Jurnalistikamız milli varlığımızı

qoruyan mənəvi ordudur

 

Bu meydanda yad dəyərlərə yer ola bilməz

 

İnsanın fiziki sağlamlığı təbiətdən asılı olduğu kimi, əxlaqi-mənəvi safllığı da cəmiyyətin ümumi mənəvi atmosferində bərqərar olmuş dəyərlərdən asılıdır. İnsanları doğru-düzgün yola yönəltmək üçün nəyin pis, nəyin yaxşı olduğunu əvvəlcədən müəyyən etməliyik. İnsani dəyərlərin formalaşmasında və bu mühitin idarə olunmasında ayrı-ayrı ictimai xadimlərlə, nüfuzlu adamlarla bərabər, KİV də böyük rol oynayır.

İnsan öz yaşadığı cəmiyyətdə baş verən hadisələr haqqında məlumatları ilk olaraq yerli informasiya vasitələrindən alır. Virtual mənəvi mühitdə çeşidli lokal informasiya məkanı yaratmaqla KİV gerçək seçimə imkan verir. Xarici ölkələrdə baş verən hadisələr nə qədər rəngarəng olsa da, bizi, ilk növbədə, öz cəmiyyətimizdəki hadisələr maraqlandırır. Xarici musiqilər nə qədər xoş olsa da, bizim mənəvi ehtiyaclarımızı milli musiqi daha çox ödəyir və s.

Əlbəttə, bəzi telekanalların və internetin ümidinə qalsa, hamı kosmopolit olmalıdır. Lakin insanın milli-mənəvi tələbatını internetlə və ya peyk antenasının xidməti ilə doldurmaq mümkün deyil. Nəticədə, biz öz ölkəmizin kütləvi informasiya vasitələrinin yaratdığı mənəvi mühitlə qarşılıqlı əlaqəyə üstünlük veririk. Yeni nəslin mənəvi baxımdan necə formalaşması xeyli dərəcədə bu mühitdən asılıdır. Televiziya verilişlərinin məzmunu milli ideologiya süzgəcindən keçirilməzsə, biz bu güclü amili bazar konyukturasının təsiri altında qoymuş olaraq. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin cəmiyyətdə böyük əks-səda doğurmuş “Azərbaycanın efir məkanı: “problemlər və vəzifələr” məqaləsində respublikamızın efir məkanının müasir problemləri, üstünuğurlu cəhətləri açılıb göstərilmişdir. Bu konseptual araşdırma aktuallığı, mövzuya obyektiv yanaşma tərzi, dərin təhlili ilə gercək vəziyyəti ortaya qoymuş, faydalı diskussiyalara meydan açmışdır. Akademik haqlı olaraq vurğulayır:"Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayım həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtidir”.

Telekanallardan cəmiyyətə sırınan mənəvi ucuzlaşmaya, yeknəsəkliyə, yad düşüncə və həyat tərzinə əsl vətəndaş, ziyalı və peşəkar filosof kimi münasibətini ifadə edən Ramiz Mehdiyev həm də yaranmış vəziyyətdən çıxış yollarını göstərmişdir. Akademik Milli TeleviziyaRadio Şurasının (MTRŞ) apardığı monitorinqin nəticələrinə istinad edərək, telekanallarda şou xarakterli verlişlərin yüksələn xətlə artdığını da qeyd etmişdir. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və köçkün kimi yaşayan Azərbaycanda hərbi vətənpərvərlik verlişlərinin həcminin azlığı, doğrudan da, kifayət qədər narahatlıq doğuran məqamdır.

Müəllifin qeyd etdiyi nöqsanların bir çoxu çox təəssüf ki, hələ də qalmaqdadır. Telekanallarda şou proqramları öz işini görməkdədir. Nədənsə, ictimai mühitimizi formalaşdıran və milli-mənəvi dəyərlər yükünün əsas daşıyıcıları olan ziyalılarımız hələ də susurlar. Görünür, öz milli varlığımızın yad təsirlər altına düşməsinə laqeyd münasibətdən başımıza gələn bəlalar hələ də bizə dərs olmamışdır.

Bu yerdə milli mətbuatımızın banisi, görkəmli ictimai xadim  Həsən bəy Məlikov Zərdabinin vaxtilə ortaya qoyduğu məramı, gördüyü tarixi işləri xatırlamamaq mümkün deyil. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni mühitində baş verən bir sıra mühüm yeniliklər böyük maarifçi-demokrat Həsən bəyin çoxcəhətli fəaliyyəti ilə bağlıdır. Həsən bəy Azərbaycanda xəlqi mətbuatın banisi olmuş, soydaşlarını yorulmadan milli-mədəni oyanışa, tərəqqiyə səsləmişdir.

Həsən bəy Zərdabi mükəmməl təhsil almış, qabaqcıl dünya ictimai fikrinə yaxından bələd olan milli ziyalı olaraq dərk edirdi ki, məmləkətimizdə elmə, maarifə, yeni mədəniyyətə geniş yol açmaq lazımdır. Buna görə də indi Zərdabi irsinin öyrənilməsinə və onun yolunun layiqincə davam etdirilməsinə ciddi ehtiyac duyulur. Milli mətbuatımızın xalqımıza xidmətini artırmaq işində Həsən bəyin timsalı bu gün də ən yaxşı örnəkdir. Böyük Zərdabi hər bir məsələdə milli maraqlarımızı önə çəkir, bəşəri nailiyyətlərdən tərəqqi amili kimi istifadəni zəruri bilirdi. Onun bu inkişaf və zənginləşmə modeli bu gün də aktuallığını saxlayır. Çağdaş yurnalistikamız ictimai gerçəkliyə məhz bu prizmadan nəzər salmalıdır.

