Zəmilər bol məhsuldan xəbər verir

 

İlin bolluq, bərəkət çağıdır. Gərgin zəhmət hesabına yetişdirilən məhsullar tarlalardan, zəmilərdən toplanır. Hər yerdə ilin barı, elin ruzisi anbarlara daşınır. Bugünlərdə hansı bölgəyə, hansı kəndə üz tutursansa, eyni mənzərənin şahidi olursan - kəndli sahədə, üstündədir. Taxıl biçilir, yem tədarük edilir, bağ-bostan məhsulları yığılır... Kənd adamları əldə edilmiş ilkin nəticələrdən razıdırlar, ona görə də hamının üzü gülür. Aylardan bəri çəkilən zəhmət hədər getməyib, bolluq, bərəkət bu il də qapımızı döyür...

 

Zərdab

 

Zərdab ölkədə taxıl biçininə ilk başlamış bölgələrdəndir. Rayonda taxıl biçininin sürəti gündən-günə artır. İndiyə kimi 14 min hektarda biçin aparılmış, 38 min tondan çox məhsul toplanmışdır. Hər hektardan məhsuldarlıq 27,5 sentner təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən çoxdur. Körpükənd, Qoruqbağı, Çallı, Otmanoba kəndlərinin fermerlərinin əldə etdikləri ilkin göstəricilər daha yüksəkdir.

Öyrəndik ki, cari ilin bol məhsulu üçün rayon üzrə 18031 hektarda— 6235 hektarda arpa, 11796 hektarda buğda səpini aparılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə gübrələrin və subsidiyaların verilməsi hesabına əkinlərdə yüksək səviyyədə becərmə işləri aparılmışdır. Rayon suvarma sistemləri idarəsinin 54 elektrik enerjisi, 16 dizel yanacağı ilə işləyən nasos stansiyasının 120-dən çox aqreqatı vasitəsilə zəmilərin aqrotexniki tələblər səviyyəsində suvarılması təmin edilmişdir. Bu isə bol məhsulun yetişdirilməsinə möhkəm təminat yaratmışdır.

İlk günlərdən taxıl yığımı yüksək mütəşəkkilliklə təşkil edilmişdir. Biçinin qısa müddətdə və itkisiz başa çatdırılmasına rəhbərlik məqsədilə rayonda xüsusi qərargah yaradılmışdır. Rayon icra hakimiyyətində qaynar xətt fəaliyyət göstərir. Burada biçinin gedişinə ciddi nəzarət edilir, gündəlik nəticələr ümumiləşdirilir, ortaya çıxan çətinliklər dərhal aradan qaldırılır. Əlaqədar idarə və müəssisələrin səyləri biçinin tezitkisiz başa çatdırılmasına yönəldilmişdir. İşin bu cür təşkili isə öz müsbət nəticələrini verməkdədir.

Məlumdur ki, biçinin müəyyən olunmuş müddətdə və itkisiz başa çatdırılması istifadə olunan texnikanın mövsümə vaxtında və keyfiyyətlə hazırlanmasından çox asılıdır. “Aqroservisrayon filialının rəisi Həmzə İsayev bu barədə danışarkən bildirdi:

– Əvvəlki illərdən fərqli olaraq, indi texnikadan heç bir çətinliymiz yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait hesabına artıq ölkəmizə kifayət qədər xarici markalı, yüksək məhsuldar və hər cür avadanlıqla təmin olunmuş kombaynlar alınıb gətirilmişdir. Zərdab “Aqroservis” filialına da 9 kombayn verilmişdir. Yeni texnikanı “AqrolizinqASC-nin Zərdab “Aqroservis” filialının xüsusi kurs keçmiş peşəkar sürücüləri idarə edirlər. Bu gün rayon üzrə biçinə 200-ə qədər texnika, o cümlədən 40 taxılyığan kombayn, otbiçən aqreqatlar, şum traktorları və digər nəqliyyat vasitələri cəlb edilmişdir. Biçin kampaniyasında iştirak edənlərə lazımı iaşə xidməti də yaddan çıxmamışdır.

Biz Çallı kəndində rayonun qabaqcıl fermerlərindən olan Faxrət Kərimovla görüşdük. Zəmilərin hazırkı vəziyyətindən, ilkin nəticələrdən, biçinin gedişindən razı idi. Ona görə də həvəslə danışdı:

Bu il havalar kənd təsərrüfatı üçün çox əlverişli keçir, səpindən tutmuş biçinə qədər heç bir çətinliyimiz olmayıb. Bu isə tələb olunan bütün aqrotexniki tədbirlərə vaxtında əməl etməyə imkan vermişdir. Biçinə də vaxtında və yüksək hazırlıqla başlamışıq.

