Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi

 

 

1990 – 1993-cü illərdə Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət çox  ağır, acınacaqlı və  faciəli idi. Respublikada ayrı-ayrı siyasi qruplaşmaların hakimiyyət davası bütün sahələri iflic vəziyyətinə  salmışdı. Müxtəlif adamlara xidmət edən qeyri - qanuni silahlı birləşmələrin özbaşınalığı və soyğunçuluğu xalqı təngə gətirmişdi. Milli  – mənəvi  dəyərlər, dövlət quruculuğu, müstəqilliyimizin qorunub saxlanılması, mədəniyyət, elm və təhsil  tamamilə yaddan çıxmışdı.

 

İnsanların  sabaha olan inamı heçə enmişdi. Cəmiyyətdə hakimiyyətə qarşı kütləvi inamsızlıq, etimadsızlıq yaranmışdı. Ölkəmiz günbəgün vətəndaş müharibəsinə sürüklənidri. Belə vəziyyətdən sui-istifadə edən xarici düşmənlərimiz və erməni lobbisi  daxili pozucu qüvvələrlə əlbir olub, Azərbaycanı parçalmaqdünya xəritəsindən birdəfəlik silmək planını həyata keçirməyə can atırdılar. Azərbaycan nəinki müstəqil dövlət kimi,  bir respublika kimi də dünyanın  siyasi xəritəsindən, tarixdən silinmək həddinə çatdırılmışdı.

 

Minlərlə şəhid qanı bahasına qazanılan müstəqilliyimiz yenidən məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ölkədəki ictimai-siyasi vəziyyət  getdikcə pisləşir, hakimiyyət uğrunda mübarizə artıq ayrı-ayrı  şəxslərə mənsub olan qeyri-qanuni silahlı dəstələrə keçir    ictimai gərginlik günü-gündən artırdı.  Həmin dövrdə hakimiyyətdə olanların  dövləti idarə edə bilməmələri, yarıtmaz xarici siyasəti Azərbaycanı beynəlxalq aləmdən də  təcrid etmişdi. Artıq ölkə idarəolunmaz həddə çatmışdı. Xarici havadarlarının köməyi və bilavasitə rəhbərliyi ilə iqtisadiyyatımız çökdürülmüş, qarşıdurma son həddə çatmışdı. Bir yandan da, torpaqlarımız ermənilərə “peşkəş” edilir, ərazilərimiz  işğal olunurdu. Xalqla bağlılıq, onun iradəsini ifadə etmək, xalqın maraqlarını qorumaq kimi məsələlər həmin vaxt hakimiyyətdə təmsil olunanları qətiyyən düşündürmürdü.

 

Respublikamızın üzləşdiyi taleyüklü problemlər qarşısında aciz, həddən artıq zəif görünən bu qüvvələr ölkədə böyük hərc-mərclik yaratmışdılar. Dövləti  idarə etmək əvəzinə, onu talamaqla məşğul “siyasətçilər” xalqda böyük narazılıq, ruh düşgünlüyü oyatmışdılar. Başqa sözlə, bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaradırdılar. İnsanların sözdə demokratiyadan dəm vuraraq, əməldə onları silahla təhdid edən AXC-Müsavat hakimiyyətinə qarşı qətiyyən inamı, etibarı qalmamışdı.

 

Belə bir vaxtda insanların yeganə ümidi, inamı və  etimadı  xalqı arxasınca apara biləcək nüfuzlu bir liderə  yönəlmişdi. Bu lider böyük idarəçilik qabiliyyətinə və zəngin təcrübəyə malik olan,  beynəlxalq aləmdə  böyük siyasi xadim kimi tanınan Heydər Əliyev idi.

 

 Ulu öndər həmin vaxt Naxçıvan Ali Məclisinin sədri idi. Hələ 1990-cı ildə ümummilli liderin Moskvadan qayıdışından sonra insanlarda artıq bir fikir formalaşmışdı ki, ölkəni  düşdüyü son dərəcə ağır və dözülməz şəraitdən  çıxarmağa qadir  olan yeganə siyasi xadim  Heydər Əliyevdir. Amma o zaman Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. Lakin bu da müəyyən antimilli dairələri sakitləşdirmir və ulu öndərə  qarşı təzyiqlər davam edirdi. Eyni zamanda, istər Bakıda, istərsə də Naxçıvanda Heydər Əliyev tərəfdarlarına qarşı güclü qısqanclıq və onların təqib olunması prosesi başlanmışdı. Naxçıvanda da bəzi qruplar Heydər Əliyevin əleyhinə aparırdılar. Bunlar azmış kimi, 1992-ci ildə Azərbaycan Konstitusiyasına belə bir əlavə olundu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu düzəliş də birbaşa ulu öndərə qarşı yönəlmişdi.

