Göygöl: yollar Hacıkəndə, Murova–zirvəyə aparır

 

....Göygölün gözəlliyi təkcə coğrafi ərazisi ilə bağlı deyil. Buradan o yana yollar Hacıkəndə, Toğanaya, Murova uzanır. Az qala, hər addımda, hər döngədə hava da dəyişir, mənzərə də... Dağların ətəyində salınan bu şəhərdə evlərdən birinin damı o birinin həyətinə açılır. Uzaqdan baxanda çoxmərtəbəli binalara oxşayır, küçələr, əsasən, üzüyenişədir. Görünür, elə ona görə də ilin bütün fəsillərində tər-təmizdir.

Başqa bir məqam da var: burada hər evin, hər küçənin öz tarixi görkəmi, fərqli arxitekturası var. Həm millilik, həm müasirlik dərhal nəzərə çarpır. Son illərdə bu gözəllik   müasirlik bir az da artıb. Göygölə son səfərimiz zamanı gözümüzü- könlümüzü oxşayan dərhal, bax, bunlar oldu. Həqiqətən, Şəhər indi öz görkəmini tamamilə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Onu da əlavə edək ki, Göygölə xüsusi gözəllik gətirən binaların, park və xiyabanların çoxu son vaxtlar tikilib istifadəyə verilmişdir.

2014-cü il göygöllülər üçün əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Hər şeydən əvvəl, qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayının 21-də Göygöl rayonuna üçüncü dəfə tarixi səfər etmiş, şəhərə çəkilmiş su kəmərinin, Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, Dövlət Bayrağı Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Heydər Əliyev parkı ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə  görüşmüşdür. Həmin səfər, keçirilən görüş və söhbətlər bu gün də Gölgöl sakinlərinin qəlbində  ən xoş və unudulmaz xatirə kimi yaşamaqdadır.

Ümumiyyətlə, son vaxtlar rayonda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Şəhərin 7 mərkəzi küçəsi abadlaşdırılmış, 700 binanın dam örtüyü əsaslı təmir olunmuşdur. Küçələrin gecə işıqlanma sistemi yenidən qurulmuş, 680 dayaq basdırılmışdır.

Göygöl şəhər mədəniyyət və istirahət parkının ərazisi 3 hektar genişləndirilmiş və abadlaşdırılmışdır. Mədəniyyət və istirahət parkında müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi, Gənclər və Uşaq Əyləncə mərkəzləri tikilmiş, açıq kinoteatr yenidən qurulmuşdur. Ərazisi 6 hektar olan Olimpiya İdman Kompleksi, Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar tikilmişdir.

Hündür bir təpədə Dövlət Bayrağı meydanı kompleksi tikilmiş, 50 metr hündürlüyündə Bayraq qülləsi quraşdırılmışdır. Kompleksin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, Bayraq Muzeyi təşkil olunmuş, gecə işıqlandırma sistemi quraşdırılmışdır.

Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı Kürəkçaydan Göygölə 25 kilometr uzunluğunda magistral su kəməri, şəhərdə isə 13,4 kilometr kanalizasiya xətti çəkilmiş, 6 su anbarı tikilmişdir. Təkcə ötən il şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 10 mindən çox ağac və bəzək kolları əkilmişdir.

2013-cü ildə 56,7 milyon manat əsas kapitala investisiya qoyulmuş, bunun 50,9 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Bakı-Qazax magistral avtomobil yolunun rayon ərazisindən keçən 36 kilometr hissəsində yenidənqurma və bərpa işləri başa çatdırılmışdır. Bundan başqa, Yeni Zod - Çaykənd, Mixaylovka-Göyçəkənd, Quşqara-Nadil kəndarası avtomobil yolları, Toğanalı, Çaykənd, Yeni Zod, Balçılı kəndlərinin daxili yolları təmir olunmuşdur.

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramında Göygöl rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası yerinə yetirilmişdir. 2013-cü ildə 1 xidmət, 6 istehsal obyekti istifadəyə verilmiş, 502-si daimi olmaqla, 1328 iş yeri açılmışdır.

Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərini təşkil edir. Bunun nəticəsi olaraq sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Nəticədə, 2013-cü ilin yekunlarına görə rayonda sahibkarların sayı 2814-ə çatmışdır. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 127 hüquqi və fiziki şəxsə 1833 min manat güzəştli kredit verilmişdir.

Rayonda fəaliyyət göstərən 21 sənaye müəssisəsi  bütövlükdə 12,8 milyon manat dəyərində məhsul istehsal etmiş, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi çoxalmışdır. Ötən il 2012 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 919,6 min manat yardım verilmişdir.

Əvvəlki illə müqayisədə 2013-cü ildə 2,2 milyon manat çox olmaqla, 43,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmiş, bunun da 99,3 faizi qeyri-dövlət sektorunun  payına düşür.

Ötən mövsümdə 10275 hektar sahədə taxıl əkilmiş, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 173,7 ton çox olmaqla 27,1 min ton taxıl tədarük edilmişdir. Əvvəlki ilə nisbətən, süd istehsalı 434,5 ton, ət 30,3 ton, yun  3,8 ton, yumurta  26,1 min ədəd artmışdır.

Elektrik enerjisi, təbii qaz və içməli su ilə bağlı problemlər, demək olar ki, bütünlüklə öz həllini tapmışdır. Belə ki, son illər həmin sahələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm layihələr işlənib həyata keçirilmişdir. Təkcə 2013-cü ildə elektrik təsərrüfatında 157,5 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır. 8 kilometr elektrik veriliş xətti çəkilmiş, 123 elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur. Göygöl şəhərində 297 smartkart tipli sayğaclar quraşdırılmışdır. 6 mərkəzi küçədə 142 kilometr yeraltı kabel xətti çəkilmiş, 5 qapalı paylayıcı qurğu tikilmişdir. Əhali üzrə istehlak olunan elektrik enerjisinin ödənişi 97,5 faiz, qazın ödənişi isə 111,1 faiz olmuşdur. Hazırda rayonun 45 yaşayış məntəqəsindən 24-ü təbii qazla təmin edilmişdir. Başqa kəndlərə də təbii qazın verilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Mollacəlilli kəndində yeni salınmış yaşayış massivinə 1,5 kilometr su xətti çəkilmişdir. Yeni Zod kəndində nasos quraşdırılmışdır. İstehlak olunan suyun həcmi 1 milyon 110,6 min kubmetr olmuş, ödəniş isə 93,6 faizdir. Rayon icra hakimiyyətiində yaradılmış operativ qərargahda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində mövcud vəziyyət müntəzəm olaraq təhlil edilir. Meydana çıxan çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, istehsal olunmuş elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin ödənilməsi daim nəzarətdə saxlanılır.

Son illər ümumtəhsil məktəblərinin tikintisinə və maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, dövlət proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında 17 məktəb binası, 5 məktəbdə 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilmiş, 19 məktəb binası, 4 uşaq bağçası əsaslı təmir olunmuşdur.

2013-cü ildə Yeni Zod kənd uşaq bağçası, Ekoloji Tərbiyə və Təcrübəçilik, Uşaq Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzləri əsaslı təmir olunmuşdur. Göygöl  şəhər 1 və 2 saylı uşaq bağçalarında istilik sistemi quraşdırılmışdır. Şəhriyar, Bəhrəmbağ və Üçbulaq kənd məktəbləri üçün yeni binanın tikintisinə, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır.

Ümumtəhsil məktəblərini informasiya-kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədilə məktəblərə 400 kompyuter dəsti verilmişdir. Hazırda rayon üzrə 22 şagirdə 1 kompyuter dəsti düşür. 11 məktəbdə kompyuter sinifləri təşkil olunmuşdur.

Ötən il ali məktəblərə sənəd verən 400 məzundan 185-i qəbul olunmuş, bu, 2012-ci ilə nisbətən 29 nəfər çoxdur. 17 nəfər 500-dən, 8 nəfər 600-dən çox bal toplamışdır.

