“Bakı-2015”-ə hazırlıq işləri yüksək səviyyədə davam edir

 

Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Velosipedçilər İttifaqının (UEC) ildə bir dəfə keçirilən baş assambleyasının iclası olmuşdur. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak etmişlər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının saytında bu barədə yayılmış xəbərdə bildirilir ki, iclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. O, öz çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına xüsusi yer ayırmış və Azərbaycanda “Bakı-2015"-ə hazırlıq işlərini yüksək qiymətləndirmişdir.

Qeyd edək ki, “Bakı-2015”-in proqramına velosiped idmanının üç növü - şosse, BMX və mountenbayk daxildir. David Lappartien oyunların ən yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirmişdir.

Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparmış, onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulamış və “Bakı-2015"-in unudulmaz idman bayramına  çevriləcəyini bildirmişdir.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 6 mart.- S. 6.