İSMAYILLI: İl boyu yaşanan sevinc

 

Təxminən bir ayın söhbətidir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla Qalıncaq kəndinə gedirdik. O kəndə ki, çox keçməyəcək rayon mərkəzindən bura gələn yol başdan-başa asfalt olacaq. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin məqsədlə vəsait ayırıb. Mirdaməd müəllim istənilən məsələ haqqında olduğu kimi, Qalıncaq kəndi barədə də həvəslə danışır:

    – Hələ bu harasıdır – kənddə yeni məktəb binası tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Bu kənd təbiətinin gözəlliyinə  və insanlarının adına layiq şəkildə tamamilə müasirləşdirilir.

...Qalıncaqdakı görüşə xeyli adam toplaşıb. Başqa kəndlərdən də gəliblər. Ruşan kəndindən gəlmiş İnqilab Balaşovun dediyi sözlər indi də qulaqlarımda səslənir:

- Kəndimizə çox adamlar gəlib-gedib, çox sözlər veriblər. Amma, söz verib, gediblər. Yadınızdadırsa, təxminən bir il bundan əvvəl kəndimizə qonaq gəlmişdiniz. 80 nəfərin adından xahiş etdik ki, illərdən bəri korluq çəkdiyimiz içməli su problemimizin həllinə yardımçı olasınız. Söz verdiniz  sözünüzə əməl etdiniz.  Ona görə indi buraya gəlmişəm. Gəlmişəm ki, həmin insanlar adından sizə təşəkkür edim.

Rayon rəhbəri ilə kənd camaatının görüşündə yadda qalan başqa bir hadisə də oldu. Tək mənim yox, bəlkə də, çoxlarının gözlərini yaşardan həmin əhvalatı  insani hisslərin bir nümunəsi kimi mən hələ çox yerdə danışacağam.  Mirdaməd müəllim gördü ki, asta-asta ona yaxınlaşan bir qadın nə isə demək istəyir.

Anam, sözün var - deyə soruşdu.

Qadının isə, həqiqətən, sözü  var  imiş:

Mən şəhid oğlumun adına  öz şəxsi vəsaitimlə bir bulaq tikdirmişəm. İndi həmin bulağa yol çəkilməsini sizdən xahiş edirəm.

Hamı susub dayanmışdı.  Bir çoxları kimi Mirdaməd müəllim kövrəlmişdi:

– Ana, nəinki həmin bulağa yol çəkərik, hətta, bulağın  yanında  mərmərdən xatirə  daşı  qoyub üstünə şəhid olmuş oğlunuzun şəkilini vurarıq. Bu da olar torpaq, Vətən uğrunda canını əsirgəməmiş, həyatını qurban vermiş  bir insanın xatirəsinə bizim ehtiramımız.

İcra başçısı kənd camaatı ilə elə səmimi inandırıcı danışdı ki, mən onun arqumentlərinə,  məntiqinə yaddaşına, ən başlıcası, İsmayıllıya rayon sakinlərinə olan məhəbbətinə  növbəti dəfə heyran oldum. Yeri gəlmişkən,  ötən ilin yekunları bu il qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncaqlarında hesabatı üzündən oxumayan rayon rəhbəri kimi məhz onu gördüm. Bunun səbəbini soruşanda isə çox maraqlı bir cavab eşitdim:

Özümün gördüyüm işlər barədə olan hesabatı üçün  kağızdan oxumalıyam?

Ötən il İsmayıllı üçün çox uğurlu olub. Rayon  iqtisadi, sosial, mədəni baxımdan ölkəmizin sürətli inkişafına qoşulub. Avqustun  14-də  Prezident İlham Əliyevin İsmayıllıya etdiyi tarixi səfər sakinlərin  yaddaşında unudulmaz hadisə olaraq bu gün qalır. Səfər zamanı cənab Prezident rayonda  gedən genişmiqyaslı tikinti-quruculuq işləri iqtisadi inkişafla  bağlı görülən işlərlə yaxından tanış oldu, bir sıra obyektlərin  açılışında iştirak etdi. Rayonu inkişaf etdirmək, insanların  həyatına zənginlik  gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə tapşırıqlarını verdi.

Xatırladaq ki, cənab Prezidentin İsmayıllıda olarkən verdiyi tövsiyələrdən biri   bu rayonun Aşağıbaş kəndində  təməli qoyulan Velosiped zavodunun sabahı ilə bağlı idi. Belə ki, dövlət başçısı həmin məsələni təqdir etməklə yanaşı tövsiyə etdi ki, rayon mərkəzlərində şəhərsalma layihələri işlənilərkən yollarda velosiped zolaqları da nəzərə alınsın. Çünki bir çox ölkələrdə geniş miqyasda istifadə olunan velosiped təkcə idman növü kimi deyil, həm nəqliyyat növü kimi qəbul edilir. Dövlət başçımızın sərəncamı iləSənaye ilielan olunmuş cari ildə İsmayıllı Velosiped zavodunun tikintisində  işlərin gedişi barədə ayrıca bir yazı qələmə alacağıq.

