Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşmüşdür

 

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşmüşdür.

Ali Məclisin sədri qonağı salamlayaraq demişdir ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri davamlı inkişaf tempinə malikdir. Qardaş ölkələrimiz arasındakı tarixi zəminə əsaslanan münasibətlər Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlıqda da özünü göstərir, müxtəlif istiqamətlərdə layihələr reallaşdırılır.

Ali Məclisin sədri Türkiyənin Naxçıvandakı Baş konsulluğu tərəfindən muxtar respublikada mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmış, ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi görüşə görə minnətdarlıq edən İsmail Alper Coşkun demişdir ki, bu gün dostqardaş ölkə olan Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafı böyük məmnunluq doğurur. Hər iki qardaş ölkə arasındakı münasibətlərin getdikcə daha da genişləndirildiyini bildirən səfir bu əlaqələrdə Naxçıvan Muxtar Respublikasının əhəmiyyətli yeri olduğunu qeyd etmişdir.

Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak etmişdir.

 

Xalq qəzeti.- 2014.- 15 mart.- S. 3.