SOCAR-AQŞ Azərbaycanın qazma sənayesinə mühüm töhfələr verir

 

Müsahibimiz SOCAR-AQŞ birgə müəssisəsinin direktoru Ramin İsayevdir

 

Ramin müəllim, məlum olduğu kimi, Azərbaycanda qazma sənayesində bir sıra tanınmış müəssisələr fəaliyyət göstərir. Müştərək müəssisə olan SOCAR-AQŞ-nin yaradılması hansı zərurətdən irəli gəldi?

– SOCAR-AQŞ 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti və Abşeron Qazma Şirkəti tərəfindən birgə müəssisə kimi təsis edilmişdir. Müəssisənin yaradılmasında məqsəd qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparmaq, neftqaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verməkdir. Həmin dövrdən etibarən müəssisəmiz ətraf mühitin mühafizəsini, mütəxəssislərinin sağlamlığı və təhlükəsizliyinin təminatını əsas götürməklə 40-a yaxın yüksək debitli neft-qaz quyularını qazaraq sifarişçilərə təhvil vermişdir.  SOCAR-AQŞ, həmçinin rəqabətədavamlı müasir qazma müəssisəsinin səmərəli strukturunukadr potensialını yaratmaq istiqamətində də səylərini davam etdirir.

—Ötən il SOCAR-AQŞ-nin fəaliyyətində nə ilə yadda qalmışdır?

—Müəssisəmiz əvvəlki illərdə olduğu kimi, 2013-cü ili  yüksək göstəricilərlə başa vurmuşdur. Belə ki, qazma sahəsində ən yüksək texnologiyaları mənimsəmiş kollektivimiz sifarişləri vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşdur. Eyni zamanda, qarşıya qoyulmuş bütün öhdəliklər qəzasız, xətasız  və səmərəli qazma əməliyyatları ilə həyata keçirilmişdir. Belə ki, ötən il kollektivimiz 16900 metr əvəzinə, 18002 metr qazma işləri həyata keçirərək plana 106,5 faiz yerinə yetirmişdir. Planda nəzərdə tutulan 5 quyu əvəzinə isə 6 quyu tikinti ilə təhvil verilmişdir ki, bu da illik plana 120 faiz əməl olunması deməkdir.  2013-cü ildə ən yaddaqalan uğurlarımızın sırasında “Bahar Enerji” Əməliyyat Şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı ‘’Bahar’’ və ‘’Qum Dəniz’’ yataqlarında qazma işlərini aparmaq üçün müqavilə imzalanmasını xüsusi qeyd etmək istəyirəm. İndiyədək ‘’Qum Dəniz’’ yatağında üç quyu qazmışıq, ‘’Bahar’’ yatağında isə 4 quyunu əsaslı təmir edib neftçilərə təhfil vermişik.  Artıq öz məhsuldarlığı ilə seçilən həmin quyulardan yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, SOCAR-AQŞ hazırda Xəzər dənizinin hansı yataqlarında qazma işləri aparır və sifarişçiləriniz hansı qurumlardır?

–Müəssisəmiz Xəzər dənizində — "Günəşli" yatağının dayaz sulu hissəsində 11 və 13 saylı dərin dəniz özüllərində, eləcə də ‘’Qum Dəniz’’ yatağında qazma işləri həyata keçirir. Əsas sifarişçilərimiz isə  müvafiq olaraq Azərbaycan Dövlət Neft Şirkətinin “Azneftİstehsalat Birliyi və “Bahar Enerji” Əməliyyat Şirkətidir. 2013-cü ildə 11 saylı dərin dəniz stasionar özülündə 4 quyuda, 13 saylı özüldə 2 quyuda, ‘’Qum Dəniz’’ yatağında isə 3 quyudaqazma işləri aparılıb. 13 saylı özüldə quyuların sayca az qazılmasının səbəbi məhz həmin özüldə yeni texnologiyanın tətbiqi nəticəsində qazma işlərinin aparılması ilə bağlı olub. Yeni avadanlıq və texnologiya vasitəsilə yüksək göstəricilər əldə edəcəyimizə böyük ümid bəsləyirik.

Ramin müəllim, yeni texnologiyaların tətbiqindən söhbət düşmüşkən, müəssisəniz hazırda hansı texnikatexnologiyalardan istifadə edir?

Hazırda SOCAR-AQŞ “Günəşli” yatağında yerləşən iki dərin dəniz stasionar özülündən qazma işləri aparır. Müəssisəmiz, həmçinin “Bahar Enerji” Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində bir qazma qurğusu ilə fəaliyyət göstərir. Müasir tələblərə cavab vermək üçün Qərbi Avropa, ABŞ, Yaponiya, Çin və MDB ölkələrinin istehsalı olan texnikatexnologiyalardan istifadə edilir. Yeni texnologiyaların tətbiqi sayəsində müəssisəmiz yeni-yeni uğurlara imza atır.

