Heydər Əliyev – Azərbaycan xalqının iftixar və qürur mənbəyi

 

Müsahibələrinin birində müxbirin “Sizin üçün hansı insani keyfiyyət daha böyük önəm kəsb edir?” – sualına ulu öndər Heydər Əliyev qısa və ibrətamiz cavab vermişdi: “Mərdlik!” Əslində, bu cavab Heydər Əliyevin siyasi xarizmasının ən kamil cəhətini nümayiş etdirir. Bu ali keyfiyyət onun siyasi xarakterinin, mübarizə yolunun ən mühüm və ayrılmaz atributu kimi qəbul olunur.

Biz Heydər Əliyevin ömür yolunu izlədikdə görürük ki, mərdlik ulu öndərin xarakterinin formalaşmasında mühüm rol oynayan keyfiyyətlərdən biri olmaqla yanaşı, onun siyasi iradəsi, praqmatik dünyagörüşü ilə vəhdət təşkil edir və şəxsiyyət kimi portretinə əlahiddə cazibədarlıq və müstəsna parlaqlıq gətirir. Əlbəttə ki, bu gün ictimai şüurda özünə əbədilik statusu qazanmış “Xalq - Heydər, Heydər - Xalq” deyimi təsadüfdən yaranmamışdır. Heydər Əliyev bütün həyatı boyu canından əziz bildiyi Azərbaycan xalqının rifahı, inkişafı, istiqbalı uğrunda mərd-mərdanə, bəzən isə bir çox hallarda təkbaşına, hətta heç bir siyasi konyunkturanın çərçivəsinə sığmayan addımlar atıb, mübarizə aparmışdır. O, çıxışlarında ölkəmizin azadlığı və müstəqilliyi ilə bağlı bir məqamı xüsusi vurğulayırdı: “Azərbaycanın müstəqilliyi uğrunda hər an şəhid olmağa hazıram!”

Bu fikir sadəcə olaraq pafos deyil, dahi şəxsiyyətin hər addımında sübuta yetirilmiş bir həyat fəlsəfəsidir. Bu fəlsəfənin praktik təsdiqinə çoxlu nümunə göstərmək olar.

Heydər Əliyev bir-birinə zidd iki sistemdə Azərbaycana rəhbərlik etmişdir. O, cəmiyyət üçün qapalı hesab edilən DTK-da çalışdığı illərdə də həmişə, hər şeydən öncə, xalqın milli mentalitetinə, milli kimliyinə uyğun fəaliyyət göstərmişdir. Həmin dövrləri xatırlayarkən ulu öndər demişdir ki, mən orta məktəbdə oxuyarkən türk yazıçılarının əsərlərini çox sevirdim. Yəhya Kamalın, Əbdul Hamidin, Orxan Kamalın əsərlərini dönə-dönə oxuyurdum. Yaşar Nuri Güntəkinin “Çalıquşu” romanı mənə xüsusilə təsir etmişdi. Ancaq sonralar Stalinin əmri ilə azərbaycanlılara öz milli kimliyini unutdurmaq üçün türk yazıçılarının əsərləri dərsliklərdən çıxarıldı, tədris olunması qadağan edildi, türk yazıçılarının kitabları kitabxanalardan yığışdırıldı. Amma mən DTK-da işlədiyimə görə, türk müəlliflərinin əsərlərini əldə eldə etmək imkanım olurdu. Çünki o kitablar qadağan olunduğuna görə, bizim komitənin zirzəmisində saxlanırdı. Mən də o kitabları götürüb, kabinetimə çəkilib, səhərə kimi yatmayaraq oxuyur, səhərə yaxın aparıb yerinə qoyurdum...

Heydər Əliyevin DTK sistemindəki fəaliyyəti barədə daha dəqiq və dolğun təsəvvür yaradan hadisələrdən biri də xalq şairi Bəxtiyar Vahabzadəyə həmin illərdə sovet ideologiyasının basqılarını məharətlə zərərsizləşdirməsidir. Sevimli şairimiz xatırlayırdı ki, “Gülüstan” poemasından sonra mənə münasibət çox pis idi. Hətta, mənim həbs olunmaq məsələm də müzakirə edilirdi. Mən bütün bu bəlalardan Heydər Əliyevin qayğısı və siyasi manevrləri hesabına qurtula bildim. O, məni bir dəfə qəbuluna çağırdı, bir qədər ədəbiyyatdan, poeziyadan söhbət açdı. Sonra dedi ki, mən istəyirəm ki, siz Lenin haqqında bir əsər yazasınız. Mən də əsər yazmağa başladım və Leninin rüşvət haqqında bütün dediklərini bir yerə toplayıb, ayrı-ayrı bölmələrdə onlardan epiqraf kimi istifadə etdim. Əsər tamamlanandan sonra oxumaq üçün Heydər Əliyevə təqdim etdim. O, poema ilə tanış olandan sonra, məni yenidən yanına dəvət etdi. Dərhal hiss etdim ki, o, mənim ədəbi fəndimi qiymətləndirib və gülümsəyərək belə bir atalar sözünü xatırlatdı: Dedi ki, belə bir məsəl var, “Anam xəsisdir, kündəni xırda-xırda doğrayır, atam da bicdir, kündəni iki-iki yeyir”. Mən sənə demişəm Lenin haqqında əsər yaz, sən də Leninin sözlərindən istifadə edərək onun yaratdığı sistemə qarşı öz tənqidi fikirlərini qələmə almısan. Amma bütün bunlara baxmayaraq, mən bu əsərin çapına nail olacağam. “Leninlə söhbət” adlı həmin poema çap olundu və Dövlət mükafatına layiq görüldü...

