Azərbaycan Tibb Universiteti İstanbul Bilim Universiteti ilə memorandum imzalamışdır

 

 

Azərbaycan Tibb Universitetinin yeni istifadəyə verilmiş Cərrahiyyə Klinikasında Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak etmişlər.

 

Universitetin rektoru, millət vəkili Ə. Əmiraslanov konfransın açılışında çıxış edərək müasir tibb elmində endoskopik və robotik cərrahiyyənin xüsusi önəm daşıdığını bildirmişdir. Akademik hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar aparıldığını xüsusi vurğulamışdır. Rektor bildirmişdir ki, ATU-nun Cərrahiyyə Klinikasında belə əməliyyatların keçirilməsi üçün şərait və hər cür avadanlıq vardır.

 

Sonra İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışmış və çıxışını video-təqdimatla yekunlaşdırmışdır.

 

“Florance Nightingale” xəstəxanalar qrupunun baş həkimi Sinan Aran bu sahədə praktikada üzləşdikləri hallar haqqında məlumat vermişdir.  Açılış nitqlərindən sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim Universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanmışdır.  Konfransda Baku City Hospitalın rəhbəri professor Surxay Hadıyev “Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya”, türkiyəli professor İlkkan Dünder “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” mövzularında məruzələrlə çıxış etmişlər. Konfransın gedişində həmçinin “Laparoskopik kolorektal cərrahiyyə”, “Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”, “Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar” və bir sıra digər mövzular üzrə çıxışlar dinlənilmişdir. Sonra konfrans iştirakçıları həmin mövzular ətrafında müzakirələr aparmışlar.

 

Qeyd etmək lazımdır ki, endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans Tibb Universiteti, İstanbul Bilim Universiteti, “Florance Nightingale” xəstəxanalar qrupu və Baku City Hospitalın təşkilatçılığı ilə keçirilmişdir.

 

 

 

Z. BƏŞİRQIZI,

 

Xalq qəzeti”. - 2014. - 11 iyun. - S. 5.