Prezident İlham Əliyevin Ağdaşa səfəri

bütün sahələrdə sürətli inkişafa yol açmışdır

 

 Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər, hesab edirəm ki, təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1 may 2014-cü il. Bu tarix ağdaşlılar üçün olduqca əlamətdar və unudulmazdır. Məsələ burasındadır ki, məhz həmin gün ölkə Prezidenti İlham Əliyev Ağdaş rayonuna tarixi səfər etmişdir. Səfər çərçivəsində Prezident ən əvvəl şəhərin mərkəzində  xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni  ucaldılmış abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Ləki dəmir yolu vağzalının yeni binalarının, meyvə emalı və Gilan yem emalı zavodlarının, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmiş, Bayraq meydanında yaradılan şəraitlə, Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Artıq o vaxtdan bir ay keçib. Ölkə Prezidentinin Ağdaşa səfəri rayonun iqtisadi, sosial və mədəni həyatında hansı inkişaf və yeniliklərə yol açmışdır? Ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirilən görüşdə qarşıya qoyulan konkret vəzifələr, irəli sürülmüş təxirəsalınmaz tədbirlər necə həyata keçirilir? Ağdaşa sonuncu səfərimiz zamanı bizi daha çox maraqlandıran məsələlər bax bunlar idi. Ona görə də müxtəlif kollektivlərdə, idarə, müəssisə və təşkilatlarda olduq, işlərin gedişi ilə maraqlandıq, ictimaiyyət nümayəndələri  ilə görüşüb söhbət etdik.

Rafiq Nəbiyev - rayon ağsaqqallar şurasının sədri:

- Ölkə Prezidenti İlham Əliyevin Ağdaşa səfəri, keçirdiyi görüş və söhbətlər rayonumuzun tarixində, ictimai-siyasi və mədəni həyatında unudulmaz bir hadisədir. Biz bu gün də həmin tarixi səfərin təsiri altındayıq, görüş və söhbətlər yaddaşımıza əbədi olaraq həkk olunmuşdur.

Rayonumuzun son 50 illik tarixi gözlərim qarşısındadır. Cəsarətlə deyə bilərəm ki, heç vaxt indiki qədər inkişaf və yüksəlişin şahidi olmamışam. Özü də bu inkişaf birtərəfli deyil, bütün sahələri əhatə edir. Elə ölkə Prezidentinin son səfəri zamanı açılışında iştirak etdiyi müxtəlif təyinatlı obyektləri yada salaq. Bura ağdaşlılar “yeni şəhər” də deyirlər. Doğrudan da, müasir üsulda tikilmiş binalar, salınmış küçə və meydanlar, park və yaşıllıq zolaqları şəhərimizə yeni görkəm vermiş, onu daha abad və yaraşıqlı etmişdir. Demək istəyirəm ki, bütün bu irəliləyiş və inkişaf ölkə Prezidenti Ilham Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun gündəlik diqət və qayğısı, bölgələrin sosial-iqtisadi inkişafına yönəldilmiş fərman və sərəncamları olmasaydı, əlbəttə, belə inkişafdan danışmağa dəyməzdi.

Onu da bildirirəm ki, mən tez-tez adamlar arasında oluram, onların əhval-ruhiyyəsinə, gün-güzarınına, arzu və düşüncələrinə yaxşı bələdəm. Ağdaşlılar bu gün də ölkə Prezidenti İlham Əliyevin səfər və görüşlərinin zəngin və unudulmaz təsiri altındadırlar.

Özünüz görürsünüz, Ağdaş son vaxtlar nə qədər inkişaf edib, öz sosial simasını dəyişib, daha abad və yaraşıqlı olub. Yeni-yeni emal obyektləri öz qapılarını ağdaşlıların üzünə açıb. Hələ yaxın vaxtlarda nə qədər müəssisənin açılışı gözlənilir. Bütün bunlara görə biz ölkə rəhbəriyinə hədsiz təşəkkür və minnətdarlığımızı bildirir, gələcək fəaliyyətində ona böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Afiqə Hacıyeva, Maqsud Şeyxzadə adına texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın direktor müavini:

- Azərbaycan xalqı xoşbəxtdir, bir də ona görə ki, onun Heydər Əliyev kimi dahi oğlu, dünyanı heyran qoyan böyük şəxsiyyəti var. İkiqat xoşbəxtdir ona görə ki, bu zəngin və tükənməz xəzinəni, bu qətiyyətli və uzaqgörən siyasi kursu layiqincə davam etdirən İlham Əliyev kimi Prezidentimiz var. Əgər bu gün ölkəmiz regionda həlledici söz sahibidirsə, beynəlxalq layihələr onun iştirakı və razılığı olmadan baş tutmursa, hər şeydən əvvəl, bu böyük dühalara borcluyuq.

