Lənkəranda bahar şənliyi

 

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı ilə əlaqədar el şənlikləri Lənkəranda da coşqu ilə keçib.  Ümumrayon tədbirinin keçirildiyi şəhər dəmir yolu vağzalının qarşısındakı meydanda böyük qələbəlik vardı.

Bir neçə gün öncə elə buradaca təşkil olunmuş bayram satış-yarmarkasında çeşidli məhsullar alaraq bayram süfrələrini ürəkləri istəyən kimi bəzəmiş sakinlər əlvan xonçalarla, yaşıl səmənilərlə, tar-qavalla Bahar qızın pişvazına çıxmışdı.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və qonaqlar da camaatla bayram sevinclərini paylaşmaq üçün şənliyə qatıldılar.

T.Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik etdi, hamıya ən xoş arzularını çatdırdı. Bildirdi ki, bu il xalqımız şanlı el bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu füsunkar təbiəti baharın al-əlvan naxışları ilə bəzənən Lənkəranda da aydın görmək mümkündür. İndi rayonda yeni ab-hava duyulur, xoş əhval-ruhiyyə hökm sürür. Lənkəran şəhərində, kənd və qəsəbələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir. Prezidentin şəhərimizə ötən ilki səfərinin lənkəranlıların xatirəsində unudulmaz hadisəyə çevrildiyini xüsusi vurğulayan T.Qaraşov rayonda yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etdi,  xoş qədəmli bu ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söylədi. “Qoy, baharın  gəlişi xalqımız üçün düşərli olsun, hər evə, hər ailəyə xeyir-bərəkət, əminamanlıq, səadət nəsib etsin!”

Sonra bayram tonqalı yandırıldı. Qara zurnanın müşayiətilə Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil oldular. Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdirdilər, bahar təravətli mahnı və rəqslər ifa olundu.  Qələbə ruhlu “Cəngi” sədaları ətrafa yayıldı, daşqaldıranlar, boksçular, karateçilər  nümunəvi çıxışlar etdilər, qurşaq tutub güclərini sınadılar.

 Lənkəranda saatlarla davam edən Novruz şənliyi beləcə hər kəsə unudulmaz təsir bağışladı.

 

 Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 20 mart.- S. 6.