Heydər Əliyev kursu: Azərbaycanda davamlı inkişafın etibarlı təməlləri

 

Davamlı inkişaf  bu gün hər bir ölkə üçün ən vacib prioritetlərdən biridir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Qloballaşma şəraitində transmilli şirkətlərin siyasi sərhədləri keçməsi və iqtisadiyyatın getdikcə daha çox beynəlmiləlləşməsi milli dövlətçilik təsəvvürlərini dəyişir və dünyada gedən proseslərin  əsas tendensiyalarını vaxtında dəyərləndirmək zərurəti yaradır. Həm də bu proses eyni vaxtda bir çox istiqamətlərdə gedir. Belə ki, tək siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyətdə də beynəlmiləlləşmə amilinin artması müşahidə olunur. Hərbi güc amilinin yerini beynəlxalq investisiya siyasəti, iqtisadi hegemonluq tutur.

Sərhədlərin beynəlxalq ictimaiyyət üçün açılması, turizmin və mədəni əlaqələrin inkişafı  milli-mədəni dəyərlərin də transmilli miqyas alması ilə nəticələnir. Belə bir zamanda öz qınına çəkilmək, beynəlxalq proseslərdən  kənarda qalmaq arzuolunmaz nəticələrə gətirə bilər. Lakin digər tərəfdən, yaranmış situasiyanı öyrənmədən proseslərə qatılmaq daha təhlükəli ola bilər. Ona görə də vəziyyəti düzgün dəyərləndirə bilmək üçün  onun multidissiplinar metodoloji yanaşma əsasında öyrənilməsinə  ehtiyac yaranmışdır.

İndi Azərbaycanda davamlı inkişafın təmin olunmasının iki mühüm metodoloji və təcrübi təməli vardır. Bir, dünyada gedən proseslərin elmi əsaslarla öyrənilməsi və buradan ölkəmizin milli maraqları üçün optimal inkişaf modelinin işlənib-hazırlanması və bir də artıq sınaqdan çıxmış, praktikada özünü doğrultmuş Heydər Əliyev kursunun müasir tələblərə uyğun surətdə tətbiqi. Həm də hələ nəzəri əsaslar formalaşana qədər optimal təcrübi əsasın olması böyük üstünlük yaradır və Azərbaycanın qazandığı uğurların təməlində duran amillərdən biridir.

 

Davamlı inkişafın iqtisadi və intellektual amilləri

 

Müasir dövrdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların səbəblərindən biri, heç şübhəsiz, Prezidentimizin öz fəaliyyətini möhkəm bir zəmin üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci mühüm amil də özünü göstərir ki, bu da İlham Əliyevin bir siyasi lider kimi məhz yeni iqtisadi münasibətlər şəraitində yetişməsi ilə əlaqədardır. Yəni bu yeniliklər onun üçün doğmadır. Üçüncü əsas amil isə, XXI əsrdə başlanan qlobal tendensiyaları sadəcə izləmək və mənimsəmək yox, həm də onları istiqamətləndirmək cəhdləri, planetar proseslərin obyekti deyil, fəal subyektlərindən biri olmaq əzmidir.   Bu gün Azərbaycan öz milli dövlətçilik simasını qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki,  müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.  İlham Əliyev bu fikri davam etdirərək deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir...

O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir." Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansı isə bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzim etmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdı.

Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. Halbuki əsas məsələ  əlaqələrin genişlənməsinə rəğmən, milli maraqların qorunması, ölkədəki qanunlara, hüquq normalarına hamı tərəfindən əməl olunması, mədəni-mənəvi dəyərlərin, maddi və mənəvi milli sərvətlərin toxunulmazlığıdır. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun” (İlham Əliyev).

XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərliyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Milli dövlətlərin ilkin formalaşması dövründən bəri, bir tərəfdən, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən də dövlət başçılarının, siyasi liderlərin öz xalqlarının taleyində oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların mərkəzində olmuşdur. Demokratiya ilə mərkəzləşmiş idarə sisteminin bir-birini qarşılıqlı surətdə tamamlaması bu sahədə optimallığın mühüm şərti olmuşdur.

