Sumqayıt xəbərləri

 

Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində sürətli inkişaf yolu keçən Sumqayıt ölkəmizin ikinci böyük sənaye şəhərinə çevrilmiş, burada təhsil, elm və mədəniyyət sahələri  yetərincə dirçəldilmişdir. Bütün bunları, eləcə də xalqımızın həyatında ulu öndərin müstəsna xidmətlərini yüksək dəyərləndirən sumqayıtlılar 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını -Milli Qurtuluş Gününü hər il  böyük təntənə ilə  keçirir,  ən maraqlı tədbirlərini  dahi rəhbərin ölməz xatirəsinə həsr edirlər.

 

Artıq bir neçə gündür ki, Sumqayıtda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. İlk belə tədbir şəhərin 34-cü məhəlləsində abadlaşdırma işlərinin yekununa həsr olunmuşdu. Burada yaradılan növbəti “Nümunəvi məhəllə”nin açılış mərasiminə şəhər rəhbərliyinin,  ictimaiyyətin nümayəndələri və qonaqlar toplaşmışdılar.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmilər və qonaqlar əvvəlcə məhəllədə görülmüş işlər, sakinlərin xahişi ilə onların rahatlığı üçün yaradılmış nümunəvi şəraitlə yaxından tanış oldular. Yeri gəlmişkən qeyd edək ki, müasir “Nümunəvi məhəllə”lərin yaradılması sahil şəhərində artıq gözəl ənənə halını almışdır. Son illər ərzində Sumqayıtda 10-a qədər belə məhəllə yaradılmışdır. Buradakı işıqlandırma sistemi yenisi ilə əvəz edilmiş, ərazinin müəyyən yerlərinə ot örtükləri salınmış, daxili yollar asfaltlaşdırılmış, ətrafda xeyli ağac əkilmiş, oturacaqlar quraşdırılmışdır. Yaşayış binalarının fasadları dəyişdirilmiş, kommunikasiya xətləri yenilənmiş, ticarət və ictimai iaşə obyektləri müasir görkəmə salınmışdır. Binaların zirzəmilərinin çirkab sulardan təmizlənməsi, kanalizasiya qurğularının təmir olunması da yaddan çıxmamışdır.

 

“Nümunəvi məhəllə”nin açılış mərasimi hər kəsə unudulmaz təsir bağışladı. Tədbirdə çıxış edən icra hakimiyyətinin  başçısı Eldar Əzizov bildirdi ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək işgüzarlığı və tələbkarlığının nəticəsidir: “İrimiqyaslı layihələr insanların rifah halının yaxşılaşmasına yönəldilib. İqtisadi inkişaf üstün dərəcədə sosial yönümlüdür. Azərbaycanın inkişaf mexanizmi bu gün dünyanın diqqətindədir və onun öyrənilməsi üçün respublikamıza  xarici ölkələrdən xüsusi səfərlər təşkil olunur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsi olaraq  şəhərimizin də inkişafı günbəgün sürətlənir”.

 

Məhəllə sakinləri adından çıxış edənlər - Əjdər Cabbarov, Cəfər İbrahimov, Ramiz Mahmudov, Yusif Babayev və başqaları dövlət başçısına diqqət və qayğıya görə sonsuz minnətdarlıqlarını bildirdilər.

 

Mərasim konsert proqramı ilə başa çatdı.

 

* * *

 

Müstəqillik illərində də Sumqayıtdan qayğısını əsirgəməyən ulu öndər bu şəhərə 16 dəfə səfər etmiş, quruculuq işləri ilə şəxsən maraqlanmış, ictimaiyyət nümayəndələri ilə görüşərək dəyərli tövsiyələr vermişdir. Unudulmaz dahi şəxsiyyətin hər gəlişi Sumqayıtda əsl bayrama çevrilirdi.

 

Milli Qurtuluş Günü ərəfəsində  Sumqayıtda digər mühüm tədbirlərlə yanaşı, bir qayda olaraq, möhtəşəm bayram konsertləri də təşkil edilir. Bu dəfə isə konsertin keçirildiyi Nəsimi adına mədəniyyət və istirahət parkına daha çox seyrçi toplaşmışdı. Burada qurulmuş xüsusi səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edirdi.

 

Öncə orkestrin bədii rəhbəri və dirijoru, professor Rauf Abdullayev mərasimə toplaşanları Azərbaycanın mədəniyyət işçiləri adından salamladı. Bildirildi ki, ümummilli lider Heydər Əliyev klassik musiqini sevər, vaxtaşırı müxtəlif mədəniyyət ocaqlarında onları həvəslə dinləyərdi. Dahi rəhbər bunu ziyalılara, partiya-təsərrüfat fəallarına da tövsiyə edərdi.

 

Sonra orkestrin ifasında Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Avropa ölkələri bəstəkarlarının əsərləri səsləndirildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifa etdikləri klassik   əsərlər alqışlarla qarşılandı.

 

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini, tezliklə işğal altında olan ərazilərdə belə təntənələrin keçiriləcəyinə möhkəm inandıqlarını söylədilər.

 

 

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti”. - 2014. - 12 iyun. - S. 4.