Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının təşkili və fəaliyyəti

 

Xüsusi xidmət orqanlarının tarixi qədimdir. Lakin bu orqanlar heçkonkret dövlətin yarandığı vaxtda deyil, onun inkişafının müəyyən mərhələsində yaranmış və fəaliyyət göstərmişdir. Xüsusi xidmət orqanları həmişə dövlətin mənafeyini qorumuşdur. Zaman-zaman xüsusi xidmət orqanları inkişaf etməklə yanaşı, onların adı, vəzifə və funksiyaları, üslubu və metodları da dəyişmişdir. Müxtəlif ölkələrdə xüsusi xidmət orqanları fərqli adlar altında yaradılmış və fəaliyyət göstərmişlər. Xüsusi xidmət orqanlarının yaranması konkret tarixi şəraitdə hər bir dövlətin qarşısında duran vəzifələrlə bağlı olmuşdur.

Ümummilli lider Heydər Əliyev 5 iyul 1997-ci il tarixdə respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində bu qurumun yaranmasının tarixi köklərinə toxunaraq demişdir: “Müstəqil Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaranıbdır. Ancaq bu, boş yerdə yaranmayıbdır, bunun tarixi kökləri vartarixi köklərini də düzgün müəyyən etmək lazımdır.

Azərbaycan xalqının orta əsrlərdə dövləti olmuşdur. Sonra xalqımız dövlətçiliyini itirmiş və əsrin əvvəllərində – 1918-ci ilin may ayının 28-də Azərbaycanda yenidən milli dövlət qurulmuş, ilk Azərbaycan Demokratik Respublikası elan olunmuş və yaranmışdır. Ona görə də bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgünçox məqsədəuyğun qərardır.

Bu təklifi mənə təqdim edən kimi, bunu məmnuniyyətlə qəbul etdim və 28 mart gününü Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan etdim. 1919-cu il mart ayının 28-də ilk dəfə müstəqil Azərbaycan Demokratik Respublikasının təhlükəsizlik orqanı yaradılıbdır. O, demoktratik respublika kimi az yaşayıbdır, ancaq tarixi hadisədir”. Şərqdə ilk parlamentli respublika üçün bolşevik Rusiyasının real təhlükə yaratması, ölkədə və o cümlədən milli ordu sıralarında hələ də baş verən özbaşınalıqlar və pozuculuq halları xüsusi xidmət orqanlarının təşkilinə zərurət yaratdı. Ona görə də hərbi nazir, tam artilleriya generalı (general-polkovnik-İ.A) S.S.Mehmandarovun 28 mart 1919-cu il tarixli 157 ¹li əmri ilə Baş Qərargahın general-kvartmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılır.

Beləliklə, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanları Hərbi Nazirliyin tərkibində yaradılmışdır. Hərbi idarə çərçivəsində olan bu struktur öz fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspekti ilə məhdudlaşdırmırdı. 1919-cu ilin aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: “Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizimlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz. Rus ordusunun dairə qərargahlarının təcrübəsi də göstərir ki, hətta xeyli pul buraxıldıqda belə təcrübəli icraçılar və axtarışla bağlı xüsusilik tələb edən bu cür mürəkkəb, incə işi qaydaya salmaq hərbi idarənin hünəri deyil”.

Nəhayət, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkün oldu. Denikinin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Azərbaycan üçün də müstəqilliyin, istiqlaliyyətin itirilməsi təhlükəsini yaratmışdı. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 iyun 1919-cu il tarixli qərarı ilə dövlətin qorunması üzrə xüsusi orqan—Dövlət Müdafiə Komitəsi yaradılmışdır. Dövlət Müdafiə Komitəsi xüsusi səlahiyyətlərə malik olan bir orqan idi. Dövlət Müdafiə Komitəsi ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsini aparmaq, müvafiq qərarlar qəbul etmək, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədilə yeni strukturlar yaratmaqs. hüquqlara malik idi. Dövlət Müdafiə Komitəsi fövqəladə məsələləri və qəbul edilmiş qərarların icrasını təşkil etməli idi.

Qeyd etmək lazımdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat”ın, Hərbi Nazirlikdə bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin olduqca azlıq təşkil etməsi ictimai-siyasi həyatın bir çox sahələrində olduğu kimi, əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Çətinlik törədən amillərdən biribu bölmənin əməkdaşlarının sayca az olması idi. Belə ki, bu bölmənin ştatına uyğun olaraq sayca 28 nəfər olmalı idi. Bunlardan 1 nəfər rəis, 2 nəfər rəis köməkçisi, 2 nəfər kargüzar, 23 nəfər isə agent (əməkdaş) olmalı idi. Lakin bölmə kadrlarla tam komplektləşdirilmədiyindən bəzi vakant yerlər də qalmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin əməkdaşları əməliyyat işinin ənənəvi üsullarından, o cümlədən inanılmış şəxslərin məlumatlarından da özünəməxsus qaydalarla əldə edərək səmərəli istifadə etmişlər.