Prezidentin də qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu, o demək deyil ki, bu sahədə qarşıda duran vəzifələr başa çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onu tamamlamasını tələb edir.

İqtisadi sahədə əldə olunmuş nailiyyətlər əsasən bir ölkə çərçivəsində olur. Lakin indi dünyada başqa proseslər də gedir. İndi bir ölkə öz daxilində hər şeyi həll etdiyi bir məqamda, qonşu ölkələrdə, hətta bəzən çox-çox uzaqlarda baş verən hadisələr istər-istəməz məsələlərə yenidən baxılmasını, hansı isə prosesin səmtinin dəyişməsini, hansınınsa yeniləşməsini tələb edir. Yəni indiki dövrdə müstəqillik mütləq səciyyə daşıya bilməz. Başqa sözlə desək, daxili prosesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır.

Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyasda baş verən dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edə bilən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır.

Təbii resursların tükənməsi hansı isə konkret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çevrilir. Kimdə isə bir az tez, kimdə isə bir az gec. Daha etibarlı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması günün tələbinə çevrilmişdir.

Qloballaşma da sadəcə transmilli şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylərlə, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideoloji və siyasi çalarlar kəsb edir.

Hər bir xalqın bu və ya digər dərəcədə intellektual və mədəni resursları var. Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual inkişafın daha yüksək mərhələsinə qədəm qoymaq, bu sahədə də qabaqcıl ölkələr sırasına çıxmaq üçün yeni strategiyalar hazırlanır.

 Cəmiyyəti ağılla idarə etməyin iki yolu var. Birincisi, hər bir güc mərkəzinin intellektual mənəvi səviyyəsini yüksəltməyə, onun fəaliyyətini xalqın milli maraqları istiqamətində yönəltməyə çalışmaq. İkincisi, bu qüvvələri sərbəst buraxmaq (yeri gəlmişkən, demokratiya da bunu tələb edir), lakin onların münasibətlərini elə yönəltmək, elə tənzimləmək və nəticə etibarı ilə elə idarə etmək ki, onların yekun, əvəzləyici qüvvəsi cəmiyyətə, xalqa, pozitiv ictimai proseslərə qarşı yönələ bilməsin, elə öz içərilərində ərisin.

Situasiyanı düzgün qiymətləndirmək, həm özünün, həm də başçılıq etdiyi dövlətin mövcud reallıqlar şəraitində imkanlarını bir sövq-təbii ilə ölçüb-biçmək və həmişə məhz real imkanlardan çıxış etmək qabiliyyəti Heydər Əliyevi səciyyələndirən əsas keyfiyyətlərindən biri idi. O, özü bu barədə belə demişdir: “Kim ki öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur”. Lakin, öz biliyini, bacarığını düzgün qiymətləndirə bilmək istedadı heç də hamıya verilməmişdir.

Müdrikliyin bir əlaməti də məhz bu məqamda təzahür edir. Təsadüfi deyil ki, Konfutsi insan üçün ən böyük məziyyəti onun nəyi bilib, nəyi bilmədiyini fərqləndirmək qabiliyyətində görür. Lakin, insanın eyni zamanda həm öz bilik və qabiliyyətinin hüdudlarını, həm də gerçəkliyi, situasiyanı düzgün qiymətləndirməsi nadir istedaddır. Prezident İlham Əliyevin neft kapitalının intellektual kapitala çevrilməsinə dair etdiyi çağırış da məhz dövrün tələbidir.

