Gəncə Dövlət Universitetində “SABAH” qrupunun təqdimatı keçirilmişdir

 

Ali məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və bu sahədə yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində növbəti tədris ilindən başlayaraq savadlı, bacarıqlı və hazırlıqlı (SABAH) tələbələrdən ibarət qruplar yaradılacağı barədə məlumatlar artıq oxucularımıza bəllidir.

Məhz elə bu məqsədlə Təhsil Nazirliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları və 20 - dək kütləvi informasiya vasitəsi nümayəndəsinin Gəncə şəhərinə səfəri təşkil edildi. Səfərin əsas məqsədi Gəncə şəhərinin təhsil ictimaiyyəti ilə görüşlər keçirmək, Təhsil Nazirliyinin həyata keçirdiyi yeni layihələr barədə tələbələrə ətraflı məlumatlar verməkdən ibarət idi. Səfər çərçivəsində Gəncə Dövlət Universitetində Təhsil Nazirliyi əməkdaşları və media nümayəndələrinin bölgədə fəaliyyət göstərən 3 ali təhsil müəssisəsinin professor—müəllim və fəal tələbə heyəti ilə görüşü keçirildi.

Gəncə Dövlət Universitetinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan GDU-nun rektoru Yusif Yusibov  Təhsil Nazirliyinin rəsmilərini və media nümayəndələrini salamladı. Sonra Y.Yusibov belə görüşlərin universitetin həyatındakı əhəmiyyəti  barədə fikirlərini iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, TN-nin sektor müdiri Sülhəddin Gözəlov və nazirliyin  sektor müdiri Cəsarət Valehov ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən “SABAH” qrupları adlı layihəni Gəncə təhsil ictimaiyyətinə təqdim etdilər. Nazirlik rəsmiləri təqdimatda SABAH qruplarının əhəmiyyəti, məqsədi və üstünlüklərini açıqladılar. Bildirildi ki, ölkə iqtisadiyyatının inkişafı, dünyada gedən qloballaşma prosesləri savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərə olan ehtiyacı artırıb. “SABAH” qruplarının yaradılmasının məqsədi də belə kadrlar yetişdirməkdir.

Təhsil Nazirliyinin  sektor müdiri  Cəsarət Valehov öz çıxışında tədbir iştirakçılarına “SABAH” qruplarının yaranma fəlsəfəsi barədə ətraflı məlumat verdi. O, “SABAH” qruplarının ölkənin bütün ali təhsil müəssisələrini əhatə edəcəyinə və Gəncədə təhsil alan tələbələrin də bu prosesdən kənarda qalmayacağına əminliyini ifadə etdi.

Tədbirdə çıxış edən Nazirliyin sektor müdiri Sülhəddin Gözəlov çıxışında qeyd etdi ki, 8 baza universitetində yaradılacaq qruplarda tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq: “Bu ixtisaslara iqtisadiyyat və ölkə üçün prioritet ixtisaslar – sənaye, təhsil və digərləri daxildir”.

“SABAH” qruplarının formalaşdırılması prosesində tələbələrin fəaliyyətinin müxtəlif aspektlərini nəzərə alan xüsusi  metodikaya uyğun aparılacağı vurğulandı. Tədbirdə həmçinin, qeyd olundu ki, “SABAH” qrupları 8 daha müasir ali təhsil müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə 61- dən çox bal yığan I kurs  tələbələri “SABAH” qruplarına daxil olmaq şansı qazanacaqlar. Bunun üçün onlar www.sabah.edu.az saytı vasitəsilə elektron ərizə verməli və müsabiqədə iştirak etməlidirlər.

“SABAH” qruplarının tələbələr qarşısında açdığı geniş imkanlardan danışan Təhsil Nazirliyi rəsmiləri diqqətə çatdırdılar ki, bu qruplarda təhsil alanlar ödənişli və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq təqaüd alacaqlar. Eyni zamanda, həmin qruplarda təhsil alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. “SABAH”ın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcəklər.

Təhsil Nazirliyinin nümayəndələri “SABAH” qrupları layihəsi ilə bağlı təqdimatdan sonra universitetin müəllim-professor heyətinin və tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2014.- 20 may.- S. 11.