 

Mirdaməd müəllim danışdı ki, rayonun sosial-iqtisadi inkişafı və İsmayıllı şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası  Prezidentinin  15 avqust tarixli sərəncamıyla  Prezidentin Ehtiyat Fondundan ayrılan 2 milyon  manat vəsait və digər maliyyə  mənbələri hesabına  rayonda tikinti-abadlıq, quruculuq işləri geniş miqyas alıb, infrastrukturun  yeniləşməsi sahəsində müsbət addımlar atılıb.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  nəzərdə tutulan tədbirlərin icrası zamanı  yaşayış evləri, inzibati binalar, yollar tikilib, bəziləri əsaslı təmir olunub. Şəhər ərazisində bütün kommunikasiya, daşıyıcı elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, onlara yeni üzlük döşənir.  İl ərzində rayonda ümumilikdə 12 min 556 kvadratmetr  yaşayış evi tikilib istifadəyə verilib ki, bu da 2012-ci illə müqayisədə 10,5 dəfə çoxdur.  Vətəndaşların müraciətləri nəzərə alınmaqla Heydər Əliyev  prospektində və Həsən bəy Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri tikilib, Əbülhəsən Ələkbərzadə küçəsində yeni avtovağzal inşa edilib. İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, Sumağallı kəndində 1,8 meqavat gücündə su-elektrik stansiyası tikilib. İsmayıllı şəhərində tikiş fabriki istifadəyə verilib. Hazırda fabrikdə 50  işçi çalışır.

Mirdaməd müəllim həvəslə danışır. Bildirir ki, ötən il  rayonun Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərində həkim məntəqəsi tikilibmüasir tibbi avadanlıqlarla təchiz olunaraq sakinlərin istifadəsinə verilib. Məktəb tikintisi sahəsində də xeyli uğurlu irəliləyişlər var.  MüdriYeniyol tam  orta məktəbləri və Mücü kənd ümumi orta  məktəbi üçün 80 şagird yerlik , Pirəbilqasım ibtidai məktəbi üçün 40 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilib. Yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, inkişaf etmiş xarici dövlətlərin, beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının, imkanlı adamlarının dəstəyindən də istifadəyə diqqət verilir.

Yəqin, hörmətli oxucuların yadındadır. Bir neçə ay öncə qəzetimizdə İsmayıllı rayonunun  Yaponiyanın İto şəhəri ilə  dostluq, qardaşlıq əlaqələri barədə geniş yazı vermişdik.  Həmin  münasibətlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə İsmayıllıda “Yapon bağı” salınıb, həmçinin Yaponiya dövlətinin dəstəyi ilə Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndi və İsmayıllı şəhərində uşaq bağçası, Qalacıq kəndində həkim məntəqəsi tikilib istifadəyə verilib. Ötən il noyabrın 20-də  isə İsmayıllının  nümayəndə heyəti İto şəhərinə səfər etmişdi.  Səfər çərçivəsində  Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdı. Dövlət səviyyəsində  təşkil edilən bu səfərin iştirakçıları Yaponiyayaponlar barədə ən yüksək fikirlərlə geri qayıdıblar. Səfərin yekunları ilə əlaqədar rayonda keçirilən fəallar yığıncağında  qardaşlaşmış şəhərlərin birgə həyata keçirəcəyi tədbirlər, görüləcək işlər müəyyənləşdirilib.

İsmayıllı həm də əsas turizm rayonlarımızdan biridir. Ona görə də rayonda  yol infrastrukturunun yeniləşməsi,  təmiri və bərpası istiqamətində də əsaslı işlər görülür. Bu istiqamətdə  bir sıra  layihələrin icrası başa çatıb. Azərbaycan Respublikası Prezidentinin sərəncam ilə ayrılmış maliyyə vəsaiti ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil  yolu yenidən qurulub. Qaraməryəm-İsmayıllı-Şəki yolunun 20-26-cı kilometr hissəsi  əsaslı təmir olunub. Kəndarası yolların təmiri və bərpası istiqamətində Sumağallı-Qalacıq yoluna asfalt çəkilib, Basqal-Sulut avtomobil yolunda qəzalı vəziyyətdə olan körpünün yerində 32 metr uzunluğunda yenisi tikilib.

Əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin keyfiyyəti son illər xeyli yaxşılaşıb. Şəhər ərazisində yeni elektron ATS-in binası tikilib, Tircan, Aşıqbayramlı, Kəlbənd və Ruşan kəndlərində elektron ATS-lərin yerləşdiyi binalar əsaslı təmir olunub. 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması ilə əlaqədar İsmayıllı rabitəçiləri də il ərzində  yeni texnologiyaların tətbiqinə, rayon əhalisinə göstərilən rabitə xidmətinin daha da yüksəlməsinə nail olublar.

