Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

xalqlarımızın və dövlətlərimizin maraqlarını ifadə edir

 

 Əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər irəli sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq

Şurasının IV Zirvə toplantısındakı çıxışından

Bodrum, 5 iyun, 2014-cü il

 

Artıq tükdilli xalqları  təmsil edən siyasətçi, politoloq və ekspertlər qətiyyətlə söyləyirlər ki, Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsinə  xüsusi töhfələr verir. Bu arqumenti çoxsaylı faktlar və rəqəmlərlə əsaslandıran hər kəs, ilk növbədə, Prezident İlham Əliyevin çıxış və nitqlərində səsləndirilən fikirlərə istinad edir. Çünki dövlət başçımızın istənilən çıxış, nitq və ya müsahibəsi mütləq özündə mühüm reallıqları əks etdirən faktlarla zəngin olur.

 

Adıçəkilən şuranın ötən ay Türkiyənin Bodrum şəhərində keçirilmiş IV Zirvə toplantısından sonra da  bu qəbildən olan ekspert rəyləri region ölkələrinin mətbuatında uzun müddət işıqlandırıldı. Xatırladaq ki, Türkdilli Ölkələrin Dövlət Başçılarının  2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ötən dövrdə böyük inkişaf yolu keçmişdir.

2013-cü ildə TDƏŞ-ə sədrlik edən (biz qurumun Qəbələ sammitində sədrliyi Qırğızıstandan almış, Bodrumda isə Türkiyəyə təhvil vermişik) Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  ölkəmizin bu qurum çərçivəsindəki əməkdaşlığa xüsusi töhfələr verdiyini qeyd edərək demişdir ki,  ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Belə ki, il ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu, şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes—forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Bundan başqa,  Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır.  Həmin  fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır.

Burada bir məqamı da yada salmaq zərurəti var.  Belə ki, dövlət başçıları şuranın fəaliyyətini daha da səmərəliləşdirmək məqsədilə  qurum çərçivəsindəki əməkdaşlığın istiqamətlərini artırmağa nail olurlar.  Məhz həmin məqsədlə də Qəbələdə keçirilən sammitdə Azərbaycan tərəfi  təşəbbüslə çıxış etmişdi ki, biz beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış edək.  Nəticədə  Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə fotostendi də nümayiş etdirilmişdir. Təbii ki, bu ilk addımın  həm də ümumi birliyimiz üçün önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır.

Ancaq Prezident İlham Əliyevin fikrincə, türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsində daha önəmli rol oynayan fəaliyyət istiqaməti bilavasitə  TÜRKSOY-dur: “Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində, əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik.

Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük".

Prezident İlham Əliyev  türkdilli ölkələrin mühüm beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqelərini müdafiə etməsini də yüksək qiymətləndirib: “ Eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır.  Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev  bütün beynəlxalq tribunalardan olduğu kimi, Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının tribunasından da ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin  həll edilməmiş qalmasından dəfələrlə narahatlığını ifadə etmişdir. Bunun isə bir neçə mühüm əhəmiyyəti vardır. Birinci əhəmiyyət ondan ibarətdir ki, istənilən beynəlxalq təşkilatın toplantısı dünya mətbuatının diqqət mərkəzində olur. İkinci səbəb ermənilərə himayədarlıq edən qüvvələrin türk dünyasında qeydə alınan istənilən tədbirdə səsləndirilən fikirləri sözbəsöz təhlil edib nəticə çıxarmasıdır. Üçüncü səbəb isə lazım olan mesajların bilavasitə Ermənistana göndərilməsidir. İlham Əliyev həmişə olduğu kimi, Bodrumda da həmin mesajı ən incə detallarına qədər yada salmışdır:  “ Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır.

Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı—bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində, Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmişlər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıbdır. O cümlədən, bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıbdır".

Bu münaqişənin  böyük regional təhlükə olduğunu , eyni zamanda, bütün türk dünyası  üçün iqtisadi cəhətdən də böyük problemlər yaratdığını qeyd edən Prezident xatırlatmışdır ki, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır: “Hesab edirəm ki, biz şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir”.

Prezident İlham Əliyevin fikrincə, biznes forumların keçirilməsi, investisiya imkanlarının araşdırılması, üçüncü ölkələrə birgə investisiya layihələri ilə çıxmağımız türkdilli ölkələrin gələcək əməkdaşlığı  üçün diqqətəlayiq məsələlərdən biridir. Çünki bu əməkdaşlığın ildən-ilə deyil, aydan -aya genişləndirilməsi üçün böyük potensial, xüsusən, mühüm yol-nəqliyyat imkanları mövcuddur: “Eyni zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün Azərbaycan öz səylərini qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata keçirilməsi şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcəkdir”.

Bu gün bütün dünyanın, xüsusən, Avropanın Azərbaycanla hərtərəfli əməkdaşlıq etməsinin əsas səbəblərindən biri də ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına və enerji mənbələrinə  malik olmasıdır. Dövlət başçımızın fikrincə, qardaş türk xalqlarının Azərbaycanın bu imkanlarından  daha çox bəhrələnməsi bizim hamımızı maraqlandırmalıdır:  “Enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır. Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik”.

Bir sözlə, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı fəaliyyətini ölkəmizin bu məkandakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfə kimi qiymətləndirənlər tamamilə haqlıdırlar.  Həm  Bakıda, həm də qardaş ölkələrin hamısında bütün rəsmilər inanırlar ki, bizim  əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır.  Təbii ki,  birgə fəaliyyət nəticəsində yeni  təşəbbüslər irəli sürüləcəkdir.  Ən başlıcası,  Azərbaycan şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verir. İnanırıq ki, xalqımız və dövlətimiz bu əməkdaşlığın böyük səmərəsini görəcəkdir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 27 iyul.- S.3.