Qadınlar Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm rol oynayır

 

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Qadınlar Şurasının VI konfransı keçirildi. Konfransı YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin ideya və arzularının gerçəkləşməsində mühüm siyasi bir təşkilat olan Yeni Azərpaycan Partiyası bu gün öz sıralarında 600 mindən çox Azərbaycan vətəndaşını birləşdirir.

 Tarix şahiddir ki, ulu öndərdən sonra, bu böyük siyasi qüvvə Heydər Əliyev ideyalarının daşıyıcısı, onun quruculuq işlərinin davamçısı Prezident İlham Əliyevin liderliyi ilə XXI əsrdə, sözün həqiqi mənasında, yeni, möhtəşəm və əzəmətli müstəqil Azərbaycanın quruculuğuna misilsiz töhfələr verir. Çox fəxrlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasında qadınların sayı hazırda 48 faizi ötüb keçir. Bu da partiyanın fəaliyyətində qadınların rolunun  nə qədər vacib olduğunun əyani göstəricisidir.

Natiq qeyd etdi ki, ümummilli liderin dahiliyi və uzaqgörənliyi onda idi ki, qadınların Azərbaycan cəmiyyətindəki, bütövlükdə dünyadakı rolunu düzgün qiymətləndirərək, 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılmasını tövsiyə etdi. Zaman göstərdi ki, həmişə qadınların həyatın bir çox sahələrində aparıcı bir qüvvə olduğunu söyləyən dahi şəxsiyyət cəmiyyətimizin saflaşmasında da onların üzərinə böyük və şərəfli vəzifələr düşdüyünü vaxtında görə bilmişdir.

H.Mirələmov qeyd etdi ki, bu gün YAP-ın sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə yüksək nüfuza sahibdirbu vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bunların ən parlaq nümayəndəsi, Azərbaycan qadınını dünyanın ən mötəbər təşkilatlarında belə ləyaqətlə və böyük uğurla təmsil edən Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı və nəhayət, bizim Yeni Azərbaycan Partiyası sədrinin müavini, YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Mehriban xanım Əliyevadır. Adını çəkdiyim və çəkmədiyim neçə vəzifədə işləri böyük məharətlə idarə edən Mehriban xanım Əliyeva məhz cəmiyyətdəki müstəsna xidmətlərinə görə bu günlərdə dünyadaİlin birinci xanımı” mükafatına layiq görülmüşdür. Müstəqil Azərbaycanda son dərəcə nəcib, xeyirxah, işgüzar, milli- mədəni dəyərlərimizi sevə-sevə qoruyan  belə bir xanımın olması cəmiyyətimizdəki bütün qadınlara, ilk növbədə, YAP üzvü olan xanımlara fəaliyyətlərini necə qurmaqda ən böyük nümunədir.

Sonra H.Mirələmov konfransın işini açıq elan edərək gündəlikdə duran məsələləri səsə qoydu. Təşkilatı məsələyə keçməmişdən əvvəl, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının son bir illik fəaliyyəti ilə bağlı Şuranın sədr müavini Könül Əfəndiyevanın hesabatı dinlənildi. Hesabatda  təşkilatın üzvlərinin Xətai rayonundakı fəaliyyəti, müxtəlif humanitar aksiyalar və tədbirlərin gerçəkləşməsində onların əməyi xüsusi qeyd edildi. YAP üzvü olan qadınların 2013-cü ilin oktyabrında ölkədə həyata keçirilən böyük siyasi kampaniyadaprezident seçkilərində yüksək fəallıq göstərdikləri, rayonun bu siyasi tədbirdə yaxından iştirakının təmin edilməsindəki fəaliyyətləri ətraflı diqqətə çatdırıldı. Qadınlar Şurası üzvlərinin vaxtaşırı uşaq evlərinə, kimsəsiz qocaların yaşadıqları pansionatlara, şəhid ailələrinə baş çəkmələri, onları bayram sovqatları ilə sevindirmələri, aztəminatlı ailələrin problemlərini öyrənib onlara yardım göstərmələri müsbət təcrübə kimi konfrans iştirakçılarının diqqətinə çatdırıldı.  

Məruzəçi Xətai Rayon İcra Hakimiyyətinin Qadınlar Şurasının keçirdiyi tədbirlərdə yaxından iştirak etməsini, son illərdə ölkədə gender bərabərliyi siyasətini rəhbər tutaraq  bu rayonda da qadınların dövlət qulluğuna cəlb olunması hallarının genişlənməsinin alqışa layiq olduğunu bildirdi.

Məruzə ətrafında çıxışlar zamanı Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev RİH başçısı Razim Məmmədovun konfrans iştirakçılarına təbrikini çatdırdı. O bildirdi ki, şübhəsiz, qadınlar bizim cəmiyyətin yüksək dəyərləndirilən və dövlət tərəfindən daim diqqət göstərilən üzvləridir. İstər bizim rayonda, istərsə də bütövlükdə Azərbaycanda qadınlar, xüsusilə bizim partiyanın – YAP-ın üzvü olan qadınlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirlər. Gündəlik fəaliyyətimizdə biz bunu hamıdan yaxşı görürük.

R.Quliyev YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının son bir illik fəaliyyətini qənaətbəxş qiymətləndirərək bildirdi ki, qadınlarımız öz nüfuzlarını qoruyub saxlamaq üçün daha çox çalışmalıdırlar. Mən elə bilirəm ki, bu gün seçiləcək yeni Qadınlar Şurası hazırki fəallığı qorumaqla daha böyük işlər görəcək.

Çıxış edən digər nümayəndələr də YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının son bir illik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər və yeni seçiləcək heyətə tövsiyələrini bildirdilər.

Konfrans  YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının yeni üzvlərini, Qadınlar Şurasının idarə heyətini və YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədrini və müavinini seçdi. 287 saylı zəkalar liseyinin direktoru Aygün Əhmədli YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri seçildi.

Sonra  Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına nümayəndələr seçildi. Konfransa yekun vuran YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni heyəti konfrans iştirakçıları adından təbrik edərək dedi:

- Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş YAP-ı da qadınlarsız təsəvvür etmək mümkün deyil. Partiyamızın sıralarına  on minlərlə qadının qoşulması, ümumən, Azərbaycanda qadınlarının ictimai-siyasi həyatda necə fəal olduğunun göstəricisidir. Bu qadınların böyük əksəriyyəti fədakar və təşəbbüskar qadınlardır. Çünki XXI əsrdə öz fəaliyyəti ilə qadın hərəkatında yeni bir mərhələ açan ölkəmizin birinci xanımı və möhtərəm Prezidentimizin silahdaşı Mehriban xanım Əliyeva bu hərəkatı yeni formametodlarla müasirləşdirməklə bütün Azərbaycan qadınlarına dünyanın ümumi inkişafında ön sırada olmağa bir mesaj verdi. Bu gün yeni- yeni uğurlara imza atmağın əsl vaxtıdır. İşiniz avand, yolunuz uğurlu olsun.

Bununla da,  YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının VI konfransı öz işini başa çatdırdı.

 

 İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 16 may.- S. 12.