Qax: uğurlar işgüzarlıq ruhunu daha da artırır

 

Ölkəmizin bütün  şəhər və rayonlarını, kəndlərini və hətta, bütün guşələrini əhatə edən sosial-iqtisadi inkişaf tendensiyası  Qaxda da öz müsbət əks-sədasını verməkdədir. Nə zamansa iqtisadi imkanlar baxımından bir çox rayonlardan geridə qalan Qax indi ölkənin əsas turizm ünvanlarından birinə çevrilir, sosial-iqtisadi inkişafın yüksək tempinə nail olur, çoxsaylı mədəni tədbirlərin keçirildiyi rayon kimi ölkə xəritəsində özünəməxsus yer tutur.

İlin bütün fəsillərində zəngin təbii gözəllikləri,  görməli yerləri, qonaqpərvər sakinləri, eyni zamanda qədrşünas qonaqları ilə fəxr edən Qaxa növbəti gəlişimiz  bütün azərbaycanlılar üçün əziz olan bir ərəfəyə - od çərşənbəsinə təsadüf eləmişdi. Bu tərəflərdə xalqın folkloru olduqca zəngin, milli adət-ənənəyə bağlılığı isə yüksək səviyyədədir. Çünki, bu rayonun çox qədim tarixi vardır. Alimlər sübut edirlər ki, yerli “qaq” tayfaları bu ərazidə hələ 3 min il əvvəl yaşayıblar. 2700 il əvvəl isə onların adı artıq “qax”lar kimi qeyd olunurdu. Bizim eranın beşinci əsrindən üzü bəri uzun bir dövrdə mövcud olmuş Qıpçaq kəndi də Qaxın qədim yaşayış məskənlərindəndir. Yeri gəlmişkən, ötən ay həmin kənddə inşa olunmuş yeni həkim məntəqəsinin istifadəyə verilməsi mərasimində də iştirak etmişdik. Yəni tarix qədim olduqca folklor da zəngin olur.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova deyir ki, üç tərəfdən dağlarla əhatə olunmuş bu rayonun milli-mənəvi dəyərləri də elə dağlar qədər uludur. İnanmıram ki, siz Qaxda qonaqpərvər olmayan, bilərəkdən kiminsə xətrinə dəyən bir adamla rastlaşmış olasınız. Bu incə keyfiyyətlər milli bayramlar ərəfəsində daha qabarıq şəkildə özünü göstərir. Rayonun təbii zənginlikləri turist və qonaqları nə qədər cəlb edirsə, alimləri və ziyalıları da buradakı maddi mədəniyyət nümunələri, tarixi abidələr və qədim yaşayış yerlərinin qalıqları o qədər maraqlandırır. Vəfa xanım ulu öndər Heydər Əliyevin vəfatının növbəti ildönümü, Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, kəndlərin sosial infrastrukturunun yeniləşdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər barədə söz açdı, görülmüş işlərin sakinlər tərəfindən böyük məmnunluqla qarşılandığını qeyd etdi. Həmsöhbətim əlavə etdi ki,  “Xalq qəzeti”nin Qaxda həyata keçirilən sosial-iqtisadi məzmunlu tədbirlər barədə dövri olaraq qələmə aldığı yazılar, verdiyi informasiyalar rayon sakinlərinin zəhmətinə verilən həqiqi qiymət kimi həmişə müsbət dəyərləndirilib.

  Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizdə isə müsahibim rəhbərlik etdiyi rayonda görülmüş işlər barədə deyil, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə söz açdı: - Həm siz, həm də digər həmkarlarınız Qaxda şahidi olduğunuz  sosial- iqtisadi inkişaf barədə yazırsınız. Mən həmişə demişəm, yenə də deyirəm, bizim fəaliyyətimiz ulu öndər Heydər Əliyevin  müəyyənləşdirdiyi siyasi kursu davam etdirməkdən, cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Adı çəkilən siyasət və xatırladılan tövsiyə və tapşırıqların isə bircə adı var - xalqa xidmət etmək. Lap bu yaxınlarda cənab Prezident  bir daha, özü də tam qətiyyətlə dedi ki, bu xalqın birinci xidmətçisi mənəm.  Yəni cənab Prezident bizə - onun təyin etdiyi rəhbər vəzifə sahiblərinə növbəti dəfə tapşırıq verirdi ki, insanlara xidmət edin. Mən fəxr edirəm ki, bu  gün Qaxda cənab Prezidentin həmin tövsiyə və tapşırıqlarına yüksək səviyyədə əməl edilir. Bunu indi sizin yadınıza salacağım məqamların hamısında aydın şəkildə görə biləcəksiniz.

