Azərbaycanın bəxti onda gətirdi ki,

Heydər Əliyev kimi müdrik lideri vardı

 

Milli Məclisin qərarı ilə 1993-cü il iyunun 24-də ölkə Prezidentinin səlahiyyətləri ulu öndərə verildi

 

 Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə  hadisələrindən sonra  bir neçə gün ərzində  Azərbaycan  əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu  ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir.

 

Heydər Əliyev

Ümummilli lider

 

Ötən əsrin doxsan üçüncü ilinin 15 iyunundan sonra Azərbaycanda hakimiyyətin, demək olar ki, əksər qurumları iflic vəziyyətinə düşmüşdü.  Ölkə başçısı Əbülfəz Elçibəy Surət Hüseynovun hədələrindən qorxaraq öz kəndinə – Kələkiyə qaçmışdı. Güc nazirləri vəzifələrindən kənarlaşdırılmışdı. Xarici işlər naziridaha bir neçə yüksək ranqlı məmur vəzifəsini “dondurmuşdu”. Respublikanın Qarabağ, Şirvan, Aran, Gəncəbasar və digər zonalarındakı rayonların bir çoxunun icra hakimiyyəti  başçıları Surət Hüseynovun əmrlərini yerinə yetirirdilər. Cənub rayonlarını separatçı Əlikram Hümbətov öz nəzarəti altına götürmüşdü. Şimalda sadvalçılar meydan sulayırdılar.

 

Ölkənin paytaxtında hakimiyyət uğrunda mübarizə  kulminasiya nöqtəsinə çatmışdı. Can verməkdə olan AXC-Müsavat  cütlüyünün  iqtidarda qalanları mövqelərini əldən verməmək üçün  dəridən-qabıqdan çıxırdılar. Ayaz Mütəllibovun tərəfdarları batan gəminin sərnişinləri kimi naümid vəziyyətə düşmüşdülər. Kriminal ünsürlər  baş qaldıraraq gündə bir qətl hadisəsi törədirdilər.  Bir sözlə, Pənah Hüseynovun təbirincə desək, Azərbaycanda “bespredelhökm sürürdü.  Bax, belə mürəkkəb şəraitdə xalqın  təkidli tələbi ilə  hakimiyyətə  qayıdan ulu öndərimiz Heydər Əliyev bütün dolaşıq işləri nizama salmağın mahir ustası olduğunu əməli fəaliyyəti ilə sübuta yetirirdi.

Hakimiyyət  strukturları içərisində az-çox fəaliyyəti hiss edilən Milli Məclis idi.  O da ki, iclaslarını  ölkədə yaranmış  başıpozuqluğun  baiskarlarını axtarmağa həsr etmişdi. Əslində vəziyyətin çıxılmaz həddə çatdırılmasında Milli Məclis üzvlərinin əksəriyyətinin günahı vardı. Ona görə də hər cəhdlə çalışırdılar ki, özlərini aydan arı, sudan duru kimi göstərsinlər. İclasların canlı yayımla keçirilməsi  çoxlarının üzünü açırdı. Milli Məclisin yığıncaqları birona görə canlı yayımlanırdı ki, guya, uzaq dağ kəndi  Kələkidə oturan Əbülfəz Elçibəy “ölkəni idarə edə bilsin”. Amma bu, absurd yanaşma idi. O, hətta Milli Məclis üzvlərinin müraciətinə  cavab verməkdə  acizlik göstərirdi.

Ölkədə, sözün əsl mənasında, başıpozuqluq  yaranmışdı. Surət Hüseynovun qoşunları  Prezident Əbülfəz Elçibəyin istefası tələbi ilə  Bakının, necə deyərlər, iki addımlığında dayanmışdı. Yenicə Ali Sovetin sədri seçilmiş Heydər Əliyev gah Milli Məclisin iclasını çağırır, gah kütləvi  informasiya vasitələri üçün  brifinqlər keçirir, gah da qarşı tərəflərin rəhbərləri ilə danışıqlar aparırdı ki, təkrar faciələr baş verməsin.

Bütün bu tədbirlərdə müzakirə mövzusu eyni olduğu üçün fikirlər dönə-dönə təkrarlanır, tərəflər arasındakı kəskin ziddiyyətlər ortaq məxrəcə gəlməyə, siyasihüquqi baxımdan düzgün qərarlar çıxarmağa mane olurdu. Əvvəllər bir gündə iki-üç qanun qəbul edəndə həmin gününü səmərəsiz hesab edən  Milli Məclis son beş-altı gündə bircə qərar da qəbul edə bilməmişdi. İyunun 23-də gecə yarısınadək davam edən yığıncaq da nəticəsiz başa çatdı. Ali Sovetin sədri Heydər Əliyev həm Prezident Ə.Elçibəylə, həm də S.Hüseynovla aparılan  danışıqlar barədə millət vəkillərini məlumatlandırdı. Qeyd etdi ki, Əbülfəz Elçibəy Surət Hüseynovun  qoşunlarının Bakıdan uzaqlaşdırılmayınca geri qayıtmayacağını bildirib. Surət Hüseynov da öz tələbində israrlıdır: Prezident istefa verməlidir!