“Günəşli” yatağındakı 13 saylı dərin dəniz stasionar özülündən 350 saylı horizontal quyunun tikinti işləri SOCAR-AQŞ-in həyata keçirdiyi yeni və ən uğurlu layihələrindəndir. Hətta deyərdim ki, quyunun tikinti işlərinə başlanması və ötən ilin dekabr ayında uğurla yekunlaşması Azərbaycan qazma sənayesi tarixinə yeni şanlı səhifə əlavə etmişdir. Belə ki, SOCAR-AQŞ ilk milli müəssisə olaraq “Günəşli” yatağının dayaz sulu hissəsində, “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan yuxarı intiqallı qurğu-"Top Drive" quraşdırmışdır. Bu avadanlıq vasitəsilə horizontal qazma üsulu ilə dənizdəki məhdud sayda quyu yerindən səmərəli istifadə edilir, debitin dəfələrlə artması hesabına quyu tikintisinin ümumi səmərəliliyi artır. Yeni qazma avadanlığı sayılan “Top Drive” vasitəsilə müəssisə quyunun qazılmasına sərf edilən vaxtı xeyli azaldaraq xərclərə qənaət olunmasına imkan yaradır. Məhz yeniliklər sayəsində son üç ildə qazmanın orta kommersiya sürəti dörd dəfə artmış, qazma əməliyyatlarında boşdayanmaların faizi isə sifarişçi tərəfindən müəyyən edilmiş 3 faizlik göstəricidən xeyli aşağıdır. Yeri gəlmişkən, SOCAR-AQŞ  öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhluldan da istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində uğurla sınaqdan keçirmişdir. Bu məhlul quyunun təmizlənməsi və qazma sürətinin artmasına mühüm töhvə vermişdir. Yeni avadanlığın tətbiqi isə, heç şübhəsiz, qazma keçidinin artmasında və il ərzində daha çox quyuların qazılıb sifarişciyə təhvil verilməsində əhəmiyyətli rol oynayacaq. SOCAR-AQŞ əldə edəcəyi bu təcrübədən bəhrələnərək gələcəkdə də yeni, müasir tipli avadanlıqların zəruri hallarda alınması və tətbiqi sahəsində səylərini artıracaq.

—Bəs, görülən işlərin təhlükəsiz aparılması, gözlənilən təhlükə potensialının aradan qaldırılması, sağlamlığın qorunması və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

Bizim üçün işçilərin sağlamlığı və təhlükəsizliyi, eləcə də ətraf mühitin mühafizəsi son dərəcə  vacib məsələdir. Hər il olduğu kimi, bu il də sıfır itirilmiş vaxtı ilə nəticələnən hadisə prinsipini əməliyyatlarımızda prioritet məsələ kimi müəyyənləşdirmişik. Bundan əlavə, fəaliyyətə başladığımız ilk illərdə əməkdaşlarımızın istehsalat mədəniyyətinin və texniki təhlükəsizlik sahəsinə olan münasibətlərinin dəyişilməsinə nail olmağı qarşımıza başlıca hədəf qoymuşduq. Bu isə olduqca mühim məsələdir, çünki qazma sənayesi risklərlə dolu bir sahədir. Biz ilbəil buna nail olduq. Hesab edirəm ki,  müəssisəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyimiz nailiyyətlərlə bağlıdır. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməmiş, 2013-cü il ərzində 3565 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 1416 kubmetr həcmində müxtəlif məişət tullantıları toplanaraq çeşidlənmiş və utilizasiya edilmişdir. Əməliyyatlar zamanı ətraf mühitə zərər dəyməsinin qarşısını almaq məqsədilə drenaj sistemi yenidən qurulmuş, ekoloji cəhətdən münasib generatorlar alınaraq istismara verilmişdir.

Müəssisəmiz olaraq əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək, sağlamlıqlarına zərər verə biləcək amilləri aradan qaldırmaq, eləcə də ekoloji balansı qorumaqinkişaf etdirmək üçün əlimizdən gələni edirik. Onu da deyim ki, ekoloji məsələ müəssisəmizin prioritetidir. Qazma zamanı neft şlamının daşınmasında gecikmə baş verdikdə biz həmin an qazmanı dayandırırıq. Bununla yanaşı, əməkdaşlarımızın peşə biliklərinin və bacarıqlarının artırılması məqsədilə ötən il ərzində yerlixarici mütəxəssislər tərəfindən 33222 adam-saat sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində  təlimləri keçirilmişdir.

Ramin müəllim, bəs, işçilərin sosial təminatı baxımından hansı işlər görülür?

—SOCAR-AQŞ işçi heyətini özünün əsas sərvəti hesab edir. Xüsusi vurğulamaq lazımdır ki, müəssisəmizin bütün istehsalat sahələrində, dəniz özüllərində işçilər üçün lazım olan bütün şərait yaradılmışdır. Bütün işçilərimiz sığortalanmış, onlar mütəmadi olaraq fərdi mühafizə vasitələri, geyimlə təmin olunurlar. Özüllərdə işçilərin vaxtında isti yeməklə qidalanması üçün yeməkxanalar və qalmaları üçün yüksək səviyyədə yataqxanalar fəaliyyət göstərir. Yeri gəlmişkən, bu günlərdə ‘’Qum Dəniz’’ yatağında çalışan əməkdaşlarımızın məişət şəraitini və onlara göstərilən iaşə xidmətinin  təkmilləşdirilməsi istiqamətində əsaslı yenidənqurma işləri aparılmışdır.

— 2014-cü ildə SOCAR-AQŞ-nin hədəflədiyi əsas məsələlər hansılardır?

—Hər şeydən əvvəl, biz Azərbaycan qazmaçılarının tarixi qabaqcıl rolunu müasir dövrdə bərpa etməyi qarşımıza məqsəd qoymuşuq. 2014-cü il üçün planımız yeni layihələrimiz olanÜmid’’ və ‘’Qərbi Abşeron’’ yataqlarında qazma işlərinə uğurla başlamaqla yanaşı, beynəlxalq bazara daxil olmaqdır. Qeyd etdiklərimiz SOCAR-AQŞ-in inkişaf perspektivlərinin reallığını göstərir. Bütün bunların sayəsində isə biz SOCAR-AQŞ-in tez bir zamanda inteqrə edilmiş qazmaquyu xidmətləri göstərən müasir beynəlxalq müəssisəyə çevriləcəyinə inanırıq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 4.