Sonra Musa müəllim danışdı ki, ötən il Qax rayonunun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz  İlham Əliyevin bölgəyə səfəri ilə əlamətdar və  yaddaqalan bir il oldu. Rayon sakinləri hələ də ölkə başçısının 16 avqust 2013-cü il tarixli səfərinin, səfər çərçivəsində Qax Olimpiya İdman Kompleksinin açılışı mərasimində ictimaiyyət nümayəndələri ilə görüşündə  rayonda görülən işlərə verdiyi yüksək qiymətin, bölgənin inkişafı ilə bağlı söylədiyi dəyərli fikirlərin yaratdığı xoş təəssüratların təsiri altındadırlar.   Ötən il  bütövlükdə respublikamızda olduğu kimi, Qaxın  iqtisadiyyyatında da dinamik inkişaf təmin olunub, müvafiq sahələrdə kifayət qədər  işlər görülüb və məqsədyönlü tədbirlər həyata keçirilib. Məsələn,  Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2013-cü il tarixli  sərəncamı əsasında rayonun sosial-iqtisadi inkisafının sürətləndirilməsi məqsədi ilə 7 min nəfərin yaşadığı  8  yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi üçün Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat   fondundan rayon  İcra  Hakimiyyətinə ilkin olaraq ayrılmış 3 milyon  manat  vəsait hesabına  yolun 10 kilometrlik sahəsinin - yəni Alatəmir-Marsan-Tasmalı hissəsinin tikintisi başa çatdırılıb. Layihə  üzrə  Alatəmir-Fıstıqlı avtomobil  yolunun  üzərində uzunluğu 6  metr olan körpü tikilib. Alatəmir-Marsan avtomobil  yolunun  üzərində isə uzunluğu 33  metr olan körpünün  tikintisi  davam  etdirilir.

Başqa bir fakt. Ötən il  Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 2 milyon manat vəsait hesabına şəhərin Heydər Əliyev prospektində, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə, Molla Pənah Vaqif və Molla Vəli Vidadi küçələrində abadlaşdırma və təmir-bərpa işlərinə başlanılıb.  Hazırda bu sahədə işlər davam etdirilir. Rayonun  avtomobil yollarının əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş 950,6 min manat vəsait hesabına Ləkit  kəndinin giriş  yolunun 1 kilometrlik,  Əlibəyli  kəndinin giriş  yolunun  4,5 kilometrlik  hissəsinə asfalt örtük salınıb, şəhərin  Heydər Əliyev  prospektində 17600  kvadratmetr,  Füzuli  küçəsində isə 2760 kvadratmetr  yola asfalt-beton  örtük   çəkilib.

Şəhərin, Qaxbaş və Qaxingiloy  kəndlərinin su  təchizatı    kanalizasiya  sisteminin  qurulması  işləri  ötən il  də davam  etdirilib.  Layihə üzrə  su  anbarı  tikilib,  3  su  anbarında  isə son  tamamlanma  işləri aparılır. Fövqəladə Hallar Nazirliyi tərəfindən Dəymədağlı kəndində 120, Ləkit-Kötüklü kəndində 40, Zərnə kəndində 240, Qorağan kəndində 220, Lələpaşa kəndində 100, Lələli kəndində 100, Ləkit kəndində 420 və Güllük kəndində 300 şagird yerlik yeni məktəb binaları  istifadəyə verilib. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərindən 537-nin tikintisi başa çatdırılıb, hazırda 11 evdə tikinti işləri davam etdirilir. Təkcə ötən il  rayonda 115 ədəd fərdi  yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 129 fərdi tikinti aparılıb. Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 3 milyon 220 min manata yaxındır.

