Olduğu kimi görünən və göründüyü kimi olan həmkarımız

 

Azərbaycan jurnalistikasının görkəmli simalarından olan Telman Heydərovun 75 illiyi münasibəti ilə bir yazı qələmə almaq istəyəndə öncə mənə elə gəldi ki, sərlövhəyə çıxartdığım bu fikri Mövlanə Cəlaləddin Rumi məhz Telman müəllim haqqında demək istəyib.

Sadəcə, aradakı böyük zaman fərqi ona bu kişi ilə şəxsən tanış olmaq şansı  verməyib. Mənim isə bəxtim gətirib, “Xalq qəzeti”ndə Telman müəllimin şöbəsində, onunla çiyin-çiyinə düz 10 il işləmişəm. Sözün əsl mənasında, olduğu kimi görünən və göründüyü kimi olan kişini, bir neçə addımlıqdan, bilavasitə prosesində müşahidə etmişəm. Ondan – ustadımızdan, şeirdən tutmuş nəsihətə qədər, çox şey eşitmişəm, çox şey öyrənmişəm, öyrəndiklərim indi də karıma gəlir, — desəm  tam səmimi etiraf etmiş olaram. İndi gözlərimin önünə  düz 18 il bundan əvvəlki Telman müəllim gəlir. Doğrudur, ustadımız o zaman da orta yaşı keçmişdi, amma qocalığın cavanlığını bayram edirdi. Şəhriyar demiş, “o günlər, elə bil, bir sinema pərdəsidir gözümdə, oturub seyr edirəm indi özüm də ...”.

...Artıq bir neçə ildi ki, Telman müəllimlə işləyirdik, İttifaq Mirzəbəyli ilə birlikdə, Osmanlı türkləri demişkən, ustadla bir otağın havasını içirdik. Humanitar sahənin tanınmış alimlərindən biri gündəmlə səsləşən  siyasi məzmunlu, iri həcmli bir yazı gətirmişdi. Telman müəllim şöbə müdiri kimi yazını redaktə etmiş və qəzetdə dərcinə nail olmuşdu. Həmin alim də, “beynəlxalq normalarauyğun olaraq, bir qutu konfet, bir köynək, üstündə də qalstuk sovqat gətirmişdi, ustada hədiyyə etmək istəyirdi. Telman müəllim əməlli-başlı əsəbiləşdi. Dedi mən 40 ilə yaxındır (səhv etmirəmsə, 97 - 98-ci illər idi) bu qəzetdə işləyirəm, bircə dəfə kimdənsə sovqat qəbul etmişəm?  Alimbir az pərt kimi idi, nə edəcəyini bilmirdi. O anda mənim yadıma uşaqlığım, atam düşmüşdü...

...Atam o zaman orta məktəbdə direktor işləyirdi. Valideynlərdən biri atam işdə olanda bizə bir qutu meyvə gətirmişdi. Atam işdən gəlib bunu görən kimi, məni də, anamı da möhkəm danladı, sonra həmin valideynə də xəbərdarlıq etdi... Qərəz, sağ olsun Mirzəbəyli, təcili bir çay dəstgahı yaratdı, məni yuxudan ayıltdı, pərtliyi, incikliyiaradan qaldırdı. Telman müəllim də qonağı yola salanda sovqatını qoltuğuna verməyi unutmadı.

İndi isə mətləb üstünə qayıdaraq ustadla ilk tanışlığımızdan danışım. Bizi o vaxtlarXalq qəzeti” baş redaktorunun birinci müavini işləyən, mərhum həmkarımız Məmməd Nazimoğlu tanış eləmişdi, daha doğrusu, məni Telman müəllimin şöbəsinə işə o götürmüşdü. 1995 - 96-cı illər idi. Mən jurnalistikaya elmdən gəlmişdim, yazılarımın məzmunu olsa da, formasında xamlıq hiss olunurdu. Bəzən yazının adını, ideyasını buraxıb, fikirlərimin arxasınca gedirdim, fəlsəfəçilik edirdim. Telman müəllim də əsl peşəkar redaktor kimi hərəkət edirdi, yazılarımın mahiyyətinə toxunmadan, bir məcraya yığılmasına kömək edir, formasını düzəldirdi. O, olduqca həssas adam idi, insanı hiss etdiyi kimi, yazını, sözühiss edirdi. Yaxşı redaktor idi, yazını korlamadan - müəllifin dəsti-xəttinə və qəlbinə toxunmadan düzəldə bilirdi.

Məhşur Çin filosofu Konfutsi deyirmiş ki,  yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır. Bu söz, elə bil, ustadımızın adına yazılıb. Telman müəllimin də qaranlığı söyməklə, yəni kimisə, nəyisə pisləməklə, ümumiyyətlə, şər işlərlə arası yoxdur. Onunku xeyir işdir, yaxşılıq etməkdir. Sağ olsun - bildiyini bizdən əsirgəmir, sözün əsl mənasında, yolumuzda şam yandırırdı. Və yavaş-yavaş isti münasibətlərimiz yaranırdı. Onu tanıdıqca gözütoxluğuna və şükranlığına heyrət edirdim. İnanın ki, bu kişi paxıllıq nə olduğunu bilmir, Allahın verdiyinə daim şükür edir. Ondan hələ bir nəfər haqqında bir pis kəlmə eşitməmişəm. Yaxşı tərəfi varsa deyir, olmayanda isə danışmır. Dindar olmasa da, Allah adamıdır, borc hissini biləndir, övladlıq, atalıq, vətəndaşlıq borcu onun üçün müqəddəsdir...

