FÜZULİDƏN GƏLİRƏM...

 

Son illər bu cəbhə bölgəsində görülən böyük işlərdən, dinamik inkişaf və yüksəlişdən doğan ruh yüksəkliyi və xoş duyğularla...

 

Jurnalist həmkarım yarızarafat-yarıciddi “Füzulidən yaman çox yazırsan” - dedi. Əslində, o, haqlı idi. Doğrudan da, son vaxtlar Füzuli rayonunda, xüsusilə, Horadiz şəhərində aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, əldə edilmiş uğurlar, dinamik inkişaf barədə çox yazmışam.

 

Buna, necə deyərlər, sözümüz yoxdur. Ancaq məsələnin başqa tərəfi də var: deyirlər, həqiqət faktlardan doğur. Həqiqət isə ondan ibarətdir ki, Füzulidə həyatın bütün sahələrində əsaslı və irimiqyaslı tədbirlər işlənib həyata  keçirilmiş, iri layihələr reallaşdırılmış, böyük hədəflər müəyyən olunmuşdur. İnkişaf və yüksəlişin dinamikası o qədər yüksəkdir ki, sözün düzü, bir çox hallarda biz jurnalistlər bu sürətlə ayaqlaşa bilmirik.

 

Bəli, Füzulidən indi də yazıram. Ona görə ki, cəbhə xəttində, necə deyərlər, düşmənin ikiaddımlığında yerləşən bu bölgədə yaşayan, işləyən insanların zəhmət və qəhrəmanlığı daimi diqqətə, ən isti münasibətə, ən xoş sözlərə layiqdir.

 

Elə buradaca son 3 ildə tikilib-istifadəyə verilmiş müxtəlif təyinatlı obyektlərin o qədər də tam olmayan siyahısını bir daha xatırladırıq: Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Sarayı, Gənclər Mərkəzi, Şahmat Məktəbi, YAP rayon təşkilatının, polis və təhsil şöbələrinin inzibati binaları, Kərimbəyli kəndində 3 hektar sahədə ailəvi istirahət mərkəzi, 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar, ildə 3 min ton quş əti istehsal edən “Qarabağ broyler” MMC, Bala Bəhmənli kəndində 25 meqavat gücündə su elektrik stansiyası...

 

Rayonun əlimizdə olan, demək olar ki, bütün yaşayış məntəqələrinə təbii qaz xətti çəkilmişdir. Bu müddətdə 15 yeni məktəb binası tikilmiş, 60 yerdə artezian quyusu qazılmışdır. 100 mindən çox həmişəyaşıl ağacgül kolu əkilmişdir ki, onun da 60 mini Horadiz şəhərindədir. 58 yeni sahibkarlıq obyekti tikilib-istifadəyə verilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əhmədbəyli-İkinci Mahmudlu-Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu-Alıxanlı, daha sonra Bala Bəhmənli-Araz Dilağlarda-Sənglər-Araz Zərgar kəndlərini birləşdirən yollar əsaslı şəkildə təmir olunmuşdur.

 

Ölkə başçısı 2012-ci ilin dekabr ayında Füzuli rayonuna səfər zamanı yuxarıda adlarını çəkdiyimiz həmin obyektlərin əksəriyyətinin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, səmimi söhbət etmiş, arzu, təklif və tövsiyələrini bildirmişdir. Onu da əlavə edək ki, həmin səfər bu gün də füzulilərin yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ölkə Prezidentinin məsləhət və göstərişləri rayonda işlərin gedişinə əsaslı təsir göstərmiş, insanlarda böyük ruh yüksəkliyi yaratmış, onların sabaha olan inam və ümidlərini daha da artırmışdır.

 

Ötən dövrdə rayonda tikinti quruculuq işlərinin miqyası daha genişlənmiş, sürəti bir az da artmışdır. Dövlət başçısının səfərindən keçən müddətdə Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina tikilmişdir. Tarix-diyarşünaslıq Muzeyiboulinq zalında da işlər başa çatmışdır. Bu müddətdə Heydər Əliyev Parkı  2 hektar genişləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkı salınmışdır. 10 hektar ərazidə Dövlət bayrağı meydanı yaradılmışdır. Şəhərdə Heydər Əliyev Fondunun hesabına tikilmiş 100 çarpayılıq uşaq bağçası da istifadəyə hazırdır.

 

Horadiz şəhərində işğal zamanı yandırılaraq dağıdılmış 227 ev və 3 çoxmənzilli kommunal bina sakinlərini qəbul etməyə hazırdır. Yeni tikilən toxuculuq fabrikinin tikintisində də işlər yekunlaşmışdır. 2013-cü ildə Mirzənağılı-Qazaxlar-Böyük Bəhmənli-Qarabağ kəndlərinə çəkilmiş yolların davamı olaraq bu il salınan Əhmədalılar-Horadiz şəhər- Mollaməhərrəmli- Arayatlı-Babı kəndlərini birləşdirən  avtomobil yolu  gediş-gəlişə hazırdır.

