Akademik Əhməd Mahmudov

toplusu kitabxanaşünaslıq kontekstində

 

Beş milyonluq zəngin kitab fondu ilə 90 illik yubileyinə hazırlaşan Mərkəzi Elmi Kitabxana Azərbaycan Milli Elmlər Akademiyasının beyni, milli elmi irsimizin yaddaşı hesab olunur. Hər gün buraya yüzlərlə ənənəvi və elektron nəşr, mütəmadi olaraq görkəmli alimlərin şəxsi kitabxanakitab kolleksiyaları, müxtəlif çeşidli sənəd-informasiya kütləsi daxil olur.

 

Onların arasında xüsusi əhəmiyyət kəsb edən, daha çox oxucu diqqəti qazanan nəşrlər az deyil. Bu günlərdə Mərkəzi Elmi Kitabxanaya daxil olmuşAkademik Əhməd Mahmudov” adlı konfrans materialları toplusu da məhz belə nəşrlərdəndir. Azərbaycanın görkəmli iqtisadçı alimi, kənd təsərrüfatı iqtisadiyyatı sahəsində dünyada tanınmış mütəxəssis, akademik Əhməd Mahmudovun 2013-cü ildə 90 illik yubileyi münasibətilə təşkil edilmiş elmi konfransın materiallarını, akademikin həyat və elmi yaradıcılığından bəhs edən kitabların təqdimat mərasimindəki çıxışları, alimə həsr olunmuş xatirə-məqalələri və s. özündə cəmləşdirən bu nəşr ilk növbədə nəfis tərtibatı, maraqlı poliqrafik icrası ilə diqqəti cəlb edir.

2014-cü ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilən kitabda biblioqrafik təsvir və tərtibatın tələbləri gözlənilmiş, nəşr həm milli, həm də beynəlxalq kitabxana kataloqlarında təsvir oluna biləcək lazımi rekvizitlərlə (ştrix kod, ISBN və s.) təchiz edilmişdir.

Toplu 4 əsas bölmədən ibarətdir. Birinci bölmə akademikin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil olunan elmi-konfransa həsr edilmişdir.

İkinci bölmədə akademik Əhməd Mahmudovun 90 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikasında keçirilmiş elmi-konfrans və Naxçıvanda akademik Ə.Mahmudov adına Şərur Türk liseyinin fəaliyyəti əsas götürülmüşdür.

Üçüncü bölmə Odlar Yurdu Universitetində akademikin yubileyi münasibətilə təşkil edilmişMüasir inteqrasiya şəraitində Azərbaycan iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda elmi konfransaalimin ömür yolunu əks etdirən “Zirvə” sənədli-bədii kitabının təqdimat mərasiminə işıq salmışdır.

Toplunun sonuncu bölməsində akademik Əhməd Mahmudovun 90 illik yubileyi  münasibətilə dövri mətbuatda dərc olunmuş məqalələr verilmişdir.

Qeyd etmək yerinə düşər ki, topludakı materiallar tədbirlərdən, mərasimlərdən çəkilmiş müvafiq fotoşəkillərlə müşayiət olunur ki, bu da nəşrin fabulasının tamamlanmasına xidmət göstərir.

Xatırlatdığımız kimi, nəşrin birinci bölməsi ötən il may ayının 31-də Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilmiş elmi konfransa həsr olunmuşdur. Akademik Əhməd Mahmudovun anadan olmasının 90-cı ildönümünə həsr edilmiş elmi konfrans AMEA Rəyasət Heyətinin qərarı ilə reallaşmış və tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici qonaqlar iştirak etmişlər. Topludan da göründüyü kimi, konfrans böyük alimin həyat və elmi fəaliyyətini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitablarla tanışlıqla başlanmışdır. Mərkəzi Elmi Kitabxananın təşkil etdiyi bu sərgidə  fotoşəkillər, videomateriallarvirtual görüntülər də təqdim edilmişdir.