Dövlət Proqramına uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində əsaslı işlər görülüb. Artıq rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsi qazlaşdırılıb.   Tircan, Minkə və Zərgəran kəndlərinə təbii qaz yanacağı verilib. Fevral ayının 1-də isə  Diyallı kəndinə çəkilən qaz xəttinin açılışı olub.

Rayonun elektrik  təsərrüfatında əsaslı  cari təmir işləri  aparılıb,  şəhərin 15 küçəsində elektrik şəbəkəsinin yenidən qurulması başa çatdırılıb, 2404 ədəd “Smart-karttipli sayğac quraşdırılıb. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.

Bu gün İsmayıllıdan söhbət açıb, təhsildən danışmamaq ən azı günah olardı. Nəticələrə baxdıqca sevinirsən. Sevinirsən ki, təhsilə göstərilən yüksək səviyyəli dövlət qayğısı öz müsbət nəticəsini verib. Ötən il 325-dən artıq məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 21 nəfəri 600-dən yuxarı, 52 nəfəri isə 500-600 arasında bal toplayıb.  Qəbulda qazandıqları yüksək nəticəyə görə 4 nəfər məzunPrezident  Təqaüdünə  layiq  görülüb. 100 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Rayon məzunlarından 4 nəfəri tam orta təhsili qızıl medalla başa vurub  ali  məktəblərə qəbul zamanı onlar bu etimadı yüksək səviyyədə doğruldublar.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə hər il keçirilən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində İsmayıllı məktəbləri və rayonun  qabaqcıl  müəllimləri  uğurla iştirak edir, müsabiqənin qalibi kimi fərqlənirlər. 2013-cü ildə 4 nəfər müəllim və 3 məktəb bu müsabiqənin qalibi olub.  İsmayıllıda turistlərin və qonaqların  diqqətini daha çox çəkən məqamlardan birirayon ərazisindəki tarix və mədəniyyət abidələridir.  Bu gün İsmayıllıdakı 233 tarix və mədəniyyət abidəsindən 160-ı dövlət qeydiyyatına alınaraq onlara inventar nömrəsi verilib. Abidələrdən biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. Abidələr haqqında məlumatlar, fotolar toplanaraq Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinə təqdim olunub.

Bu gün rayonda turizmin inkişafı üçün çox əlverişli potensial mövcuddur. Bu sahənin  inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanılıb, müəyyən işlər görülüb. Rayona gələn turistlərin sayı  2013-cü ildə 82 minə çatıb. İsmayıllının zəngin təbiəti, həmçinin Lahıc, Basqal, Sulut, Qalacıq, Mollaisaqlı tarixi abidələri xarici turistləri daha çox özünə cəlb edir. Rayonun milli-etnik zənginliyi turizmin inkişafına şərait yaradır.  Mirdaməd müəllimlə söhbətimizdə eşitdim ki, İsmayıllıda dağ, atçılıq, ekoturizms. sahələr  mütləq öz  inkişafını tapacaqdır.  

Ötən il tikilib istifadəyə verilmiş Olimpiya-İdman Kompleksi səmərəli işləyir. Bir sıra idman növləri  üzrə respublika yarışlarının burada keçirilməsi üçün şərait yaradılır. Kompleks 2013-cü ildəki səmərəli fəaliyyətinə görə Milli Olimpiya Komitəsi tərəfindən birinci yerə layiq görülüb  diplomla təltif edilib. Ötən il  burada 46 müxtəlif idman tədbiri keçirilib.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Mübarək səfərlər, səmimi görüşlər” kitabının buraxılmasında rayondakı Heydər Əliyev Mərkəzinin xüsusi rolu var. Belə ki, ideoloji işin gücləndirilməsini təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilir. Ən başlıcası odur  ki, mərkəzdə əsl yaradıcılıq mühiti hökm sürür.

Bir sözlə, bu  gün İsmayıllı bu diyarın tarixinə, sakinlərin milli-mənəvi dəyərlərinə və ölkəmizin sosial-iqtisadi inkişaf sürətinə layiq bir templə tərəqqi edir. Bu tərəqqidə rayonun hər bir sakininin özünəməxsus payı olsa da, bu mükəmməl inkişafın memarı Heydər Əliyev siyasəti və həmin siyasətin rayonda qətiyyətlə reallaşmasına zəmin yaradan rayon rəhbərliyidir.

...Bir həftə əvvələ qədər örpək altında olan dağlar indi buludlarla gizlənpaç oynayırmış kimi gah görünür, gah gizlənirdi. Dağlardan xeyli aşağıdakı dərədə isə zoğal ağacı da çiçək açmışdı, su kənarındakı aynaq gülləri də. Təbiət üzü  bahara gedir. Bu yurdun insanları da həmişə üzü bahara, qurub-yaratmağa doğru gedirlər. Aqillər isə deyiblər ki, istənilən yaradıcılıq, quruculuq, əmin-amanlıq və firavanlıq  insanlara bahar sevinci bəxş edir. Deməli, ismayıllılar bahar sevincini il boyu yaşayırlar...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 4 mart.- S. 4.