Mətbuatın səviyyəsi də, problemləri də cəmiyyətin xarakteri ilə, ümumi inkişaf səviyyəsi ilə şərtlənir. İctimai-siyasi sarsıntılar, keçidlər, inqilablar dövründə cəmiyyət ahəngdar inkişaf yolundan çıxır, ümumi tarazlıq pozulur. Buya digər amilin həddindən artıq aktivləşməsi nəticəsində cəmiyyət daxili müvazinətini itirir, iqtisadi, sosial və mədəni-mənəvi disbalans yaranır. Cəmiyyətdə dəyişilmələr təkamül yolu ilə deyil, sıçrayışlar, çevrilişlər, inqilablar yolu ilə baş verdikdə insan ilə ictimai mühit arasında olduqca müxtəlif ziddiyyətlər ortaya çıxır. Təəssüf ki, biz belə bir mərhələni yaşamalı olduq.

Ümummilli lider Heydər Əliyev KİV üzərində  senzuranı ləğv etdikdən və  medianın çıxışlarına nəzarət funksiyası söz adamlarının öz daxili əqidə və məsuliyyət senzoruna həvalə edildikdən sonra mətbuat haqqında diskussiyalar, fikir mübadiləsi səngimək bilmir. Azad fikirdemokratik düşüncə hüquqları şəraitində mətbuatın qarşısında milli maraqlara sadiq qalmaq vəzifəsi də qoyulmuşdur. Mətbuat bazar iqtisadiyyatı şəraitində də öz başlıca missiyasını – cəmiyyəti doğru-düzgün məlumatlandırmaq vəzifəsini unutmamalıdır. Peşəkar jurnalist mətbuata hansı yollarlasa qazanc götürmək yox, məhz həqiqi mənəvi tələbatı ödəməklə hamını qazanclı etmək məramı ilə gəlməlidir. Bu yerdə Həsən bəy deyirdi ki , hər bir qələm əhlinin vəzifəsi həqiqəti söyləmək olmalıdır, heç ola bilməz ki, doğru söz yerdə qalsın. İctimai rəyin düzgün yönləndilməsi, hadisələrə ədalətli qiymət verilməsi hər bir məsələdə uğura gedən yola işıq salır.

Lakin bəzən “söz azadlığı” şüarının parıltısı fonunda meyarlar itir. Sözün daşıdığı həqiqət yükü, məsuliyyət arxa plana keçirfikir özü gerçəklikdən ayrılaraq neqativ amilə çevrilir. Məsuliyyət itdikdə, meyar unudulduqda söz meydanında hər cür zərərli fikir səslənir. Sözü haqlının da, haqsızın da eyni imkanla yayması çaşğınlıq və ədalətsizlik yaradır. Düzgün seçim etmək məsuliyyəti oxucunun, haqlını müəyyən etmək qanun  və əxlaq normalarının öhdəsinə düşür.

Burada ənənəvi paradoksallıq yenə də özünü göstərir. Bir tərəfdən, ictimai şüurun real səviyyəsi və cəmiyyətin mənəvi durumu mətbuat üçün meyar olur. Digər tərəfdən, mətbuatın özünün üzərinə ictimai şüuru inkişaf etdirmək vəzifəsi düşür. Bunun üçünsə jurnalistin mənəvi-intellektual səviyyəsi cəmiyyətin orta mənəviyyat göstəricisindən yüksək olmalıdır. O, bu yüksəlişə cəmiyyət elitasının mövqeyini kütlələrə çatdırmaqla nail olmalıdır.

Söz azadlığı ideyası təhrif edildikdə və mütləqləşdirildikdə mətbuatı idarə edən yalnız konyuktur bazar prinsipləri olur. Qəzeti maliyyələşdirmək və hətta ondan mənfəət götürmək üçün sensasiyalı məqalələr dalınca qaçmaq, yalana, şantaja, təhqirə, ədəbsizliyə səxavətlə yer vermək qəzetin satılmasını müvəqqəti yüksəldə bilər.  Həqiqətən, millətin tərəqqisinə xidmət edən qəzet, jurnal buraxmaq əsl fədakarlıq, bəzən cari maddi qazancı qurban verməyi tələb edir. Lakin milli maraqlara xidmət də əvəzsiz qalmır. Ümumi mənafeyə xidmət elə bir maddi və mənəvi zənginliyə aparır ki, nəticədə, hamının zəhmətini artıqlaması ilə ödəmək mümkün olur. Həyatın universal stimulu bu həqiqətin pozulmazlığıdır.

 Milli mətbuatımızın yaradılmasının növbəti ildönümünün  bugünlərdə ümumxalq bayramı kimi qeyd edilməsi bir daha göstərdi ki,  xalq cəmiyyətin operativ, obyektiv informasiyaya, ümumi maarifləndirməyə ehtiyacını ödəyən, hadisələrə düzgün qiymət verən, milli- mənəvi dəyərlərimizi qoruyan jurnalistikamızın tarixiçağdaş xidmətlərini yüksək qiymətləndirir, bunun əksinə olan fakt və meyilləri isə qəbul etmir. Hamı azad sözün işığının artmasını, kütləvi tribunada həqiqətin ucada görünməsini istəyir. Bu yolda milli jurnalistikamıza və onun ağır yükünü şərəflə daşıyanlara uğurlar arzulayırıq.

 

Xanhüseyn KAZIMLI,

ASRP-nin sədri, Milli Məclisin deputatı,

iqtisad elmləri doktoru, professor

Xalq qəzeti.- 2014.- 24 iyul.- S.3.