1 mərkəzi qəsəbə, 17 köçkün qəsəbəsi və 44 kənddə həyat üçün zəruri şərait yaradılmış, iqtisadiyyat qaydaya salınmışdır.

Köhnə- təzə tanışlarla Ağdamın bağışlanılmaz bir xəyanətin qurbanı olması barədə məlum mülahizələri bir daha yada saldıqdan sonra rayonun əsas tikinti obyektlərində, iri yaşayış məntəqələrində, köçkün şəhərçiklərində olduq, adamların qurub- yaratmaq sevincini bölüşdük.

Axşamtərəfi Quzanlıya qayıdıb Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdük, suallarımıza cavablar aldıq.

Biz rayonda olarkən ilin 6 ayında sosial-iqtisadi inkişaf barədə hesabat təzəcə yekunlaşdırılmışdı. Müsahibimizdən ilk olaraq hesabatda son vaxtlarda aparılan tikinti, abadlıq və quruculuq işlərini əks etdirən ümumiləşdirici fakt və rəqəmləri, uğurlu nəticələri açıqlamasını xahiş etdik. Başçı ümumi vəziyyətlə tanış olduğumuza görə konkret məsələlərə aydınlıq gətirdi:

– Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları Qarabağ müharibəsi zamanı işğal altına düşmüş və viran qalmış cəbhəyanı bölgələr üçün daha gərəkli olmuşdur. Bu proqramlar yerlərdə sosial-iqtisadi həyatı büün parametrləri ilə canlandırmaq, güzəranı yüksəltmək, yıxılmış hər şeyi dikəltmək üçün zəruri əsaslar yaratmışdır. Bu möhkəm təməl üzərində daha böyük yeniliklər yaratmaq üçün artıq üçüncü dövlət proqrmına srart verilmişdir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. Bu baxımdan ilin birinci yarısının göstəriciləri bizim özümüz üçün də maraqlıdır. Bilmək istəyirik ki, əvvəlki dövrlə müqayisədə nələrə nail olmuşuq, işlərimizi daha yaxşıı qurmaq üçün nələrə daha çox diqqət yetirməliyik.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. İlin əvvəlindən 10 tədbir sürətlə icra olunur, 4 tədbirin icrasına hazırlıq aparılır. Proqramın icrası nəticəsində rayonda 2014-cü ilin birinci yarısında daha 790 yeni iş yeri açılmışdır. Bunun 485-i daimi, 305-i isə mövsümüdür. Rayon üzrə 6 ay ərzində ümumi məhsul istehsalının həcmi 52 milyon 100 min manat olmuşdur. Bu, 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 500 min manat və ya 14,5 faiz artım deməkdir. Sənaye məhsulunun həcmi 3 milyon 300 min manata, kənd təsərrüfatı istehsalı 27 milyon 100 min manata, ticarət dövriyyəsi 4 milyon 500 min manata yüksəlmişdir. Əsas kapitala yönəldilən investisiyalar da artaraq 17 milyon 200 min manata çatmışdır.

Bu o deməkdir ki, bütün sənaye, tikinti-quruculuq potensialını, ən münbit torpaqlarını itirmiş Ağdam ötən 21 ildə ümummilli lider Heydər Əliyevin müstəsna diqqəti və qayğısı ilə dirçəlmiş, həyatın davam etdirilməsi, itirilənlərin əvəz edilməsi imkanları qazanmışdır. Prezident İlham Əliyev cəbhəyanı bütün rayonlar kimi, Ağdamın da qayğı və ehtiyaclarını daim diqqətdə saxlayır. Dövlət başçısının hərtərəfli himayəsi Ağdamın əvvəlini şöhrətini özünə qaytarmağa yardımçı olmuşdur. Bütün bunlara görə ağdamlılar onlara həmişə xüsusi münasibət bəsləmiş ümummilli lider Heydər Əliyevi sevgi ilə yad edir, indiki uğurlarımıza görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Prezident cəbhəyanı bölgələrin ümumi inkişafla ayaqlaşması, itkilərin yerinin doldurması üçün regional inkişaf proqramları ilə kifayətlənməmiş, onların ehtiyaclarına həssaslıq göstərərək, xüsusi bir proqram da hazırladaraq həyata keçirmişdir. Möhtərəm İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və həmin proqrama 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq edilmiş əlavələrdə Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdu. İndiyə kimi 17 tədbir icra edilmiş, 5 tədbir icra olunur, 1 tədbirin icrasına təzə başlanıb. 9 tədbir isə icra olunacaq.