 

Davamlı inkişafda siyasi amil: Lissabondan Praqaya Tarix təkrar olunur və ya “ot kökü üstdə bitər”

 

Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı bunu bir daha sübut etdi. İstər-istəməz yada ulu öndər Heydər Əliyevin 18 il əvvəl Lissabondakı zirvə toplantısındakı qətiyyətli mövqeyi düşür. O vaxt  Lissabon sammitinin bəyanatında nəzərdə tutulan 20-ci bənd bütün beynəlxalq hüquqi normalarda təsbit edilmiş və ATƏT-in əvvəlki sənədlərində dönə-dönə qeyd edilmiş dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini təsbit edirdi. Yəni bu bəndin qəbul olması hüquqi baxımdan heç bir yenilik sayıla bilməzdi. Ermənistan bu bəndin əleyhinə çıxmışdı ki, bu da əslində onun özünü beynəlxalq normalara və Avropa Birliyinə qarşı qoyması idi. Bu baxımdan, Ermənistanın 20-ci bəndə veto qoyması ilk baxışda hüquqi nailiyyət kimi görünsə də, əslində onun böyük siyasi uğursuzluğunun başlanğıcı idi. Ancaq bundan məharətlə istifadə etmək lazım idi. Qeyri-adi siyasi duyum sahibi olan Heydər Əliyev bu məqamı vaxtında sezərək Ermənistanın vetosunu onun böyük siyasi məğlubiyyətinə çevirdi.

ATƏT ikinci bir sənəd qəbul etdi və bunu Ermənistansız qəbul etdi. ATƏT-in sədrinin bəyanatı bura daxil olan 54 ölkədən 53-nün iradəsini ifadə etdiyinə görə bu sənəd formal məntiq baxımından ATƏT-in bəyannaməsindən aşağı səviyyəli hesab olunsa da, dialektik məntiq baxımından ondan yüksəkdə dururdu.

Lissabon sammitindəki hadisələrin siyasi dəyəri burada qəbul olunmuş bəyanatın hüquqi dəyərindən qat-qat yüksək idi.

Siyasi təfəkkürün formal məntiqdən üstünlüyü bundadır ki, özlüyündə pis sayılan hadisənin də yaxşı cəhətini tapıb ondan məharətlə istifadə etmək və onu öz əksliyinə çevirmək mümkün olur. Viktor Hüqo təsadüfən deməyib ki, hər hansı ağır vəziyyətdən çıxmaq üçün kənar vasitələr axtarmaqdansa, həmin vəziyyəti yaradan səbəbin özündən istifadə etmək lazımdır. Heydər Əliyevin siyasi məharəti onda təzahür etdi ki, ermənilərin böyük həzlə, qələbə ümidi ilə dəf etdikləri 20-ci bəndlə bağlı elə əks-səda qopdu, elə rezonans yarandı ki, yatmışlar da oyandı və bütün Lissabon sammitinin mərkəzi hadisəsinə çevrildi.

Əsas məsələ sənədin özündən çox, psixoloji mühitdir, siyasi atmosferin psixoloji fonudur, çünki sənədlər qovluqlarda, təəssüratlar, emosional sarsıntılar və psixoloji yönüm isə siyasi liderlərin qəlbində olur, onların sonrakı mövqeləri üçün əmələ çevrilir.

 

Əgər əlli dörd ölkə yekdilliklə müəyyən bir sənəd qəbul edirsə, bu ancaq hüquqi bir fakt olur və onun real siyasi fəaliyyət üçün zəmin olacağı hələ sual altında qalır. Burada hər hansı bir ölkəyə qarşı yönəlmiş münasibət ifadə olunmur, lakin əlli üç ölkə öz iradəsini bir ölkənin mövqeyinə qarşı qoyursa, burada hüquqi fakt siyasi fakta çevrilir.  Lissabon sammiti pat vəziyyətində qələbə çalmağın klassik nümunəsi olmaqla yanaşı, ekstremal şəraitdə gözlənilməz zərbələrlə rəqibin nokdaun vəziyyətinə salınması ilə də müqayisə oluna bilər. Ermənistanın xarici və daxili siyasətinin düşdüyü şok vəziyyəti hələ də davam etməkdədir.

