Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafının nəzəri aspektləri

 

  Ümummilli lider Heydər Əliyevin dediyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Məhz bu ideyadan çıxış edərək, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası o vaxtdan etibarən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müstəqil siyasət həyata keçirir. Bu baxımdan bazar iqtisadiyyatına əsaslanan və dünya iqtisadi sisteminə inteqrasiya oluna bilən iqtisadiyyat yaratmaq üçün səhmləşdirmə və özəlləşdirmə ilə kifayətlənməyən respublika rəhbərliyi bununla yanaşı, həm də regional dövlət siyasəti həyata keçirməklə ölkədə çoxşaxəli islahatlara başlamışdır.

  Regionların iqtisadi inkişafını təmin etməklə ümumi iqtisadiyyatı dirçəltmək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Buna görə də regionların sosial-iqtisadi inkişaf  prosesini şərti olaraq 4 mərhələyə bölmək olar:

1) 1991 - 1995 - ci illər - böhran mərhələsi;

2)1995 - 2003 - cü illər - Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövrü;

3) 2003- 2008 - ci illər - İlham Əliyevin birinci prezidentlik dövrü;   

   “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı  Dövlət Proqramının ( 2004 - 2008-ci illər) həyata keçirilməsi mərhələsi;

4) 2009 - 2013 - cü illər - İlham Əliyevin ikinci prezidentlik dövrü

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı  Dövlət  Proqramının ( 2008 - 2013-cü illər) həyata keçirilməsi mərhələsi.

  Birinci, yəni böhran mərhələsi, ümumiyyətlə, çox çətin bir tarixi dövrü əhatə edir. Yenicə müstəqillik qazanmış dövlətə digər dövlətlərin təzyiqi, Ermənistan tərəfindən ərazilərimizin işğalı, bununla regionlara vurulan ziyan, ölkədə hökm sürən qeyri-sabitlik, eləcə də hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsi nəticəsində yaranmış xaos təbii olaraq iqtisadiyyatın tənəzzülünə və ölkədə iqtisadi böhrana gətirib çıxardı. Məhz buna görə də, 1991-ci ildə 2,7 milyard manat olan ÜDM 1991-1994-cü illər ərzində hər il orta hesabla 16,5 faiz azaldı. Bu isə 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsinin  5,7 dəfə azalmasına səbəb oldu. Bununla da ölkə hiper-inflyasiya mərhələsinə daxil oldu. Təəssüf  ki, bu cür çətin siyasi situasiyada ölkə rəhbərliyinin qəbul etdiyi qərarların konkret olaraq regionlara yönəldilməməsi,  yəni ümumrespublika səviyyəsində nəzərdə tutulması regionların diqqətdən kənarda qalmasına, bu isə regionların əhalisinin həyat səviyyəsinin düşməsinə, istehsalın azalmasına, yoxsulluğun, işsizliyin artmasına gətirib çıxarmışdı.

  Lakin 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan ikinci mərhələdə həyata keçirilən siyasət nəticəsində bu böhranı aradan qaldırmaq mümkün olmuşdur. Xüsusən, 1994-cü il sentyabr ayında imzalanan “Əsrin müqaviləsi” ilə ölkə müstəqillik tarixində iqtisadiyyatın inkişafı istiqamətində yeni mərhələyə qədəm qoymuşdur. Bununla da həyata keçirilən uğurlu neft strategiyası ölkəyə xarici investisiyaların axınını gücləndirmiş və iqtisadiyyatın canlanmasına şərait yaratmışdı. Təbii ki, xarici investisiyaların cəlb edilməsi, qabaqcıl ölkələrin idarəetmə təcrübəsindən istifadə olunması, ölkəyə müasir texnologiyaların gətirilməsi, yeni müəssisələrin inşası, iş yerlərinin açılması nəticədə iqtisadi inkişaf demək idi. Bütün bunların  tətbiqi ölkədə inflyasiyanın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. 1994 - 1997 - ci illər arasında inflyasiya tempini aşağıdakı cədvəldən də görə bilərik.

 

İl                  İnflyasiyanın tempi (faizlə)

1994           1800

1995            84,6

1996            6,8

1997            0,4

 

  Göründüyü kimi, “dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişdirmək lazımdır”,– deyən ümummilli lider Heydər Əliyevin apardığı radikal islahatlar nəticəsində çox qısa müddətdə respublikada inflyasiyanın səviyyəsi aşağı salındı və iqtisadi sabitlik əldə olundu. Ən böyük yenilik isə Heydər Əliyev tərəfindən dövlət quruculuğu və iqtisadi islahatlar sahəsində yeni bir modelin – Azərbaycan modelinin əsasının qoyulması oldu ki, bununla da müstəqil milli iqtisadiyyatın yaradılması və onun dünya iqtisadi sisteminə inteqrasiyasının təmin olunması əsas məqsədə çevrildi.

