Ölkəmizdə keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətini ekspertlər yüksək qiymətləndirirlər

 

Dünyanın davamlı inkişafı proqramına həsr olunan II Qlobal Açıq Cəmiyyətlər Forumunda tanınmış ictimai-siyasi xadimlər iştirak etdilər. Forumun yüksək səviyyədə təşkili və ölkə Prezidentinin tədbirdə iştirak etməsi Azərbaycan dövlətinin böyük humanitar missiya daşıyıcısı olması həqiqətini bir daha təsdiqlədi. İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun mahiyyəti, əhəmiyyəti və ölkəmiz üçün müsbət beynəlxalq rəyin formalaşmasında rolu ekspertlər tərəfindən şərh edildi.

 

Qəmər CAVADLI, Qafqaz Müsəlmanları İdarəsinın sədr müavini, filologiya üzrə fəlsəfə doktoru:

 

– Artıq uzun müddətdir ki, paytaxtımız beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən bir şəhərə çevrilmişdir. Çox təqdirəlayiq haldır ki, ölkəmiz qlobal iqtisadisiyasi problemlərin həllində, mədəniyyətlər və dinlərarası dialoqlarda öz sözünü deməyə səviyyəsinə qalxmışdır. Bizim üçün belə forumlarda dini tendensiyanın müzakirə edilməsinin önəmini xüsusi qeyd etmək istərdim. Din - dünya mədəniyyətinin ayrılmaz hissəsidir və çox sevindirici haldır ki, Azərbaycan bu gün dünyada dini mədəniyyətin və dini tolerantlığın nümunəsi kimi tanınır. Bu mənada tam əminliklə demək olar ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi və bundan əvvəl keçirilən Beynəlxalq Humanitar Forumlar ölkəmizin dünya siyasi arenasında nüfuzunun möhkəmlənməsinə xidmət edən amillərdəndir.

 

Vüsalə HÜSEYNLİ, Demokratik İslahatçı Gənclər Birliyinin sədri:

 

– Ümumiyyətlə, beynəlxalq tədbirlərə ev sahibliyi etmək birmənalı şəkildə ölkəmizin dünyada təbliği deməkdir. Son illər ölkəmiz belə işgüzar beynəlxalq forumların keçirilməsində fəal iştirak etməklə, ilk növbədə, sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə sadiqliyini və tolerantlıq, eyni zamanda multikulturalizm mərkəzi olduğunu bir daha sübuta yetirir. Belə tədbirlər Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətinin, tarixinin və incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, həm də ölkəmizin xaricdə diasporlobbi quruculuğu işinin mühüm tərkib hissəsi olduğunu göstərir. Təbii ki, bu gün Azərbaycan dünyada nə qədər çox tanınırsa, bir o qədər də öz həqiqətlərimizi bəyan etmək, maraq və mənafelərimizi layiqincə qorumaq imkanı qazanırıq. O cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq arenada sərgilənməsi üçün münbit şərait yaranır. Bu dəfə II Qlobal Açıq Cəmiyyətlər Forumunun işində dünyanın nüfuzlu dövlət və hökumət başçıları, politoloqlar, iqtisadçılar, transmilli şirkətlərin rəhbərləri, habelə, elm xadimləri bir araya gələrək humanitar, iqtisadi, siyasi aspektli müxtəlif məsələlər ətrafında diskussiyalar aparmış, ortaq mədəni dəyərləri bölüşmüşlər.

 

 Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 4.