Başçı hazırda həyata keçirilən işlərdən söhbət açaraq bildirdi ki, hesabat dövründə Birinci Baharlı kənd 160 şagird yerlik tam orta məktəbinin binası, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası, Telekommunikasiya Qovşağının yeni binası istifadəyə verilmişdir. Hazırda “Dördyol–Mamırlı” ərazisində işğaldan sonra çiy kərpicdən və qamışdan tikilmiş daxmalarda, yeraltı qazmalarda məskunlaşmış ağdamlı məcburi köçkünlər üçün İmamqulubəylidə tikilən 632 ailəlik qəsəbədə son tamamlanma işləri aparılır.

Əfətli kəndində 360 yerlik, Hacıməmmədli və Həsənxanlı kəndlərində 120 şagirdlik tam orta məktəblərin, Xındırıstan kəndində uşaq musiqi məktəbinin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə Quzanlı qəsəbəsində 360 şagird yerlik məktəb-liseyin, yeni avtovağzalın tikintisi sürətlə davam etdirilir.

Raqub Məmmədov son aylarda rayonda tikinti, abadlıq və quruculuq sahəsində aparılan işlərin daha da genişləndirildiyini vurğulayaraq, hazırda ümumrayon tikintisinə çevrilmiş, hamının xüsusi həvəslə çalışdığı yeni xiyabandakı işlərin məğzini belə açıqladı:

– Ağdam Qarabağın dağı ilə aranı arasında tarixən formalaşmış gözəl, bənzərsiz bir şəhər idi. Onun ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin sürətli inkişaf resurslarını hərəkətə gətirdiyi dövrdə daha da böyüməsi, gözəlləşməsi, bu strateji nöqtədə möhkəmlənməsi erməni millətçi- separatçılarını həddindən artıq narahat edirdi. O illərdə şəhərdə yaradılmış nadir Çörək Muzeyinin, çin üslubunda tikilmiş orijinal Çay Evinin Ağdamı dünyaca tanıtmasının, keçmiş SSRİ-də məşhurlaşdırmasının erməniləri necə qıcıqlandırmasını, yerli gənclər təşkilatı rəhbəri kimi, onlarla tez-tez təmasda olduğumdan dəfələrlə müşahidə etmişdim. Bu, sadəcə, həsəd, qonşu paxıllığı deyildi. Ermənilər Qarabağın onlara məxsus olduğunu sübut etmək üçün burada Şuşa, Ağdam kimi mədəni mərkəzlərin yüksəlişini istəmirdilər. Ulu öndər Heydər Əliyev isə onların bu niyyətlərini gözlərində qoyaraq Qarabağı qədim türk yurdu kimi inkişaf etdirir, dünyada şöhrətləndirirdi.

Bütün bunlara görə Qarabağın dağlıq hissəsindəki azərbaycanlı yaşayış məntəqələrini yer üzündən silən erməni faşistləri Ağdamı da oda qaladılar, talan etdilər, xarabalığa çevirdilər. Çörək Müzeyini və Çay Evini isə xüsusi qəddarlıqla məhv edib bizə yanıq vermək istədilər. Lakin düşünmədilər ki, sivil dünya bunları vandallıq sayacaq, biz isə daha yaxşılarını yaradacağıq. Ermənilər bu vəhşilikləri ilə Qarabağı özlərinə məzara çevirmişlər. Onlar özləri-özlərini blokadaya salmaqla, millətçi və işğalçı kimi başqalarından təcrid etməklə ümumi inkişafdan da kənarda qalır, süqut edirlər. Belə bir şəraitdə Azərbaycanın sürətli tərəqqisi, cəbhə bölgələrindəki irimiqyaslı, davamlı quruculuq işləri xarabalıq bayquşlarını sarsıdır, gücdən salır.

Bax buna görə də biz daha çox tikib-qurmağa həvəsliyik. Ağdamdakı bütün rahatlıqları müvəqqəti rayon mərkəzinə çevirdiyimiz Quzanlı qəsəbəsində də yaratmaqla ermənilərə göstəririk ki, getdikləri yol onların şəhərlərini kəndə, bizim kəndləri isə qəsəbələrə, şəhərlərə çevirir. İndi qoy özləri nəticə çıxarsınlar ki, millətçilik, işğalçılıq siyasəti, özgələr əlində oyuncaq olan rəhbərlərin əməlləri onları hara gətirib çıxarıb. Prezident İlham Əliyev daim bu həqiqəti ən yüksək kürsülərdən səsləndirsə də, Azəraycanın öz torpaqlarını, hansı yolla olur-olsun, geri qaytacağını bəyan etsə də ermənilər kor və kar inadın girovluğundan xilas ola bilmirlər.

