Salyan özünün yüksək

tərəqqi dövrünü yaşayır

 

Salyan, el arasında deyildiyi kimi, “yol ağzıdır”, burada baş verən hər bir dəyişiklik, yenilik o saat diqqət çəkir. Sözsüz ki, son illər rayonda həyata keçirilimiş işlərlə tanışlıq adamda ancaq xoş məram, xoş ovqat yarada bilər. Hələ üstəlik də baxıb nəsə öyrənmək marağını artırar. Əbəs yerə deyilməyib ki, dünya gör-götür dünyasıdır.

 

Salyan şəhərinin “Giriş qapısı” Akkuşa kanalından başlayır. Hər dəfə bura yolum düşəndə bu yerə çatar-çatmaz duruxub qalıram ki, görəsən, səhv gəlməmişəm ki? Ona görə yox ki, Salyanın yolunu tanımıram, tanımağına lap yaxşı tanıyıram, amma məni tərəddüdə salan hər dəfə burada rastlaşdığım dəyişikliklərdir, qısa zamana sığışdırılan dəyişikliklər. Heç şübhəm yoxdur ki, çoxları mənim kimi bu tərəddüdlə tez-tez rastlaşırlar. Bilmirəm, haradansa eşitmişəm ki, şəhərlərin də insanlar kimi öz taleyi olur. Salyanı görəndə bu deyimin doğruluğuna yüz faiz əmin oluram. Əmin oluram ki, indii Salyan öz taleyinin bəxtəvər çağlarını yaşayır.Bu bəxtəvər rayonun 2013-cü ildə və 2014-cü ilin birinci rübündə hansı nailiyyətləri qazandığını yada salmaq üçün rəqəmlərə üz tutmalı oluram.  “Dilsiz-ağızsız rəqəmlər” isə çox mətləblərdən xəbər verir.

Ötən il dövlət başçısının sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin küçələrinə 9300 kvadratmetr üzlük daşları döşənmiş, 17494 metr bordur düzülmüş, 5940 metr küvet qazılmış, 7822 kvadratmetr sahəyə tamet-plitə, 350 metr uzunluğunda istinad divarı çəkilmiş, 700 kvadratmetr mişar daşı ilə hörgü işləri aparılmışdır. Eyni zamanda, şəhərdə 30 çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir olunmuşdur. Rayonda 45 mindən çox ağac, o cümlədən 3 mindən çox dekorativ ağac və gül kolları əkilmişdir. Ağacların əksəriyyəti həmişəyaşıl ağaclardır (eldar şamı, sərv, küknar).

Şəhərin müxtəlif küçələrinə ümumilikdə 25840 kvadratmetr asfalt örtüyü salınmışdır.

Bu dövrdə Heydər Parkı yenidən qurulmuş və burada öz möhtəşəmliyi ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzi və rayon icra hakimiyyətinin bina kompleksi inşa edilmişdir. Qarabağlı kəndində ticarət mərkəzi istifadəyə verilmiş, şəhər ərazisində 5 mərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi davam edir.

Onu da qeyd etmək lazımdır ki, uzun illər Salyan-Şirvan avtomobil yolunun bərbad vəziyyətdə olması 17 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin ciddi narazılığına səbəb olurdu. Sakinlər 15-20 kilometr yolu keçmək əvəzinə Kürsəngi yolundan istifadə edərək ən azı əlavə 40 kilometr məsafə qət etmək məcburiyyətində qalırdılar. Dövlət başçısının göstərişinə əsasən bu yolun tikintisi üçün ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, şəhər sakinlərini çoxdan narahat edən ən böyük problemlərdən biri də öz həllini tapmışdır. İlkin olaraq ayrılmış 1 milyon manat vəsaitlə Kür çayının iki yerə böldüyü şəhəri ən müasir körpü ilə birləşdirmək üçün işə başlanılmışdır. Həmçinin ötən il rayonda enerji təchizatını yaxşılaşdırmaq üçün 13 ədəd 110/35 kv-lıq və 78 ədəd 10-6 /0,4 kv-luq transformator əsaslı, 326 ədəd 10-6/0,4 kv-luq yarımstansiyalar cari təmir edilmiş, elektrik qurğularına 5,7 ton transformator yağı əlavə olunmuşdur. 10-6/0,4 kv-luq hava xətlərində 263 ədəd dayaq yenisi ilə əvəz edilmişdir.  Şəhərin SİP kabelə keçməsi ilə əlaqədar 11 ağac dayaq, 25 dəmir-beton dayaq, 37 ədəd dəmir dayaq quraşdırılmışdır. Rayon ərazisində cari ildə ümumilikdə 16,8 kilometr məsafədə qüsurlu məftillər SİP kabellə əvəz olunmuşdur. Salyan şəhərinin və kəndlərin qaz təchizatını yaxşılaşdırmaq üçün ümumilikdə rayon üzrə bir neçə ildə 830 kilometr iri diametrli, 16 kilometr kiçik diametrli qaz xətləri əsaslı təmir edilmiş və ya yenisi ilə əvəz olunmuşdur.

