Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəkdir

 

  Bu gün Yunanıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə münasibətlərimizin inkişafına təkan verir. Biz, həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

  Azərbaycanın dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir ki, respublikamızın Avropanın aparıcı dövlətləri ilə əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə qədəm qoyub.

  Hazırda Avropanın aparıcı dövlətləri ölkəmizlə əməkdaşlığa böyük maraq göstərir və Azərbaycanın fəal tərəfdaşı kimi çıxış edirlər. Biz dövlətimizin başçısının Avropa ölkələrinə rəsmi səfərləri və Avropanın inkişaf etmiş dövlətlərinin rəhbərlərinin   müxtəlif təmasları zamanı da bunun şahidi olmuşuq. Prezident İlham Əliyevin bu günlərdə Yunanıstana dövlət səfəri zamanı  ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə artması özünü bir daha göstərdi.

  Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin Yunanıstana ikinci  səfəridir. Budəfəki səfərin yekunları bir daha təsdiqlədi ki, Azərbaycan-Yunanıstan əlaqələri getdikcə daha da genişlənmiş və bütün sahələr üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb etmişdir.

  Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlərin 22 illik tarixi var. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprelində yaradılıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb. Buna baxmayaraq, iki ölkə arasında əlaqələrin  qədim tarixi vardır. Dövlətimizin başçısı İlham Əliyev də Yunanıstana səfəri zamanı bu  əlaqələrin qədim tarixə malik olmasını və ölkələrimizin münasibətlərinin müasir dövrdə daha da inkişaf etdiyini diqqətə çatdıraraq demişdir: “Hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi Böyük İsgəndərə ithaf etdiyi ”İsgəndərnamə" poemasında Aristotel, Arximed, Sokrat, Platon və digər görkəmli yunan mütəfəkkirlərindən bəhs edir. Bu gün Yunanıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Ölkələrimiz arasında siyasi əlaqələr və faydalı dialoq iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə münasibətlərimizin inkişafına təkan verir. Biz, həmçinin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik. Avropa İttifaqı ilə münasibətlərimizin inkişafında Yunanıstan çox müsbət rol oynayır. Biz də bunu yüksək qiymətləndiririk. Əminəm ki, Yunanıstan Avropa İttifaqı Şurasında sədrliyi dövründə olduğu kimi, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir".

   Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonra Yunanıstanla qurulan çoxşaxəli əlaqələr də inkişaf etmişdir. Fakt üçün qeyd edək ki, 1994-2004-cü illərdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində sazişlər imzalanmış və qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur.

  Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı daha da sürətlənib. Azərbaycan-Yunanıstan münasibətlərinin göstəricisi olaraq qeyd edək ki,Yunanıstan Prezidenti Konstantinos Stefanopulos 2004-cü il iyunun 20-22-də Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev ali qonağı səmimiyyətlə salamlayaraq, onun ölkəmizə səfərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsində yeni mərhələ olacağını vurğulamışdı. Dövlətimizin başçısı bildirmişdi ki, o, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.

  Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və ölkələrimiz arasında daha geniş əməkdaşlığa nail olmaq üçün imkanlar olduğunu söyləmişdi.

  Həmin gün Yunanıstan Prezidentinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilmiş, həmçinin, o, Müasir Yunan dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak etmişdir. Yunanıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası  Yunanıstan Respublikası hökumətləri arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması, beynəlxalq avtomobil daşınmaları və gömrük işi sahəsində qarşılıqlı yardım haqqında sazişlər imzalanmışdı.

  2004-cü il avqustun 12-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afinada keçirilən XXVIII Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Yunanıstana səfər etmişdi. Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimə gəlmiş 120 ölkənin dövlət və hökumət başçılarının şərəfinə Yunanıstan Prezidenti  adından təşkil edilmiş ziyafətdə iştirak etmişdilər. Avqustun 15-də XXVIII Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdi. Azərbaycan Prezidenti avqustun 16-da Yunanıstanın Baş naziri K. Karamanlislə görüşmüş və Azərbaycan – Yunanıstan münasibətlərinin mövcud vəziyyəti müzakirə olunmuşdu. Ölkəmizin başçısı  iqtisadi əlaqələrin, o cümlədən, enerji və digər sahələrdə əməkdaşlığın uğurlu inkişaf etməsindən məmnunluğunu bildirmişdi.  2009-cu il fevralın 16-18-də Azərbaycan Prezidenti İlham Əliyev yenidən Yunanıstana səfər etmişdi. Səfərin birinci günü Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Karolos Papulyasla görüşmüşdü. Həmin  görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş və  səfərin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanmışdı.