Ağdam şəhəri ğözəl və iri parkları, yaraşıqlı istirahət guşələri ilə seçilirdi. Quzanlı qəsəbəsində Heydər Əliyev prospektini böyüdüb abadlaşdırmaqla yanaşı, Bərdə səmtə çıxışda 1500 metr məsafədə yaraşıqlı bir xiyaban da salırıq, müasir bir istirahət zonası yaradırıq. Bu həm Ağdamda itirdiklərimizi əvəzləməyə, daha yaxşılarını yaratmağa qadir olduğumuzu sübut etmək, həm də adamlar üçün zəruri rahatlığa nail olmaq məqsədi daşıyır. Parkda müasir memarlığın bir çox elementlərindən istifadə olunmaqla iri fəvvarələr də tikilir.

Məşhur Çay Evinin oxşarı Ağdamın ölməzlik, mübarizə və qələbə rəmzi kimi xiyabanda əzəmətlə ucalacaq. Çörək Muzeyini isə, inşallah, tezliklə Ağdamın özündə bərpa edəcəyik. Hələlik, bayaq gördüyünüz kimi, uşaqlı-böyüklü hamı bu xiyabanın salınmasında iştirak edir, hər kollektiv bu işə öz töhfəsini vevir. Bundan əvvəl isə Heydər Əliyev prospektinin Zərifə Əliyeva küçəsindən Hindarx istiqamətindəki hissəsində əsaslı abadlıq işləri aparılmış, yol boyunca divarlar üzlənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, illüstrativ tərtibat təzələnmişdir. Qəsəbənin digər yerlərində, rayonun bütün yaşayış məntəqələrində tikinti-abadlıq işləri sürətlə davam etdirilir. Bu əzm, şövq, hünər onu göstərir ki, biz Ağdamı işğaldan azad edib sürətlə bərpa edəcəyik, böyüdəcəyik, daha gözəl edəcəyik. Quzanlı qəsəbəsi isə abad bir şəhərə çevrilib və ötənlərin ağrı-acılarını bizə unutduracaq.

Rayon rəhbərinin diqqətə çatdırdığı əsas məsələlərdən sonra hesabatla ətraflı tanışlıqdan məlum oldu ki, ilin birinci yarısında əhalinin həyat şəraitinin, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının yaxşılaşdırılması təmin edilmişdir.

Mavi qazla fasiləsiz təminat üçün tədbirlər davam etdirilmişdir. Hazırda 16151 fərdi və 47 obyekt təbii qazdan istifadə edir. İlin əvvəlindən rayon icra hakimiyyətinin daxili imkanları hesabına 102 məcburi köçkün ailəsinin evi təmir edilmişdir. Cəbhə xəttində yaşayan əhalinin ehtiyaclarının ödənilməsi, müharibədən zərər çəkmiş evlərin bərpa və təmir olunması üçün Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin mütəxəssislərinin iştirakı ilə siyahılar dəqiqləşdirilmişdir. Qərvənd ərazisində 15 yeni ev tikilmiş, 89 ev əsaslı təmir olunmuşdur. Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində 56 evin bərpasına başlanılmışdır, daha 102 evin təmiri nəzərdə tutulur.

Rayon ərazisində respublika əhəmiyyətli 34 kilometr və yerli 97 kilometr avtomobil yolunda ilin birinci yarısında 99 min manatlıq cari təmir və 216 min manatlıq bərpa işləri aparılmış, Birinci Dördyol və İkinci Dördyol qəsəbələrində daxili yollar təmir edilmişdir.

Telekommunikasiya Qovşağı ilin birinci yarısında İkinci Dördyol qəsəbəsində EATS-i 30 nömrə, interneti 24 port, Qaradağlı EATS-i 16 nömrə, Mahrızlı EATS-i 48 nömrə, Quzanlı köçkün qəsəbəsində EATS-i 48 nömrə, Rzalar və Əfətli kəndlərində interneti 24 port artırmışdır. Hazırda rayonda əhali 781 port yüksək sürətli internetdən istifadə edir.

Əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün ilin əvvəlindən Sukanal İdarəsi məcburi köçkün qəsəbələrində 78 su nasosunu, 9 transformatoru təmir etmiş, 4 təzə transformator quraşdırmış, 3014 metr su xəttinin əsaslı təmir etmişdir. Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi Çəmənli, Sarıcalı, Əfətli, Qaradağlı, Evoğlu, Zəngişalı, Mahrızlı, Təzəkənd kəndlərində və Ergi qəsəbəsində içməli su üçün 9 subartezian quyusu qazmış, 10 kilometr xətt çəkmiş, 61 bulaq tikmişdir. Fövqəladə Hallar Nazirliyi isə Quzanlı qəsəbəsində içməli su üçün 1 subartezian quyusu qazmış və 1000 tonluq su anbarı tikmişdir.