1919-cu ilin əvvəllərində Bakıda Denikinin kəşfiyyatının rəisi, Baş Qərargahın zabiti Çernışov Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilərkən (sonra o ingilislərin təzyiqi ilə azadlığa buraxıldı) onun Azərbaycanın Milli Ordusunda Denikinin casusu kimi fəaliyyət göstərdiyi sübuta yetirilmişdi. Eyni zamanda, əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına işləməsi müəyyən edilmişdi. Çernışovun yaşadığı mənzildə Azərbaycanın xüsusi xidmət orqanı tərəfindən aparılan axtarış zamanı Denikin kəşfiyatının sxemi, onun tapşırıqları, məqsədi və proqramı, eyni zamanda, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun vəziyəti barədə Denikinə ünvanlanmış çoxlu sayda məlumatlar tapılmışdır. Ölkədə hərbi, ictimai-siyasi vəziyyətin gərgin və kənar müdaxilələrin real olduğu, Denikinin ordularının, erməni separatçılarının, riyakar ingilislərin, eyni zamanda, bolşeviklərin Azərbaycanın əleyhinə işlədiyi bir vaxtda müstəqil təhlükəsizlik orqanına xüsusi ehtiyac duyulurdu. Bunu nəzərə alan Azərbaycan parlamenti 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yanında Əksinqilab ilə mübarizə təşkilatının (ƏMT-in) yaradılması barədə qərar qəbul etdi. Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Yusifbəyli tərəfindən 1919-cu il iyunun 13-də imzalanmış bir sənəddə göstətərilirdi: “Mirfəttah Musəvi cənablarına! Dövlət Müdafiə Komitəsinin sənə cariyə haziranın (iyun ayı nəzərdə tutulur) 11-ci günü vaqe olan iclasında zati-aliniz müqabil kəşfiyyat müdirliyinə təyin edilmiş Məhəmmədbağır Şeyxzamanlı cənablarına müavin təyin olunursunuz. Məzkur komitənin qərardadı bərai-məlumat şərh edilir, əfəndin. Dövlət Müdafiə Komitəsinin sədri Yusifbəyli”. Bolşeviklərin fəaliyyəti 1920-ci ilin əvvəllərində yeni vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyətinin hüquq-mühafizə və xüsusi xidmət orqanları bütün səylərini bolşevizmlə mübarizəyə yönəltsə də vəziyyət gündən-günə gərginləşirdi. Nə qədər qəribə də olsa, Nazirlər Şurası 1920-ci il martın 6-da ƏMT-in ləğv edilməsi barədə qərar qəbul etdi. Bundan əvvəl isə 1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə qardaşı Nağı bəy Şexyzamanlı Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində əks-inqilabı mübarizə təşkilatının rəisi təyin olunmuş, 1920-ci il martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir.

Nağı bəy Şeyxzamanlı Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəni tərk etmək məcburiyyətində qalmış, 1967-ci ildə Türkiyədə vəfat etmişdir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

Hesab edirik ki, ümummilli lider Heydər Əliyevin bu sözləri çağdaş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarına da eyni dərəcədə aiddir. Respublikamızın 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə çevrilmişdir.

23 may 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası təsdiq edilmişdi. Bu konsepsiya təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi; Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması; AvropaAvratlantik strukturlarına inteqrasiya; beynəlxalq təşkilatlarla əməkdaşlıq; regional əməkdaşlıq və ikitərəfli münasibətlər; region ölkələri ilə əməkdaşlıq; qeyri-region ölkələri ilə əməkdaşlıq; müdafiə qabiliyyətinin möhkəmləndirilməsi; təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi; demokratiyanın möhkəmləndirilməsi; millidini tolerantlıq mühitinin qorunması; elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması; iqtisadisosial inkişaf; daxili təhlükəsizliyin möhkəmləndirilməsi; sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi; miqrasiya siyasəti; enerji təhlükəsizliyi siyasəti; nəqliyyat təhlükəsizliyi siyasəti; fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi; informasiya təhlükəsizliyi siyasəti kimi mühüm məsələləri əhatə edir. Bu gün Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları öz sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarının işini yeni şəraitə uyğunlaşdırmaq və daha da təkmilləşdirməklə uğurla davam etdirirlər.

 

 

İlham ABBASOV,

 

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru,

 

hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri,

 

prokurorluğun fəxri işçisi

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 3.