Avropa çempionatında beş medal

 

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş kişi və qadınlar  arasında taekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarından beş nəfəri çıxışlarını fəxri kürsüdə  başa vurmuşdur. Onlara bir qızıl və dörd bürünc medal təqdim olunmuşdur.

Taekvondo ustalarımızdan ən böyük müvəffəqiyyəti 87 kq çəki dərəcəsində daha yaxşı hazırlıq nümayiş etdirən Radik İsayev qazanmışdır. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olmuşdur.

Azərbaycan komandasının  daha dörd üzvü Ramin Əzizov ( 80 kq), İlkin Şahbazov (74 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) isə üçüncü yeri tutaraq bürünc medal qazanmışlar.

 

“Naxçıvan kubokunu Azərbaycan komandası qazandı

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kubokuturniri Azərbaycan komandasının inamlı qələbəsi ilə başa çatmışdır. Güləşçilərimiz iki gün davam edən yarışın finalında Ukrayna yığmasına 8:0 hesabı ilə qalib gəlmişlər.

Bu komandalarla yanaşı, turnirdə Naxçıvan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Özbəkistan kollektivləri də iştirak etmişlər. Üçüncü yeri Rusiya güləşçiləri tutmuşlar. Onlar bürünc medallar uğrunda matçda qazaxıstanlı rəqiblərini məğlubiyyətə uğratmışlar-5:3.

Beşinci yerə Türkiyə komandası üzərində 5:3 hesabı ilə qələbə qazanan Naxçıvan kollektivi sahib olmuşdur. Yeddinci yer uğrunda görüşdə isə Gürcüstan güləşçiləri Özbəkistan idmançılarına qalib gəlmişlər-6:2.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 6 may.- S. 10.