NAXÇIVAN–sorağı minilliklərdən gələn qədim Azərbaycan diyarı

Naxçıvan MR – 90

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Naxçıvan Muxtar Respublikasının  yaranmasının 90 illiyi ilə əlaqədar imzaladığı sərəncamda qeyd edildiyi kimi, Naxçıvana muxtariyyət statusunun verilməsi bu vilayətin ictimai-siyasi həyatında mühüm hadisə olub çox böyük tarixi əhəmiyyət kəsb edir.

 

 Naxçıvan MR-in  90 illik yubileyinə həsr olunmuş  yazıları qəzetlərdən oxuduqca gözlərimin qarşısından Naxçıvanın tarixi keçmişi bir kino lenti kimi keçir, qulaqlarımda min illərin arxasından gələn qədim bir bayatı səslənir.

 

Naxçıvan Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, Naxçıvan duz mədənində aşkar edilmiş daş duz parçasının içərisində daşlaşmış balıq silueti, Gəmiqaya yazılı abidələri, dağ süxurlarının və torpaq qatlarının öyrənilməsi və s. bu yurdda lap qədimlərdən həyat elementlərinin olduğunu təsdiq edir. Qədim dövr bilicilərinin, dünya şöhrətli alimlərin, görkəmli alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyevin, akademik İsmayıl Hacıyevin və digər görkəmli alimlərin bu sahədə apardıqları tədqiqatlar elmi ictimaiyyətə məlumdur.

 

 Ümumdünya daşqınına (Nuh tufanına) qədər bu diyarın adının nə olduğu bizim üçün qaranlıq olsa da, Qurani-Kərimdə dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin - türklərin məskunlaşdığı və burada ilkin sivilizasiyanın başlandığı şəksizdir.

 

 Naxçıvanda Nuh tufanından sonra  ilk yaşayış məskənlərindən biri olmaq etibarı ilə təqribən 10 min  il bundan əvvəl burada yaşayışın başlanılmasını göstərən və bu gün də mövcud olan tarixi abidələr, kənd, şəhər, oba adları öz əlamətlərini bildirir və deyilənləri təsdiq edir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri və s. nümunələr bu barədə daha dərin düşünməyi tələb edir. Arxeoloji qazıntılar zamanı II Kültəpə ərazisindən tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar e.ə. III-II minilliyin nümunələri hesab edilir.  Naxçıvan şəhərinin binasının təqribən 5000 il bundan öncə qoyulduğunu söyləməklə bərabər, burada ilk yaşayışın daha qədimdən Nuh tufanından sonra başlanıldığı haqqında fikir söyləmək üçün tapılmış maddi-mədəniyyət nümunələrinin əsas verdiyini qeyd etməliyik. Hələ e.ə. III-II minilliklərdə burada sənətkarlığın, kənd təsərrüfatının inkişafı, əkinçiliyin, bağçılığın yaranması, əlverişli coğrafi ərazidə yerləşən Naxçıvan diyarının şöhrətini artırmışdır. Böyük tarixi inkişaf yolu keçən Naxçıvan məmləkətə həm də zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olmuşdur. Dəfələrlə işğalçı ordular Naxçıvanı çapıb-talamış, dağıdıb viran qoymuşlar.  “Səyahətnamə” kitabında Naxçıvan şəhəri binasının Əfrasiyab padşah tərəfindən qoyulduğunu göstərən türk tarixçisi Övliya Çələbi bu ərazinin türklərin ən qədim yaşayış məskənlərindən biri olduğunu qeyd etmişdir. O yazırdı: “Bu şəhər, doğrudan da, öz adına layiqdir. Biri ona Naxçıvan deyir, digəri Nəhşəvan... Əldə edilmiş çoxsaylı arxeoloji materiallar və yazılı mənbələrdən belə nəticə çıxarmaq olar ki, Naxçıvan cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmuşdur. K.A.Nikitin, S.A.Zelinski, F.A.Brokhauz, I.A.Yefron və başqaları belə hesab etmişlər ki, şəhərin yaranma tarixi bizim eradan əvvəl II minilliyin ortalarına aiddir”. Hətta F. A. Brokhauz və I. A.Yefronun fikrinə görə, şəhərin binası eramızdan əvvəl 1539-cu ildə qoyulmuşdur. Lakin ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, burada insanların məskunlaşması tarixi daha qədimlərə gedib çıxır.