 

Bütün bunlar artıq tikintisi başa çatdırılmış və açılışa tam hazır olan obyektlərdir. Heç şübhəsiz, müxtəlif təyinatlı həmin obyektbinalar Horadizə əlavə gözəllik verəcək, onun müasir və yaraşıqlı simasının bir az da zənginləşdirəcəkdir.

 

Şəhərin abad, yaraşıqlı küçələri ilə addımlayırıq. Ürəyimiz dağa dönür. Cəbhə bölgəsində gündən-günə böyüyən, gözəlləşən, yeni, müasir görkəm alan Horadiz düşmənin gözünə ox kimi batır. Maraq doğuran daha bir cəhət isə ondan ibarətdir ki, inkişaf və yüksəliş qısa müddət ərzində baş vermiş, müxtəlif təyinatlı binaların tikintisində, küçə və səkilərin, park və xiyabanların salınmasında milliliklə müasirlik üzvi surətdə birləşdirilmişdir. Bu isə Araz qırağındakı yeni səhərə xüsusi bir gözəllik gətirmişdir.

 

Füzuli rayonu ənənəvi kənd təsərrüfatı rayonu olduğundan son illərdə bu sahənin inkişafı da diqqət mərkəzində saxlanılmış, taxılçılığın,  heyvandarlığın,  tərəvəzçiliyin  inkişaf  etdirilməsi ilə bağlı ardıcıl tədbirlər   həyata keçirilmişdir.  Taxılçılıqdakı  uğurlar  ürəkaçandır.  Keçən il 39,7  min  hektardan 111 min  ton  taxıl  əldə  edilmişdir. Rayonun  tarixində   bu ən yüksək  nəticədir.  Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı həyata keçirdiyi əsaslı tədbirlərdən sonra rayonda 300 hektarda məhsuldar toxumluq təsərrüfatı yaradılmışdır və həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Yaxın gələcəkdə taxılçılıq rayonda yetişdirilən elit növ toxum hesabına inkişaf etdiriləcək və illik istehsal 160-200 min ton səviyyəsinə yüksəldiləcək.

 

Rayonda  heyvandarlıq  məhsulları  istehsalı  da  dinamik  inkişaf  etdirilir. Hazırda 31647 baş   qaramal, 118300 baş  qoyun-quzu, 330 min  baş  ev quşları  vardır. Ötən il   heyvandarlıq  məhsulları  istehsalında dinamik  inkişafa  nail  olunmuş, 4236 ton ət, 17394 ton  süd, 6,5 milyon  ədəd  yumurta, 151 ton   yun  istehsal  edilmişdir. Bunlar  isə  əvvəlki ilin  müvafiq  dövrü  ilə  müqayisədə xeyli çoxdur. Keçən il rayonda 1620 ton kartof, 10550 ton bostan-tərəvəz məhsulları, 40 min ton çuğundur, 327 ton pambıq, 1160 ton meyvə, 500 ton üzüm, 819 ton qarğıdalı, 145 ton günəbaxan və başqa məhsullar əldə edilərək nəticələr xeyli yaxşılaşdırılmışdır.

 

Son illərdə sahibkarlığın inkişafına da ciddi fikir verilir. Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq və ölkə başçısının tapşırıqlarına uyğun olaraq adamları rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksisutkada ilk növbədə 10 ton süd qəbul edəcək zavodun tikintisinə başlamışlar. Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək- un məmulatları istehsal edən zavodun yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.   Dövlət proqramına uyğun olaraq rayonun içməli və suvarma suyuna ehtiyac olan 10 yaşayış məntəqəsində 20 ədəd artezian quyusu istismara verilmiş, bu sahədə mövcud problemlər həll olunmuşdur. Bu il və gələn il ərazidə əlavə 36 artezian quyusu qazılacaq və su ilə bağlı problemlər əsasən aradan qaldırılacaqdır.  Əhalinin rifahı da durmadan yaxşılaşır, problemlər ardıcıl həllini tapır. Bu il avqustsentyabr aylarında rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcəkdir. Prezidentin 2011-ci il 13 iyun tarixli sərəncamı ilə rayonun 11 yaşayış məntəqəsinin 33 kilometrlik tam yararsız vəziyyətdə olan yolları əsaslı bərpa olunmuşdur. Hazırda həmin yollardan 25 min nəfər əhali istifadə edir.