2013-cü ildə 3026 ədəd yeni qaz sayğacı quraşdırılmış, 1531 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmiş, 3400 ədəd qaz sayğacı yeni çəkilmiş qaz kəmərlərinin üzərinə köçürülmüşdür. Həmçinin 1970 yeni mənzil qazlaşdırılmışdır.

“Kürsu” təmizləyici qurğular kompleksindən istifadə etməklə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin su təchizatını yaxşılaşdırılmaq məqsədilə yeni magistral su kəmərinin inşası ilə əlaqədar Babazanan dağında yeni su anbarı və təzyiqli su xətti tikilir.

Prezidentin 20 iyun 2007-ci il tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına uyğun olaraq Salyan rayonunun 26 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurulub əhalinin istifadəsinə verilmişdir. Quraşdırılmış sutəmizləyici qurğular ümumilikdə 58 min nəfərdən çox kənd əhalisini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmişdir. Bu da rayonun qəsəbə və kəndlərinin əhalisinin 64 faizinin içməli su ilə təmin olunması deməkdir. Hazırda Cəngan kəndində sutəmizləyici qurğu tikilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pilot layihəsinə əsasən Xıdırlı kəndində ayrılmış 5 hektar torpaq sahəsində dəniz suyunun duzsuzlaşdırılması zavodu və örtüklü kök sistemli tingliklər yaradılmışdır. Həmçinin “Azərsu” ASC tərəfindən Xıdırlı kəndinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Kür-Bakı magistral su kəmərindən 15,7 kilometr uzunluğunda su xətti çəkilmişdir.

2013-cü ildə 1075 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 3551,2 hektarda taxıl əkininə görə 142048 manat subsidiya ödənilmişdir. Sahələrdən əvvəlki illə müqayisədə 3414 ton çox - 56824 ton taxıl istehsal olunmuşdur.

2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə “Aqrolizinq” ASC-nin Salyan filialı və “Aqrokimya” MMC tərəfindən 2185 ton mineral gübrələr (azot, fosfor) satılmışdır.

2014-cü ilin əvvəlində rayonda iri buynuzlu heyvanların baş sayı 1,3 faiz artaraq 62315 baş, qoyun və keçilər 185285 baş olmuşdur.

2013-cü ildə 16 süni mayalama məntəqəsinin 2461 baş mal-qarada apardığı süni mayalanma nəticəsində 1609 baş sağlam buzov alınmışdır.

Ölkə rəhbərinin fərmanı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bu sahəyə diqqət artırılır. Hazırda rayonda 1187 hektar üzüm bağı var. Bu bağların 952 hektarı bar verir. 2013-cü ildə Salyanda 4816 ton süfrə üzümü istehsal edilmişdir.

Rayonda mövcud meyvə bağları bərpa edilir və yeni bağlar salınır. Hazırda rayonda 806 hektar meyvə bağları vardır ki, onların da 363 hektarı məhsul verən bağlardır.

Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 348 kilometr kollektor dren şəbəkəsi, 1540 kilometr suvarma kanalı lildən təmizlənmişdir.

2013-cü ildə ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermiş 700 məzundan 368- i ali, 77-si isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 18 abituriyent 600-dən yuxarı bal toplamışdır. Şəhər 2 saylı tam orta məktəbin məzunu Səidə Ələsgərova Prezident təqaüdünə layiq görülmüşdür. Ali məktəblərə qəbulun nəticələrinə görə Salyan rayonu Azərbaycan bölməsi üzrə respublikada birinci yeri tutmuşdur. 2013-cü ildə Boranıkənd kəndində 220 yerlik, Plasmas yaşayış massivində 640 yerlik yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Şəhər 8 saylı tam orta məktəbin binası əsaslı şəkildə təmir edilmiş, həmin məktəb üçün 160 yerlik əlavə korpus tikilmişdir. Hazırda Peyk kəndində 220 yerlik yeni məktəb binası tikilir. Dayıkənd və Qaraçala kənd tam orta məktəblərində bərpa- gücləndirmə işləri görülməklə əsaslı təmir işləri aparılmışdır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda şeir, mahnı, rəsm müsabiqələri keçirilmiş, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”, “Mədəniyyətimizin hamisi” mövzularında konfrans və “dəyirmi masa”lar keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Babazanan dağında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş e.ə. IX-III minilliklərə aid küp qəbirlər və maddi-mədəniyyət qalıqları bu ərazidə insanların ən azı 2800 il bundan əvvəl yaşadığını sübut etmişdir. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev “Muğan-Babazanlı” abidələrinin 2800 illiyinin qeyd edilməsi barədə sərəncam imzalamışdır.

Dövlət başçısı həmçinin Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist, görkəmli ictimai xadim Əlibəy Hüseynzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar sərəncam imzalamışdır.