Bu hadisə bir daha təsdiqləyir ki, Heydər Əliyev gənc yaşlarından Sov.İKP sıralarına daxil olsa da, kommunist sisteminin əsl mahiyyətini dərk etməmiş deyildi. Ancaq o, sovet sisteminin hansı gücə, imkanlara malik olduğunu da yaxşı bilirdi. Ona görə də bu sistemə qarşı açıq-açığına çıxış etmək, onu tənqid etmək heç bir müsbət nəticə verə bilməzdi. Əgər Heydər Əliyev sovet ideologiyasına qarşı nümayişkaranə çıxsaydı, o da yüzlərlə azərbaycanlı kimi məhv ediləcəkdi. Heydər Əliyev öz qarşısına qoyduğu Azərbaycan naminə məqsədlərini həyata keçirmək üçün həm də özünü qorumalı idi. Çünki o, öz üzərinə düşən missiyanın nədən ibarət olduğunu bilirdi və onu da dərk edirdi ki, bu tarixi missiyanı yalnız özü həyata keçirməlidir.

Heydər Əliyev gerçəkdən bir xalq missioneri idi. O, Moskvada fəaliyyət göstərərkən Suriyada siyasi vəziyyət gərginləşmişdi. Suriya isə Sovet hökumətinin müttəfiqlərindən biri idi. Orada siyasi sabitliyin bərqərar olması sovetlərin maraq dairəsində idi. Onda Sov. İKP MK-nın Siyasi Bürosu Heydər Əliyevi Suriyaya ezam etdi. Şübhəsiz ki, Heydər Əliyev müsəlman Şərqində qəbul edilən nüfuz və söz sahibi idi. O, Suriya rəhbərləri ilə müəyyən danışıqlar aparıb siyasi gərginliyi aradan qaldıra bilmişdi. Ulu öndər Suriyada olduğu vaxtda heç bir protokolda nəzərdə tutulmayan, o dövr üçün həm cəsarətli, həm də heyrətamiz bir addım atır: SSRİ-nin Dəməşqdəki səfirliyinə göstəriş verir ki, böyük Azərbaycan şairi Nəsiminin Hələbdəki qəbrinin yerini müəyyənləşdirsinlər və o, dar macalda gedib Nəsiminin məzarını ziyarət etmişdir. Bunu kim edə bilərdi? Bu, adi bir cəsarət nümunəsi deyil, bunu sıradan bir qəhrəmanlıq aktı da hesab etmək olmaz. Bu addımı ancaq öz millətini, tarixini sevən, millətinin gələcəyini düşünən böyük lider, istiqlal mücahidi edə bilərdi.

Heydər Əliyevin sovet ideologiyasının alt qatlarına siyasi düşüncə ilə vurduğu “zərbələrdən” daha bir nümunə göstərək: Vaxtilə biz “Gülüstan” poemasını cəsarət nümunəsi hesab edirdik və burada böyük həqiqət vardı. Ancaq bu hadisədən, poemanın çapından bir neçə il sonra Heydər Əliyev sovet ideologiyasının rəmzi olan və əlini təkəbbürlə paytaxtımıza tuşlayan Kirovun heykəlindən aşağıda “Gülüstan” adlı saray tikdirir. Bu, əslində Heydər Əliyevin ikiyə bölünmüş Azərbaycan xalqının tarixi faciəsini özündə əks etdirən fundamental monument idi. Həmin sarayda qonaq olan dövlət adamlarına “Gülüstan” adının hansı assosiasiya doğurduğunu izah etməyə heç bir ehtiyac qalmırdı. Bu addımı atmaq üçün vətəndaşlıq yanğısı, vətənpərvərlik bəs etmirdi. Bu işi görmək üçün həm də böyük cəsarət sahibi olmalıydın! Sonralar Heydər Əliyev bu mövzunu müstəqillik illərində də öz fəaliyyətinin əsas prinsipi kimi qoruyub saxlamışdır.