Fürsətdən istifadə edərək rayonumuzun bütün kənd əməkçiləri, fermer və sahibkarları adından bizə göstərdiyi gündəlik diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlığımızı bildirmək istəyirəm. Dövlət başçısının kənd təsərrüfatı istehsalçılarına dəstək göstərilməsi haqqında imzaladığı sərəncamlar taxılçıların maddi marağını qat-qat artırmış, bizə əlavə güc və həvəs vermişdir.

Bizim rayonda elə bir fermer tapılmaz ki, son illər taxıl əkini sahələrini, ən azı, 2-3 dəfə artırmasın. Bu isə, əlbəttə, məhsul bolluğuna, gün-güzaranımızın daha da yaxşılaşdırılmasına gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, dövlət qayğısı, güzəştli şərtlər olmasa, kənd təsərrüfatı məhsullarını artırmaq, xüsusilə, taxılçılığı inkişaf etdirmək mümkün deyil.

Müsahibimin dediklərinə əlavə edək ki, son illər Zərdab rayonunda digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalında da ciddi irəliləyiş əldə edilmiş, yüksək nəticələr qazanılmışdır. Bu isə, hər şeydən əvvəl, aqrar islahatların uğurla həyata keçirilməsinin, sahibkarlara, fermerlərə, kənd adamlarına göstərilən diqqət və qayğının bilavasitə nəticəsidir.

Yeri gəlmişkən, onu da deyək ki, cari ildə kənd təsərrüfatının digər sahələrində də işlər yaxşı təşkil edilmiş, uğurlu nəticələr əldə edilmişdir. Məsələn, pambıq, bağ-bostan, meyvə-tərəvəz, eləcə də yem bitkilərinin əkin sahələri xeyli artırılmış, əvvəlki illərlə muqayisədə ümumi məhsul istehsalını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir.

Heyvandarlığın sürətli inkişafı, xüsusilə, diqqəti cəlb edir. Belə ki, hazırda rayonda 55 min iri, 112 min xırda mal saxlanılır ki, bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. Deməli, paralel olaraq yemçilik sahəsində də diqqəti artırmaq tələb olunur. Elə ona görə də son illər 2353 hektar sahədə təzə yonca əkilmişdir.

Zərdab ənənəvi kənd təsərrüfatı rayonudur. Əvvəllər olduğu kimi, indiburada taxılçılıq, pambıqçılıq, bağ-bostançılıq və heyvandarlıq əsas yer tutur. Fərəhlidir ki, son illər kənd əməkçiləri və fermerlər daha çox taxılçılığa üstünlük verir, bu sahədə məhsul istehsalını artırırlar. Zərdablı fermerlər bu il də zəmilərdən bol məhsul götürmək əzmi ilə çalışırlar. Son məqsəd belədir: 51 min ton taxıl istehsal etməli. Bu isə ötən ildəkindən xeyli çoxdur. Qoyməhsulları bol və bərəkətli olsun!

 

Laçın

 

Ağcabədi–Zərdab yolunun sağ tərəfində Taxtakörpü qəsəbəsi yerləşir. Laçın rayonunun Kürqırağı qışlaqda yerləşən obalarına yol buradan gedir. Əvvəllər bu yerlər qış otlaqları idi. Məlum hadisələrdən sonra isə laçınlı məcburi köçkünlər, əsasən, buradakı obalarda məskunlaşdılar.

Kür çayı boyunca yerləşən şoran torpaqlarda oturaq həyat, əkin-biçin işləri də elə bundan sonra başladı. İndi burada yerləşən 60-dan çox obaya yol çəkilmiş, başqa infrastruktur layihələri həyata keçirilmiş, müasir qəsəbələr salınmışdır. Əsas məsələlərdən biri - müasir suvarma sisteminin yaradılması da yaddan çıxmamışdır. Yeni kanallar çəkilmiş, Kür çayı üzərində güclü nasos stansiyası quraşdırılmışdır. Yeni məskənlərə və əkinlərə su xətlərinin çəkilişi indidavam etməkdədir.

Son illər daha sürətlə inkişaf etdirilən əkinçilik və heyvandarlıq, o cümlədən taxılçılığın genişləndirilməsi də məhz həmin kompleks tədbirlər nəticəsində mümkün olmuşdur. Təsadüfü deyildir ki, son illər bitkiçilik məhsulları, eləcə də ət, südyun istehsalı artan sürətlə inkişaf etmiş, məhsuldarlıq yüksəlmişdir.

