Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı türk xalqları birliyinin yüksək səviyyədə nümayişi oldu

 

Dünyada və bölgədə ciddi geosiyasi proseslərin getdiyi bir vaxtda türkdilli dövlətlərin rəhbərlərinin bir araya gəlməsi mühüm hadisə kimi dəyərləndirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması da məhz bu  zərurətdən irəli gəlmişdir. Mütəxəssislərin qeyd etdiyi kimi, bu dövlətlərin prezidentlərinin zirvə toplantıları ölkələr arasında  birliyin yüksək səviyyədə nümayişidir. Həmin birlik gələcəkdə digər türk dövlətlərinin də qoşulması zəminində çox nüfuzlu bir regional təşkilata çevriləcək.

 

Tanınmış ictimai - siyasi xadimlərin fikrincə,  türkdilli dövlətlərin daha da yaxınlaşması, regional birliyə çevrilməsi beynəlxalq aləmdə diqqət mərkəzində olan məsələlərdəndir. Çünki türkdilli dövlətlərin ciddi xarakter daşıyan regional təşkilata çevrilməsi regionda maraqları olan bir sıra dövlətlərin strateji maraqları ilə üst-üstə düşmür. Etiraf edək ki, bu birliyin güclənməsinə müxtəlif vasitələrlə mane olmaq cəhdləri də müşahidə olunur. Lakin bu maneələrə baxmayaraq, türk dövlətlərinin başçıları birliyi genişləndirmək və əməkdaşlığı daha da möhkəmləndirmək, regionda mövqeləri gücləndirmək  istiqamətində qətiyyətli addımlarını davam etdirirlər. Artıq hadisələrin gedişi də təsdiqləyir ki, türk xalqları  birlikdə daha güclü olurlar. Beynəlxalq tədbirlərdə də türk dövlətlərinin qarşılıqlı  köməkliyi  birliyin güclənməsində böyük rol  oynayır.  Şübhəsiz ki, türk dövlətlərinin imkanları bir yerə toplaşanda dünyada ciddi güc mərkəzi yaranır. Bu yaxınlarda Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında da  bunun şahidi olduq. Zirvə toplantısında  iştirak edən prezidentlər öz iradələrini ortaya qoymaqla məhz gələcəkdə bu  birliyin fəaliyyətinin daha da gücləndirilməsi istəklərini nümayiş etdirdilər.

 

IV Zirvə toplantısında səsləndirilən fikirlər və qəbul olunan Bəyannamə  türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə, onun genişlənməsinə, güclü regional təşkilata çevrilməsinə doğru atılmış addımdır. Bu toplantı türkdilli xalqlar  arasında  birliyin möhkəmləndirilməsi üçün yeni səhifələr açdı.

 

Sammitdə vurğulandı ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası heç bir beynəlxalq bloka qarşı qurulmayıb və  heç bir rəqabətqabiliyyətli qurum deyil, sadəcə olaraq, eyni dildə danışan, eyni millət olan xalqların birgə əməkdaşlığıdır. Türkiyə xarici işlər naziri  Əhməd Davudoğlu da qeyd etdi ki, bu görüşün mənası heç bir siyasi məqsəd daşımır və heç bir dövlət bu birliklə bağlı qıcıqlanmamalıdır.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında  Azərbaycan, Türkiyə, Türkmənistan, Qırbızıstan və Qazaxıstanın dövlət başçıları iştirak edirdilər. Bu toplantıda Türkdilli Akademiyanın prezidenti, eyni zamanda Türkdilli Dövlət Başçıları Şurasının baş katibi seçildibir sıra ikitərəfli əlaqələr müzakirə obyektinə çevrildi. Bunlarla yanaşı, türkdilli dövlət başçılarının görüşü ilə bağlı əməkdaşlıq şurasının bəyanatı  da qəbul edildi.

 

Zirvə toplantısının keçirilməsini yüksək qiymətləndirən  Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyini qeyd edən  Abdullah Gül IV Zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdırdı. Bu istiqamətin türkdilli ölkələr  arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğuladı.

 

 Ümumiyyətlə, türkdilli dövlət başçılarının sammitya digər tədbirlər çərçivəsində görüşləri artıq  ənənə halını alıb. Bu görüşlər 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda, bir il sonra  Almatıda, bu il isə Bodrumda keçirilmişdir. Müzakirələr nəticəsində qəbul edilən qərarlar  türk xalqları arasında birliyi daha da gücləndirir, həmçinin bütün türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələri daha da yüksək səviyyəyə qaldırır.

 

Azərbaycana gəldikdə, qeyd etməliyik ki, respublikamızın bütün türkdilli dövlətlərlə çox gözəl, işgüzar və səmimi münasibətləri qurulub. Bu münasibətlər dövlət başçıları tərəfindən də  yüksək qiymətləndirilir. Ölkəmiz çoxtərəfli formatda, müxtəlif təşkilatlar çərçivəsində və beynəlxalq təşkilatlarda da həmin dövlətlərlə uğurlu əməkdaşlıq edir. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək mövqelərimizi bizi daha da gücləndirir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, İƏT və digər təşkilatlarda uğurla fəaliyyət göstərir və həmin təşkilatların keçirdiyi bütün tədbirlərdə türkdilli dövlətlərin mövqelərini dəstəkləyir.