“Siz hansı şairi sevirsiniz” sualına ulu öndərin: “Şəhriyarı” - cavabını verməsi, əlbəttə ki, təsadüfi xarakter daşımır. Bu, o deməkdir ki, Heydər Əliyev Azərbaycanın mədəniyyətinin tarixinin o tay-bu taya bölünməsinə daxilən etiraz edir, həm də bunu elə formada ifadə edir ki, heç bir qonşu dövlət bundan siyasi məqsədlər üçün istifadə edə bilməsin.

Həmin müsahibənin bir yerində “Hansı sənət növünü sevirsiniz?”—sualına isə “Miniatür sənətini” - deyə cavab verir. Tarixdən bizə bəllidir ki, miniatür sənətinin əsası Təbrizdə qoyulub və orada öz inkişafının yüksək mərhələsinə çatmışdır. Heydər Əliyev onu demək istəmişdir ki, bizim millətimizin, Azərbaycan türklərinin mənəvi-mədəni, həm də tarixi paytaxtlarından biri də Təbriz şəhəridir. Təbrizin adı Bakı ilə birlikdə çəkilməlidir və həmin müsahibədə də bu paralelliyə ciddi şəkildə riayət edir. Ən çox sevdiyi şəhər kimi Bakını qeyd etməklə yanaşı, miniatür sənətinin adını çəkməklə Təbrizin də adını xatırlamağı özünə borc bilir.

Bu baxımdan Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçildikdən sonra “Literaturnaya qazeta”ya verdiyi “Qoy ədalət zəfər çalsın!” adlı müsahibə ilk baxışdan adi görünə bilər. Amma burada diqqəti çəkən çox ciddi bir məqam, həm də o dövr üçün çox sensasiya doğura biləcək bir məqam var: sovetlər sisteminin az qala bütün dünyaya sosializm ideyalarını ixrac etməyə iddialı olduğu bir məqamda imperiyanın ucqar vilayətlərindən biri sayılan Azərbaycan Respublikasının rəhbəri mətbuatda “Qoy ədalət zəfər çalsın!” – deyə çağırış etməklə, əslində, o dövrün ictimai fikir adamlarını – ziyalıları, ideoloqları düşünüb-daşınmağa vadar etmişdi...

Ümumiyyətlə, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildiyi ilk gündən o dövr üçün standartlaşmış sovet lideri stereotiplərini alt-üst etdi. O, tez-tez mətbuat nümayəndələri ilə görüşür, insanlarla açıq və səmimi ünsiyyət qurur, insanların iş yerlərinə baş çəkir, korrupsiyaya, rüşvətxorluğa, tayfabazlığa, yerliçiliyə... qarşı açıq müharibə elan edir və mübarizə aparırdı.

Heydər Əliyev elə nadir istedad sahiblərindən idi ki, istənilən peşəkarlarla dialoqa girə bilir, istənilən sahə barədə orjinal fikirlər irəli sürürdü. Mən onun bu xüsusiyyətinin canlı şahidlərindən biri olmuşam.

1993-cü ildə “Yeni Azərbaycan” qəzetini nəşrə hazırlayarkən mənə verdiyi tapşırıq və tövsiyyələr əsasında qəzetçiliklə bağlı elə detallara toxunurdu ki, heyrətimi gizlədə bilməyib ona sual verdim: “Siz bütün bunları haradan bilirsiniz?” Heydər Əliyev gülümsəyərək “İzvestiya” qəzetinin mətbəəsində tez-tez olduğunu, hətta qurğuşundan tökülmüş şriftrləri öz əli ilə səhifələrə necə düzdüyünü danışdı. Və çap prosesindəki incəliklərdən əsl peşəkarlıqla söhbət açdı.

Bütün bu sadaladığımız nümunələr Heydər Əliyevin böyük zəkasından, nadir istedadından, biliyindən, bacarığından, eyni zamanda demokratik təbiətindən, ruhundan irəli gəlirdi. Onun sadə insanlarla, zəhmət adamları ilə hər görüşü yaddaqalan hadisəyə və şirin xatirələrə çevrilirdi.

Heç yadımdan çıxmaz. Qocaman neftçilərdən biri danışırdı ki, Heydər Əliyev Neft daşlarına gəlmişdi. Hamı ilə çox mehribancasına salamlaşıb görüşdü, əlim mazutlu olduğuna görə mən kənara çəkildim. Heydər Əliyev dərhal bunu hiss etdi və mənə: “Əlini bura ver, mənə elə sənin mazutlu əlin lazımdır” deyib əlimi sıxdı və əlavə etdi: “Mən bura rəhbər işçilərlə görüşməyə yox, elə sənin mazutlu əlini sıxmağa gəlmişəm”.

