Dövlət müstəqilliyimizin xilas edildiyi,

gerçək suverenliyin başlandığı gün

 

 Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.

 

Mustafa Kamal ATATÜRK

 

15 iyun 1993-cü il. Yenicə müstəqillik qazanmış xalqımızın üzləşdiyi böhranlı, təlatümlü günlərin xilas məqamına çatdığı o tarixi gündən 21 il keçir. Öldü-qaldı məsələsində xalqın doğru-düzgün seçiminin gerçəkləşdiyi, yenilməz iradəsinin qalib gəldiyi o nicat günü, haqlı olaraq, suverenlik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin gün xalqın bağrından qopub dünya siyasətinin zirvəsinə yüksəlmiş qüdrətli soydaşımızın – ümümmilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi taleyimizə, insanlıq haqlarımıza sahib çıxmağımızın başlanğıcı oldu.

 

Tarixə qızıl hərflərlə yazılan 15 iyun günü, həqiqətən, xalqımızı qurtuluş yoluna çıxaran dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli təqvimimizə barış günü, dövlət müstəqilliyimizin dönməzliyinə hökm verildiyi zaman kimi daxil oldu. O gün yenicə yaranmış müstəqil Azərbaycan dövləti gerçək suverenliyini itirməkdən, parçalanmadan, sonu görünməyən fəlakətlər girdabına yuvarlanmaqdan xilas edildi.

Bir sıra ölkələr kimi, Azərbaycan da etnik cəhətdən yekrəng deyil. İki əsrlik imperiya əsarəti altında ölkəmizdə dövlətçilik şüuru kifayət qədər inkişaf etmədiyindən etnik-milli hisslərin qızışması o dövrdə təhlükəli separatçı hərəkatlara rəvac vermişdi. Başabəla və naşı AXC-Müsavat cütlüyü hakimiyyəti bu meylləri cilovlamaq əvəzinə, bir az da qızışdırdığı günlərdə, heç olmasa, elm adamları, ziyalılar doğru yol göstərdilərmi, nəsə eləməyə çalışdılarmı? – Xeyr. Təkcə ona görə yox ki, istəmədilər, həm də ona görə ki, elm özü hələ bu prosesləri dərk etməmişdi.

Lakin 1993-cü il iyunun 15-dən yenicə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin zəkası müstəsna bir dahiliklə böhran həddinə çatmış dağıdıcı, pozucu prosesləri məcrasına qaytarandan sonra ölkədə milli barış və vətəndaş həmrəyliyi sürətlə bərqərar olmağa başladı. Prezident Heydər Əliyevin müstəsna əhəmiyyət verdiyi milli siyasət insanlarda etnik-milli duyğularla yanaşı, həm də ictimai-siyasi özünüdərkin, vətəndaşlıq hisslərinin formalaşmasına yönəldildi. Ulu öndərin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” ideyası bu sahədəki fəaliyyətin istiqamətini müəyyən etdi.

Heydər Əliyev üçün həyatı boyu vətəndaşlıq duyğusu hər şeydən üstün olmuşdur. Ulu öndərin humanist fikirləri və bəşəri çağırışları 1993-cü ilin böhranlı günlərində dünyanın hər yerində eşidildi. Dünya gördü və anladı ki, müstəqil Azərbaycanın idarəçiliyi sükanı arxasına bəşəri düşüncəli, beynəlxalq düzəndə oz ölkəsinin layiqli yerini təmin etməyə qadir nəhəng bir siyasətçi gəlmişdir. Bu həqiqətin dünyada dərk olunması Azərbaycana qarşı yönəlmiş məkrli qəsdləri səngitdi, müstəqil dövlətə rahat nəfəs almağa imkan verdi.

Bunu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli məsələsində ilk gündən təkcə Azərbaycanın suveren maraqlarını yox, həm də bəşəri ədaləti, beynəlxalq hüququ, Ermənistanın özünün də xilasını tam obyektivliklə nəzərə almışdı. Ulu öndər iki qonşu xalq arasında qanlı müharibəni körükləyənləri ittiham etmiş, onun perspektivsizliyini vaxtında başa düşüb atəşkəsə nail olmuşdu.

Tarixin böyük dühaları kimi, Heydər Əliyevi də həmişə düşündürən əsas məsələ qurub-yaratmaq, insanların güzəranını yaxşılaşdırmaq, təhlükəsiz və firavan həyat olmuşdur. Ulu öndər xalqlar üçün ən qiymətli neməti sülh və əmin-amanlıq hesab edirdi. Ona görə də o, əsl bəşəri xadim kimi hər iki xalqa sonsuz bəlalar gətirmiş erməni təcavüzünü dünyanın yüksək tribunalarından ittiham edir, ədalətli sülhün zəruriliyinü və yollarını inandırıcı şəkildə göstərirdi.