Rayon əhalisinin suvarma suyuna olan təlabatını ödəmək üçün hazırda 764 subartezian quyusundan və 3 nasos stansiyasından istifadə olunur, 30158 hektar sahənin suvarılması təmin edilir. Bu mövsümdə 148 milyon kubmetr su çıxarılmışdır. İlin əvvəlindən subartezian quyularında 34 təzə nasos, 132 avadanlıq, 2800 metr kabel, 240 metr suqaldırıcı boru quraşdırılmış, 205 nasos əsaslı təmir olunmuşdur. Yeni 11 subartezian quyusu qazılaraq istifadəyə verilmiş, daha 21 quyunun qazılmasına başlanılmışdır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2014-cü ilin 6 ayı ərzində “Kapital Bank”ın Ağdam filialı 700 nəfərə 800 min manat, “Qafqaz kredit” təşkilatı 452 nəfərə 435,1 min manat, “Kaspian-İnvest” kredit təşkilatı 218 nəfərə 265 min manat və “Azərkredit” 1528 nəfərə 1555,2 min manat kredit vermişdir. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu rayonda 23 layihə həyata keçirmiş, 38 yeni iş yeri açmış, 242 min manat kredit vermişdir.

Təhsilin maddi-texniki bazasının möhkəmləndrilməsi üçün bir sıra məktəb binaları tikilmiş və əsaslı təmir olunmuş, avadanlıqlarla təchiz edilmişdir. Rayon icra hakimiyyətinin tabeliyində 35 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Həmin bağçalardan 20-si ərzaqla təmin olunur. Qalan 15 bağçanın ərzaqla təmin olunması istiqamətində tədbirlər görülür. Mədəniyyət və Turizm Şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır.

Son 6 ayda Mərkəzi Xəstəxana sistemində 229 Qarabağ müharibəsi əlilinə, 72 Böyük Vətən müharibəsi əlilinə, 82 Çernobl əlilinə, 357 vərəmli xəstəyə, 5 hemaofiliyalı, 10 talassemiyalı xəstəyə, 2305 şəkərli diabet xəstələrinə pulsuz tibbi xidmət göstərilmişdir. 2305 nəfər şəkərli diabet xəstəsi davamlı olaraq dərman preparatları ilə təmin olunur.

Aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına kömək göstərilmişdir. “Aqroservis” müəssisəsinin vasitəsilə güzəştli qiymətlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Rayonda taxılçılığın inkişafına diqqət artırılmış, 14560 hektar sahədə buğda, 2622 hektar sahədə arpa əkilib becərilmiş, biçin yüksək mütəşəkkilliklə və qısa müddətə başa çatdırılmışdır. 6 ayda 10590 ton tərəvəz, 6665 ton kartof istehsal edilmiş, 310 ton meyvə yığılmışdır.

 İri malın sayı 38453 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2459 baş çoxdur. Qoyunların sayı 1325 baş artaraq 104750 başa, ət istehsalı 58 ton artaraq 2000 tona, süd istehsalı 1064 ton artaraq 16302 tona çatdırılmışdır.

Kəndarası yolların tikintisi və təmiri daim diqqət mərkəzində saxlanılır. 29000 nəfər əhalisi olan 1 qəsəbəni, 10 kəndi, 3 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, 21000 nəfər əhalisi olan 1 qəsəbəni, 9 kəndi, 4 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, 6000 nəfər əhalisi olan 8 kəndi birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur. Hazırda rayonda sürətlə inşa olunan nəhəng və müasir asfalt zavodu bu işləri uğurla həyata keçirməyə imkan verəcək, qonşu rayonların tələbatını da ödəyəcək.

Ağdama işğalın növbəti ildönümündən doğan acı xatirələr, dərin təəssüf, rayon ərazisinin üçdə ikisinin itirilməsinə bais olanlara nifrət duyğuları ilə gəlsək də, görülən işlərdən, adamların sabaha inamından doğan nikbinliklə ayrıldıq.

Ağdam düşmənə gözdağı kimi dikəlir, dostlara sevinc gətirir. Ağdamdan tezliklə ağdamlı günlər arzusu ilə ayrıldıq. Tarixlər şahidi Soltanbud təpəsinin zirvəsindəki üçrəngli bayrağımız, sanki, düşmənə güc və əzəmətimizi nümayiş etdirir, soydaşlarımızın  yurd sevgisini və böyük ümidlərini dalğa-dalğa ətrafa yayırdı...

 

Tahir AYDINOĞLU,

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 23 iyul.- S.7.