Hazırda Rayon Dövlət Yanğından mühafizə hissəsinin yeni inzibati binasının, “El Resort” hotel kompleksi ərazisində yeni 4 mərtəbəli korpusun, Qaxbaş kəndi ərazisində 9 mərtəbəli yaşayış binasının, İlisu kəndində “Səngər qala” istirahət kompleksinin, “Aqrolizinq” ASC-nin Qax rayon Aqroservis filialının, Ağçay kəndi ərazisində 3 mərtəbəli istirahət mərkəzinin və məişət tullantılarının zərərsizləşdirilməsi məqsədi ilə poliqonun tikintisi davam etdirilir. Qax şəhərinin, İlisu, Qaxbaş, Əlibəyli, İbaxlı və Zərnə kəndlərinin seldən mühafizəsi məqsədi ilə 5074 kubmetr  mühafizə bəndləri tikilib , 436 min kubmetr  həcmində lildən təmizləmə və 858 min kubmetr  həcmində məcratəmizləmə işləri görülüb. Güllük və Əmbərçay  kəndlərində suvarma şəbəkəsi üçün  beton kanalların tikintisi başa çatdırılıb, hazırda isə Qaxmuğal beton kanalının tikintisi davam etdirilir.  Musa müəllim qeyd etdi ki, cənab İlham Əliyevin   Qaxa  səfəri zamanı yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin, həmin yolun üzərində olan 700 metr  uzunluğunda körpünün, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin, Qax şəhərinin su təchizatı sisteminin və “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak etməsi rayon ictimaiyyətinin qurub-yaratmaq əzmini birə beş qat artırıb. Məhz dövlət başçısının Qaxa ayırdığı qayğı və diqqətin nəticəsidir  ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bu  rayon üçün nəzərdə tutulmuş 22 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilib. Proqramın icrası  nəticəsində 5 il ərzində rayonda 1730-u daimi olmaqla 2086 yeni iş yeri açılıb. Ötən il  isə 328-i daimi olmaqla 332 yeni iş yeri yaradılıb.

Bütün bunları yada salan rayon rəhbəri sonra daha maraqlı bir arqument dilə gətirdi: - İndi baxın, sadaladığım həmin işlərin hamısı kimin üçündür? - “Əlbəttə, xalq üçün, camaat üçün. - dedim.  Əlavə elədi: - Deməli, mənim bayaq xatırlatdığım “görülən bütün işlərin təməlində insan amili dayanır  məntiqi hamı tərəfindən məhz olduğu kimi qəbul edilir. Çünki həqiqətdir.

 İcra başçısı qeyd etdi ki, Qax bu gün əsas turizm rayonlarından biri kimi qəbul edilsə də, onu ölkənin mədəni mərkəzlərindən birinə çevirmək istiqamətində böyük işlər görülsə  ,  rayonumuz  ənənəvi kənd təsərrüfatı rayonlarından biridir. Ona görə də dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası hər il rayonumuzda yüksək səviyyədə təmin olunur.  Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunmaqla 2007-ci ildən etibarən rayonda  kənd təsərrüfatı məhsulları istehsalçılarına 5,3 milyon manat, o cümlədən 2013-cü il ərzində 599,9 min manat məbləğində yardımın verilməsi təmin olunub.  Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlara 2 ədəd taxılbiçən kombayn, 8 ədəd traktor, 6 ədəd asma-qoşma kənd təsərrüfatı texnikası və 1 ədəd qarğıdalı səpən aqreqat lizinq yolu ilə satılıb.