Toplunun ilk səhifələri AMEA-da keçirilən elmi konfrans haqqında Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) tədbirlə bağlı geniş reportajı ilə oxucuya təqdim olunmuşdur. Daha sonra elmi konfransdakı çıxışlara geniş yer verilmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş məruzəsi ilə başlanan konfrans materialları arasında akademik Ziyad Səmədzadə, professor İsa Alıyev, akademik Asəf Nadirov, Rusiya Elmlər Akademiyası İqtisadiyyat  İnstitutunun professoru, iqtisad elmləri doktoru Anatoli Arxipov, akademik İsa Həbibbəyli, Belarus Milli Elmlər Akademiyasının həqiqi üzvü Pyotr Nikitenko, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, akademik Əhməd Mahmudovun oğlu, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun çıxışlarına yer verilib. Bu çıxışlarda qeyd olunur ki, Əhməd Mahmudovun Azərbaycan iqtisad elminin formalaşmasında, inkişafında, iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşo, 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna uğurla rəhbərlik etmişdir. Görkəmli alim 200-ə yaxın elmi əsər – monoqrafiya, tədris vəsaiti, məqalələr nəşr etdirmişdir. Əhməd Mahmudovun iqtisadiyyatonunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də  dünyanın ən nüfuzlu elm mərkəzlərinin yerləşdiyi xarici ölkələrdə yüksək qiymətləndirilir.

Akademik Əhməd Mahmudovun respublikanın uzunmüddətli perspektiv üçün elmi-texniki tərəqqinin kompleks proqramının tədqiqinin təşkilində və əlaqələndirilməsində Azərbaycan Elmlər Akademiyasının və keçmiş Azərbaycan SSR Dövlət Plan Komitəsinin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini və eləcə də, 300-dən çox nazirlik, idarə, elmi-tədqiqat institutu, ali məktəb və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - Azərbaycan SSR İqtisadiyyat İnstitutunun rəhbəri kimi böyük xidmətləri olmuşdur.

Topluda deyilir ki, alimin elmi axtarışlarında aqrar sənaye inteqrasiyası, əmək ehtiyatlarının səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesablı problemlərin tədqiqi məsələləri də əhəmiyyətli yer tutur. Elmin inkişafı sahəsində mühüm xidmətlər göstərmiş alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə, alimoxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə edilir. Onun bir sıra əsərləri xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Akademikin İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Toplunun birinci bölməsi milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun çıxışı ilə yekunlaşır. Bu çıxışında nazir atasının xatirəsinə, onun elmi irsinə verilən yüksək qiymətə, bütövlükdə Azərbaycan elminin inkişafına, alim və ziyalılara  göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir.

Toplunun materiallarından da göründüyü kimi, konfrans çərçivəsində AMEA-nın müxbir üzvü Teymur Kərimlinin “Akademik Əhməd Mahmudov”, Məmməd Əlizadənin “Şahtaxtıdan başlanan ömür” və Məmməd Əfşanın “Zirvə” kitablarının təqdimatı keçirilmişdir.

Daha sonra topluda akademik Əhməd Mahmudovun 90 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikasında keçirilmiş elmi-konfrans materiallarına geniş yer verilmişdir. Naxçıvan Türk liseylərinin baş direktoru Murad Çapan, akademikin qohumları Ədilə Seyidova və Azər Məlikov,  Fərhad Vahabov, Şərur Türk Liseyinin məzunu Tuncay Həbibbəylinin çıxışlarında qeyd olunur ki, ötən əsrin 70-80-ci illərində respublıkanın ictimai-siyasisosial-iqtisadi həyatının bütün sahələrində baş verən yüksəliş dövründə kənd təsərrüfatı ilə bağlı elmi axtarışlar inkişafla yanaşı addımlamalı, daha yenimüasir elmi-praktik tədqiqat nəticələrini ortaya qoymalı idi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi, respublikanın ictimai-siyasiiqtisadi həyatında köklü dəyişikliklər aparıldığı, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının yenidən qurulmasına başlanıldığı həmin dövrdə Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutu xalq təsərrüfatının dinamik inkişaf etməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəlmişdir. İnstitutun elmi tövsiyələri respublikanın müvafiq dövlət qurumları tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə qərarların qəbul edilməsində mühüm rol oynamışdır.