 

Naxçıvan diyarının 6,1 kvadratkilometr ərazini əhatə edən muxtariyyət statusu 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə təsbit edilmişdir. Naxçıvan diyarının sərhədləri 11 kilometr  Türkiyə dövləti ilə, 176 kilometr Araz boyunca 1828-ci il Türkmənçay müqaviləsində olduğu kimi İran dövləti,  şərqdən, şimaldan və qərbdən Ermənistan Respublikası ilə müəyyən edilmişdir. Naxçıvan Azərbaycanın tərkib hissəsi olaraq öz sərhədləri daxilində muxtar dövlətdir.

 

Buna baxmayaraq, Naxçıvan torpağı zaman-zaman ermənilərin və onlara dəstək verən digər işğalçıların maraq dairəsində olmuş, bu gün də erməni şovinist qüvvələri bu qədim türk yurdunu Ermənistana birləşdirmək iddiasındadır.

 

Təkcə onu qeyd etmək lazımdır ki, 1921-ci ildən 1991-ci ilə qədər olan dövrdə 658 kvadratkilometr ərazi Naxçıvandan qopardılaraq Ermənistana birləşdirilmişdir ki, bunun da nəticəsində Naxçıvanın Araz boyunca sərhəddi 13 kilometr azalaraq 163 kilometrə enmiş, Ermənistan ilə sərhədinin uzunluğu 224 kilometrə çatmışdır.

 

 Hər vəchlə 1921-ci ildə bağlanmış tarixi Moskva və Qars müqavilələrinin ləğvinə çalışan ermənilər 1918-ci ildən bəri gözlərində qalan arzularını – Naxçıvan torpaqlarını ələ keçirmək planını gerçəkləşdirməyə çalışırlar.  Ötən əsrin sonlarında erməni qəsbkarları yenidən silahlanaraq, Azərbaycanın qədim və tarixi torpağı Qarabağı işğal etdilər. Qazandıqları müvəqqəti qələbədən ruhlanaraq Naxçıvan Muxtar Respublikasının sərhədlərini pozub onu da ələ keçirmək iddiasında olan erməni millətçilərinin layiqli cavabı 90-cı illərin əvvəllərində Naxçıvan MR Ali Məclisinə rəhbərlik edən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan camaatı tərəfindən verildi. Heydər Əliyevin böyük siyasi təcrübəsi, dünya dövlətləri rəhbərləri arasında olan nüfuzu, tarixi Moskva-Qars müqavilələrinin yenidən gündəmə gətirilməsi ilə Naxçıvanın müdafiəsi təmin edildi. Həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük fəaliyyətini filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəyli “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” kitabında belə qiymətləndirmişdir: “Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının xilası və inkişafı  yolunda ciddi və tarixi əhəmiyyətə malik olan addımlar atmaqla müstəqilliyin qazanılmasına və möhkəmləndirilməsinə geniş miqyasda mühüm xidmətlər etmişdir”.

 

 Xronoloji ardıcıllıqla izlədiyimiz tarixlərdən göründüyü kimi, Naxçıvan müxtəlif  imperiyaların maraq dairəsində olub əldən-ələ keçsə də, dəfələrlə dağıdılıb yerlə – yeksan edilsə də, heç bir işğalçı ordu naxçıvanlıların  iradəsini qıra, onların mübariz ruhunu öldürə bilməmişdir. Naxçıvanlılar yaşamış, yaratmış, dağılmış qala və abidələri yenidən bərpa edib, günümüzə qədər gətirib çıxarmışlar. Naxçıvanın qədim tarixindən bu günə qədər izlədiyimiz dövr ərzində ermənilərin Naxçıvan haqqında ərazi iddiaları qaldırmalarının heç bir tarixi, mənəvi, maddi və hüquqi əsası olmadığının bir daha şahidi oluruq. Təsadüfi deyildir ki, bu gün də Naxçıvanda qədim sivilizasiyanı yaşadan, yaşı min illəri ötüb keçən yüzlərlə abidə vardır ki, onların heç birində ermənilərin izi-tozu da görünmür.

