Milli təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü qeyd olundu

 

Dünən paytaxtın Nərimanov rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümünə həsr olunmuş  tədbir keçirildi. Tədbir iştirakçıları öncə Azərbaycan milli təhlükəsizlik orqanlarının inkişafına misilsiz töhfələr vermiş ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirin əvvəlində milli təhlükəsizlik orqanlarının inkişaf tarixindən və səmərəli fəaliyyətindən, ölkəmizə qarşı daxilixarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərdən bəhs edən sənədli film nümayiş olundu.

Mərasimi giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev milli təhlükəsizlik orqanları əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan milli təhlükəsizlik orqanlarının rolu əvəzedilməzdir. Qeyd olundu ki, ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır,  Prezident  İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatının bütün sahələrinin son illər  dinamik şəkildə inkişaf etdiyini vurğulayan natiq bütün bu uğurların ölkədə bərqərar olmuş ictimai-siyasisosial-iqtisadi sabitliyin məntiqi nəticəsi kimi dəyərləndirdi.

Milli Təhlükəsizlik Nazirliyi Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik İlham Babayev çıxış edərək bildirdi ki, nazirliyin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyət daşıyan maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Natiq 1993-cü ildə ümummilli lider Heydər Əliyevin  yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Milli Təhlükəsizlik Nazirliyində islahatlara başlandığını diqqətə çatdırdı. Həmin islahatların MTN-in müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatında iştirak edən müasir xüsusi xidmət orqanı kimi formalaşdırılması məqsədilə həyata keçirildiyini bildirən İ. Babayev ötən müddətdə xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı. İdarə rəisi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın milli təhlükəsizlik orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində  həyata keçirilən  tədbirlərdən geniş söhbət açdı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, eləcə də digər natiqlər Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açdılar. Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları əməkdaşlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiklərini diqqətə çatdıran natiqlər bu çətin və şərəfli işlərində onlara yeni-yeni nailiyyətlər arzuladılar.

Sonda Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon İdarəsinin xidmətdə fərqlənmiş bir sıra əməkdaşları rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 28 mart.- S. 6.