Heç uzağa getməyək, Ağdaş rayonunun keçən əsrin 70-80-ci illərindəki sürətli inkişaf, həmçinin bugünkü dinamik yüksəliş dediklərimizə əyani misaldır. Mən təhsil işçisiyəm. Ona görə də bu sahədə görülmüş işlər barədə daha geniş, aydın məlumatım var. Cəsarətlə deyə bilərəm ki, hazırda rayonumuzda fəaliyyət göstərən təhsil müəssisələrinin, demək olar ki, hamısı  məhz son 20 ildə tikilib istifadəyə verilmişdir. Bu isə aydın məsələdir ki, təhsilə, millətin gələcəyin göstərilən ən böyük diqqət və qayğıdır.

Ölkə Prezidentinin rayonumuza növbəti səfəri təhsil işçilərini, ziyalıları da hədsiz dərəcədə sevindirmiş, bizə əlavə stimul vermiş, daha yaxşı işləməyə ruhlandırmışdır. Mən bu sözləri  deyərkən Prezidentimizin Ağdaşa səfəri zamanı söylədiyi aşağıdakı sözləri xatırlayıram: “Bu gün biz Ağdaş rayonunda yenidən görüşdük. Mən Ağdaş rayonunda dəfələrlə olmuşam. Bu dəfə də burada görülən işlərlə tanış olacağam. Biz bu gün, ilk növbədə, Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Bu gözəl hadisədir. Möhtəşəm mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda, mərkəzdə yerləşən studiyalar, dərnəklər, əlbəttə ki, onun funksional əhəmiyyətini də artıracaqdır”.

Bəli, bu mərkəz indi təhsil işçilərinin, ziyalıların, gənclərin, ümumiyyətlə, bütün insanların müqəddəs ziyarətgah yerinə çevrilmişdir. Ona görə ki, biz burada ulu öndərimizin bütün nəsillərə örnək olan həyat və fəaliyyəti, ölkəmiz, millətimiz, onun tarixi və bu günü ilə bağlı zəngin və qiymətli məlumati ala bilirik.

Azad Gözəlov, Rayon Gənclər və İdman İdarəsinin rəisi:

- Aydın məsələdir ki, müstəqil respublikamızda gənclər gününün keçirilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, bir sözlə, müasir dövrdə aparılan gənclər siyasəti ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan gəncliyi bu diqqət və qayğını daim yüksək qiymətləndirir, onu öz real və konkret əməllərində doğrultmağa çalışır.

Ölkə başçısının növbəti səfərindən sonra dərhal təşkilatımızda bu səfərin yekunları və qarşıda duran vəzifələr barədə geniş toplantı keçirdik. Hamımızın yekdil fikri belə oldu: Prezidentimizin Ağdaşa növbəti səfəri, keçirilən tədbirlər, görüş və söhbətlər  bizə yeni həvəs və güc verdi, sabaha olan inam və ümidimizi daha da artırdı. İndi əsas məsələ müəyyən edilmiş həmin vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsidir.

Biz bu yazı üzərində işləyərkən son vaxtlar iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş konkret nəticələrlə maraqlandıq, təhlil və müqayisələr apardıq. Gəldiyimiz nəticə ondan ibarətdir ki, inkişaf və yüksəliş dinamik xarakterdədir, ardıcıl və sistemli şəkildə aparılır. Məsələn, sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazini əhatə edən Heydər parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri gedir. Aparılan bu  işlər zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılmışdır.

Burada 2 süni göl, 11 fəvvarə, müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, karusellər, ana və uşaq istirahət  mərkəzi, gənclər kafesi, mini avtodrom, mini və böyük qatar attraksionları, atıcılıq mərkəzi yaradılmış, oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin yaşıllaşdırılması məqsədi ilə ağac və dekorativ gül kolları əkilmiş, qazon salınmış, 2 yeni artezian quyusu qazılmışdır.

Ağdaş şəhəri ərazisində və magistral yolların kənarlarında 20 minədək müxtəlif ağac əkilmişdir. Bundan başqa, Tofiqi və Aralbir kəndlərinin hər birində 220 yerlik, Qarağan-Şıxlar və Qulbəndə kəndlərinin hər birində 180, Ərəbşəki kəndində isə 80 yerlik məktəb binalarının tikintisinə başlanılmışdır.