Ulu öndərimizin demokratik dünyagörüşü, azad ruhlu təbiəti müstəqillik illərində daha aydın formada özünü büruzə verdi. Müstəqilliyimizin ilk illərində demokratik dəyərlərin təhrif olunmasına tez-tez rast gəlinirdi. Bu cür yanlış tendensiya Azərbaycanın müstəqilliyinin əldə olunmasına münasibətdə də özünü göstərirdi. Heydər Əliyev belələrinə çox aydın və tarixi bir çağırışla cavab verirdi: “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir. Bu sərvəti heç bir şəxs və heç bir siyasi qüvvə özününküləşdirə bilməz”. Bu sözlər bir şəxsə və hər hansı siyasi qüvvəyə verilən cavab kimi qiymətləndirilməməlidir. Bu fikirlər müstəqil və demokratik Azərbaycanın ideoloji bazasını təşkil edən əsas tezis kimi dəyərləndirilməlidir.

Heydər Əliyev müstəqillik illərində özünün fərqli baxışları ilə müxalifətçilik və demokratik normalara yeni məzmun və çalarlar əlavə edirdi. O deyirdi: “Biz elə bir dövlətdə yaşayırıq ki, müxalifət mütləq olmalıdır. Müxalifətsiz cəmiyyət qurmaq mümkün deyil. Kim istəyir müxalifətdə dayansın, ancaq heç kim öz Vətəninə, dövlətinə, millətinə, xalqına qarşı müxalifətdə olmamalıdır." O bəzən müxalifətin passivliyini görüb, onlara impuls verərək canlandırır və siyasi proseslərə cəlb edirdi. 1998-ci ildə bəlkə də heç bir ölkənin siyasi tarixində görünməyən bir hadisə baş verdi. O, müxalifət liderlərinə məktubla müraciət edib, siyasi proseslərdən kənarda qalmamağa, bu proseslərdə iştirak etməyə və prezident seçkilərində namizəd olmağa dəvət etdi.

Hiss və emosiyalara qapılmadan bir məqamın üstündə xüsusi dayanmaq istəyirəm. Mən birmənalı şəkildə Heydər Əliyevi müasir dövrümüzün ən böyük demokratı hesab edirəm. Çünki demokratiya təkcə bizdə bəzilərinin məhdud düşüncəsinə görə təkcə öz fikirlərini sərbəst şəkildə ifadə etmək mədəniyyəti deyil. Demokratiya, hər şeydən öncə, insanları dinləmək mədəniyyətidir. Heydər Əliyev insanları, uşaqdan böyüyə hamını böyük səbr və təmkinlə dinləyirdi. O, yalnız insanlara qulaq asmaq, onları dinləməklə kifayətlənmir, qaldırılan problemlərə çox humanistcəsinə yanaşmağı bacarırdı. O, qəbul etdiyi qərarların icrası üçün dəmir iş üslubundan istifadə edərək, hər şeyi ciddi nəzarətdə saxlayırdı. Eyni zamanda, irəli çəkdiyi, etimad göstərdiyi, məsul vəzifələrə təyin etdiyi kadrları sona qədər müdafiə edirdi.

Heydər Əliyevin həyat fəaliyyətinin hansı sahəsini izləsək aydın olur ki, o, bütün məqamlarda ardıcıl və sistemli bir düşüncənin və siyasi əxlaqın sahibi olaraq fəaliyyət göstərmişdir. Heydər Əlirza oğlu belə ali keyfiyyətlərinə görə Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan xalqının şəksiz və şəriksiz lideri statusunu qazanmış, tariximizin iftixar və qürur mənbəyi kimi əbədi yaddaşlarda qalmışdır. Birinci dəfə (1969-1982-ci illər) Azərbaycanın güclü inkişafına nail olunmuş, respublikanın gələcək müstəqilliyi üçün maksimum və təxirəsalınmaz işlər görmüşdür. İkinci dəfə (1993-2003-cü illər) Azərbaycan rəhbərliyinə özünün qurtuluşçu missiyası ilə daxil olmuş və bu dövrdəki tarixi rolunu hamıdan dəqiq qiymətləndirə bildiyinə görə deyirdi ki, “mən Azərbaycanda əbədi olacağam”.

Bəli, əbədilik, ölməzlik Heydər Əliyevin siyasi obrazını tamamlayan xarakterik cizgidir...

 

Xeyrəddin QOCA,

 

yazıçı

 

Xalq qəzeti.- 2014.- 3 may.- S. 3.