Otaqda həmişə mübahisəmiz düşürdü, mən Şəhriyarı XX əsrin ən böyük Azərbaycan şairi sayırdım, İttifaq Sabiri. Yəqin fərqli təbiətimizdən irəli gəlirdi, mən insanı düşündürən, fəlsəfi şeiri sevirəm, İttifaq isə cəmiyyəti yumorla, gülüşlə müalicə edən sənətin tərəfindədir. Yeri gəlmişkən, illərlə davam edən həmin mübahisəmiz indi də nəticəsizdir, hər ikimiz öz fikrimizdəyik. Telman Heydərov isə heç kimin tərəfində deyildi, arabir bığaltı gülümsəyirdi, kefi kök olanda Rəsul Rzadan bir-iki misra deyirdi. Bununla da bizə yol göstərir, hər şairin öz yeri var, – demək istəyirdi. Şeirə arabir müraciət etsə də, məqalə ilə sözünü tez-tez deyirdi. Onun “Güllələnmiş kitablar” yazısı indi də yaddaşımın “Qızıl fondu”ndadır.

Deməli, Telman müəllim indiki 20 Yanvar dairəsindən bir az yuxarıda 9 mərtəbəli binada yaşayır. 20 Yanvar hadisələrində şəhərə əsas hücum da bu istiqamətdən olmuşdu. Telman müəllim ailəsi ilə birlikdə mənzilin həyətə baxan otağında daldalansa da, kitablar küçəyə baxan otaqda müdafiəsiz qalmışdı. Küçədən atılan güllələr də pəncərələri dəlib kitab şkafına dəymiş, onlarca kitabı sıradan çıxarmışdı. O qədər təbii və səmimi yazılmışdı ki, oxuyanda elə bilirdim güllələr bizim evə dolur, kitablarımı həyatdan məhrum edir...

Böyük-kiçiyə hörmət, təvazökarlıq və nəzakət əsil-nəcabətdən, ailə tərbiyəsindən gələn keyfiyyətlərdi və Telman müəllimin uca şəxsiyyətini daha da yüksəldirdi. Son dərəcə zəhmətkeş idi, bir dəqiqəsini də boş keçirmirdi, respublikada baş verən bütün yenilikləri bilir, postsovet məkanında və dünyada baş verənləri izləyirdi, konkret işimizlə bağlı, siyasi məsələləri bizimlə müzakirə etməyi sevirdi. Respublikanın adlı ziyalıları ilə şəxsən tanış idi. Alimlərin  bir çoxu redaksiyaya məhz  Telman müəllimlə görüşməyə gəlirdi. Biz onun sayəsində Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov kimi alimlərlə tanış olmaq imkanı qazanmışdıq. Keçmişləri xatırlamağı, ümummilli lider Heydər Əliyev, “Kommunist” qəzetinin redaktoru Ağababa Rzayev haqqında danışmağı bir ayrı aləmdi. Deyirdi, Heydər Əliyev Azərbaycan KP MK-da keçirilən iclasdaKommunist” qəzetinin kollegiya üzvlüyünə mənim namizədliyimi təsdiq edəndə cavandım, cəmi 30 yaşım vardı. Zarafat deyildi, Azərbaycanın, respublikanın rəhbəri adımı çəkirdi, mənə etimad göstərirdi (maraqlıdır, cavan yaşında ona daha bir etimadın göstərilməsindən, “Əməkdar jurnalist” adı verilməsindən heç zaman danışmır - Q.A.)... Ağababa müəllimi cəsarətli redaktor, peşəkar jurnalist kimi yüksək qiymətləndirirdi. Deyirdi, o, əsl rəhbərdi, yaxşını mükafatlandırmağı, pisi cəzalandırmağı bacarırdı, amma olduqca ədalətli və ləyaqətli idi, sözü ilə əməli həmişə düz gəlirdi.

Yeri gəlmişkən, Telman müəllim gördüklərini, bildiklərini, şahidi olduqlarını  “Geriyə boylananda” adlı avtobioqrafik kitabında cəm edib, gözəl təhkiyə ilə oxucuların ixtiyarına verib. Bu kitabXalq qəzeti”nin əlli illik səlnaməsidir - Telman müəllimin özü kimi... Sağ olsun Nazim Mustafa, bu kitab haqqında elə bir yazı yazıb ki, (“Bütövlük” - “Xalq qəzeti”, 24.07.2012), mən indi bədahətən bir-iki kəlmə deməyə  utanıram və kitabı əldə edə bilməyən oxucuları onun ünvanına yollayıram.

Mən “Xalq qəzeti”ndə cəmi 10 il işləmişəm, o günlərin xatirələrinin əlində əsirəm. Telman müəllim isə 50 ildən çox işləyib, görün o, nə çəkir?  Telman müəllimin həyatı boyu iki səcdəgahı olub, biriXalq qəzeti”dir, digəri ailəsi. Onun övladları üçün nələr etdiyini, bu yolda nələr çəkdiyini mən də bilirəm. Onu deyə bilərəm ki, Telman müəllim Allahın dərdini də, qismətini də kişi kimi qəbul edib, heç zaman taleyindən şikayətlənməyib.  Bir ibrətamiz hekayənin qəhrəmanı bulaqla danışarkən ona nə isə arzulamaq üçün söz tapa bilmir. İndi, Telman müəllim, biz də eləyik.  Sizə nə arzulayaq? Biz də həmin  yolçu kimi, Allahdan arzulayırıq ki, olanları sizə çox görməsin, ürəyinizə görə versin. Bir də nəvələrin toyunu görməyi qismət eləsin. Biz də sizə yoldaş olaq, sirdaş olaq.  Elə  Xalq qəzeti”ndə olduğu kimi...

 

 

Qalib ARİF

 

Xalq qəzeti.- 2014.- 15 may.- S. 7.