Azərbaycanın qurtuluşunun

və yüksəlişinin dönüş nöqtəsi

 

(əvvəli qəzetimizin 15 iyun 2014-cü il tarixli sayında)

 

Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.  Ümummilli liderin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu.

 

Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi. İlk dəfə olaraq, Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Atılan addımlar bu reallığı təsdiqlədi ki, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritetidir.

Azad mətbuatın inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Konstitusiyanın 50-ci maddəsindən irəli gələrək, senzuranın ləğvi, sözün həqiqi mənasında, azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist təşkilatlarının fəaliyyət göstərməsi azad mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ulu öndər Heydər Əliyevin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının davamlılığının nəticəsi idi ki, 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində də mühüm addımlar atıldı. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik kimi dəyərləndirilir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsi ölkədə seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etdi.

Qeyd edək ki, Azərbaycanın 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunması demokratik dəyərlərə sadiqliyinin bariz nümünəsi oldu. Ötən dövr ərzində qurumla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı, qəbul edilən qərar və qətnamələrdə demokratik təsisatların inkişafına xidmət edən addımların təqdir olunması bir daha onu təsdiqləyir ki, dövlətimiz demokratik dəyərləri bugününün, sabahının əsası kimi dəyərləndirir. Çünki demokratiya Azərbaycan xalqının həyat tərzidir.

 

Müstəqil xarici siyasət başlıca şərtdir

 

Bu, bir tarixi həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olmuş iqtidarlar reallığı nəzərə alan müvafiq xarici siyasət kursu apara bilmədilər. 1991-1992-ci illərdə Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki prioritet vəzifələri müəyyənləşdirib həyata keçirmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı siyasət yeridərək ölkəni çətin duruma saldı. Müxtəlif məsuliyyətsiz bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər dövlətçiliyimiz üçün faciəli anlar yaşatdı. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, beynəlxalq aləmlə əlaqələrin konturları, prioritetləri müəyyən edildi. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraq dairəsi, geosiyasi və geoiqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beləliklə də, bütün prioritetlər nəzərə alınaraq, banisi ümummilli lider Heydər Əliyev olan balanslaşdırılmış xarici siyasət strategiyası reallaşdırılmağa başlandı.

Ümummilli lider hər bir xarici ölkəyə səfəri zamanı daim diqqəti Azərbaycan həqiqətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. Dahi şəxsiyyət Azərbaycan reallıqlarının təbliğində diasporun rolunu da önə çəkərək, diaspor quruculuğu istiqamətində mühüm addımlar atdı. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinin gərəkliyi önə çəkildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Dünya azərbaycanlılarının vahid mərkəzdən idarə olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi təsis olundu.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II qurultayı, 2011-ci ilin iyulunda isə Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Qurultaylarda da bu məqam xüsusi vurğulandı ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, genişmiqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görür. Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dövlətimizin yeritdiyi müstəqil xarici siyasətlə sıx bağlıdır. Azərbaycan dövləti bu imkanlardan istifadə edərək, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara daha böyük qayğı ilə yanaşır, onların birliyinin möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, bu gün artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığı, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqları inamla söylənilir.

Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik mübarizədə qələbənin rolu inkaredilməzdir. Dövlət başçısı bildirir ki, bizim diplomatiyamız özünümüdafiə xarakteri daşımamalı, hücum diplomatiyası olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.

“Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”,– deyə bildirən Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın diplomatik mübarizədə qələbəsi, artan iqtisadi imkanları, beynəlxalq standartlara cavab verən güclü ordusu, xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi bu əminliyi şərtləndirən əsas amillərdir.

 

1993-2003-cü illər sabitlik, inkişaf

və tərəqqi dövrü kimi yadda qaldı

 

Bir sözlə, aparılmış qısa təhlil tariximizin 1993-2003-cü illərinin aydın mənzərəsini yaratdı və 2014-cü il may ayının 27-də 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin böyük inamla və qətiyyətlə söylədiyi bu fikirlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinə, qurtuluş məfkurəsinin ölkəmizə qazandırdığı uğurlara bir daha işıq saldı: “1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk”.

 

Yola davam...

 

“Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur”,– bildirən möhtərəm Prezident İlham Əliyev qətiyyətlə söyləyir ki, son on ildə çalışmışam ki, ulu öndərin siyasətinə layiq olum: “Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir”.

Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolu son on ildə də həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Enerji sahəsində qazanılan davamlı uğurlar bir daha bu reallığın təsdiqidir ki, uğurlu başlanğıc növbəti uğurlar üçün möhkəm bazadır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurları davam edir. Enerji bazarında önəmli rolu, təşəbbüskarlığı ilə fərqlənən Azərbaycanda neft strategiyasının icrası sahəsində görülən işlər, yaranan bu imkanlardan səmərəli istifadə nəticəsində respublikamızın adı dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. Avropanın enerji təhlükəsizliyinin təminatında qədim Odlar yurdunun xüsusi əhəmiyyəti barədə dövlət başçılarının, siyasətçilərin, xarici mütəxəssislərin söylədikləri xoş sözlər də bu qənaət üçün əsas yaradır. Bu bir həqiqətdir ki, dünyanın enerji və yanacaq satışı bazarında böyük nüfuza malik, qitə dövlətləri üçün sabit və mühüm enerji mənbəyi olan Azərbaycanın maliyyə imkanları artmaqdadır.

“Hədəfimiz bundan sonra da irəli getməkdir”,– deyə bildirən Prezident İlham Əliyev TANAP, TAP kimi layihələri xalqlar arasında əməkdaşlığın möhkəmlənməsi, bölgədə sabitliyin təminatı baxımından daha əhəmiyyətli hesab edir: “Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq”.

Qeyd edək ki, ötən ilin dekabrında imzalanan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması dayanıqlı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev bildirir: “Şahdəniz-2” layihəsi bundan sonra uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir”.

Azərbaycanın enerji sahəsində qazandığı uğurlardan bəhs edərkən ARDNŞ-in bütün tərəfdaşlarla çox gözəl əməkdaşlığının mövcudluğu xüsusi vurğulanır. Dövlət başçısı İlham Əliyev bildirir: “Bu əməkdaşlığın yaranması da məhz “Əsrin kontraktı”ndan başlamışdır. Bu kontraktın imzalanması ilə Azərbaycan Dövlət Neft Şirkəti də beynəlxalq şirkətə çevrilmişdir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin həm ölkə daxilində, həm dünyada çox güclü mövqeləri vardır. Bu gün SOCAR-ın nəinki Azərbaycanda, müxtəlif yerlərdə böyük investisiya layihələri vardır. Bu investisiyalar Türkiyədə, Gürcüstanda, İsveçrədə, Ukraynada, Rumıniyada, Birləşmiş Ərəb Əmirliklərində uğurla icra edilir və SOCAR öz investisiya layihələrini həyata keçirir”.

Dövlət başçısı SOCAR-ın qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoyub. Bu gün ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir.

Neft sektorunda xarici sərmayələr üçün mühüm məkana çevrilən Azərbaycanın iqtisadi mühiti hazırda qeyri-neft sektoruna da marağı artırır. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycana əhəmiyyətli maliyyə imkanları qazandırmaqla yanaşı, sabitlik amili kimi də ciddi təsir imkanını ortaya qoydu. Bu strategiya, eyni zamanda, nəhəng layihələrdə Azərbaycanın söz sahibi olması, neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməsi istiqamətində ciddi addımlar atmaqla bərabər, ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasına da böyük təsir göstərir.

Son on ildə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə bir milyondan artıq yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib, işsizlik 5 faiz təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb olunub ki, ötən il bu rəqəm rekord həddə çataraq 28 milyard dollar təşkil edib. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, mövcud infrastrukturun yenidən qurulması, yolların və kommunikasiyaların əsaslı şəkildə bərpası, elektrik enerjisi, qaz təminatı probleminin həlli yerlərdə istehsal potensialını gücləndirməklə bərabər, bölgə sakinlərinin Bakıya axınının qarşısını alaraq, daxili miqrasiya prosesini xeyli dərəcədə azaldıb. ÜDM-də özəl bölmənin payı 85,5 faiz təşkil edir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Son on ildə Sahibkarlığa Kömək Milli Fondu hesabına 1 milyard 200 milyon manat investisiya qoyulub, sahibkarlara güzəştli şərtlərlə kreditlər verilib. İnkişaf etmiş dövlətlərin təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq çətindir. 2004-2008 və 2009-2013-cü illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası növbəti proqramın təsdiqinə zəmin yaratdı. Artıq Dövlət Proqramının üçüncü mərhələsinə start verilib və 2014-2018-ci illər üçün Dövlət Proqramında yeni vəzifələr müəyyənləşdirilib.

Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada öncül yeri tutması beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankı Azərbaycanı bir nömərəli islahatçı ölkə elan edib. Beynəlxalq Valyuta Fondunun qənaətinə görə, Azərbaycanda mövcud inkişaf tempi saxlanılarsa, yoxsulluq səviyyəsi yaxın zamanlarda tamamilə aradan qaldırılacaq. Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında isə Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görülüb.

Heydər Əliyev siyasətini hər sahədə uğurla davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatların uğurlu nəticələri göz qabağındadır. İnsan hüquq və azadlıqlarının qorunmasının yeni müdafiə mexanizmlərinin yaradılması, seçkilərin demokratikliyini təmin etmək üçün yeni təcrübələrin tətbiqi, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi, siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında həyata keçirilən yeniləşmə, təkmilləşmə, ölkə reallıqlarının bələdçisi, eyni zamanda, demokratik, hüquqi dövlətin əsas atributu kimi azad mətbuatın inkişafına yönələn addımlar bugünümüzün gerçəklikləri sırasındadır. Dövlətimizin azad mətbuatın inkişafına diqqətinin bariz nümunəsi möhtərəm Prezidentimizin iki dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsidir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Milli Mətbuatımızın 138 illik yubileyində 17 mərtəbəli, iki bloklu, 156 mənzilli binanın tikilərək jurnalistlərin istifadəsinə verilməsi, eyni zamanda, “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident sərəncamı da bu diqqət və qayğının göstəricilərindəndir. Bu gün böyük qətiyyətlə bildirilir ki, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində kütləvi informasiya vasitələrinin mövcudluğu ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin demokratik dəyərlərə önəm verməsi sayəsində mümkün olub. Məhz bu istiqamətdə göstərilən səylərin, eləcə də KİV-lərə dövlət qayğısının artırılmasının nəticəsidir ki, mətbuatımız böyük inkişaf yolu keçərək, hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirir, dövlətçiliyimizin inkişafına öz töhfələrini verir.

Azərbaycanın uğurlu daxili siyasətinin davamı kimi dəyərləndirilən xarici siyasətdə də əldə olunan nəticələrin miqyası genişdir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir.

“Bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir”,– deyə söyləyən dövlət başçısı İlham Əliyev bildirir: Nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı əks təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam qazanmağın heç də asan məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların göstəricisidir. Bu uğur, eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir.

Xarici siyasətimizdə əsas məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atılır. “Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir... Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır”,– söyləyən Prezident İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə bildirir ki, tezliklə münaqişə ədalətli həllini tapacaq, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq...

Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Bu baxışı formalaşdıran, yeni-yeni hədəflərə yol açan əsas amil isə təbii ki, inkişaf strategiyasına yeni prioritetlərin əlavə olunmasıdır. Təkmilləşmə, müasirləşmə, modernləşmə dövrün əsas tələbi olduğundan qarşıdakı illər üçün nəzərdə tutulan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası gələcək uğurlarımızın aydın mənzərəsini yaradır. Məqsəd Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş dövlətlər sırasında görmək, ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Sözsüz ki, yeni hədəf qarşıya qoyulursa, onun həyata keçirilməsinə böyük inam mövcuddur. Bu inamı şərtləndirən başlıca amil isə düşünülmüş və gələcəyə hesablanmış siyasətdir. Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda bir daha bildirdi ki, “Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.

Bir sözlə, son on ilin uğurları da çoxşaxəlidir və ölkəmizin perspektiv inkişafı baxımından əhəmiyyətlidir. Çünki 10 ildə əsrə bərabər inkişaf dövrü keçən, uğurlarının miqyası ilə dünyanın diqqətində olan Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkan seçilirsə, inkişafın Azərbaycan modelinin mövcudluğu yüksək səviyyələrdə bildirilirsə, deməli, ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradılıb ki, bu bünövrənin üzərində respublikamız davamlı inkişaf edir, inamla irəliləyir. Bu mənada, hər bir Azərbaycan vətəndaşının həyatında əhəmiyyətli dönüş yaratmış Qurtuluş Günü Azərbaycanın inkişafının və yüksəlişinin əsas istinad nöqtəsidir.

 

Vüqar RƏHİMZADƏ,

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2014.- 18 iyun.- S.9.