Rayonlararası Şorsulu əsəb-nevroloji xəstəxanası üçün 100 çarpayılıq korpus tikilib istifadəyə verilmiş, Prezidentin tapşırığına əsasən, böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Mərkəzi Xəstəxanaya 10 ədəd dializ aparatı verilmiş və dializ şöbəsi açılmışdır.

2014-cü ilin birinci rübündə rayonda məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 40 milyon 98 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 4,8 faiz artaraq 14 milyon 191 min manat, rabitə işlərinin həcmi 10,3 faiz artaraq 130,2 min manat, nəqliyyat işlərinin həcmi 64,2 faiz artaraq 453 min manat, pərakəndə ticarət dövriyyəsi 6,4 faiz artaraq 35 milyon 140 min manat, əsas kapitala yönəldilən investisiya 10,5 faiz artaraq 17 milyon 579 min manat çox olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 12 milyon 141 min manat, əhaliyə göstərilən pullu xidmətlər 9 milyon 868 min manat olmuşdur. Bir nəfərə düşən orta aylıq əmək haqqı 238 manatdır.

Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına rayonda yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Belə ki, ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq “BRM üzüm” MMC, “Gilə” MMC, “Qaraçala” MMC, “Balacans” MMC, “Qarabağlı kooperasiya” və digər iri təsərrüfatlar yaradılmışdır. Eyni zamanda, Kürsəngi kəndində “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin, “Yoluçka” tipli 20 başlıq müasir tələblərə cavab verən kompyuterləşmiş sağım sexinin tikintisi başa çatdırılmışdır.

İlin birinci rübündə 198 daimi iş yeri yaradılmışdır.

Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına ötən üç ay ərzində də rayonda xeyli işlər görülmüşdür. Bu vəsait hesabına şəhərin küçələrinə 2100 kvadratmetr üzlük daşları döşənmiş, səki kənarına 3190 metr bordurlar düzülmüş, 940 metr küvet qazılmış, 3320 kvadratmetrə tamet-piltə düzülmüşdür. Əksər hissəsi həmişəyaşıl ağaclar  olmaqla rayon ərazisində 12 mindən çox ağac əkilmişdir.

Hazırda şəhər ərazisində 5 mərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi davam edir. Rayonda ərzaq təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Belə ki, 2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 17404 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 6215 hektarı buğda, 11189 hektarı isə arpa əkin sahələrini təşkil edir.

Ötən müddətdə 317 kilometr kollektor dren şəbəkəsi, 106,15 kilometr suvarma kanalları lildən təmizlənmişdir.

Peyk kəndində 220 yerlik yeni məktəb binasının və 5 saylı ümumi orta məktəb üçün əlavə 2 sinif otağının və idman zalının, Kürqaraqaşlı kəndində 100 yerlik uşaq bağçasının tikilməsi, Qarabağlı kəndində və Babazanan yaşayış sahəsində uşaq bağçası üçün yeni binaların tikintisinə hazırlıq işlərinin görülməsi rayonda təhsilin inkişafına yönəldilmiş diqqət və qayğıdan xəbər verir.

Əlbəttə, bu dövrdə səhiyyənin inkişafı da diqqətdən kənarda qalmamışdır. 2014-cü ilin I rübündə müasir tələblərə cavab verən rayonlararası Şorsulu Psixiatriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilib istifadəyə verilmişdir. Hazırda 50 çarpayılıq Ağciyər Xəstəlikləri Xəstəxanası inşa edilir.

Məlumdur ki,dövlət başçısının tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin tibbi müayinəsi aparılmışdır. Bu iş Salyanda da mütəşəkkilliklə həyata keçirilmişdir. Yalnız aprel ayının 17-nə kimi 51187 nəfər tibbi müayinədən keçmiş, onlardan 6609 nəfəri ambulator, 92 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 32 nəfəri Bakı şəhərinə göndərilmiş, 32 məntəqədə müayinələr başa çatdırılmışdır.

Bu dövrdə bələdiyyələrin də fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki, kənd adlarını göstərən emblemlərin təmiri, orta məktəblərdə sinif otaqlarının, kənddaxili və kəndarası yolların təmiri, yaşıllıqların salınması, zibilliklərin ləğv edilməsi, bəzi suvarma kanallarının və kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi və s. kimi məsələlərin yerinə yetirilməsi bələdiyyələrin fəaliyyətinin tərkib hissəsi olmuşdur. Salyan Bakıdan çox da uzaq məsafədə yerləşmir. Bir gündə asanlıqla və rahatlıqla gəlib yeniləşən və günbəgün hüsnünə əlavə yaraşıq qatan bu rayonu gəzib-dolanmaq olar. Sonrası isə hər kəsin öz zövqünə qalıb ki, kim nə qədər bu gözəlliklərdən ruhunun qidası üçün pay götürə biləcək. Hər halda, bunun üçün vaxt ayırmağına dəyər.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2014.- 6 iyun.- S.6.