Son illərdə ölkəmizin enerji təchizatının dayanıqlığı və təhlükəsizliyi prinsiplərinin təmin edilməsi sahəsində ardıcıl dövlət proqramları qəbul edilmişdir. Bu mənada 220/110/10 kv-luq 2x180 mva gücündə Ağdaş regional elektrik yarımstansiyasının istifadəyə verilməsi vacib strateji əhəmiyyətli layihələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi bu sahədə qarşıya böyük vəzifələr qoymuşdur. Belə ki, artıq Ağdaş yem emalı və meyvə emalı fabriklərinin,  meyvə emalı zavodunun tikintisi başa çatmışdır.

Almaniya və Türkiyə şirkətlərinin texnologiyası əsasında qurulan Ağdaş yem emalı fabrikində il ərzində orta hesabla 250 min tonadək toyuq və mal yeminin istehsal olunması planlaşdırılır. Layihənin icrası tam başa çatdıqdan sonra burada 100 yeni iş yeri yaradılacaqdır. Ağdaş meyvə emalı zavodu ilkin mərhələdə il ərzində 200 tona yaxın quru meyvənin emal edilməsinə imkan verəcəkdir. Hər iki sənaye müəssisəsinin fəaliyyətə başlaması rayonda əlavə olaraq heyvandarlıq və quşçuluq məhsullarının, eləcə də meyvə və tərəvəz istehsalının artımını təmin edəcək, əhalinin məşğulluğunu artıracaqdır.

“Şirvangöl” istirahət mərkəzinin tikintisi başa çatmış, rayonun Ərəbocağı kəndində heyvandarlıq kompleksinin tikintisi isə davam edirilir. İndi burada 1274 baş ətlik və südlük istiqamətli mal-qara saxlanılır. Hazırda sahibkarlar tərəfindən 1000 hektara yaxın sahədə biyan istehsalı və onun emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisi davam etdirilir.

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişafı sahibkarlığa göstərilən dövlət qaytısı ilə tənzimlənir. Bu isə uğurların ildən-ilə artması ilə nəticələnir. Məsələn, keçən ilin eyni dövrünə nisbətən iri malın sayı 1841 baş, xırda mal 900 baş artmış, diri çəkidə  ət istehsalı 69 ton, süd 852 ton çoxalmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində ümumi məhsul buraxılışı 34,3 faiz və ya 15 milyon 264 min manat artaraq, 59 milyon 750 min manat olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalı 4,1 faiz və ya 1 milyon 183 min manat artaraq 13 milyon 450 min manata, tikinti-quraşdırma işlərinin həcmi isə 71,1 faiz və ya 13 milyon 223 min artaraq, 31 milyon 809 min manata çatmışdır.

Ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində büdcə gəlirləri artmışdır. Bu da rayon büdcəsindən maliyyələşən tədbirlərə yönəldilmiş vəsaitin çoxalmasına səbəb olmuşdur. 2014-cü il üçün rayon büdcəsi 21 milyon 671 min manatdır. Bu isə ötən ildəkindən 1 milyon 519 min manat çoxdur.

Ağdaşda müşahidə etdiyimiz daha bir maraqlı cəhət barədə. Burada iqtisadi, sosial və mədəni sahənin inkişafına kompleks yanaşılır, inkişaf və yüksəliş bütün sahələri əhatə edir, sistemli xarakter daşıyır. Məsələn, son 5 ildə Ağdaş şəhərində 100 yerlik müasir xəstəxana kompleksi, Qolqəti, Ərəbocağı və Tofiqi kəndlərində həkim və tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Mövcud səhiyyə müəssisələrinin ən müasir tibi avadanlıqlar, dərman preparatları və ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə təchiz olunması istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Eyni sözləri təhsil, mədəniyyət və başqa sahələr haqqında da demək olar. Əsas cəhət odur ki, göstərilən sahələrdə maddi—texniki baza daha da möhkəmləndirilmiş intizam və tələbkarlıq artırılmışdır.

Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin Ağdaşa növbəti səfəri bütün sahələrdə sürətli inkişafa yol açmış, adamların ruh yüksəkliyini və coşğunluğunu, sabaha olan inam və ümidlərini daha da artırmışdır. İndi rayonda bütün inkan və səylər hərəkətə gətirilmişdir. Başlıca diqqət və səylər ona yönəldilmişdir ki, bu inkişaf və yüksəliş davamlı olsun, ölkə başçısının qarşıya qoyduğu konkret vəzifələr, məsləhət və tövsiyyələr uğurla yerinə yetirilsin.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 1 iyun.- S.4.