 

 Ermənilərin daha çox Rusiya-İran müharibələrinin yekunu olaraq 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri və Rusiya-Türkiyə (1828-1829) müharibələrinin sonunda Ədirnə (1829) sövdələşməsi ilə bağlı olaraq buraya köçürüldüklərini nəzərə alsaq, 1918-ci ilə qədər Naxçıvanda yaşayan azacıq erməni toplumunun hansı tarixə malik olduqları tamamilə aydınlaşar. Ermənilər yaşadıqları ərazilərdə həmişə xəyanət və etibarsızlığın bariz nümunəsinə çevrilmiş, ona görə də heç yerdə daimi məskunlaşa bilməmişlər. Qonşularla münasibətləri gərginləşdirmiş, müxtəlif ərazi iddiaları, tamahkarlıqları, acgözlükləri ilə “pis qonşu” imici formalaşdırmış, axır nəticədə qanlı müharibələrə səbəb olmuş, böyük qırğınlar törətmiş, özləri də həyata keçirmək istədikləri məkr və separatizmin qurbanlarına çevrilmişlər.

 

 1905-1906-ci illər qırğınlarında gözü qandan doymayan ermənilər 1918-ci ildə yenidən baş qaldırıb Azərbaycanın hər yerində misli görünməmiş vəhşiliklər törətmişlər. Ermənilər tərəfindən qocalar, uşaqlar, qadınlar diri-diri yandırılır, süngüyə keçirilir, burun, qulaq və döşləri kəsilir, gözləri çıxarılır, quyulara doldurulub daş-qalaq edilirdi. On minlərlə dinc türk sakini evlərində yandırılır və güllələnirdi. S.Şaumyanın “rejissorluğu” ilə həyata keçirilən bu faciənin baş rolunun ifaçısı tayqulaq general Andranik idi.

 

Bu illərdə Naxçıvanda vəziyyət daha da gərginləşmişdi. Azərbaycan hökumətindən kömək ala bilməyən Naxçıvan əlacsız duruma düşmüşdü. Gündən-günə vəziyyətin gərginləşdiyini görən Naxçıvan camaatı Türkiyədən kömək istəyir. 1918-ci ilin iyul ayında Türkiyənin I Qafqaz Ordu Komandanı Kazım Qara Bəkir paşanın rəhbərliyi altında Naxçıvana gələn türk ordusu azərbaycanlı əhalinin xilası və Naxçıvanın qurtuluşu yolunda önəmli addımlar atır. Avqust ayının 1- də Kazım Qara Bəkir paşa hərbi qərargahın Naxçıvana köçürülməsi haqqında əmr verir, avqustun 7-də  Uluxanlı-Qəmərli məntəqəsindən keçərək özü də Naxçıvana gəlir. Avqustun 8-də  Naxçıvan xanının evində Kazım Qara Bəkir paşanın şərəfinə qəbul təşkil olunur. Türk ordusunun xilaskarlıq missiyası öz nəticəsini verir. Hər yerdə haqqı, ədaləti bərpa edən türk ordusunun səyi ilə Naxçıvanın və onun əzəli sakinlərinin hüquqları bərpa olunur.   Bildiyimiz kimi, bu, 1921-ci ilin mart ayında Moskva və oktyabr ayında Qars müqavilələri ilə təsbitlənir. Naxçıvanın ərazi mənsubiyyəti məsələsi təsdiq olunur, onun sərhədləri qəti şəkildə müəyyən edilir. Naxçıvan vilayəti öz sərhədləri daxilində Azərbaycanın himayəsi altında muxtariyyət qazanır.