Taxtakörpüyə budəfəki səfərimizdə də bizi daha çox taxıl biçininin gedişi, əldə edilmiş ilkin nəticələr, işin təşkili maraqlandırırdı. Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevdən aldığımız məlumata görə, cari ildə 1565 hektar sahədə taxıl yetişdirilmişdir. Hələlik zəmilərdən 1505 ton məhsul götürülmüşdür ki, bu da keçən ildəkindən artıqdır. Hər hektarın məhsuldarlığı isə 29,7 sentner təşkil edir. Minkənd, Malıbəy, Alxaslı, Qarakeçdi, Hacılar obalarında ümumi məhsul istehsalı daha artıqdır.

AqrolizinqASC-nin rayon filialı olmadığına görə biçinə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı ilə Ağcabədi, Bərdə və Zərdab rayonlarından kombaynlar cəlb edilmişdir.

Biz Malıbəy obasında Arif Əsədovla tanış olduq. Öyrəndik ki, rayonun qabaqcıl fermerlərindən biridir. Neçə illərdir ki, ən yüksək məhsuldarlıq da elə bu təsərrüfatda əldə edilir. Builki göstəricilərlə maraqlandıq:

Düzdür, gördüyümüz bu sahələr, əsasən, qeyri-məhsuldardır. Ona görə ki, şoranlığa meyillidir. Ancaq son illər burada həyata keçirilən zəruri tədbirlər, ardıcıl meliorasiya tədbirləri, yeni su xətlərinin çəkilməsi torpaqları cana gətirmiş, məhsuldarlığı artırmışdır. Təsadüfi deyildir ki, əldə etdiyimiz göstəricilər də ildən-ilə yüksəlir. Məsələn, əgər əvvəllər bu yerlərdə hər hektardan 9-10 sentner taxıl götürülürdüsə, indi həmin rəqəm 30-35 sentnerə çatdırılmışdır.

Bu, əlbəttə, öz-özünə yaranmamışdır. Yaxşı başa düşürük ki, əldə edilmiş böyük uğurlar, hər şeydən əvvəl, ölkə rəhbəri İlham Əliyevin biz kənd əməkçilərinə, xüsusilə, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə göstərdiyi ardıcıl diqqət və qayğının konkret nəticəsidir. Bu himayə bizi daha da ruhlandırır, ikiqat-üçqat səylə çalışırıq.

Minkənd obasında fermer Vəliyəddin Məmmədov sualımıza dərhal cavab vermədi. Hiss olunurdu ki, xəyalı hardasa uzaqlarda dolanır.

Rayon üzrə ən çox taxıl əkini bizim təsərrüfatdadır – dedi. – Məhsulumuz  boldur, məhsuldarlıq da ötən illərlə müqayisədə yüksəkdir. Biçini bu gün başa vurduq. Zəhmətimiz hədər getməyib. Zəmilərdən gözlədiyimizdən də artıq məhsul götürdük. Heç nədən korluğumuz yoxdur. Gəlirimiz artır, güzaranımız yaxşılaşır. Obalarda müasir, abad evlər tikilir, qəsəbələr salınır.

Bütün bunlar, əlbəttə, çox yaxşıdır və hər birimizi ürəkdən sevindirir. Ancaq bayaq sizin sualınız xəyalımı uzaqlara, doğma yerlərə, Laçına, Minkəndə, Dəlidağa... apardı. İlin bu çağlarında o yerlər cənnətə dönür, dağların qonaqlı-qaralı, xoşbəxt günləri başlardı...

Bayaq da dedim, indi də təkrar edirəm: heç nədən çətinliyimiz yoxdur, təknəmizdə çörəyimiz, bucağımızda taxılımız boldur. Bircə arzumuz, yeganə istəyimiz doğma yurd-yuvamıza, ata-baba torpaqlarımıza qayıtmaqdır. Bizi yaşadan da elə o yerlərə dönmək arzusudur. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı yorulmaz fəaliyyəti, ardıcıl və cəsarətli xarici siyasət xətti də buna yönəlib. Yoxsa, bu istidə aran yerlərində belə inamlı və dözümlü olmazdıq.

İsti-bürkülü yay günlərində aranda görüşüb tanış olduğum dağlar oğlunun ürəkdən gələn bu səmimi sözlərinə bizqoşuluruq:

Gün o gün olsun ki, Laçında, Minkənddə, Dəlidağda görüşək, eloğlu!

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 24 iyun.- S.6.