Məclis üzvləri Ordubad rayonundakı Kələki kəndinə Prezidentlə görüşə getmiş elm və mədəniyyət xadimlərindən ibarət qrupun  rəhbərinin məlumatını da dinlədilər. Belə çıxdı ki,  Əbülfəz Əliyev qorxduğuna görə yox, Bakıda  qan tökülməməsi üçün” paytaxtı tərk etmişdir. Buna münasibət bildirən millət vəkilləri  uzun-uzadı danışmaqla mətləbdən yayınır, höcətləşməyə başlayır, hətta, bir-birini təhqir etməkdən belə çəkinmirdilər. Belə vəziyyətlərdə  bəzi deputatlar  həmkarlarına  xatırladırdılar ki, mətləbdən  uzaqlaşmaq lazım deyil. Azərbaycanda anarxiya hökm sürür, Prezident isə uzaq dağ kəndinə çəkilib, nə istefa verir, nə də səlahiyyətlərini başqasına həvalə edir.  Konstitusiyaya görə, səlahiyyətlərin hamısı Prezidentin əlində cəmləşib, belə vəziyyətdə biz nə etməliyik?

Deputatlardan bir qrupu, çıxış yolunu Prezidentlə Surət Hüseynovu görüşdürməkdə görürdülər, Heydər Əliyevdən xahiş  edirdilər ki, bunu təşkil etsin. Ancaq iclasın  gedişi zamanı Surət Hüseynovdan alınan telefonoqram həmin ideyanı heçə çıxardı. “Yun polkovnikibildirirdi ki, Prezidentlə görüşmək həvəsində deyil, onun tələbi əvvəlkitək qüvvədə qalır. Belə olduqda deputatların bir neçəsi yenidən Prezidentə etimadsızlıq məsələsini qaldırdı.

Müzakirələrin istiqaməti başqa bir səmtə yönəldi: Prezident Kələkidən ölkəni idarə edə bilərmi? Ali Sovetin sədrinin müavini Afiyəddin Cəlilov deputatların nəzərinə çatdırdı ki,  Prezident zəng edərək iclasın gedişini izlədiyini bildirib və millət vəkillərinə çatdırmağı xahiş edib: Öz ölkəsinin hər hansı bir nöqtəsindən prezidentin dövləti idarə etməyə ixtiyarı var.

Məsələnin uzandığını görən deputat Etibar Məmmədov iki bənddən ibarət qərar layihəsini oxudu. Həmin layihədə göstərilirdi ki, Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini icra edə bilmir, buna görə də onun səlahiyyətləri Konstitusiyaya görə,  müvəqqəti Ali Sovetin sədrinə verilməlidir. Millət vəkillərinin əksəriyyəti qərar layihəsini bəyəndi. Qərar layihəsinin səsə qoyulmasını tələb edən deputatlara Ali Sovetin sədri  Heydər Əliyev məsləhət gördü ki, gəlin tələsməyək, Prezidentə bir günvaxt verək.

Çıxışlarda obrazlı ifadələrə tez-tez rast gəlinirdi: Məsələn, biri deyirdi: “Əbülfəz Elçibəy  Bakıya qayıtmaq istəmir, Surət Hüseynovun  Bakıdan geri çəkilmək fikri yoxdur. Bakı isə qan tökülməsinin  tərəfdarı deyil”. Bunlara  qulaq asan  İsa Qəmbərov  ayrı-ayrı çıxışları “siyasi  lirika” adlandırdı. Ulu  öndərimiz onun atmacasını cavabsız  qoymadı.  Bildirdi ki, “siyasi lirika  Milli Məclisə əvvəllərdən  xas olan  əlamətdir, ancaq  indiyersiz höcət, nə də  hikkə vaxtıdır, biz  birləşib düşmənlərimizə qarşı  amansız olmalıyıq.

Milli Məclisin iyunun 24-də keçirilən  növbəti iclası Azərbaycanın ən yeni  tarixində dönüş nöqtəsi kimi yaddaşlarda qalacaqdır. Məhz həmin gün parlamentin  qərarı ilə  prezident  səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi Azərbaycanda müasir dövlətçiliyin bünövrəsini qoydu. Azərbaycan Respublikası Ali Sovetinin qərarında  göstərilirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən, “Azərbaycan Respublikası Prezidenti  buya başqa səbəblərə görə öz vəzifələrini  daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir”.

Qərar böyük səs çoxluğu ilə qəbul edildi. Bu məsələdə Prezident Ə.Elçibəyin könüllü surətdə  öz səlahiyyətlərindən imtina etməsi barədə verdiyi fərmanın da həlledici rolu oldu. Sonralar buna başqa don geyindirməyə səy göstərənlər də tapıldı. Həmin günlər  Heydər Əliyevdən müsahibə götürən “Ostankino” dövlətlərarası televiziya şirkətinin müxbirinin sualı konkret qoyulmuşduulu öndərimizin ona hərtərəfli, dolğun cavabı hər hansı şübhənin ayaq açmasına imkan vermirdi:

– Cənab Əliyev, bir çox müşahidəçilər Sizin hakimiyyətə gəlməyinizi Konstitusiyaya zidd hal kimi qiymətləndirmişlər. Xahiş edirik, deyəsiniz: Sizcə, siyasətdə  elə məqsədlər varmı ki, onların naminə qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: Prezident Əbülfəz Elçibəyin halı necədir, o, öz istefası  ilə razılaşıbmı?

