Səbaillilərin Novruz töhfəsi

 

Novruz bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində, düşmənlə üz-üzə mövqelərdə dayanmış əşgərlərlə görüş və şənlik keçirilmişdir.

  Səbaillilər rayonun hamilik etdiyi Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin qonağı olmuşlar. Onlar  hərbi hissə komandanlığı ilə səngərlərə gəlmiş, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, onlara bayram sovqatları çatdırmışlar.

Hərbi hissədə şəxsi heyətlə keçirilən təntənəli görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışdır. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz üçün yaratdığı yüksək  şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır.

Görüşdə işğal altında olan torpaqların ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində  düşməndən azad ediləcəyinə və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminlik ifadə olunmüş, lazım gələrsə, Qarabağın müharibə yolu ilə geri qaytarılacağı vurğulanmışdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da Vətənin müdafiəçilərini bayram münasibəti ilə təbrik etmiş, onlara şərəfli xidmət, xalq qarşısında başucalığı arzulamışdır.

 Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmaları üçün Səbail RİH-in hədiyyələrini, döyüş bölgəsi üçün vacib olan ləvazimatı, Səbail məktəblilərinin göndərdikləri bayram xonçalarını, şagirdlərin əsgərlərə məktublarını şəxsi heyətə təqdim etmişlər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissənin komandir müavini  polkovnik-leytenant Valeh Rəcəbov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə hamilik köməyinə və əziz bayramın təntənəli təşkilinə görə minnətdarlığını bildirmiş, belə görüşlərin düşmənə canlı sipər olan  hərbiçilərdə ruh yuksəkliyi yaratdığını vurğulamışdır.

Respublikanın tanınmış incəsənət ustaları böyük konsert proqramı ilə əsgər və zabitlərin bayram şənliyini təravətləndirmişlər, görüş şən mahnı və rəqslərlə davam etmişdir.

Sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında əyləşmişlər. Səbail Rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.

Nümunəvi xidmətə görə qısamüddətli məzuniyyətlə mükafatlandırılmış 6 əsgəri səbaillilər özləri ilə Bakıya, evlərinə gətirmişlər.

 

* * *

 

Novruz bayramı tədbirləri çərçivəsində Bayıl yaşayış sahəsindəki “Bakı gecələri” restoranında vətəndaş cəmiyyəti qurumlarının, ictimaiyyət nümayəndələrinin, xeyriyyəçilərin iştirakı ilə rayon icra hakimiyyəti humanitar aksiya və şənlik keçirmişdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları Novruz bayramı münasibəti ilə təbrik etmişdir. O bildirmişdir ki, xalqımızın ən əziz bayramlarından  olan Novruzun Səbail rayonunda da geniş keçirilməsi, təntənəli və yaddaqalan olması ilə bağlı tədbirlər planı hazırlanmış və həyata keçirilməkdədir. Bayram ərəfəsində rayonda geniş abadlıq-quruculuq, təmizlik işləri aparılmış, hər yerdə gözoxşayan bayram tərtibatı yaradılmışdır. Kollektivlərdə baharın gəlişinə həsr olunmuş tədbirlər, mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.

 

Rayonda hazırlanmış ərzaq bağlamaları, ilk növbədə, şəhid, əlil, məcburi köçkün ailələri, tənha və kimsəsizlər üçün  nəzərdə tutulub, 5000-dən çox ünvana çatdırılmışdır. Bayram şənlikləri rayonun bütün yaşayış sahələrini, kollektivləri, ərazidə yerləşən hərbi hissələri əhatə edəcəkdir.

Tədbirdə çıxış edənlər ölkədə Novruz bayramı şənliklərinin yüksək təntənə və hamılıqla keçirilməsini təmin etdiyinə  görə Prezident İlham Əliyevə minnətdarlıq etmiş, Səbail Rayon İcra Hakimiyyətinə və humanitar aksiyanın iştirakçılarına razılıqlarını bildirmişlər.

Novruz Bayramı günlərində rayonun Badamdar və Bibiheybət qəsəbələrində mədəniyyət evləri kollektivlərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə kütləvi şənliklərin, əyləncəli bayram  tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 20 mart.- S. 5.