Heydər Əliyevin fikrincə, ictimai ədalətsizliyi yox etmək üçün xalqın maraqlarını qoruyan rəhbər olmaq əsas şərtdir. Onun fəlsəfəsinə müraciət etdikdə görürük ki, maddi, ictimai və hüquq bərabərliyi əsasında qurulmuş cəmiyyətdə zəhmət həlledici amildir. Bu baxımdan Heydər Əliyevin həyat yolu zəngin və ibrətamizdir. O, işıqlı ideyaları və zəhməti əsas tutaraq daim yüksəlişə doğru getmiş, həyatının bütün mərhələlərində xalqına gərəkli olmuşdur.

Heydər Əliyev şəxsiyyət və dahi siyasətçi olaraq həmişə xalqına güvənmiş, özü isə xalqına arxa olmuşdur. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının idealına çevrilmişdir. Böyük yaradan onu xalqı üçün qəhrəmanlıq, mənəvi paklıq, alicənablıq, insanpərvərlik, böyük amallar timsalı xəlq etmişdir. Heydər Əliyev dedikdə biz Azərbaycan xalqının yaradıcılıq zəkasının, onun bəşəri yüksəkliyə çata bilmək qüdrətini və ilahi dühasını nəzərdə tuturuq. Bitib-tükənməz bu qüdrətin mənbəyi Heydər Əliyevin öz xalqına sonsuz sevgisi və xalqın öz milli liderinə inamı, güvəncidir.

Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra ağır maneələri məharətlə dəf edərək Moskvadakı mətbuat konfransına gəlməsi və bu qırğına fitva verən M.Qorbaçovun qulağının dibində onu kəskin ittiham etməsi o zaman Qərbi Avropa radiostansiyaları vasitəsilə bütün dünyaya çatdırıldı. Ümummilli lider jurnalistlər qarşısında Qorbaçovu və onun güruhunu ifşa etməklə sübut etdi ki, o, Azərbaycan xalqını sevən, onun köklü maraqları ilə yaşayan yenilməz lider, mərd oğuldur.

Bundan sonra imperiya mərkəzinin sərt məngənəsindən qurtulub Vətənə dönən, namərd yerli rəhbərlərin dönüklüyünü görüb doğulduğu torpağın sadə və sadiq insanlarına üz tutan ümummilli lider o ağır günlərin mərhumiyyətlərini xalqla bir yerdə yaşamışdı. O zaman hər kəsə məlum idi ki, Naxçıvan MR-in erməni təcavüzü qarşısında duruş gətirə bilməsinin əsl səbəbi dünya miqyaslı siyasətçinin diplomatik səriştəsi və dövlətçilik təcrübəsi ilə bağldır. O günlərdə bu zəkaya, bu qüdrətə təkcə Naxçıvanın yox, bütün Azərbaycanın ehtiyacı var idi. 91 yurdsevər ziyalının böyük xilaskarlıq missiyasına başlamış Heydər Əliyevə o zamankı müraciəti də bu ehtiyacdan doğmuşdu

Əslində, o müraciət təkcə onu imzalayanların ürəyindən yox, 8 milyonluq xalqın, heysiyyatı tapdanmış yurd yerlərinin, qeyrəti sınağa çəkilmiş Vətənin, namusu tapdanmış ana torpağın içindən qopan haray idi. Bu çağırış qocaman Azərbaycanın səsi idi, müqəddəs ananın böyüdüb boya-başa çatdırdığı qadir oğlundan umacağı idi. O böyük insan, xilaskar qəhrəman o günlərdə bizim harayımızı cavabsız qoymadı. Son məqamda isə Azərbaycanımızı məhv olmaqdan xilas etdi. Heydər Əliyevin böyük siyasətə qayıdışı, hər şeydən öncə, Azərbaycan xalqının gələcək taleyini həll etdi. Ən yüksək vəzifə pillələrini görmüş bu şəxsiyyətin heç bir vəzifədə gözü olmamış, bununla belə xalqının ağır günündə onunla bir yerdə olmağı özünə borc bilmişdi.