– Əvvəla, deməliyəm ki, hakimiyyətə gəlişimi Konstitusiyaya zidd hesab etmirəm. İyunun 15-də parlamentin bir çox deputatlarının, habelə, Prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən  Azərbaycan Ali Sovetinin sədri seçilmişəm. Bu, Konstitusiyaya tam uyğun qərardır. Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov istefa vermişdi.  Buna görə də mən Azərbaycan  Ali Sovetinin sədriyəm. İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər.  Məni təkidlə dilə tutmuşlar. Gəncə  hadisələrindən sonra  bir neçə gün ərzində  Azərbaycan  əhalisinin   müxtəlif  qruplarının, ziyalıların  nümayəndələri, nüfuzlu  ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir.  O, üç dəfə – ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi  təyyarə göndərmişdi və  telefon  söhbətlərində israrla  xahiş edirdi ki, mən Bakıya gəlim. Mən ayın 7-də də, 8-də də imtina etdim.  Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.

Vəziyyətin gərginliyini zəiflətmək üçün  burada mən Əbülfəz Elçibəylə, digər siyasi  xadimlərlə birgə çalışırdım, iyunun 15-də, təkrar edirəm, parlamentin  sədri seçildim.  Burada Konstitusiyaya zidd, hüquqa zidd heçyoxdur. İyunun 24-dən başlayaraq, Prezidentin  vəzifələrinin  yerinə yetirilməsinin mənə həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar. Prezident  Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki,  təyyarə Bakıdan uçmamışdan  bir saat əvvəl biz bir yerdə idik. Yalnız  səhər bizə məlum oldu ki,  onun təyyarəsi Naxçıvana  enmişdir. Buradan Prezidenti Xalq Cəbhəsinin üzvləri  dağ kəndi Kələkiyə aparmışlar. O, indiyədək oradadır.  Mən iyunun 18-dən 24-dək telefonla  daim danışıqlar aparmışam. Azərbaycan Elmlər Akademiyasının prezidenti başda olmaqla, ziyalıların  böyük bir qrupu - akademiklər, professorlar, yazıçılar, ağsaqqallar mənim təşəbbüsümlə oraya getmişlər. Onlar Prezidentlə görüşmüşlər. Onu onlar da dilə tutmuşdular ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvəti qəbul etmədi, onunla razılaşmadı və indiyədək Kələki  kəndində qalır. Prezidentin, demək olar ki, bütün vəzifələrinin Ali Sovetin  sədrinə  həvalə edilməsi haqqında fərmanı da  elə onun özü imzalamış, öz fərmanında  yalnız  vətəndaşlığa  qəbul və fərmanların imzalanması hüquqlarını özündə saxlamışdır.  Qalan hər şeyi o, Azərbaycan Ali Sovetinin sədrinə  həvalə etmişdir.

Eyni zamanda,  bu vəziyyət  Azərbaycan parlamentinin iclasında dalbadal bir neçə gün müzakirə olunmuşdur, elə parlamentin üzvləri də təkidlə tələb edirdilər ki,  mən bu vəzifələri  öz üzərimə  götürüm.  Mən razılaşmırdım, yalnız Əbülfəz Elçibəyin özü belə fərman  verəndən sonra  razılaşdım. Açığını desək, respublika,  demək olar,  idarəedilməz olmuşdu,  çünki Prezident yoxdur. Baş nazir yox idio, artıq çoxdan istefa  vermişdi, mən tək qalmışdım. Bir çox  məsələlər isə prezidentin səlahiyyətindən  istifadə edərək  həll olunmalı idi. Bax, belə bir vəziyyətdə  mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm,  mən buna  can atmırdım, mən bunu istəmirəm.  Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident vəzifələrini yerinə yetirə bilər.

O ki qaldı  Əbülfəz Elçibəyin taleyi barədə ikinci suala, o, Kələki kəndində yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan bir dəstə silahlı adam qoruyur. O, indi də oradadır, məncə, heç nə ilə məşğul olmur. Bəlkə istirahət edir, bəlkə də bir görür. Bu, mənə məlum deyildir.

Bizcə, ümummilli liderimiz Heydər Əliyevin məntiqə əsaslanan tutarlı cavabının əlavə şərhə ehtiyacı yoxdur. Böyük dövlət  xadiminin Azərbaycanda  hakimiyyətə qayıtması  ölkəmizi gözlənilən bəlalardan xilas etdi, müstəqilliyimizi əbədiləşdirdi, ölkədə əmin-amanlıq, sabitlik yaratdı, firavan  dolanışığa etibarlı yol açdı.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 25 iyun.- S.4.