O vaxtdan böyük bir müddət keçir. Ermənistan olub-qopan iqtisadi müstəqilliyini də çoxdan itirmiş, indi ancaq böyük dövlətlərin siyasi maraqları üçün göstərdiyi xidmətlərə görə payla yaşayır. Gah Rusiyaya, gah da Avropaya külxançılıq etdiyi üçün beynəlxalq forumlarda ona hələ də söz verirlər. Və o da fürsət düşən kimi yeganə hərəkətverici qüvvəsi olan nifrət potensialını işə salır, satqınlıqla yığdığı dividendləri türkləri şantaj etmək üçün xərcləyir. Qeyd etdiyimiz kimi, Lissabonda ermənilər Qərb havadarlarının sayəsində az qala uğur qazanacaqdılar. Amma bütün beynəlxalq riyakar siyasət koalisiyasına qarşı duruş gətirmək qüdrətində olan dünya şöhrətli Heydər Əliyev bu mənfur niyyəti ermənilərin gözündə qoydu.

 Bir fürsət də ermənilərin əlinə bu ilin aprelində Praqa sammitində düşdü və S.Sarkisyan Türkiyənin orada təmsil olunmamasından ürəklənərək, “erməni soyqrımı” məsələsini yenə də gündəmə gətirdi. Amma bu dəfə onun gözləntilərini gözündə qoyan Prezident İlham Əliyev oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə çıxışında belə demişdir: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.”  Və fürsətdən istifadə edərək iştirakçıların diqqətini Ermənistanın yeritdiyi işğalçı siyasətə yönəltdi, onları faktların dili  ilə ifşa etdi. Yəni ermənilər məsələni qaldırmaqla və növbəti dəfə quyu qazmaq niyyətlərini işə salmaqla özləri quyuya düşdülər.

Bəli, Lissabon Sammitində ermənipərəst qüvvələr tərəfindən təklənən Heydər Əliyev ilk növbədə böyük siyasi təcrübəsinə və şəxsi nüfuzuna arxalanmışdı. İlham Əliyev isə nisbətdə xeyli gənc olmasına baxmayaraq, beynəlxalq forumda söz sahibi olmaq haqqını  qısa müddət ərzində həyata keçirdiyi  böyük quruculuq işləri, iqtisadi tərəqqi və balanslı xarici siyasət sayəsində qazanmışdır.

 Bununla bir daha aydın oldu ki, İlham Əliyevin yeritdiyi kursda iqtisadi inkişaf sadəcə məqsəd olmayıb, həm də bir vasitədir. Dövlət müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, yüksək intellektual və mədəni-mənəvi inkişafın təmin edilməsi, vətənimizin “lider ölkəyə” çevrilməsi yolunda vasitə!  Üstəlik beynəlxalq nüfuz sahibi olmaq,  dünya sammitlərində alternativ fikir söyləmək və  mövqeyini qəbul etdirmək şansı!

 Eşidilmək, başqalarında güvən yaratmaq üçün ilk növbədə özünə güvən olmalıdır. Özünə güvənə bilmək üçün isə siyasi liderin arxasında güclü dövlət   böyük intellektual potensialı olan yüsək rifahlı xalq olmalıdır!

 

Davamlı inkişafda mədəniyyət amili və multikulturalizm

 

Dövlətlər arasında siyasi münasibətlər qurulması hələ azdır. Bu münasibətlərin ancaq formal bəyanat olmayıb, real təməllərə əsaslanması isə siyasi müstəvidəki razılaşmaları şərtləndirən iqtisadi və mədəni-mənəvi amillərdir. Dayanıqlı tərəfdaşlıq yalnız onların uzlaşdırılması sayəsində mümkün olur. Dövlət rəhbərinin yeritdiyi siyasət sonrakı mərhələdə ictimai fikir və mədəni yaxınlaşma şəklində davam etdirilməlidir. Bunun üçün isə millətlər həm müstəqim, həm də məcazi mənada bir-birinin dilini öyrənməlidirlər.

