Azərbaycan tarixşünaslığına yeni töhfə – “Naxçıvan tarixi

 

Naxçıvan!...Qədim sivilizasiya məkanlarının mərkəzində dayanan diyar... Bu bölgənin keçmişini, bugününü və gələcək inkişaf perspektivlərini işıqlandıran onlarla əsər çap olunsa da, Naxçıvanın çoxəsrlik tarixinə dair ümumiləşdirici, çoxcildli kitab yazılmamışdı. Nəhayət, bugünlərdə aldığımız bir xoş xəbər bizi sevindirdi.

Muxtar respublika rəhbərliyinin və alimlərimizin gərgin zəhməti sayəsində hazırlanmış, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində iki min nüsxə ilə, nəfis tərtibatda çap olunmuş 452 səhifəlik “Naxçıvan tarixi” kitabının birinci cildi elmi ictimaiyyətə təqdim olundu. Üç cilddə hazırlanması nəzərdə tutulan kitabın birinci cildi tarixin yaranışından XVIII əsrin 40-cı illərinədək olan dövrü əhatə edir.

Kitabın redaksiya heyəti tanınmış alimlərdən - AMEA-nın həqiqi üzvləri İ.M.Hacıyev və İ.Ə.Həbibbəyli, müxbir üzvlər Q.İ.Qədirzadə və V.B.Baxşəliyev, tarix elmləri doktoru, professor F.Y.Səfərlidən ibarətdir. Giriş, yeddi fəsil, arxiv materialları və internet saytları da daxil olmaqla 450-yə yaxın istifadə olunmuş ədəbiyyat siyahısı, tarixin müxtəlif mərhələlərini əks etdirən, yeni faktlar əsasında hazırlanmış rəngli xəritələrdən ibarət olan kitab, tarixi-arxeoloji və memarlıq abidələrinin, maddi-mədəniyyət nümunələrinin rəngli fotoşəkilləri ilə tamamlanır.

Kitabın “Giriş” hissəsində akademik İ.M.Hacıyev bölgənin tarixinə dair mövcud ədəbiyyat, aparılmış tədqiqat işlərinin xülasəsi və bu sahədə görülmüş işlər barədə hərtərəfli məlumat verir. Dosent N.S.Bababəyli isə ərazinin relyefi, geoloji quruluşu, iqlimi, təbii yataqları, su tutumus. haqqında “Naxçıvanın təbii-coğrafi şəraiti” adlanan bölümdə geniş təhlillər aparır.

Kitabın I fəsli “Naxçıvan qədim dövrdə” adlanır və burada daş dövründən e.ə. IX əsrədək olan zaman kəsiyində aparılmış arxeoloji tədqiqat və qazıntı işlərindən bəhs olunur. Burada ərazinin təbii-coğrafi şəraitindən, ibtidai insanların ilkin məskunlaşmasından söhbət açılır. Müəlliflər mədəniyyət abidələrini və maddi-mədəniyyət nümunələrini Azərbaycanın digər bölgələri ilə müqayisəli şəkildə təhlil edərək, birmənalı şəkildə Naxçıvan ərazisinin Azərbaycanın əzəli və əbədi torpağı olması, Naxçıvan tarixinin isə Azərbaycan tarixinin bir hissəsini təşkil etməsi fikrini elmi dəlillərlə bir daha möhkəmləndiriblər.

Kitabın II fəsli “Naxçıvan e.ə. IX-b.e.II əsrlərində” adlanır. Burada İkiçayarası və Şərqi Anadoluda formalaşan, Ön Asiyanın qüdrətli quldar dövlətlərindən olan Assuriya və Urartuların öz ərazilərini genişləndirmək məqsədilə Naxçıvana basqınlarından, ərazidə məskunlaşan, Oğlanqala, Qarasu qalası, Qız qalası, Külüs qalası, Sədərəkqala, Qazançı qalası, Çalxan kimi şəhər-qalalar tikib, yadellilərə qarşı mübarizə aparan yerli türk tayfalarının mədəniyyət tarixindən bəhs olunur. Bu qalaların hər biri güclü müdafiə istehkamlarına malik olmuşlar.

Naxçıvan tarixi kitabı bu dövrə aid maraqlı faktlarla zəngindir. Onlardan biri e.ə.820 və e.ə.810-cu illərdə Urartulu İşpuini və Menuanın işğalçılıq yürüşləri əks olunmuş Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığındakı İlandağ kitabəsidir. Cənubi Qafqazın siklop tikintiləri sırasına daxil olan, Şərur rayonu ərazisində yerləşən Oğlanqalada aparılmış tədqiqatlar göstərmişdir ki, bu qalanın ətrafında yaranan kiçik şəhər-dövlət müəyyən mərhələdə Urartulara qarşı mübarizə aparmışdır. Ərazidə Dəmir dövrünə aid Xaraba-Gilan, Muncuqlutəpə nekropolu, Yurdçu sərdabəsi, Fərhad evi kimi onlarla abidə tədqiq edilmişdir. E.ə. IV əsrin sonlarından Naxçıvan Atropatenanın ərazisinə daxil olmuş, e.ə. I və eramızın ilk əsrlərində Roma və Parfiyalıların döyüş meydanına çevrilmiş, Massagetlərin yürüşlərindən dağıntılara məruz qalmışdır. Kitabda göstərilən mənbələr və zəngin arxeoloji material söylənənləri təsdiq edir. Bu fəslin sonunda dövrün mədəniyyətindən, sosial-iqtisadi münasibətlərdən, dini inamlardan söhbət açılır.