 

 Naxçıvanın muxtariyyət statusu qazanmasından 90 il ötməsinə baxmayaraq indi də Naxçıvan haqqında  məsələ qaldırıb, aranı qarışdırmaqla məşğul olan erməni siyasətçiləri Moskva-Qars müqavilələrinin ləğvini gündəmə gətirmək istəyirlər. Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində Naxçıvan komitələri yaratmaqla bu diyarı ələ keçirmək xəyalına düşən, utanmadan bir budaqda oturub min budağı silkələyən ermənilərin layiqli cavabını vermək üçün Naxçıvanın qədim tarixi abidələrində daşlaşmış yaddaşını oyatmağın vaxtı gəlib çatmışdır.  Naxçıvanın qədim tarixini öyrənmək məqsədilə ilk növbədə “Naxçıvan” sözünün haradan və necə yaranmasını araşdırmaq lazım gəlir. “Naxçıvan sözünün mənşəyini Naxçıvandan kənarda axtarmaq, ona müxtəlif  epitetlər qoşmaq düzgün deyil. Bu sözün mənşəyini açıb-açmamağımızdan asılı olmayaraq, onun etimologiyasının mənbəyi Naxçıvandadır”. Filologiya elmləri doktoru A.Bağırovun bu düzgün qənaəti onu Naxçıvan sözünün Nuh peyğəmbərin adı ilə bağlılığı fikrinə gətirib çıxartmışdır. Naxçıvan toponimi haqqında müxtəlif fikirlərin olması təbii qəbul edilməlidir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor V.Əliyev yazır: “Naxçıvan” sözünün etimoloji cəhətdən təhlili mübahisəli olub, bu adın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bu mifologiyaya görə, çox qədim zamanlarda ümumdünya daşqını baş vermiş, dünyanın üzərini bütövlükdə su basmışdır. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq, bu yerə gəlmiş, məskunlaşıb şəhər salmış və sonralar tədricən insan nəsli buradan dünyaya yayılmışdır. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılmışdır”. Müəllif eyni zamanda kitabda “Naxçıvan” sözünün etimologiyası ilə bağlı digər variantları da göstərmişdir.

 

 Əjdər Fərzəli 1989-cu ildə “Azərnəşr”  tərəfindən buraxılmış “Dədə Qorqud yurdu” kitabında Naxçıvan toponimini müqəddəs odlu, işıqlı yer kimi mənalandırmışdır. Naxçıvan torpaqlarının müqəddəsliyi  anlamında müəllifin fikirləri müəyyən dərəcədə qəbul edilə bilər. Naxçıvan torpağının peyğəmbər  və böyük övliyalar Vətəni olaraq müqəddəsliyi dərk ediləndir.

 

 “Naxçıvan sözünün Nuh peyğəmbərin adı ilə əlaqələndirilən “Nəhçivan”, “Nuh-çu-an”  versiyaları diqqəti daha çox cəlb edir. Muxtar respublikanın ərazisində Nuh dabanı (hazırda Gəmiqayanın ətəyində xarabalıqları qalır), Nəbiyurdu, Nəhəcir (Nuhəcir), Nügədih (Nuhgədiyi), Nehrəm (Nuhram), Yamxana (Yəmxana) kəndlərinin olması da Naxçıvan sözünün Nuhun adı ilə bağlı yaranması haqqında fikir söyləməyə əsas verir. Bu qədər  yer adının tərkibində Nuh komponentinin olması təsadüfi hal ola bilməz. Göründüyü kimi, Həzrəti Nuh Araz ətrafı yerlərlə əlaqəli olduğundandır ki, onun adı ilə bu yerlərdə çoxlu əfsanə və rəvayətlər dolaşır.

 

 Araz İlahi tərəfindən yaradılan cənnət çayıdır. Filologiya elmləri namizədi, mərhum Ə.Hüseyninin  “Xalqımızın mənlik heykəli” adlı məqaləsində oxuyuruq: “Gəmiqayada” yer xəritələri, hər hansı bir sahə, ölkə, çay və ayrıca Araz çayının xəritəsi müşahidə edilir. Biz həmin xəritənin yanında qədim runi hərfləri ilə Arazın qədim adlarından “Oğuz” sözünü oxuya bildik”.