 

Xalqlar arasında dil baryeri olduğu kimi, mədəni müxtəliflikdən irəli gələn uyğunsuzluq, yaxud da dözümsüzlük halları da ola bilər. Tolerantlıq bir prinsip kimi məhz bunun aradan qaldırılması üçün lazımdır. Lakin dövlətin hansı isə bir prinsipi bəyan etməsi bir şeydir, onun ictimai reallıqda təsbit olunması başqa şeydir. Məhz buna görə də mədəniyyətlərarası dialoq bir siyasi akt olmaqdan daha çox, ziyalılar, elm və mədəniyyət xadimləri arasında əməkdaşlıqdır. Bir milli sənətin başqa xalqların da ürəyinə yol tapması tək mədəniyyətləri deyil, xalqları da yaxınlaşdırır və bu nailiyyətlər dövlət siyasətinə də təsir edir. Beləliklə, xoş məramlı bir ideya dövrə vurub yenə də ilk təməllərə qayıdır. Amma bu dəfə sadəcə sözlə deyil, həm də işlə!

Dialoqun baş tutması üçün tərəflər hər biri öz mövqeyini dəqiq müəyyənləşdirməli, özünü dərk etməlidir. Bunun üçün isə ilk növbədə, “qarışıq mədəniyyət” sindromundan xilas olmaq lazımdır. Yəni, hər kəsin öz siması, öz obrazı və təmsil etdiyi, müdafiə etdiyi özəl dəyərlər sistemi olmalıdır.

Dialoq heç də təqlid və ya təslimçilik kimi başa düşülməməlidir. Qarşı tərəflə optimal işbirliyi qura bilmək üçün öncə onu öyrənmək, mənimsəmək, hansı dəyərləri təmsil etdiyini bilmək lazımdır. Biz onlardan nə götürə bilərik və onlara nə təklif edə bilərik? Mədəniyyətlərin təqdimatında və ölçülüb-biçilmiş mübadiləsində prioritetlər düzgün müəyyənləşdirilməlidir.  Bir qədər paradoksal görünə bilər. Belə ki, biz bir tərəfdən multikulturalizm tərəfdarıyıq, digər tərəfdən də mədəniyyət müstəvisində sərhədlərin müəyyənliyini, demarkasiya şərtlərinin ödənilməsini zəruri hesab edirik. Ancaq bəsit şüur multikulturalizmi milli-mədəni identifikasiyanın itməsi, qurban verilməsi kimi qəbul edə bilər. Bu halda biz gərək azərbaycançılıq məfkurəsindən də imtina edəydik. Halbuki, Prezident İlham Əliyev multikulturalizmi dəstəkləsə də, bunu azərbaycançılıqdan imtina kimi qəbul etmir və öz çıxışlarında azərbaycançılığın bütün atributlarını müdafiə etməklə yanaşı, düşüncəmizin də əsasında məhz azərbaycançılıq fəlsəfəsinin dayandığını dönə-dönə qeyd edir.

Xalqın yüksək mədəni inkişaf səviyyəsinin nümayiş etdirilməsi, bir tərəfdən, beynəlxalq ictimai rəyin məqsədyönlü surətdə təhrif olunmasının qarşısını almağa, bədxahlarımızın yaratdığı “vəhşi” obrazının gerçəkliyə adekvat olmadığını göstərməyə, digər tərəfdən də sözümüzü ancaq siyasi-hüquqi müstəvidə deyil, mədəniyyət müstəvisində də yüksək tribunalardan deməyə imkan yaradır. Başqa sözlə desək, mədəniyyət sahəsində “açıq qapı” siyasəti bizim xeyrimizədir, çünki biz hələ indiyə qədər öz mədəni sərvətlərimizi dünya ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdıra bilməmişik. Son onillikdə bu istiqamətdə aparılan məqsədyönlü və intensiv siyasət də məhz beynəlxalq ictimai rəyin daha düzgün yönləndirilməsinə xidmət edir.

