Azərbaycan Tibb Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş konfrans

 

Mayın 7-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Təbabətin aktual problemləri” mövzusunda konfrans keçirilmişdir.

Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin klinikanın foyesindəki barelyefinin önünə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.

Klinikanın zalında davam edən tədbiri universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, elmə və təhsilə, xüsusilə səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhalinin sağlamlığı, peşəkar həkim kadrlarının hazırlanması istiqamətində fəaliyyətindən danışmışdır.

Unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladan rektor demişdir ki, ulu öndərin ömrünün  hər günü dövlətinə və millətinə xidmətlə keçmişdir.

Bildirilmişdir ki, adı tarixdə əbədiləşən dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra ATU-da müəllim və tələbələr qarşısında proqram xarakterli çıxışı və gələcək həkimlərə dəyərli məsləhətlər verməsi universitetin tarixində silinməz izlər qoymuşdur. Buna görə ATU əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunlarına dair ənənəvi konfrans bundan sonra da ulu öndərin doğum günü ərəfəsində keçiriləcəkdir.

Ulu öndərin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov bildirmişdir ki, paytaxt Bakıda və regionlarda yeni tikilən və əsaslı təmirdən çıxan səhiyyə ocaqlarının ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi bunun əyani təzahürüdür.

Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Azərbaycanın hər guşəsində, bütün idarə və müəssisələrdə, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiramsevginin, inamın təzahürüdür.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dövlətçilik və siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətində silinməz izlər qoymuş tarixi şəxsiyyətdir.

Açılışdan sonra ATU-nun əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunları təhlil edilmişdir.

 Plenar iclasda professor Nuru BayramovLaparoskopik təcrübəmizin bu günü və perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

 Daha sonra professorlar Qabil Qarayev, Habil Muradov, Çingiz Rəhimov, İsfəndiyar İsmayılov və dosent Ramin Bayramlının təbabətin ən aktual problemləri ilə bağlı məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır.

 

Xalq qəzeti.- 2014.- 8 may.- S. 12.