 

Prezident İlham Əliyevin sammitdəki  çıxışı böyük maraqla dinlənilmişdir. Azərbaycan Prezidenti  son illər ölkəmizin əldə etdiyi  uğurları diqqətə çatdırmaqla bərabər, türkdilli dövlətlərin gələcəyə yönəlmiş yol xəritəsi xarakteri daşıyan baxışlarını ortaya qoymuşdur. Təbii ki, o baxışlar bütövlükdə türk dövlətlərinin hər birinin strateji maraqlarına uyğundur.

 

 Dövlət başçımız republikamızın  ərazi bütövlüyünün  uzun illərdir ki, pozulduğunu, Ermənistanın hələ də işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ermənistan  20 ildən artıqdır, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız hələ də  işğal altındadır. Bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistanın azərbaycanlılara qarşı apardığı  etnik təmizləmə siyasətinə dünya birliyinin laqeyd münasibəti ikili yanaşmanın bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş tarixin ən amansız qətliamı olan  Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi qiymət verilməməsi də ikili standartların nəticəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, həmin qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq, əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymurişğal davam edir.

 

Qeyd edək ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik etməsinə dünya birliyinin laqeyd münasibəti işğalçı dövləti daha da azğınlaşdırır. Ölkə başçısı öz çıxışında qətiyyətlə bildirdi ki,  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

 

Azərbaycan Prezidenti türkdilli dövlətlərin birliyinin, həm də  nəqliyyat infrastrukturu ilə möhkəmləndirilməsi istiqamətində Azərbaycanın səylərini də  diqqətə çatdırmışdır. Dövlətimizin başçısı sammitdə demişdir: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir. Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata keçirilməsi şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcəkdir”.

 

Enerji sahəsində əməkdaşlığı uğurlu hesab edən ölkə rəhbəri qeyd etmişdir ki, bu gün Azərbaycan Xəzərin Şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının nəqlini təmin edir, yəni, tranzit rolunu oynayır. Möhtərəm Prezidentimizin qənaətinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır. Dövlətimizin başçısı vurğulamışdır ki,   enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik: “Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik”.

 

Azərbaycan  Prezidenti ölkəmizin şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verərək demişdir ki, biz çox şadıq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq güclü bir beynəlxalq təşkilata çevrilib.

 

Sammitdə diqqət çəkən məqamlardan biritürkdilli dövlətlərin üzv olmadığı bəzi təşkilatlarda TDƏŞ-ə  üzv ölkələrin bir - birini dəstəkləməsi məsələsi  olmuşdur. Məsələn, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Avrasiya İttifaqının yaranması ilə bağlı keçirilmiş toplantıda Azərbaycanın maraqlarını ifadə edən fikirləri də göstərir ki, türkdilli xalqlar  digər sahələrdə olduğu kimi, siyasi -  strateji məsələlərin müzakirəsində də, bir - birinin  taleyüklü məsələlərində də imkanlarını ortaya  qoya bilirlər. Məlumdur ki, Nursultan Nazarbayev ilk dəfə Avrasiya qurumunun yaradılması haqqında fikri 1994-cü ildə irəli sürüb və demək olar ki, Avrasiya qurumunun yaranmasının öndəgedənlərindən biridir. Eyni zamanda, bir dövlət başçısı olaraq sözünün kəsəri də var. O, öz sözü ilə Ermənistan prezidentionun havadarlarını yerində oturda bildi. Məhz buna görə də Azərbaycan Prezidenti Nazarbayevə öz minnətdarlığını çatdırdı.

 

TDƏŞ-in IV Zirvə toplantısı başa çatdıqdan sonra bir sıra ikitərəfli və üçtərəfli görüşlər də baş tutdu. Bu görüşlərin əməkdaşlıq və əlaqələr baxımından bizim üçün çox böyük  əhəmiyyəti var. Məsələn, Türkmənistan və Azərbaycan dövlət başçılarının görüşündə əsasən  iqtisadi, mədəni məsələlər müzakirə edildi. Hər iki Prezident tərəfindən Dağlıq Qarabağ münaqişəsinə bir daha münasibət bildirildi. Məlumdur ki,  Türkmənistan heç vaxt Dağlıq Qarabağ problemi haqqında danışmırdı.  İndi Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkmənistan da bu proseslərə qoşulur. Təbii ki, bu, təqdirəlayiq haldır. Türkmənistan ikinci dəfədir ki, türkdilli xalqların sammitinə qoşulur və əvvəllər də Azərbaycan, Türkmənistan və Türkiyə baş nazirlər səviyyəsində birgə görüş keçirilmişdir. Bundan başqa, Azərbaycan Xəzər dənizində böyük liman tikintisinə başlayıb, eyni zamanda, Türkmənistanda da bu tikintiyə başlanılıb. Bu, gələcəkdə iki ölkə arasında  ticarət əlaqələrinə böyük töhfələr verə bilər.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına yekun vuran Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə olunan məsələlərin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyini vurğulamışdır.

 

Əminik ki, Bodrumda keçirilən TDƏŞ-in IV Zirvə toplantısı türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə, regionda mövqelərin güclənməsinə, əlaqələrin daha da genişləndirilməsinə böyük təkan verəcəkdir.

 

 

Əliqismət BƏDƏLOV,

Xalq qəzeti”. - 2014. - 12 iyun. - S. 1.