Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

artıq güclü beynəlxalq təşkilata çevrilmişdir

 

TDƏŞ -in Bodrumda keçirilən IV Zirvə toplantısı da bunu təsdiqlədi

 

Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra türkdilli ölkələrlə fəal əməkdaşlıq prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Lakin müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı respublikamızı beynəlxalq aləmdən təcrid edirdi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atıldı. Türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin də təməli məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 

Azərbaycan dövləti son 21 ildə türkdilli ölkələrlə daha yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq qarşılıqlı olmaqla yanaşı, dostluq və qardaşlıq səviyyəsində müxtəlif təşkilatlar çərçivəsində də həyata keçirilir. Qeyd edək ki, türk dövlətlərinin və xalqlarının birgə səyi ilə bir sıra qurumlar yaradılmış və bu təşkilatların mütəmadi olaraq keçirdikləri tədbirlər əməkdaşlığı daha da möhkəmləndirmiş, əlaqələri genişləndirmişdir. Belə təşkilatlardan biriTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında“” Naxçıvan Sazişi əsasında yaradılmışdır. Şuranın məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimad, dostluqxoş qonşuluğun möhkəmləndirilməsi;

- regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi;

- qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq forumlardakı məsələlər üzrə ümumi yanaşmanın araşdırılması;

- beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə nəzarət üzrə beynəlxalq siyasətə yardım göstərilməsi;

- siyasi, ticari-iqtisadi, hüquq- mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi;

- əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrüktranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılması;

- tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bərabərhüquqlu tərəfdaşlıq əsasında birgə fəaliyyət vasitəsilə regionda hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

- beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına uyğun olaraq qanunun aliliyi, səmərəli idarəçilik və əsas insan hüquq və azadlıqlarının təminatı üzrə məsələlərin müzakirəsi;

- elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idmanturizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

- türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi;

- qarşılıqlı əlaqənin inkişafı məqsədilə hüquqi məlumatın mübadiləsi, qarşılıqlı hüquqi yardımın göstərilməsi və hüquqi münasibətlərin müxtəlif sahələrində əməkdaşlıq üzrə məsələlərin müzakirəsindən ibarətdir.

Ötən müddət ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müxtəlif ölkələrdə dörd zirvə toplantısı keçirilmişdir. 2012-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkekdə TDƏŞ - in II Zirvə görüşünün ən mühüm nəticələrindən biri qurumun rəsmi bayrağının qəbul edilməsi oldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət bayraqlarındakı elementlərin əks olunduğu ortaq bayraq türkdilli dövlətlərin birliyinin simvoludurtürkdilli dövlətlərin birliyinin və əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Şuranın III Zirvə toplantısı ötən ilin avqust ayında Azərbaycanda – Qəbələ şəhərində keçirilmişdir. Toplantıya Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan respublikalarının dövlət başçıları, xarici işlər nazirləri, TDƏŞ - in baş katibi, digər qurumların rəhbərləri və rəsmi şəxslər qatılmışlar. Bu toplantıda şuraya sədrlik Qırğızıstandan Azərbaycana keçmişdir. Zirvə toplantısı çərçivəsində keçirilən görüşlərdə ortaq maraq kəsb edən məsələlər müzakirə olunmuş, əməkdaşlığın yeni perspektivləri müəyyənləşdirilmişdir.

Müasir qloballaşma şəraitində Avrasiya coğrafiyasında geniş məkanı əhatə edən türkdilli dövlətlərin bir-biri ilə əlaqələrini genişləndirmələri mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq xüsusilə iqtisadi sahədə qlobal problemlər fonunda türkdilli dövlətlərin sürətli inkişafında böyük rol oynaya bilər. Qürurverici haldır ki, son illər türkdilli dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu əməkdaşlıqda Azərbaycanın özünəməxsus yerirolu vardır.

Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında da bunun bir daha şahidi olduq. Dövlətimizin başçısı Azərbaycanın şuraya bir illik sədrliyi zamanı fəaliyyətini yüksək qiymətləndirmiş və bu işlərin türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etmişdir. Azərbaycan Prezidenti ölkəmizin bir illik sədrliyi dövründə görülmüş işlər barəsində məlumat verərkən demişdir:“Keçən il ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu, şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Əminəm ki, bu fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır”.

Dövlət başçımız qeyd etmişdir ki, keçən il Qəbələdə Azərbaycan tərəfi beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış etmək barədə təşəbbüs irəli sürmüşdü: “Şadam ki, artıq birinci addım atılmışdır. Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə fotostendinümayiş etdirilmişdir. Yəni, bu, birinci addımdır. Hesab edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə birgə turizm potensialımızı təqdim etməliyik. Bunun həm də birliyimiz üçün önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır. Biz dünən söhbət əsnasında bu barədə fikir mübadiləsi aparmışıq. Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində, əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan Prezidenti siyasi məsələlərin həllində beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə ehtiyac duyduğunu diqqətə çatdırmışdır. Ölkəmizin başçısı bildirmişdir ki, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük. Türkdilli dövlətlərin üzv olmadığı bəzi təşkilatlarda da mövqelərimizin dəstəklənməsi xüsusi olaraq vurğulanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərkən demişdir:“ Mən bu gün, xüsusilə, hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir".

Ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı məsələsini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün uzun illərdir ki, pozulduğunu bir daha bəyan etmişdir. Qeyd olunmuşdur ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini hələ də davam etdirir. Bu siyasət nəticəsində 20 faiz torpağımız bu günişğal altındadır, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması, dünyada analoqu olmayan Xocalı soyqırımı törətməsi artıq dünya ictimaiyyətinə də bəllidir. Təsadüfi deyildir ki, bu gün dünyanın 10 ölkəsi Xocalı qətliamını rəsmən soyqırımı kimi tanıyır. Erməni silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycan ərazilərində tarixi mədəni, dini abidələri, qəbirsitanlıqları, evləri vəhşicəsinə dağıtmış və viran etmişlər.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin böyük regional təhlükə, eyni zamanda, iqtisadi cəhətdən də ciddi problemlər yaratmasına baxmayaraq, dünya birliyi hələ də Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə etinadsız yanaşır.

Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ikili mövqeyi haqlı olaraq ictimaiyyətin qəzəbinə səbəb olub. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində, Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq, təəssüf ki, işğalçı ölkə buna məhəl qoymur və hərbi təcavüzünü davam etdirir. Dövlətimizin başçısı bütün bunlara son qoymağı qətiyyətlə bildirdi.

Azərbaycan Prezidenti öz çıxışında türkdilli dövlətlər arasında nəqliyyat strukturunun, enerji sahəsinin və digər zəruri sahələrin də bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı vurğuladı ki, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaq. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısındakı çıxışı ölkəmizin geniş imkanlarını, dünya birliyində reytinqinin sürətlə artdığını, iqtisadi qüdrətinin getdikcə möhkəmləndiyini bir daha ortaya qoymuşdur.

Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilmişdir. Zirvə toplantısında qəbul olunmuş Bəyannaməyə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı bir daha təsdiqlədi ki, müasir mürəkkəb, qlobal siyasi, iqtisadi, hərbi proseslər fonunda türkdilli dövlətlər qarşılıqlı iqtisadi əməkdaşlığı, humanitar, mədəni əlaqələri, siyasi dəstəyi genişləndirməklə davamlı inkişafa nail ola bilərlər.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 7 iyun.- S.1.