Milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi münasibətilə Səbail rayonunda görüş keçirilmişdir

 

Səbail Rayon İcra Hakimiyyətində milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyi münasibətilə görüş keçirilmiş, bu qurumun dövlətçilik tariximizdə yerirolundan qədirbilənliklə söhbət açılmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Milli Təhlükəsizlik Nazirliyi Səbail Rayon İdarəsinin şəxsi heyətini, xüsusi xidmət orqanlarının əməkdaşlarını yubiley münasibəti ilə təbrik etmişdir. Natiq Azərbaycanın milli təhlükəsizlik orqanlarının keçdiyi 95 illik tarixi yoldan, ümummilli lider Heydər Əliyevin ölkəmizdə bu qurumun milliləşdirilməsi ilə bağlı xidmətlərindən,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin yüksək səviyyədə fəaliyyətinə göstərdiyi müstəsna diqqət və qayğıdan geniş danışmışdır.

 Mərasimdə qeyd olunmuşdur ki, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın təhlükəsizlik orqanları çətin, sınaqlarla dolu şərəfli bir yol keçmişdir. Gündən-günə inkişaf edən respublikamızın uğurlarını qəbul etməyən, ölkəmizə qarşı düşmən mövqe tutan daxilixarici qüvvələrin, erməni separatçılarının işğalçılıq siyasətindən və çeşidli təxribatlardan əl çəkməyən Ermənistanın xüsusi orqanlarının, onların havadarlarının və əlaltılarının sistemli cəhdlərinin qarşısını Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları qətiyyətlə alırlar.

Görüşdə MTN Səbail Rayon İdarəsinin fəaliyyətindən, paytaxtın mərkəzi rayonu kimi bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərin, çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yerlərinin məkanı olan Səbaildə asayişin, insanların təhlükəsizliyinin qorunması, müxtəlif təxribatların qarşısının alınması istiqamətində işlərdən də söz açılmış, idarə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

MTN Səbail Rayon İdarəsinin rəisi, polkovnik Qurban Süleymanov 95 il öncə yaradılan Azərbaycanın ilk milli təhlükəsizlik orqanlarının zəngin tarixindən söz açaraq bildirmişdir ki,  1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi kimi fəaliyyətə başlayan bu qurum AXC dövründə olduğu kimi, müstəqillik illərində də milli dövlətçiliyimizin keşiyindədir.

 Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasını hələ sovet dövründə ulu öndər Heydər Əliyevin yaratdığını diqqətə çatdıran idarə rəisi daha sonra qeyd etmişdir ki, onun milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun xüsusi xidmət sisteminin yaradılmasını təmin etmişdir. Prezident İlham Əliyevin yaratdığı əlverişli şərait nəticəsində MTN əməkdaşları terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdə ciddi uğurlar qazanır, təhlükəsizlik mühitisabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyi rayon idarəsinin bir qrup əməkdaşına Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 29 mart.- S. 3.