Göygöl rayonu həm də öz tarixi abidələri və füsunkar təbiəti ilə məşhurdur. Hazırda rayonda 31 yerli əhəmiyyətli tarixi- memarlıq abidəsi, kiçik göllər, qalın meşə örtüyü var. Bu isə 5 istiqamətdə ekoturizmi inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

 

Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən, ötən il Göygöl şəhəri Azərbaycanın sənətkarlıq paytaxtı elan olunmuşdur. 60-dan çox sənətkarın əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Rayon ərazisində 17 turist obyekti fəaliyyət göstərir. Hazırda Göygöl şəhərində 5 ulduzlu otelin inşası davam etdirilir. Bütün bunlara baxmayaraq, tarixi abidələrin əksəriyyətinin bərpa və əsaslı təmirinə ciddi ehtiyac vardır. İqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrindən gətirdiyimiz fakt və rəqəmlər, apardığımız təhlil və müqayisələr öz-özlüyündə çox şeydən xəbər verir.

Əlbəttə, belə dinamik inkişaf və yüksəliş, ardıcıl və sistemli şəkildə aparılan və bütün sahələri əhatə edən tikinti-abadlıq və quruculuq işləri, əldə edilmiş böyük uğurlar barədə dərindən düşünməli olursan. Gəldiyimiz konkret nəticə, görünən aşkar həqiqət ondan ibarətdir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Göygöl rayonunda həyatın bütün sahələrində qazanılmış böyük uğurlar, sözsüz ki, Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısının, bu istiqamətdə imzaladığı fərman və sərəncamların konkret nəticəsidir.

Yeri gəlmişkən, onu da əlavə edək ki, ölkə rəhbərinin 2014-cü il yanvar ayında Göygölə tarixi səfəri, açılış və təməlqoyma mərasimlərində iştirakı, ağsaqqallarla, ziyalılarla, gənclərlə  keçirdiyi unudulmaz görüş və söhbətlər, verdiyi qiymətli məsləhətlər və tövsiyyələr rayonda böyük ruh yüksəkliyi yaratmış, bütün sahələrədə işlərin gedişinə  güclü təkan vermişdir.

Şübhəsiz ki, burada məsələnin başqa tərəfi, daha doğrusu, yerlərdə işin düzgün təşkili, adamlarla  dil tapmaq, onları öz ardınca apara bilmək, bir sözlə, təşkilat-idarəetmə məsələləri barədə də ayrıca danışmaq lazımdır. Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyətində bu istiqamətdə ardıcıl və sistemli iş qurulmuş,  icra intizamı möhkəmləndirilmiş, insan amili, vacib sosial problemlərin vaxtında və həssaslıqla yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması nəzarətdə saxlanılmış, bütün müracətlər hərtərəfli araşdırılmış, haqlı tələblər öz müsbət həllini tapmışdır. Rayon icra hakimiyyətində vətəndaşların təsdiq edilmiş cədvəl əsasında qəbul edilməsi müntəzəm olaraq təşkil edilmişdir. Məsələn, ötən il icra hakimiyyəti başçısı aparatında 1111, o cümlədən icra hakimiyyəti başçısı 823 vətəndaşı qəbul etmişdir. Bundan başqa, icra hakimiyyətinin başçısı yerlərdə 50 səyyar qəbul keçirmiş, bu görüşlərdə 154 müxtəlif xarakterli təklif, müraciət və şikayət söylənilmiş, bir sıra sosial problemlər qaldırılmışdır. Sevindiricidir ki, qaldırılan məsələlərin, demək olar ki, hamısı həllini tapmışdır.

Bu gün Göygöldə həyatın axarı miqyaslı və gurdur. Hər addımda yeniliklə rastlaşırsan. Hər gün meydana yeni-yeni təsəbbüslər çıxır, tikinti-abadlıq və quruculuq işləri daha da genişləndirilir. Bu o deməkdir ki, Göygölün sabahı daha işıqlı, abad və yaraşıqlı olacaqdır.

Sonda görüşdüyüm, söhbət etdiyim ağsaqqalların, ziyalıların, gənclərin ürək sözlərini ümumiləşdirib yada salmaq istəyirəm. Onlar əldə edilmiş bütün bu uğurlara, gündəlik diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirdilər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 9.