Gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Avrasiya Universitetinin  birgə təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin  91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

 Tədbirdə universitetin  prorektoru Pünhan Hüseynli, BŞGİBİ-nin rəisi Raqif Abbasov, AzDBTİA-nın prorektoru Yusif Babanlı, NRGİİ-nin rəisi Nəcəf  Novruzov, ali təhsil müəssisələri TGT-nın sədrləri və Avrasiya Universitetinin fəal tələbələri iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru P. Hüseynli və Nərimanov RGİİ-nın rəisi N.Novruzov ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş silsilə tədbirlər haqqında geniş məlumat vermişlər.

  Daha sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda çıxış etmiş, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından danışmışdır. R.Abbasov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır.

Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıran BŞGİBİ-nin rəisi vurğulamışdır ki, hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin sosial problemləri həll olunur.

Çıxışlardan sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılmış, təhsil və ictimai işlərdə fərqlənmiş bir qrup tələbəyə fəxri fərman təqdim edilmişdir.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2014.- 1 may.- S. 4.