 

 Bu müqəddəs çay haqqında Yaqut əl-Həməvi daha sonra yazır: “Ər-Rəss möcüzəli çaydır, burada çoxlu müxtəlif növ balıqlar üzür. Təsdiq edirlər ki, hər ay burada əvvəllər olmamış yeni balıq növləri peyda olur. “Sürməhi” növlü balıq ancaq bu çayda ildə bir dəfə müəyyən bir vaxtda peyda olur”. Araz camaatından Nuh peyğəmbərə inanan, ona itaət edən, Nuhun soyundan olanlar tufandan sonra yenidən Araz çayı ətrafında məskunlaşmış indiki Araz əhlinin ulu əcdadları sayılır. Yaradanın mərhəməti müqabilində uca, ari, ali, bol sulu müqəddəs Araz çayının əhalisi indi də onun nemətlərindən faydalanır. Mənfur, iyrənc xislətli ermənilər tərəfindən Araz çayına küfr olaraq nə qədər çirkab axıdılsa da Arazın nemətləri tükənmir. Çoxlu balıq növləri onun ətrafında yaşayan azərbaycanlıların ehtiyacı üçün Tanrı tərəfindən qorunub saxlanan nemətdir.

 

 Bu kontekstdə apardığımız araşdırmaların ilkin mənbəyi şifahi xalq ədəbiyyatından qaynaqlanır. Ağız ədəbiyyatı, rəvayət və əfsanələr, şeir parçaları və bayatılar, atalar sözləri və məsəllər min illərin izini saxlayan, olub keçənləri nəsildən-nəslə ötürən mənəviyyat  bağlarının insan genlərində kodlaşdırılmış sistemin mikrohissəciklərinin bəlkə də inikasıdır. Əcdadlarımızın sorağının şəkillər, həndəsi fiqurlar, qayaüstü rəsmlər, piktoqrafik yazılarla birlikdə ağız ədəbiyyatında kompleks şəkildə öyrənilməsi daha əhəmiyyətli, daha vacibdir.

 

Şifahi xalq ədəbiyyatından gətirdiyimiz seçmələr göstərir ki, Araz ətrafı ərazilərdə Nuhun izləri təkcə yazılı daşlarda, toponimlərdə deyil, həm də folklor nümunələrində bu gün də yaşamaqdadır:

 

Qapıcıqda ozan yox,

 

Dərdlərini yazan yox.

 

Kitab qoyub gediblər,

 

Heyif onu yozan yox.

 

Bundan başqa bu ərazidə yaranmış çoxlu atalar sözləri və məsəllər də vardır ki, bunlar da Nuh peyğəmbərin adı ilə bağlıdır. Məsələn: Nuh nəbidən qalıbdır, Nuh əyyamından qalıbdır, Nuh Nəbini taxtda görüb, Nuhdan qalma məsəldir, Nuh nəbini taxtda görüb, Süleymanı qundaqda və s. Gəmiqaya ətrafında yaşayan bütün kəndlərin əhalisinin dilində əzbər olan bu sayaq folklor nümunələrinin hamısının tarixi kökləri vardır.

 

 XX əsrin əvvəllərində Naxçıvanda yaşayıb yaratmış realist rəssam Bəhruz Kəngərli (1892-1922) “Nuhun qəbri” adlı bir tablo çəkmişdir. Bu, bir daha Nuhun bu torpaqda yaşaması, bu torpağın ululuğu, ilk yaşayış məskənlərindən biri olması haqqında mülahizələrimizin doğruluğunu şərtləndirir. Naxçıvan MR Ali Məclisinin təşəbbüsü ilə Naxçıvan şəhərində B.Kəngərlinin ev muzeyi açılmışdır. “Nuhun qəbri” tablosu muzeyin ən qiymətli, tarixi əhəmiyyət kəsb edən eksponatlarından biridir.  1926-1927-ci illərdə Naxçıvana elmi ekspedisiyaya gələn Azərbaycan Elmlər Akademiyasının işçisi Sisoyev də Nuhun qəbrinin Naxçıvanda olması haqqında fikir söyləmiş, Nuha məxsus abidənin fotoşəklini çəkərək hesabatına daxil etmişdir.