Sonrakı dövrdə müstəqilliyimiz təhlükə qarşısında qalanda ulu öndər xalqa müraciət edərək onu dövlətçiliyimizin müdafiəsinə çağırmışdı. Az sonra yüz minlərlə insan prezident iqamətgahının qarşısına axışaraq dövlət başçısının səsinə səs vermişdi. Zamanın yaratmış olduğu “Heydər-Xalq, Xalq-Heydər” birliyini pozmaq mümkünsüz bir məsələ idi. İstər 4-5 oktyabr 1994-cü il, istərsə də 13-17 mart 1995-ci il hadisələri bir daha sübuta yetirdi ki, Heydər Əliyevin yaratdığı əsasları yıxıb hakimiyyəti antikonstitusiyon yolla mənimsəmək, xalqın iradəsini zorlamaq mümkün deyil. Heydər Əliyev XX əsr Azərbaycanın zirvəsidir. Onun müstəqil dövlətin prezidenti kimi həyata keçirdiyi daxili və xarici siyasət, əsasən, dörd səciyyəvi cəhəti ilə diqqəti çəkir: Azərbaycan xalqının mənafeyinə uyğun olaraq fəal xarici siyasət yürütməklə dünya və region dövlətləri ilə əlaqələrin gücləndirilməsi; ərazi bütövlüyümüzün bərpası məqsədilə ATƏT çərçivəsində münaqişənin dinc yolla aradan qaldırılması; Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması; daxili siyasətdə qanunçuluğun və demokratiyanın inkişaf etdirilməsi, iqtisadi islahatların sürətlə aparılması, milli-mənəvi dəyərlərə üstünlük verilməsi prosesinin möhkəmləndirilməsi.

Hüquqi, dünyəvi dövlət qurmaq istiqamətində götürülmüş bu kursun həyata keçirilməsinə xidmət edən praktik fəaliyyət əsas verdi ki, Azərbaycan Heydər Əliyevin simasında XXI əsrə dünyanın nüfuzlu dövləti kimi qədəm qoydu. Öncə, Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mənfi stereotipi dağıtmaq lazım idi. Vəziyyət elə gətirmişdi ki, dünya dövlətləri respublikamızla iqtisadi əlaqələr yaratmaqdan, buraya investisiya qoymaqdan belə ehtiyat edirdilər. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə bu stereotip aradan götürüldü. Dünyanın siyasi xəritəsində Azərbaycan öz dəyərli yerini tutdu. Heydər Əliyevin gərgin səyi nəticəsində iqtisadi və siyasi blokadadan çıxarılan Azərbaycana dünyanın həssaslığı get-gedə artdı.

“Əsrin müqaviləsi”ni bu sahədə ən böyük uğurlardan biri hesab etmək olar. Bu iqtisadi sazişin bəhrələrini artıq xalqımız hər sahədə görməkdədir. Azərbaycanın bir neçə ölkə ilə starteji əməkdaşlıq barədə bağladığı müqavilələr, Qərblə əlaqələrin yeni formalarının işə salınması da Heydər Əliyevin xarici siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti, xalqımızın böyük oğlu, peşəkar siyasətçi və istedadlı təşkilatçı Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində demişdi: “Əziz Azərbaycan vətəndaşları, əziz xalqım! Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur. Lakin hələ mənim tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan problemlər mənə imkan vermir ki, bütün başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və qeydiyyata alınıb...

Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, YAP sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, proqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YAP bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox iş görəcəklər.

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin o tarixi müraciətində əksini tapmış həqiqətlərin doğruluğu sonrakı 11 ildə tamamilə sübuta yetitilmişdir. Müraciətdə Azərbaycanın gələcəyi ilə bağlı çox dərin və mənalı vəsiyyətlərin həyata keçməsi Azərbaycanı yeni yüksəliş yoluna çıxarmışdır. Biz Azərbaycan vətəndaşları, dövlətimizin mövcud və gələcək taleyi ilə bağlı bütün məsələlərdə ulu öndərin ideyalarını və vəsiyyətlərini əsas götürməliyik. Əldə olunmuş nailiyyətlərin, milli və mədəni sərvətlərin, dəyərlərin qorunub saxlanmasına və daha da inkişafına çalışmalıyıq.

Tarix göstərir ki, cəmiyyətin idarə olunmasında liderin rolu əvəzsizdir. Buna görə də Azərbaycan dövlətinə etibarlı, bilikli, hərtərəfli idarəçilik təcrübəsinə malik, ən əsası öz xidmətləri ilə xalqın inam və etibarını qazanmış şəxsin – Prezident İlham Əliyevin rəhbərlik etməsi ədalətli və qanunauyğundur. Bu bir həqiqətdir ki, ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti bu gün Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasət nəticəsində dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmişdir.

Ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi, tərəqqisi, iqtisadiyyatın dinamik inkişafının artması, sosial rifahın durmadan yaxşılaşdırılması yolunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər tutduğu ideya və prinsiplər bir daha göstərir ki, o, Azərbaycanı işıqlı gələcəyə aparan yeganə liderdir.

 

Xanhüseyn KAZIMLI,

Milli Məclisin deputatı,

iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 15 iyun.- S.8.