  Geniş tərkibdə görüşdən sonra Prezidentlər İlham Əliyevin və Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olmuşdu. Mərasimdə Azərbaycan Respublikası  və Yunanıstan Respublikası hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya, hava əlaqələri haqqında saziş, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikasının İnkişaf Nazirliyi arasında bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumu imzalanmışdır. İki ölkə arasında imzalanmış sənədlərin iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün hüquqi baza yaratdığı vurğulanmışdır.

  Bütün bunları xatırlatmaqla bir daha vurğulamaq istərdik ki, Azərbaycan-Yunanıstan əməkdaşlığı ildən-ilə inkişaf etmiş və yeni müstəviyə qədəm qoymuşdur.

  Yunanıstan Prezidenti Karolos Papulyas Prezident İlham Əliyevin budəfəki səfərini də yüksək dəyərləndirərək, onun ikitərəfli münasibətlərin bütün istiqamətlərini daha da dərinləşdirməyə xidmət edəcəyini bildirmişdi. K.Papulyas vurğulamışdır ki, aparılan danışıqlar bir daha qarşılıqlı inam və hörmətlə xarakterizə olunan yüksək siyasi əlaqələrimizi təsdiq etmişdir.  Yunanıstan dövlətinin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdıraraq demişdir: “Azərbaycan dünyanın ən əhəmiyyətli neft-qaz istehsalçılarından biridir və buna görə o, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu fakt, həmçinin Azərbaycanın Avropaya təbii qaz nəqli üçün TAP boru kəmərini seçməsindən sonra bizim enerji münasibətlərimizin xüsusi dinamikasında əksini tapıb. TAP bir başlanğıcdır. Enerji sahəsində əməkdaşlığımız Azərbaycan və Yunanıstan arasında münasibətlərin dərinləşməsi və ölkənizin Avropa ilə Asiya arasında geostrateji və geoiqtisadi mövqeyini gücləndirəcək bir şəkildə inkişaf etməlidir. Qafqaz ərazisi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafına yardım edir”.

  Yunanıstanın Qafqaz regionu ilə çoxəsrlik tarixi əlaqələri olduğunu qeyd edən K.Papulyas  bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəklədiklərini bildirmiş və bunun regional əməkdaşlığa və rifaha səbəb olacağını vuğulamışdır. Yunanıstanın xarici siyasətdə Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olduğunu bildirən ölkə Prezidenti problemin aradan qaldırılmasında öz ölkələrinin mövqeyini də açıqlamışdır: “ Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik”.

  Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər öz həllini tapmamasını beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin hələ də icra olunmaması ilə əlaqələndirmişdir. Ölkəmizin başçısı bu məsələyə münasibət bildirərkən demişdir: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

  Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Yunanıstan Prezidenti də Azərbaycan tərəfinin mövqeyini dəstəkləmişdir.  Prezident İlham Əliyevin  Yunanıstana səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bir sıra görüşlər keçirmiş, Afinada  “ELPİDA” Xərçəng Xəstəliyinə Tutulan Uşaqların Dostluq Assosiasiyası ilə tanış olmuş, Heydər Əliyev Fondu adından uşaqlara  hədiyyələr təqdim etmişdir. Azərbaycanın birinci xanımına  ELPİDA” mükafatı və Beynəlxalq  Olimpiya Akademiyasının “Olimpiya mükəmməlliyi” xüsusi fəxri mükafatı təqdim edilmişdir. Sonra Azərbaycanın birinci xanımı “Kiklad” İncəsənət Muzeyinə də baş çəkmişdir.

  Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində  səmərəli görüşlər keçirmiş, Azərbaycan ilə Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirmişdir. İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsindəki fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan parlamentinin qızıl medalı ilə təltif olunmuşdur.  Səfər çərçivəsində Azərbaycanla Yunanıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş, Avropa İttifaqı məsələləri üzrə   gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

 

 

 

Əliqismət BƏDƏLOV

 

“Xalq qəzeti”. - 2014. - 19 iyun. - S. 1-2.