 

 Bütün bu sadalananlar Nuhun əfsanəvi bir qəhrəman deyil, həqiqi bir peyğəmbər olaraq Naxçıvan ərazisində mövcud olması amilinin gerçəkliyi haqqında fikir yürütməyə imkan yaradır. Fərəhli haldır ki, tarixi faktları müfəssəl şəkildə araşdıraraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif  Talıbovun şəxsən təşəbbüsü və qayğısı ilə Nuh peyğəmbərin məqbərəsi elmi şəkildə bərpa edilmişdir. Hazırda abidə ikinci və əbədi ömrünü yaşamaqdadır.

 

Beləliklə, Naxçıvanın Nuhçuvan variantına və bununla əlaqədar olaraq dilimizdə “ban”, “van” arxaikləşmiş sözdüzəldici şəkilçilərinin daha çox yer mənasında işlədilməsinə nəzər yetirək.

 

 Qeyd etmək lazımdır ki, Z.İ.Yampolskinin Azərbaycan SSR Elmlər Akademiyasının “Xəbərləri”ndə (ictimai elmlər seriyası, 1961) dərc edilən “Naxçıvan  adında “van” sözünün əhəmiyyəti haqqında” adlı məqaləsində bu barədə geniş məlumat verilmiş, sözün qədim gürcü, erməni, fars dillərində olduğu kimi, Azərbaycan dilində də “yer-məskən” mənasında işlədilməsi göstərilmiş, Naxçıvan adına I əsrdə, Atropaten marovmidiyalılarının Xəzər tipli dilindən keçməsi haqqında fikir irəli sürülmüşdür. Bütövlükdə, “ban”, “van” sözdüzəldici şəkilçilərinin Azərbaycan dilində işlədilməsi yeri haqqında ciddi araşdırmalar aparılmasa da, bu şəkilçilərin yer mənasında işlədilməsinə “Kitabi Dədə-Qorqud” dastanlarında da rast gəlirik. Məsələn, Ağban, Ağvan, Altunban, Sayvan, Qaytaban və s.

 

 Qeyd etməliyik ki, Naxçıvan diyarının elə bir yaşayış məskəni tapılmaz ki, orada müqəddəs ocaq, pir və ya məbəd olmasın. Naxçıvan diyarı bütövlükdə müqəddəs yerdir. Bir zaman bu torpaqlara köç etmiş ermənilər bir müddət burada yaşadılar. Elə ki, bu müqəddəs torpağın üzünə ağ oldular, elə ki, bu yerlərin əzəli və əbədi sakinlərinin – Azərbaycan türklərinin üzərinə qalxdılar, çörəyini yeyib, arxadan  qılınc vurdular, öz çirkablarını bu müqəddəs torpağa axıtmağa başladılar, Allahın qəzəbinə gəldilər. Bu yurdlardan qovuldular. Bu yurda işğalçılıq məqsədilə, pis niyyətlə gələnlər tarix boyunca burada bərqərar ola bilməmişlər. Onlar çox böyük uğursuzluqlara düçar olublar. Ermənilər də belələrindəndir.

 

Naxçıvan diyarı bu gün özünün intibah dövrünü yaşayır. Naxçıvan MR Ali Məclisinin sədri  Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan yenidən qurulur, yaradılır və gözəlləşdirilir. Naxçıvan şəhəri Azərbaycanın ən gözəl şəhərinə çevrilmişdir. Muxtar Respublikanın bütün rayonlarında böyük quruculuq işləri aparılır, dünya standartlarına cavab verən, müasir üslubda məktəblər tikilir, istehsalat sahələri yaradılır, kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir, əhalinin maddi rifahı günü-gündən daha da yaxşılaşır. Naxçıvan İlahinin qüdrəti ilə yaranmış,  Şərqlə Qərbin qovşağındə qərar tutmuş qədim Azərbaycan yurdudur. İnanırıq ki, bu yurdun zəhmətkeş insanlarının səyi ilə yaradılmış hələ neçə-neçə xariqələrin şahidi olacağıq.

 

 

 

Nizami  MURADOĞLU,

 

AMEA Folklor İnstitutunun elmi işçisi

 

“Xalq qəzeti”. - 2014. - 10 iyun. - S. 5.