Kitabın üçüncü fəsli “Naxçıvan əhalisinin etnogenezi tarixi” adlanır. Bu fəsil iki bölmədən ibarətdir. Birinci bölmədə e.ə. VI - b.e. I minilliklərində Naxçıvan əhalisinin etnik tərkibindən, ikincidə isə “Naxçıvan” sözünün mənşəyindən bəhs olunur. Ümumi çətinliklərə baxmayaraq, tarix elmimizdə işlənmiş və bir sıra elmi əsərlərdə öz əksini tapmış Azərbaycan xalqının etnogenezi məsələsi “Naxçıvan tarixi” kitabında daha ətraflı,  faktlara dayanıqlı şəkildə və mənbələrə istinad edilməklə yazılmış, prototürk tayfalarının Naxər ölkəsində olmaları qədim mənbələrə əsaslanaraq göstərilmişdir. Fəsildə As, Naxər, türükkü, kuti, lulubəy, kas, subər, su (şu), tal, koman, tur, pal (pala), tus, doray kimi boylartayfalar, onların yayıldığı ərazilər, Azərbaycan xalqının formalaşmasında oynadıqları rol nəzərdən keçirilir. Digər türk tayfaları - oğuzlar, skif-sak, massaget, kimmerlər, şiraklar, qıpçaq, hun və başqaları haqqında da dolğun məlumatlar verilir.

Bu fəsilin ikinci bölməsində “Naxçıvan” sözünün meydana çıxması və mənşəyi haqqında olan bütün versiyalar araşdırılır, onun Nuh adı ilə əlaqəli olması tutarlı faktlarla əsaslandırılır.

“Naxçıvan erkən orta əsrlər dövründə” adlanan IV fəsil III-IX əsrləri əhatə ediron başlıqla tamamlanır. Burada feodal münasibətlərinin yaranması və inkişafı, yeni türkdilli tayfaların bu ərazidə məskunlaşması, Sünik (Sisakan) hakimliyi, Naxçıvanın Sasanilər dövlətinin tərkibində olması, islamaqədərki dövrdə Naxçıvan və çevrəsində etnik-mədəni proseslərin inkişafı, ərəblərin Naxçıvanı tutması, İslam dininin qəbul olunması, Xilafət dövründə idarəçilik sistemi, şəhərlərin, sənətkarlığın və ticarətin təkamülü, həmçinin dövrün epiqrafik abidələri  və digər məsələlərdən geniş söhbət açılır, onların elmi mahiyyətinə aydınlıq gətirilməklə bütöv Azərbaycan anlamında təhlillər aparılır.

Naxçıvanda hun türkləri, bolqar, bəkdüz, xəzər, kəngərli, sabir, peçənək və subarlar ilə bağlı toponimlər adı çəkilən tayfaların eramızın ilk əsrlərindən bu ərazidə məskunlaşdıqlarını təsdiq edir. Sasani-Bizans, Ərəb-Xəzər müharibələrinin poliqonuna çevrilən Naxçıvan bu savaşlardan layiqincə çıxmış və öz varlığını qoruyub saxlaya bilmişdir. Naxçıvan şəhəri sasanilərin Cənubi Qafqazda əsas dayaq məntəqələrindən biri idi. Şəhərin ərəblər tərəfindən işğal olunması 652-653-cü illərdə başa çatır. Naxçıvan ərazisi xilafətin əsas hərbi və inzibati mərkəzlərindən birinə çevrilir. Babəkin adı ilə bağlı toponimlərin bolluğu, söz yox ki, xürrəmilərin əsas dayaq nöqtələrindən birinin burada olmasını göstərir. Kitabda Naxçıvanın Böyük İpək yolunda tranzit keçid məntəqəsi olması da ön plana çəkilmişdir.

Kitabın V fəsli “Naxçıvan X-XIII əsrin birinci rübündə” adlanır. Bu fəsildə ərəb imperiyasının zəiflədiyi dövrdə Naxçıvanın Azərbaycan ərazisində yaranan Sacilər (879-941), Salarilər (941-981/3), Şəddadilər (971-1075), Naxçıvanşahlıq (X əsrin 80-cı illəri - 1064) kimi yarımmüstəqil feodal dövlətlərinin, XI əsrin ortalarında isə Səlcuq türklərinin qurduğu imperiyanın tərkibinə daxil olmasından, Azərbaycan Atabəyləri dövlətinin yaranmasından (1136-1225), Naxçıvanın Eldənizlərin doğma şəhərinə çevrilməsi, dövrün iqtisadi həyatı, sənətkarlığı, torpaq-mülkiyyət formaları, mədəniyyəti, ədəbiyyatı, memarlığı və incəsənətindən bəhs edilir. Səlcuqların Azərbaycan canişininin Naxçıvanda qərar tutması şəhərin yüksək strateji mövqeyindən xəbər verir.

