Naxçıvanda faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunmuşdur

 

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 69-cu ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gəlmiş, Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə təbrik etmişdir.

Ali Məclisin sədri abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.

Mərasimdə bildirilmişdir ki, faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların da mühüm rolu olmuşdur. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq, hərbi şücaət və qəhrəmanlıq nümunəsi göstərmişlər. Muxtar respublikamızın əhalisi də alman faşizmi üzərində qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstərmişlər. Ön cəbhəyə yola salınan 30 min igid oğul və qızdan 15 mini müharibədə həlak olmuşdur. 3 naxçıvanlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 1 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 600 nəfər isə müxtəlif ordenmedallarla təltif edilmişdir.

Ali Məclisin sədri veteranlarla görüşüb söhbət etmiş, onları qələbənin 69-cu ildönümü münasibətilə bir daha təbrik etmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə tədbirlər keçirilmişdir.

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 10.