Bakıda Mədəniyyətlərarası Dialoq Forumlarının keçirilməsi ölkəmizin ancaq bir neft ölkəsi kimi deyil, həm də və daha çox dərəcədə yüksək mədəniyyət təmsilçisi kimi tanınmasına xidmət edir. Mədəniyyətlərarası dialoqa həmişə hazır olan, yüksək dialoq mədəniyyəti nümayiş etdirən bir ölkə kimi tanınmaq, öz haqq məqsədinə ancaq hərbi gücün üstünlüyü ilə deyil, həm də humanitar mədəniyyətin yüksək səviyyəsi ilə çatmaq niyyəti son illərdə ölkəmizin xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir.

Qloballaşma şəraitində beynəlxalq ictimai rəyə təsir edən bütün amillərin  əhəmiyyəti artır. Belə mühüm amillərdən biri də mədəniyyətdir. Hər bir xalqın malik olduğu sərvətlər içərisində onun özünəməxsus yeri vardır. Son vaxtlar mədəniyyət amilinin  aktuallaşmasının səbəblərindən biri də budur. Daha düzgün yol ikitərəfli və çoxtərəfli münasibətlər qurmaq, iqtisadi əlaqələri genişləndirməklə yanaşı, mədəniyyətlərarası dialoq və poliloqa nail olmaqdır.

Öz daxilində qarşılıqlı anlaşma və tolerantlığı təmin edə bilməyən hər hansı bir ölkə başqa ölkələr və xalqlarla da səmərəli dialoq və xoş münasibət qura bilməz. Bu baxımdan, Azərbaycan dünyanın ən nümunəvi ölkələrindən biridir.

Bakıda keçirilmiş İkinci Ümumdünya Mədəniyyətlərarası Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev bu forumun əsas missiyasını və beynəlxalq əhəmiyyətini nəzərə çatdırmaqla yanaşı, həm də belə bir cəhəti vurğulamışdır ki, dialoq məkanı olaraq Azərbaycanın seçilməsi heç də təsadüfi deyildir: “Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir”.

Doğrudan da, bir xalqın, ölkənin mədəniyyətinin digər mədəniyyətlərlə əlaqələndirilməsi o zaman asan olur ki, belə bir uyğunlaşma, uzlaşma və qarşılıqlı zənginləşmə təcrübəsi həmin mədəniyyətə immanent olsun, yəni o artıq öz daxilində belə bir təcrübəni mənimsəmiş olsun. Azərbaycan mədəniyyəti məhz bu baxımdan da əlamətdardır. Neçə əsrlər ərzində dini və etnik-milli müxtəlifliyin ənənəvi tolerantlıq şəraitində inkişafı və eyni zamanda qarşılıqlı zənginləşmə və inteqrasiya təcrübəsi bütöv Azərbaycan mədəniyyətinin formalaşmasına gətirib çıxarmışdır. İndi bu bütöv mədəniyyət bir tərəf kimi başqa xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqəyə girərkən həmin ənənənin   təcrübənin böyük əhəmiyyəti vardır.

Adətən, fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsindən, dialoqundan söhbət gedir. Müxtəlif xalqların, millətlərin maraq dairələri kəsişən yerdə mədəniyyətlər də kəsişir və burada müəyyən bir interferensiya hadisəsi baş verir. Yəni uzlaşan, uyğun gələn mədəni dəyərlər toplanır, artır, yeni inkişaf impulsu əldə edir. Uzlaşmayan, bir-birini təkzib edən dəyərlər arasında isə rəqabət, mübarizə, bəzən hətta münaqişə baş verir. Optikadan məlum olduğu kimi, iki işıq şüasının görüşü və ya toplanması zamanı koherent dalğalar bir-birini gücləndirir. Lakin bu şərt ödənmədikdə, dalğalar bir-birini söndürür və qaranlıq fasilələr yaranır. Bu bənzətmənin təfərrüatına getmədən bircə onu vurğulamaq istərdik ki, ictimai hadisələr də çox vaxt təbii proseslərlə eyni qanunauyğunluq üzrə həyata keçir.