Mən çox istərdim ki, Qaxın gecələrini hamınız görəydiniz. Rayon başdan-başa işığın içindədir. Bu işığa baxıb özün də daxilən saflaşırsan. Öyrənirəm ki, Rayon Elektrik Şəbəkəsi tərəfindən 57 ədəd transformator yarımstansiyasında əsaslı və cari təmir işləri aparılıb, 11 ədəd yanmış və sıradan çıxmış transformator yarımstansiyası Şəki şəhər laboratoriyasında təmir olunaraq yenidən istifadəyə verilib, Qax yarımstansiyasından çıxan İlisu hava xəttində yenidənqurma işləri aparılıb, Qıpçaq hava xəttində 17, Qorağanda 30 və Güllükdə 10 ədəd   dayaq yeni beton və dəmir-boru dayaqlarla əvəz edilib. Qaz təminatına gəlincə isə deyim ki, Rayon Qaz İstismar İdarəsi tərəfindən 12 yaşayış məntəqəsində və şəhərdə olan 7371 abonentə fasiləsiz təbii qazın verilməsi təmin olunub, 496 nəfər əhalisi olan Ağçay kəndində 159 abonentə, 1997 nəfər əhalisi olan Almalı kəndində 336 abonentə və 1590 nəfər əhalisi olan Cəlayir kəndində 305 abonentə yeni qaz xətti çəkilib. İstehlak olunan təbii qaza görə vəsaitin toplanması 96,3 faiz olub ki, bu da respublika üzrə yüksək göstəricidir.

Qaxın təbii imkanları nə qədər zəngin olsa  da, burada da əhalinin içməli su ilə təminatında çətinliklər yox deyil. Ona görə   kəndlərdə əhalinin içməli suya olan tələbatının təmin edilməsi məqsədi ilə Qaratala, Şotavar, Qarabaldır, Fıstıqlı, Qaradolaq və Çudullu kəndlərində yeni su artezian quyuları qazılıb istifadəyə verilib. Qax Su-Kanal idarəsinə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5 ədəd xüsusi təyinatlı avtomaşın və 1 ədəd ekskvator verilməsi bu işlərin sürətləndirilməsinə səbəb olub.  Rayonda təhsil sistemi də daim  rəhbərliyin diqqət mərkəzində olan məsələlərdəndir. Ötən il rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş  məzunların 319 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 170 nəfəri, yəni 50 faizdən çoxu  tələbə adını qazanıb. Rayon üzrə 7 məzun 600-dən çox, 26 nəfər isə 500-700 arası bal toplayıb, 6 nəfərin topladığı bal 581-600 intervalında olub. Rayonun abituriyentlərinin fizika və kimya fənləri üzrə göstəriciləri respublika üzrə ən yüksək göstəriciyə bərabər olub.

Onu da öyrəndik ki, Qaxda  tarixi dəyərlərinə görə 2 dünya əhəmiyyətli,  18 ölkə əhəmiyyətli,  48 yerli əhəmiyyətli -ümumilikdə 68 abidə var. İlisu kəndindəki “Sumuq qala”da, Qum kəndindəki  Alban məbədində, “Kürmük” məbədində və Qaxmuğal, Əmbərçay, Güllük, Süskənd, Ağçay kənd məscidlərində bərpa işləri aparılıb. Rayonda fəaliyyət göstərən 11 turizm obyektində hər cür şərait vardır. Rayonda istirahət məkanlarının sayı çoxalıb. Bunun nəticəsidir ki, 2012-ci ildə  rayona 18 min 369 turist gəlmişdisə, 2013-cü ildə bu göstərici  20 min 573 nəfər olub. Xarici turistlərin sayı isə sürətlə artır.  Rayon Mədəniyyət və turizm şöbəsi və turizm obyektləri ötən il aprelin 4-dən 6-dək Bakı şəhərində keçirilən Daxili Turizm sərgisində uğurla iştirak edib, Qaxın  turizm imkanlarını sərgi iştirakçılarına çatdırıblar. Qax Tarix-Diyarşünaslıq muzeyində rayonun 450 min illik tarixindən soraq verən 11.296 ədəd tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tədqiq    təbliğ  olunur. Muzey 2012-ci ildən YUNESKO-nun Beynəlxalq muzeylər şurasının  üzvüdür. Bu isə o deməkdir ki, “Qax Azərbaycanın ən qədim diyarlarından biridir”, “Qax bu gün ölkənin ən sürətlə inkişaf edən rayonları sırasındadır” və “Qaxın şöhrəti bütün dünyaya yayılır” deyənlərin hamısı haqlıdır. Bir də ki, görünən dağa nə bələdçi?deyiblər. Artıq Qaxın uğurlarını tək biz yox, hamı görür...

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 6 mart.- S. 6.