İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər”

 

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi ilə bu mövzuda Gəncədə keçirdiyi ilk “dəyirmi masada şəhər icra hakimiyyətinin nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, media mütəxəssisləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev məclisi giriş sözü ilə açaraq toplantının maarifləndirici məramının ümumi işə fayda gətirəcəyinə əminliyini bildirmiş, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallılığını vurğulamışdır.

“RUH”AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi barədə ətraflı məlumat verərək bildirmişdir ki, məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxarmaq, problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. Layihədə jurnalist məsuliyyəti və peşəkarlığı baxımından internet medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu artırmaq, cəmiyyət üzvlərinin internet media ilə bağlı gözləntilərini qruplaşdıraraq müvafiq qurumlara təqdim etmək də nəzərdə tutulur.

 Layihəsinin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldərək bildirmişdir ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. İnternetin qazandırdığı texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət isə yolverilməzdir.

Müzakirələrdə belə bir ortaq qənaət yaranmışdır ki, internetin inkişafı medianın çatdırılma vasitələrini dəyişə də, peşəkarlıq və məsuliyyət meyarları dəyişməzdir. Natiqlər müzakirə edilən mövzunun aktuallığını vurğulamaqla, bəzi internet saytlarda gənc nəslin mənəvi tərbiyəsi baxımdan yolverilməz materiallara rast gəlindiyini də diqqətə çatdımışlar. Onlar belə neqativ təmayüllərin aradan qaldırılması üçün maarifləndirici tədbirlərə dövlətin davamlı dəstək göstərməsini ictimai sektoramediaya qayğı kimi də qiymətləndirmişlər.

Toplantıda internet media sahəsində milli-mənəvi dəyərlərə etinasızlıq mühitinin yaranmasına səbəb olan məsuliyyətsizlik hallarının aradan qaldırılması ilə bağlı təkliflər səslənmişdir.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 4.