 

 Dövlət proqramında nəzərdə tutulmuş rayondakı XIII əsr Şeyx Babı türbəsində bərpa və tədqiqat işləri aparılır. Müəyyən olunmuşdur ki, həmin ərazidə vaxtilə yeraltı şəhər olmuşdur. Arxeoloji işlər davam etdiriləcək və rayonun gələcəkdə turizm məskəni kimi məşhurlaşmaq imkanı da olacaqdır.

 

Rayonda təhsil və səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Son 5 ildə Horadiz şəhərində və 6 kənddə orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Hazırda Qazaxlar kəndində tam orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya binaları tikilir.  Dövlət Proqramına uyğun olaraq tikilib istifadəyə verilmiş Müalicə Diaqnostika Mərkəzi, İdman Kompleksi, Muğam Mərkəzi Füzuli və ətraf rayonların sakinlərinin istifadəsindədir.

 

Son 10 ildə rayon üzrə 4 mindən artıq, son 5 ildə 3 mindən çox, 2013-cü ildə isə 548 daimi yeri, ümumilikdə 10 mindən çox müvəqqəti yerləri açılmışdır. Bu sahədə müntəzəm tədbirlər həyata keçirilir.

 

Füzuli rayonunun məcburi köçkünləri müntəzəm olaraq dövlət təminatı ilə əhatə olunmuşlar. Onlara çörək pulu, işıq, qaz, sutorpaqla bağlı imtiyazların hesabına hər il 40 milyon manatdan çox təmənnasız kömək göstərilir. Bura tikinti-abadlıq işlərini, güzəştli kreditləri, əkinlə bağlı subsidiyaları, müxtəlif yardımları əlavə etsək, ölkə başçısının füzulililərə olan qayğısının miqyası özünü daha aydın göstərər.

 

Respublikamızın paytaxtında, başqa şəhər və rayonlarda məskunlaşmış füzulili məcburi köçkünlər də diqqət və qayğı ilə əhatə olunmuşlar. 2013-cü ildə Bakıda məskunlaşmış 256 ailə Müşfiqabad qəsəbəsində, 215 ailə isə Mehdiabad qəsəbəsində hər cür şəraiti olan mənzillər almışlar.

 

Rayonda  təhsil, mədəniyyət    səhiyyə sahələrinin qayğıları daimi nəzarətdədir və əsaslı tədbirlər həyata keçirilir. Ərazidəki  45 ümumtəhsil  müəssisəsinin  hamısı, tibb  və mədəniyyət  müəssisələrinin  əksəriyyəti  yenidən  tikilmiş  ya  əsaslı  bərpa  olunmuş  binalarda yerləşir.

 

Təhsilin  ən  müasir  texniki  vasitələrlə  həyata keçirilməsini, təhsil  sistemində  müəyyən kadr  dəyişikliyini, bu  sahəyə  nəzarətin  artırılmasını nəzərə  alsaq ötən  il  442 nəfərin  ali    orta  ixtisas məktəblərinə  sənəd  verməsini    onlardan 364  nəfərinin müxtəlif aliorta ixtisas  müəssisələrinə  qəbul  olunmasını  uğur  saymaq  olar. Sənəd  verən  şagirdlərin  82 faizi  ali  orta  ixtisas  məktəblərinə  qəbul  olunmuşdur.

 

Dövlət  proqramına  uyğun  olaraq Horadiz  şəhərində Qarabağ  əlillərinə  çoxmərtəbəli   ev  tikilməsi  nəzərdə  tutulmuşdur. Rayonun  50   min nəfərə  yaxın  əhalisi  respublikanın  50  şəhər    rayonunda  məskunlaşmışdı. Onların ehtiyacları, rayonla bağlı qayğıları da daimi nəzarətdədir.

 

İlin əvvəlindən götürülmüş sürət, 5 ayda əldə edilmiş nəticələr cari ilin də yüksək nailiyyətlər ilinə çevriləcəyini söyləməyə imkan verir. Bu gün rayonun bütün yaşayış məntəqələrində gecəli-gündüzlü quruculuq işləri gedir. Əkinlərdə ilin bol məhsulu yetişdirilir. Mal-qaranın sayı daim artır, heyvandarlıq məhsulları çoxalır. Rayonda hər şey düşmənin rayona vurduğu yaraların sağaldılmasına yönəldilib və bu sahədə əsaslı işlər görülüb.

 

Rayonda həyatın gur axarı, əldə edilmiş uğurlar daha böyük nailiyyətlər qazanılması üçün əsaslar yaradır, adamların sabahla bağlı arzu-ümidlərini qüvvətləndirir. Füzuli əhalisi möhkəm inanır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək və rayondan kanarda yaşamağa məcbur olan ailələr də doğma ocaqlarına dönəcəklər.

 

 

 

Ziyəddin SULTANOV,

 

 Xalq qəzeti”. - 2014. - 12 iyun. - S. 6.