Məruzələrdə bildirilir ki, akademik Əhməd Mahmudov İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm ocağı nəinki respublikada, eləcə də keçmiş sovetlər məkanında böyük nüfuzu olan aparıcı elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Alimin elmlə təşkilatçılıq işini bacarıqla əlaqələndirməsi sayəsində institutun apardığı tədqiqatlarda respublikada elm və istehsalatın əməli şəkildə, real iqtisadiyyatla bağlılığı daha geniş vüsət almış, elmi nəticələrin tətbiqi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Görkəmli alim əsl vətəndaş kimi yaxşı bilirdi ki, respublikada iqtisadiyyat elmini sırf nəzəri-metodoloji problemlərə istiqamətləndirmək nəinki çətindir, ümumiyyətlə, qeyri-mümkündür. Reallıq isə respublikanın iqtisadi həyatının canlanmasını, xalq təsərrüfatının inkişafına kömək edəcək aktual problemlərin sistemli tətbiqini tələb edirdi. Bu məsələdə də Əhməd müəllim əsl fədakarlıq nümunəsi göstərirdi.

Akademik Əhməd Mahmudovtoplusunun üçüncü bölməsi Odlar Yurdu Unıversitetində akademikin yubileyi münasıbətilə təşkil edilmişMüasir inteqrasıya şəraitində Azərbaycan iqtisadiyyatının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda elmi konfransaalimin ömür yolunu əks etdirən “Zirvə” sənədli-bədii kitabın təqdimat mərasiminə həsr olunmuşdur.

Konfrans materiallarında Azərbaycan iqtisadiyyat elminin yaradıcısı, böyük elm təşkilatçısı kimi 25 il akademiyanın İqtisadiyyat İnstitutuna rəhbərlik etmişonlarca iqtisadçı kadr hazırlamış Əhməd Mahmudovun adının əbədiləşdirilməsi istiqamətində Odlar Yurdu Universitetində böyük işlərin görülməsindən danışılmışdır. Universitet rektoru, professor Əhməd Vəliyevin məruzəsində qeyd olunur ki, artıq uzun müddətdir, iqtisadiyyat fakültəsinin əlaçı tələbələrinə Əhməd Mahmudov təqaüdü, o cümlədən ən yaxşı müəllimlər üçün Əhməd Mahmudov adına təltiflər təsis edilmişdir. Həmin fakültədə görkəmli alimin həyat və elmi fəaliyyətini sənəd və şəkillərlə əks etdirən xatirə kabineti fəaliyyət göstərir.

Toplunun bu bölməsində Əhməd Mahmudovun həyat və yaradıcılığından bəhs edən “Zirvə” əsərinin təqdimat mərasimindəki çıxışlara da geniş yer ayrılıb. Akademik Ə.Mahmudovun ailə üzvlərinin, millət vəkilləri Ziyad Səmədzadə, Nizami Cəfərov, Vahid Əhmədov, Əli Məsimli, Rafiq Məmmədhəsənov, Nəriman Əliyev və digər ziyalıların məruzələri və akademik haqqında fikirləri toplunun bu bölməsində oxucuların ixtiyarına verilmişdir.

Toplunun sonuncu bölməsində akademik Əhməd Mahmudovun 90 illik yubileyi  münasibətilə dövri mətbuatda dərc olunmuş məqalələr cəmlənmişdir. Bu məqalələrdə Ə.Mahmudovun elmi-təşkilati, elmi-nəzəri fəaliyyəti işıqlandırılmış, akademikin AMEA-dakı gərgin əməyinə yüksək qiymət verilmişdir. Qeyd olunmuşdur ki, akademikin İqtisadiyyat İnstitutuna rəhbərliyi dövründə institutun real elmi istiqamətləri müəyyən edilmiş, Azərbaycanın xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərin qaldırılmasına və həllinə üstünlük verilmiş, yeni şöbələr açılmış, iqtisad elminin xalqın mənafeyinə uyğunlaşdırılması istiqamətində qətiyyətli addımlar atılmışdır.

Ümumiyyətlə, bu nəşri görkəmli alim Əhməd Mahmudovun həyat və elmi yaradıcılığını öyrənmək baxımından çox yüksək qiymətləndirir və onun akademikin unudulmaz xatirəsinə qiymətli bir töhfə olduğunu düşünürük. Heç şübhəsizdir ki, akademik Əhməd Mahmudovun elmi irsinin tədqiq və təbliğ olunması sahəsindəki fəaliyyətlər genişləndikcə bu kimi dəyərli kitabların da sayı çoxalacaqdır.

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru,

filologiya üzrə elmlər doktoru

 

Xalq qəzeti.- 2014.- 25 iyun.- S.9.