Yəni biz istənilən iki mədəniyyətin toplanmasını kor-koranə surətdə müsbət hadisə kimi dəyərləndirə bilmərik. Hər şey bu “toplanmanın” necə aparılmasından asılıdır. Bir böyük və ya daha zəngin mədəniyyət başqasını ehtiva etmək, udmaq istəyində də ola bilər. Yəni nisbətən aşağı səviyyəli mədəni mühit daha çox inkişaf etmiş mədəni mühitlə müntəzəm təmasa girirsə, kiçiyin böyükdə “itməsi”, əslində isə ehtiva olunması baş verə bilər. Lakin hər şey elə bundan asılıdır ki, biz mədəniyyətlərin səviyyəyə görə, vertikal boyunca qradasiyasını qəbul edirikmi?  Əslində, vertikal boyunca fərqlər sivilizasiyaya aiddir. Çünki müxtəlif xalqlar eyni bir sivilizasiyanın müxtəlif mərhələlərində olduqlarına görə fərqlənirlər. Mədəniyyətlər isə kiçik və ya böyüklüyündən asılı olmadan hər bir xalqın milli xüsusiyyətlərini də ehtiva edir. Təbii coğrafi və mədəni-mənəvi özəllik əsrlər boyu qorunub saxlanır və öz məxsusi inkişaf yolunu keçirlər. Burada əlbəttə, milli mədəniyyətlərin sivilizasiyanın təsirinə məruz qalması qaçılmazdır. Zehniyyətdə intellektual komponentin payının artması, rasionallaşma prosesi müxtəlif xalqların yaxınlaşmasına səbəb olur. Özəlliklər azalır, ümumi cəhətlər artır. Lakin hər bir xalq “öz kökü üzərində bitməkdə” davam etməyə çalışır. Bununla belə, zaman keçdikcə həyat tərzi və düşüncə tərzi dəyişdiyindən əvvəlki nəsillərin dəyərlər sistemi də təsirlərə məruz qalır. Mübarizə əslində mədəniyyətlər arasında deyil, mədəniyyətlərlə sivilizasiyalar arasında gedir.

İkinci Ümumdünya Mədəniyyətlərarası Forumunun beynəlxalq rezonansı ideya müstəvisində də uğurla davam etməkdədir. Çünki bütün əlaqələr son nəticədə bəşəriyyətin ideya xəzinəsinin zənginləşməsinə xidmət etməlidir. Forumda davamlı inkişaf konsepsiyası ilə bağlı bölmənin işinə gənc ictimai xadim Leyla Əliyevanın rəhbərlik etməsi də təsadüfi deyildi. Çünki gələcəyin təminatçıları məhz gənclər olmalıdır.  Bu mənada inkişafın davamlı olmasının əsas şərtlərindən biri də estafeti qəbul edə biləcək yeni gənc nəslin yetişdirilməsidir. Bu məqsədlə ölkəmizdə genişmiqyaslı tədbirlər görülür, yeni Forumlar fəaliyyətə başlayır: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir.”

Bu sözləri Prezident İlham Əliyev Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışınnda demişdir. Yəni biz öz ölkəmizdə dayanıqlı inkişafı təmin etməklə yanaşı, bütün dünya ölkələrini də bu məsələdə əməkdaşlığa və iş birliyinə dəvət edir, bu ümumbəşəri vəzifənin həyata keçirilməsi üçün Bakının bir ideya mərkəzi və dialoq məkanına çevrilməsi istiqamətində yeni-yeni addımlar atırıq.

 

 

 Səlahəddin XƏLİLOV,

 

AMEA-nın müxbir üzvü, professor

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 7.