  2003-cü il prezident seçkilərində inamla qələbə qazanan cənab İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən etibarən ulu öndərin siyasi strategiyasının layiqli davamçısı kimi, Azərbaycanın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Xüsusən, dünyada neft ölkəsi kimi tanınan Azərbaycan Respublikasında iqtisadiyyatın neftdən asılılığına son qoyulması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi əsas prioritetlərdən biri sırasında olmuşdur. Məhz buna görə də Azərbaycanın malik olduğu əmək ehtiyatlarından, təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə neftdən gələn gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltmək, ölkədə rəqabətqabiliyyətli malların istehsalını artırmaq, əhalinin yoxsulluq səviyyəsini aşağı salmaq, müasir tipli infrastruktur yaratmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə bağlı fərman imzalamışdır. Həmçinin Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. Bununla da regionların iqtisadi inkişafında üçüncü mərhələnin başladığını demək olar.

  Proqramın icrası nəticəsində regionların sosial - iqtisadi inkişafı əhalinin gəlirlərinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, proqramın həyata keçirildiyi 5 il ərzində qeyri-neft sektoru 1,8 dəfə, qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

  Həyata keçirilən tədbirlər nəticəsində 766 mindən çox yeni iş yeri açılmış, 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun  da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Ölkədə sahibkarlıq fəaliyyyətini inkişaf etdirmək məqsədilə 5 il ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara yüksək miqdarda kreditlər verilmişdir. Beləliklə, bu proqramın icrası Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rol oynamışdır.

  Bütün bunlarla yanaşı, proqram çərçivəsində regionlarda infrastrukturun bərpası və yenidən qurulması, əhalinin kommunal xidmətlərlə təchizatının, təhsil və səhiyyə müəssisələrinin yaxşılaşdırılması, su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, nəqliyyat sisteminin inkişaf etdirilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşdırılması və s. işlər də görülmüşdür. Beləliklə, bütün bu işlər nəticəsində ölkə iqtisadiyyatı canlanmış və ölkənin neftdən asılılığına son qoyulmuşdur.

  Azərbaycan Respublikasının müasir vəziyyəti, həyata keçirilən məqsədyönlü islahatların nəticəsi özünü təbii olaraq, 2008-ci il prezident seçkilərində də göstərdi. Qısa bir müddətdə ölkə iqtisadiyyatının yüksək səviyyəyə qaldırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən təsirli tədbirlər Prezident İlham Əliyevə olan ümumxalq rəğbətini və etimadını artırdı və növbəti prezident seçkilərində onun yenidən seçilməsi ilə bu, bir daha təsdiqləndi.

  Prezident İlham Əliyev başladığı işləri daha böyük əzmlə davam etdirdi. 2009-cu il aprelin 14-  Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı”  Dövlət Proqramı imzalandı. Dövlət Proqramında qeyd olunduğu kimi, bu sənədin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi. Bu məqsədlərdən irəli gələn vəzifələrin icrası 5 il ərzində Azərbaycanın iqtisadi inkişaf tempini daha da irəli aparmağa yönəlmişdi. Təbii ki, buna da nail olundu.

  Ötən il fevral ayının 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ümumiyyətlə, son 10 il ərzində görülmüş işləri xarakterizə edərək vurğulamışdır ki, proqramın həyata keçirilməsinin əsas səciyyəvi cəhətlərindən biri onun daim yenilənməsidir. Təbii ki, dövr yeniləndikcə tələbatlar da yenilənir və bu tələbatlara uyğun olaraq yeni vəzifələr meydana çıxır. Bu baxımdan proqramın daim mövcud situasiyaya uyğun şəkildə formalaşdırılması, eləcə də bölgə əhalisinin təkliflərinə baxılaraq, onların seçilib sənədə salınması əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər baxımından təqdirəlayiq haldır.

  Bu il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2013 - cü ildə inflyasiyanın 2,4 faiz olduğunu qeyd etmişdir. Bu isə müasir dövr üçün, təbii ki, müsbət amildir.

  Qeyd edək ki, proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal  xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş, elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün “Cənub” Elektrik Stansiyası tikilərək istifadəyə verilmiş, eləcə də, Bakıda metro tikintisi davam etdirilərək yeni stansiya (Dərnəgül) açılmışdır. Yuxarıda qeyd etdiyimiz iqtisadi göstəricilər növbəti proqram əsasında aşağıdakı kimi dəyişmişdir:

  Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının son 10 il ərzində həyata keçirilən tədbirlər nəticəsində nə qədər inkişaf etdiyini əyani sübut edir. Müsbət haldır ki, bu proqramların icrası müəyyən müddət üçün deyil, daimi olaraq nəzərdə tutulur və bir proqramın yekununda artıq özündə gələcək perspektivləri birləşdirən digər proqramlar irəli sürülür. Ölkədə regionların inkişafı təbii olaraq, ümumi iqtisadiyyatın inkişafına təkan verir. Bu isə ölkənin daxili sabitliyini təmin etməklə yanaşı, həmçinin onun dünyada nüfuzunun artırılmasına da şərait yaradır. Bu aspektdən də, Azərbaycan bu gün Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş dövlətə çevrilmişdir.

 

 

 

Ləman XƏLİLOVA,

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

 

"Xalq qəzeti". - 2014. - 19 iyun. - S. 4.