Sahil şəhərinin yeni növrağı

 

Kürlə Xəzərin qovuşduğu yerdə qərar tutan Neftçala şəhərinə çatar-çatmaz burada geniş quruculuq işləri görüldüyünün şahidi olursan.  Aybaay abadlaşaraq simasını dəyişən sahil şəhəri  indilər əsl tikinti meydançasını xatırladır.

Şəhərə əsas giriş Heydər Əliyev prospektindəndir. Amma burada asfalt işləri ilə əlaqədar yol bağlanmışdı. Evlərin arası ilə birtəhər keçərək mərkəzə çatdıq. Sağda, solda  orijinal üslubda ucaldılmış yeni binalar, saraylar boy göstərir. Bunlar  icra hakimiyyətinin, ulu öndərin adını daşıyan mərkəzin gözoxşayan binaları, qarşıdakı meydan və digər ünvanlardır. Mərkəzi prospekt əsaslı şəkildə yenidən qurulur. Qranit laylarla hasarlar çəkilir, səkilər düzəldilir, yaşıllıqlar salınır, müasir işıqlandırma fanarları quraşdırılır, saat qülləsi ucaldılır. Eyni zamanda, yaşayış evlərinin, ictimai binaların dam örtüyü, fasad hissəsi, pəncərələri dəyişdirilərək təzələnir.

Şəhərin Kür çayı sahilində isə bulvar salınıb. Sahilboyu 600 metrlik istirahət parkında əyləncə guşələri, sosial obyektlər sıralanıb. Əraziyə yaraşıqlı daşlar düzülüb, yaşıllıq zolaqları salınır, ağac və güllər əkilir. Parkın yuxarı hissəsində inşa edilən Dövlət Bayrağı meydanı da əraziyə xüsusi görkəm verir. Artıq Park-Bulvar Kompleksində ilk böyük tədbir - Novruz şənliyi təşkil edilib.

Neftçala şəhərinin mərkəzində rayon icra hakimiyyəti üçün inşa edilən yeni inzibati bina istifadəyə hazırdır. Gülbaxt lay daşı ilə üzlənmiş 4 mərtəbəli bina şəhərə ayrı bir yaraşıq verir.   Heydər Əliyev Mərkəzi  xüsusi layihə əsasında inşa edilib. Ara ərazi üçün nəzərdə tutulan park gözəllikləri tamamlayacaq.  

Vətən uğrunda  mərd mübarizlərin xatirəsi Neftçalada da əziz tutulur. Şəhərin mərkəzində ucaldılan monumental abidə kompleksi buna sübutdur. Şəhidlər Xiyabanı adlanan bu ərazi 3,2 min kvadratmetr sahəni əhatə edir.

Neftçalanın sosial-iqtisadi mənzərəsi də ürəkaçandır. Bu ilin əvvəlindən rayonda ümumi məhsul istehsalının həcmi 41,2 faiz artaraq 45,3 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 12,6 faiz, kənd təsərrüfatı məhsulu   24,8 faiz, ticarət, iaşə və digər xidmət sahələrinin payı  33,2 faiz, tikinti işlərinin həcmi 28 faizdir. Qeyri-dövlət bölməsinin payı  93,2 faizə çatıb.

İlk rüb ərzində rayonda 207 fiziki şəxs fəaliyyətə başlayıb. Fiziki şəxslər üzrə 207, mövcud müəssisə və təşkilatlarda 83 olmaqla cəmi 290 yeni yeri açılıb. Tikinti-quruculuq işlərinə 135, aqrar sahədə mövsümü işlərə 518  nəfər cəlb olunub. Yeni yerlərinin açılması istiqamətində əlavə tədbirlər görülür.

Rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslər tərəfindən 5 milyon 702,9 min manatlıq sənaye məhsulu istehsal olunub, görülüb və xidmətlər yerinə yetirilib.

Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 273,9 manat təşkil edir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

Aqrar sahədə müsbət irəliləyişlər olub. Ət istehsalı diri çəkidə 2818,1 ton olub, o cümlədən 2169,4 ton quş əti, 5019,4 ton süd, 1017 min ədəd yumurta istehsal edilib. 2014-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 45158 hektara çatdırılıb, pambıq əkini, digər yazlıq əkinlərlə əlaqədar hazırlıq işləri tam həyata keçirilib.

Ötən üç ayda rayonun təmir-tikinti və xidmət təşkilatları tərəfindən yerinə yetirilmiş işin həcmi 13 milyon manata qədər olub.

Neftçala şəhərini iki hissəyə ayıran, uzunluğu 3,7 kilometr olanAxmaz gölekoloji cəhətdən sağlamlaşdırılır. Kür çayı sahilində, Bankə qəsəbəsi ərazisində mini futbol meydançası inşa edilir. Heydər Əliyev Mərkəzinin arxa hissəsində də geniş abadlaşdırma işləri görülür. Ayrılmış   ərazidə idman kompleksinin tikintisinə başlanıb. Kürkənddə  200 yerlik, Yuxarı Qaramanlıda 360 yerlik məktəb binaları tikilir. Aşağı Surra kənd tam orta məktəbin əsaslı təmiri və 10 əlavə sinif otağının inşası aparılır.     Rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən respublika əhalisinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Neftçalada da müvafiq tədbirlər uğurla görülür.

2014-cü ilin birinci rübündə  icra hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə 12 səyyar görüş və qəbul keçirilib, bu görüşlərdə 1157 nəfər iştirak edib. 70 nəfər 40 tənqidi qeyd və təkliflə çıxış eləyib. Yolların əsaslı təmiri, yaşayış məntəqələrinin qazlaşdırılması, suvarmadrenaj kanallarının lildən təmizlənməsi, içməli su və işıq təchizatının yaxşılaşdırılması,  məişət tullantılarının vaxtlı-vaxtında daşınması, məktəblərin əsaslı təmiri və digər məsələlərə diqət cəlb olunub.

Regional inkişaf üzrə Dövlət Proqramlarının icrasından nəsibini alan sahil şəhərində hələlik işlər davam etdiyindən yeniliklərin gətirəcəyi gözəlliklər bütün əlvanlığı ilə nəzərə çarpmır. Amma az bir müddətdən sonra Neftçalanın müasir şəhər tabloları göz-könül sevindirəcək, uğur hekayələri çoxalacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 3 may.- S. 6.