Nərimanov rayonunda bayram tədbiri

 

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Altun” şadlıq evində bayram tədbiri keçirildi. Öncə qadınları bayram münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin  başçısı Abdin Fərzəliyev  xüsusi vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal mövqe tuturlar.

Ulu öndər  Heydər Əliyev qadınların xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini daim yüksək qiymətləndirmiş, onlara böyük diqqət və qayğı göstərmişdir. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə, onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.

Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, 1995-ci ildə ölkəmiz əvvəlcə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşuldu. 1998-ci ildə isə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Sonra isə Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunan Azərbaycan tezliklə BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvü oldu.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də respublikamızda sosial-iqtisadi və mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verir. Bu gün Azərbaycan qadını ziyalı, alim, müəllim, siyasətçi, millət vəkilidir. Azərbaycan xanımı ağıllı, ailəsinə bağlı olan bir qadın, ana kimi tanınır.

İndi qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilatlarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi layihələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadınının qələbəsidir.

Mərasimdə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olundu.

Tədbirdə çıxış edən qadınlar dövlət qayğısından razılıq etdi,  vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirdilər.

Bayram şənliyində analara vəsf edilmiş mahnılar səsləndirildi.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 8 mart.- S. 4.