Xüsusən, 1146/7-1175-ci illərdə Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olduğu zamanlar şəhərin böyüyərək inkişaf etməsi,  onun Yaxın Şərqin mədəniyyət və elm mərkəzlərindən birinə çevrilməsi, burada nadir memarlığı ilə seçilən abidələrin inşa olunması, Əcəminin rəhbərliyi altında Naxçıvan memarlıq məktəbinin yaranması, Bakı, Dərbənd, Təbriz,  Gəncə, Şamaxı, Marağa, Ərdəbil və Azərbaycanın digər şəhərləri arasında ticarət və mədəni əlaqələrin genişlənməsi kimi məsələlər ön plana çəkilir. İntibah mədəniyyəti olan yerdə birtərəfli inkişafdan danışmaq olmaz. Belə ki, əgər o dövrdə gözəl memarlar, elm, təhsil, ədəbiyyat, incəsənət xadimləri  yetişirdisə, mütləq digər aparıcı sahələr də yüksələn xətlə inkişaf edirdi.

“Naxçıvan XIII-XV əsrlərdə” adlanan altıncı fəsil təxminən üç yüz illik dövrü əhatə edir. On bir başlıqdan ibarət olan bu fəsildə monqolların Azərbaycana-Naxçıvana birinciikinci yürüşündən, Xarəzmşah Cəlaləddinin işğalından, Hülakülər dövründə Naxçıvanda gedən ictimai-siyasi proseslərdən, Çobanilər və Cəlairilərin hakimiyyət uğrunda mübarizələrindən, Toxtamışın və Əmir Teymurun hücumlarından, Əlincə qalasının mərdliklə müdafiəsindən, Naxçıvanın QaraqoyunluAğqoyunlu dövlətlərinin tərkibində olmasından, dövrün ictimai-iqtisadi həyatından, Naxçıvanda sufiliklə bağlı mərkəzlərdən-xanəgahlar və zaviyyələrdən, hürufilik təlimi, onun mahiyyəti və oynadığı roldan, bölgənin sosial-mədəni həyatdan, maarif, elm, ədəbiyyat, memarlıq, incəsənət kimi sahələrin inkişafından, epiqrafik abidələrdən və s. söhbət açılır.

Xüsusən, monqol işğalları zamanı Naxçıvan şəhərinin dağıdılması, əhalinin əksəriyyətinin yaşayış yerlərini tərk etmələri kitabda xüsusi vurğulanır. O da qeyd olunur ki, 1258-ci ildə Naxçıvan Hülakülər dövlətinin tərkibinə daxil edildikdən sonra, Qazan xanın dövründə qismən bərpa edilir. Bu dövrdə dövlətin ərazisi vilayət və tümənlərə bölünürdü ki, Naxçıvan ərazisi Azərbaycan əyalətinin tərkibində olmuş 9 tüməndən biri idi.

Kitabın VII-sonuncu fəsli “Naxçıvan Səfəvilər dövründə” adlanır. Dörd başlıqdan ibarət bu fəsildə 1501-ci ildən başlayaraq XVIII əsrin 40-cı illərinədək olan dövr ərzində Naxçıvanda baş verən hadisələrin genişelmi şərhi verilmişdir. Xüsusən, Osmanlı-Səfəvi müharibələrindən xeyli zərər çəkən, bir çox hallarda döyüş meydanına çevrilən Naxçıvan ərazisi Azərbaycanın digər mərkəzi şəhərləri kimi əldən-ələ keçərək dağıdılmış, təsərrüfatı və əkin sahələri məhv edilmiş, əhalisi digər regionlara köçürülmüşdür. Bu dövrdə Naxçıvan sancağı üzrə 393 yaşayış məskənindən 269-nun əhalisi öz doğma yurdlarını tərk etmişdi. 1588-1603 və 1724-1735-ci illərdə Naxçıvan Osmanlı dövlətinin tərkibində olmuşdu. 1736-cı ildə Nadir şah Əfşar Naxçıvan da daxil olmaqla Azərbaycan torpaqlarını osmanlılardan azad edir. Sənətkarlıq, ticarət, şəhərlər, mədəniyyət, elm, incəsənət, memarlıq kimi sahələrdə sönüklük nəzərə çarpsa da, dinclik, sülh zamanlarında onlar yenidən canlanmışdır.

Kitabın sonunda bütün dövrləri əhatə edən tarixi-siyasi xronologiya yer almışdır.

 

Abbas SEYİDOV,

 

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 5.