“Azadlıq heykəli”ni hazırlatdıran Osmanlı paşası kimdir?

 

Amerikanın rəmzinin həqiqi tarixçəsi

 

“Nyu-York” deyəndə çoxlarının ağlına, yəqin ki, hər şeydən  əvvəl göydələnlər və 93 metrlik “Azadlıq heykəli” gəlir. Bəs 1880-ci illərdə Fransada hazırlanan “Azadlıq heykəli”nin xərclərinin böyük bir hissəsinin Osmanlı sultanı tərəfindən çəkildiyini və əslində, Nyu-Yorkda deyil, Misirdə ucaldılmasının gözlənildiyini bilirdinizmi? "Azadlıq heykəli"nin gizli tarixçəsi XIX əsrdə Osmanlı İmperiyasının sərhədləri daxilində olan Misir dövlətini Mehmed Əli Paşanın sülaləsi idarə edirdi.

O vaxtkı Misir valisi Səid Paşa fransız mühəndis Ferdinand de Lessepsə 1854-cü ildə hazırlatdığı, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayacaq Süveyş kanalı layihəsini təsdiqlətmək üçün Osmanlı sultanına göndərib. Layihənin arxasında Fransa dursa da, İngiltərə Aralıq dənizi və Hindistandakı hakimiyyətinin zəifləyəcəyindən qorxaraq bu plana qarşı çıxıb və Osmanlı padşahı Sultan Əbdüləzizə təzyiq göstərməyə başlayıb. Səid Paşa isə İstanbuldan gələcək təsdiqnaməni gözləməyib, 1854-cü ildə fransız mühəndisə layihə ilə bağlı şirkət yaradılması üçün tapşırıq verib. Fransız sərmayəsi ilə qurulan şirkətin səhmləri satıldıqca İngiltərə sultan Əbdüləzizə daha güclü təzyiq göstərib. Nəticədə, sultan Misir valisi Səid Paşanın layihəsini 12 il cavabsız qoyub.

İstanbulun təsdiqi olmasa da, Səid Paşa işə davam edib. 1863-cü ildə paşa qəflətən dünyasını dəyişib. Onun yerinə İngiltərə tərəfdarı İsmayıl Paşa gəlib. Hakimiyyətinin ilk illərində İsmayıl Paşa layihəyə qeyri-ciddi yanaşsa da, sonradan kanalın Misirə necə fayda verəcəyini başa düşərək layihədən ikiəlli yapışıb. İşlər qurtarmaq üzrə olanda Fransa hökuməti Sultan Əbdüləzizə ingilislərdən daha çox təzyiq edib. Nəhayət, Sultan Əbdüləziz 1866-cı ildə kanalın tikintisinə icazə verən fərman imzalayıb və kanalın tikintisini həyata keçirən şirkətə yüksək məbləğdə pul yatırıb.

 

Asiyanın işığı olacaqdı

 

 Səid Paşa ilə kanalın mühəndisi Ferdinand de Lesseps arasında 1854-cü ildə bağlanan müqavilədə belə bir maddə vardı: Süveyşin Aralıq dənizinə açıldığı yerdə iri bir abidə ucaldılmalıdır. Heykəl fironların dövrünə aid paltar geyinmiş qadın formasında olmalı və əlində “Asiyanın işığının Misirdən gəldiyini” rəmzləşdirən məşəl tutmalı idi.

 Səid Paşa və fransız mühəndis bu abidəni tanınmış heykəltəraş Frederik Avqust Bartholdiyə sifariş ediblər. Sultan Əbdüləzizin ödədiyi ilkin məbləğlə Bartholdi işə başlayıb.  Hissə-hissə hazırlanan heykəl bir neçə ilə ərsəyə gəlib və hətta Marseldən gəmi ilə Misirə göndərilməsi üçün tədarük görülüb. Ancaq Səid Paşa heykəlin hazır variantını görməmiş dünyadan köçüronun yerinə keçən İsmayıl paşa belə böyük bir heykəlin müsəlman dövlətinin ərazisində qoyulmasından ehtiyatlanır. Beləliklə, Paşa mühəndisə heykəli gətirməməyi tapşırıb. Mühəndis nə qədər dil töksə də, İsmayıl Paşa fikrindən dönməyib. Süveyş kanalı 1869-cu ilin noyabrında “heykəlsiz” açılıb. Bartholdinin əsəri isə Parisdə bir anbara verilib.

 

 Heykəl Amerikaya aparılır

 

 Həmin illərdə FransaAmerika Birləşmiş Ştatları arasında əlaqələr möhkəmləndiyindən tərəflər bir-birinə bahalı hədiyyələr göndərirlər. Parisdə qurulan Fransa Amerika dostluq qrupunun lideri Eduar Rene Lefevr de Labule Fransa hökumətini Amerikaya dostluq münasibətlərini daim xatırladacaq bir hədiyyə göndərməyə razı salır. Hədiyyə – bir əlində hüquq rəmzi kitab, digər əlində “dünyanı işıqlandıran azadlıq simvolu” sayılan məşəl tutan heykəl olmalı idi.

Sifariş yenə eyni heykəltəraşa Frederik Avqust Bartholdiyə verilib. Bartholdinin əsəri isə onsuz da hazır idi, illərdir ki, tozlanıb yeni sahibini gözləyirdi.

 Amerikalılar heykəlin Nyu-Yorkun girişindəki balaca adalardan birində qoyulmasına razılıq verirlər. Bartholdi həmin adanı görmək üçün Nyu-Yorka gedir və Parisə qayıdan kimi işə başlayır. Mispoladdan qurduğu heykəlin mühəndislik tərəfini Parisdə öz adına qüllə ucaltmış Qustav Eyfel ilə birlikdə işləyib və 1884-cü ildə əsərin yeni variantını hazırlayır. Bartholdi heykəlin üzünü tamamilə dəyişərək anası Şarlottanın siluetini işləyir. Bir-birinə yapışdırılan 350 hissədən ibarət heykəl bir fransız gəmisinə yığılaraq 4 noyabr 1885-ci ildə Nyu-Yorka göndərilir.

Nyu-Yorkda heykəlin təməl daşının tikilməsi üçün ianə kampaniyası başlanır və ilk vəsaiti macar qaçqını, Nyu-YorkdaWorld” adında bir qəzet çıxaran Jozef Pulitzer (Amerikanın məşhur “Pulitzer” mükafatı məhz onun soyadı ilə bağlıdır) verir. İanə 100 min dollar məbləğində idi.

Bartholdi heykəlin açılışına Süveyş kanalının mühəndisi, həmçinin heykəlin ideya müəllifi Ferdinand de Lessepsi ilə birlikdə gedir və 1886-cı ildə Lesseps əsərinin açılışını edir.

 

 

Ağarəsul MƏMMƏDOV,

 

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2014.- 30 mart.- S. 5.