 

Bütün bunlara baxmayaraq, ziyalılar, tanınmış simalar, zəhmət adamları axın - axın Naxçıvana gedir, orada ulu öndər Heydər Əliyevlə görüşür və qüdrətli şəxsiyyəti Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dəvət edirdilər. Belə bir vaxtda xalqın böyük əksəriyyətinin tələbi, istəyi və arzusu ilə 91 nəfər tanınmış ziyalı və elm xadiminin  imzası ilə Heydər Əliyevə müraciət qəbul edildi.

 

Müraciətdə  deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları “Konstitusiyaya zidd, real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb, fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimi-siyasi gedişlərə tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasiiqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordupolis bizə xidmət edir".

 

Ölkədə baş vermiş özbaşınalığın, antimilli hərəkətlərin , xaos və anarxiyanın son həddə çatdığını vurğulayan ziyalılar yazırdılar ki, dünənə kimi küçə-meydanlarda səhərdən-axşama qədər demokratiyadan danışanlar, görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə, biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.

 

Həmin dövrdə vəziyyətin  son dərəcə ağırlaşdığını, həyatın qeyri-sabitliyini, gələcəyə ümidsizliyi görən  respublikanın yüzlərlə ziyalısı, yüksəkixtisaslı kadrları ölkəni  tərk edirdilər.   Belə bir vaxtda isə ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyirdi. Hadisələrin bu cür inkişafı göstərirdi  ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər —  əlamət də qalmayacaq, Azərbaycanın müstəqilliyi məhv olacaqdı.

 

 Bütün bunları nəzərə alan ziyalılar ulu öndərin ölkə rəhbərliyinə gəlməsini təkidlə xahiş edərək yazırdılar: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

 

Bu xahiş xalqın istəyini, milli iradəsini ifadə edirdi. Müraciətdə deyilirdi ki, Heydər Əliyev bu ümumxalq  istəyinə razılıq verərsə, Azərbaycanın da xilası, bütün sahələrdə inkişafı, dövlətin möhkəmlənməsi reallaşa bilər.

 

AXC - Müsavat hakimiyyəti, demək olar ki, başını itirmişdi. Hakimiyyəti ələ keçirmək istəyən ayrı - ayrı birləşmələrin silahlı qarşıdurması ölkəni  vətəndaş müharibəsi həddinə çatdırmışdı.  Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. O zaman S. Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu, 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri isə S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu silahlı qarşıdurma  Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kəskin həddə çatdırdı.

 

Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Getdikcə daha da gərginləşən vəziyyətdən çıxış yolu tapa bilməyən o zamankı AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı.

 

1993-cü il iyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Heydər Əliyev bir qrup jurnalistin və deputatın  müşayiəti ilə iyunun 13-də Gəncəyə yola düşdü, vəziyyəti yerindəcə öyrəndi. Faktiki olaraq, Surət Hüseynovun  qoşunları Bakıya doğru irəliləyərkən yolboyu rayonları tutmuş, oradakı rəhbər strukturlarda öz adamlarını yerləşdirmişdi. Hakimiyyətsizlik və  özbaşınalıq geniş vüsət almışdı. Məhz Heydər Əliyevin sayəsində Surət Hüseynovun başladığı özbaşınalıqların  qarşısı alındı. Bununla da Azərbaycanın parçalanması planı pozuldu. Bundan sonra Azərbaycanda  həyat  tədricən öz məcrasına düşməyə başladı. Müstəqilliyimizin qorunması və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra ölkədə rəhbərliyə başlamasından sonra respublikamız dünya birliyinə inteqrasiya olundu, iqtisadi qüdrətimiz artdı. Bu gün xalqımız Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına görə ulu öndər Heydər Əliyevin siyasi kursuna  minnətdardır.

 

 

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti”. - 2014. - 10 iyun. - S. 3.