Heydər Əliyev ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının təşəbbüskarıdır

 

Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və əbədilik qazandırdığı gənc müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafı sürətləndikcə ölkəmizdə yaşayan hər bir vətəndaşın hüquq və azadlıqları daha yüksək səviyyədə qorunur. Çünki əsası ümummilli liderimiz tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun təməl prinsiplərindən biri məhz insan hüquq və azadlıqlarının qorunmasıdır.

Həmin siyasi kursun icrası zamanı həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində reallaşdırılmış məhkəmə-hüquq islahatları ölkəmizdə tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradılmasını təmin etmişdir. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər və qabaqcıl təcrübə Avropanın aparıcı dövlətləri tərəfindən də etiraf olunmaqdadır.

Dövlətimizin və dövlət başçımızın hüquq islahatları sahəsində son illərdə həyata keçirdiyi tədbirlər belə ulu öndərin başladığı islahatların davamı kimi qəbul edilir. Yadımdadır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” və “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanun təsdiq edilərkən kütləvi informasiya vasitələri və hüquq ekspertləri yazmışdılar ki, ölkədə Heydər Əliyevin hüquq islahatları davam edir. Yeri gəlmişkən, həmin qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci il yanvar ayının 1-dən “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə qəbul edilmiş həmin məcəllə və “İnzibati İcraat haqqında” Qanun respublika ərazisində qüvvəyə minmişdir.

 Aradan bir neşə il keçəndən sonra qələmə aldığımız bu sətirlərdə etiraf etməyi vacib sayırıq ki , ölkədəki vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində, üstəlik, obyektivçevik həllinə imkan verən inzibati-iqtisadi məhkəmələrin yaranması və 2011-ci il yanvarın 1-dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisə idi. Çünki, bu, inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və qanunauyğun şəkildə baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

 Avropalı mütəxəssislər yazırlar ki, Azərbaycanda ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlaması insan hüquq və azadlıqlarının qorunması istiqamıtində atılan mühüm addımdır. Bu istiqamətli qanunvericilik bazasının formalaşdırılması və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ölkəmizdə məhkəmə-hüquq sahəsinin mütərəqqi inkişaf prosesində olduğunu göstərir.

 Bütün bunları qələmə alarkən bir qədər geriyə boylanmaq, ölkəmizdə həyata keçirilmiş hüquq islahatlarının tarixinə qısaca da olsa, ekskurs etmək zərurəti var. Çünki ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə ölkəmizdə qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

SSRİ-nin çökməsindən sonra ölkəmizin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə - 1993-cü ilin yayında ulu öndər xalqın israrlı çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasının icrasına başlayan Heydər Əliyev nadiriti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə, demokratik, hüquqi dövlət yaratmağa müvəffəq oldu. “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”, – deyən ulu öndər respublikamızda bütün bu arzuların reallaşmasına nail oldu.

 Müstəqilliyin ilk illərində ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün dövlət başçısının 1994-cü ildə imzaladığı xüsusi fərman qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Məhz həmin fərmandan sonra hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Təbii ki, ölkədə hüquqi dövləti qurmaq üçün, ilk növbədə, konstitusiya və mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti və hakimiyyət bölgüsü kimi prinsiplər yaradılmalı idi.

Ulu öndər bilirdi ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası demokratik cəmiyyətin əsas dayaqlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilikicra hakimiyyətini hüquqi çərçivədə istiqamətləndirir. Məhkəmələr, hər şeydən əvvəl, konstitusiya qaydalarının pozulmasının qarşısını alan, bununla da real hakimiyyətlər bölgüsünü təmin edən məhdudlaşdırıcı amil kimi çıxış edirlər.

Ulu öndərin təşəbbüsü, bilavasitə iştirakı və rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş ilk konstitusiyamız əsasında məhkəmə hakimiyyəti ölkəmizdə dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən, hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunvericiicra hakimiyyəti ilə eyni statusu əldə etdi. Bu, gənc müstəqil dövlət üçün böyük nailiyyət idi. Böyük dövlətçilik təcrübəsi olan ulu öndər bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün deyil. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi.

Cəmiyyət həyatının digər sahələrindən fərqli olaraq, daha böyük diqqət və prinsipiallıq tələb edən məhkəmə sisteminin spesifikliyini dərindən bilən və bütün məqamları nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.

Böyük öndərin tövsiyə və tapşırıqları ilə ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, MülkiSiyasi Hüquqlar haqqında beynəlxalq paktlar, və həmçinin, İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer almış prinsipnormalara uyğunlaşdırılması prosesinə başlanıldı . Nəticə isə göz qabağındadır. Ölkənin hüquq tarixini yazan mütəxəssislərin qeyd etdiyi kimi, dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək, 2000-ci ildən ölkəmizdə yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.

 Bu qəbildən olan yazıları qələmə alan həmkarlarımız – hüquqşünaslar ortaya ənənəvi sual qoyurlar: Yeni sistemin üstünlüyü nədən ibarətdir? Qeyd etmək vacibdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir. İstənilən işə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqafakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgünobyektiv həll edilməsinə zəmin yaradır.

Ölkədə həyata keçirilən məhkəmə - hüquq islahatları nəticəsində Ali Məhkəmənin funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Belə ki, Ali Məhkəmə artıq aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaq funksiyasından xilas oldu. Dövlət başçımız bu addımı ona görə atırdı ki, ali instansiya məhkəməsinin rolu artıq baş tutmuş ədalət mühakiməsinə müdaxilədən daha çox, məhkəmə təcrübəsinin stabilləşdirilməsi kimi mühüm məsələlərə yönəldilsin.

 Burada xüsusilə qeyd edilməli bir məqam da var: Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla daHabeas Corpusprinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Bu islahatın fəlsəfəsi ondan ibarət idi ki, insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilsin. Eyni zamanda, insan haqlarını məhdudlaşdıran digər qərarların qəbulu da bilavasitə məhkəmələrin səlahiyyətinə aid edildi. Ən başlıcası, məhkəmə üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, ölkədə demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı. Yəni, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə Heydər Əliyev konsepsiyasının əsasını tamamilə yeni bir məhkəmə sisteminin yaradılması təşkil edirdi.

Aparılan məhkəmə - hüquq islahatlarının icrası zamanı həmçinin, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə, 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözlə, bugünki, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradıldı. Elə ümummilli liderimizin sağlığında – 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə ölkənin hakim korpusunun 60 faizi təzələndi. Özünün xarici səfərlərinin birində bu məsələyə məxsusi olaraq toxunan ulu öndər demişdi: “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”.

 Yuxarıda qeyd etdiyimiz kimi, hüquqi dövlətin və ədalət mühakiməsinin Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq islahatları bu günuğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur.

Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir. Bu fəaliyyətimizin bütün dünyada yüksək qiymətləndirilməsi tamamilə təbiidir. Çünki, onların təməlində ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik təcrübəsi və siyasi müdrikliyi dayanır.

 

Kamran SÜLEYMANOV,

 

Şəki Rayon Məhkəməsinin hakimi

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 3.