Milli qurtuluşumuznicat günümüz

 

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

 

İslam KƏRİMOV

 

Özbəkistan Respublikasının Prezidenti

 

Müasir Azərbaycan ümummilli liderimizin şah əsəridir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan xalqa arxa olan Heydər Əliyevdir.

 

Heydər Əliyevin 1993-cü ildə yenidən Bakıya qayıdışı Azərbaycanı başının üstünü almış bütün bəlalardan xilas etdi. Ölkə parçalanıb məhv olurdu. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmış, təlatümlü məcrasından çıxmış hadisələri ram etmək naminə fədakarlıq göstərmiş ulu öndər müasir tariximizin yeni bir səhifəsini yaratdı.

Ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqilliyin əldə olunması qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü gündən-günə genişləndirildi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi baş verdi, respublikanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi yaranırdı. Ölkəni yaranmış ağır situasiyadan çıxarmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Heydər Əliyevi Bakıya - böyük siyasətə qayıtmağa dəvət etdi. Xalqımızın mütləq əksəriyyətinin tələbi və təkidi ilə ümummilli liderimizin 1993-cü il iyun ayının 15-də Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın həyatında Milli Qurtuluş epopeyası başlandı.

Həmin qayıdış ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dünya şöhrətli siyasətçinin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə çərçivəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri hazırda səmərəli istifadə olunur. İnkişafa doğru addımlayan ölkəmiz dünya dövlətləri ilə bir sırada dayanmaq şansı qazandı. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların binası üzərində dalğalandı.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasidiplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Xalqı böyük faciələrdən qurtaran ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasiiqtisadi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda  sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə irəli getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.

Azərbaycan dövlətçiliyi bu siyasətin nəticəsində ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxilixarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi, dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını canından çox sevirdi, Vətənə şərəflə xidmət etmək onun həyat amalı idi. Xalqın ən müxtəlif təbəqələri ilə görüşlərində dediyi hər bir soz, hər bir kəlam onlarda sabaha ümid, inam yaradırdı. Heydər Əliyev, sözün həqiqi mənasında, böyük insan, xalqın ümummilli lideri idi.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasətçi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Ulu öndərin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi,  ictimaiyyətin rəyi ilə razılaşaraq Milli Məclis 1997-ci ilin iyununda bu günü ümummilli bayram elan etdi.

Milli qurtuluşumuzun bəhrələri göz qabağındadır. Müstəqil ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir. Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. DünyaAvropa birliyində nüfuzu getdikcə artan, iqtisadi, siyasi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən sabit, iqtisadiyyatyeni yüksək texnologiyalar istiqamətində güclü ölkəsidir. Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 5 dəfə gücludur. Ulu öndərimizin müəllifi olduğu və həyatımızın bütün sahələrini əhatə edən islahatlar sayəsində biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin, şərəfli bir yolu uğurla keçə bilmişik.

2003-cü ilin payızında Heydər Əliyev ABŞ-da Klivlend xəstəxanasında müalicə olunarkən xalqına müraciət ünvanladı. O, bu dövləti iki dəfə inkişaf etdirib dünya səviyyəsinə çatdırmış şəxsiyyətdir və istəyirdi ki, nail olduğu uğurlar davam etdirilsin. Təbii ki, bu məsuliyyətin kimə etibar edilməsi çətin bir vəzifə idi. Ancaq Heydər Əliyev bir daha ən böyük azərbaycanlı olduğunu sübuta yetirdi.

O, həmin məsuliyyəti həmin dövrdə Baş nazir işləyən  İlham Əliyevə, ən çox inandığı şəxsiyyətə etibar etdi. “Mən ona özüm qədər inanıram”– fikri böyük etibardaninamdan xəbər verirdi. Prezident İlham Əliyev də ulu öndərin bu sözlərinin həqiqət olduğunu sübuta yetirdi və Heydər Əliyevdən qəbul etdiyi Azərbaycan dövlətçiliyini daha da inkişaf etdirdi.

Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir. Azərbaycan  Heydər Əliyevin sönməz ideyalarının layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin  rəhbərliyi altında  gələcəyə inamla addımlayır. Dövlət başçısı ulu öndərin müəyyən etdiyi strateji siyasi xətti uğurla həyata keçirir. Böyük Türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideridir.

 

Könül  KƏRİMOVA,

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı

 

Xalq qəzeti.- 2014.- 15 iyun.- S.5.